TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə50/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   46   47   48   49   50   51   52   53   ...   116
Milli mənəvi dəyərlər və

elmi-texniki tərəqqi
Yuxarıda qeyd etdiyimiz kimi MMD ictimai (toplumsal) yaradıcılığın məhsulu olmaqla milli varlığı müəyyən edir. MMD-in birinci və ən mühüm elementi DİLdir. Dil MMD-lərin bir elementi olmaqla yanaşı onun digər elementlərini (folkloru və tarixi) də müəyyən qədər özündə daşımaq xüsu-siyyətinə malikdir. Ona görə də folklor və tarix unudulduqda belə, dil yaşayırsa, millət varlığını qoruyub saxlamış olur. Hər bir dildə minlərlə söz, on minlərlə lüğət vahidi olur ki, bunlar da məhz fərdi iradə ilə yaradılmayan ictimai yaradıcılıq məhsuludur. Bütün dünya dilləri ən ümumi xüsusiyyətlərinə görə dil ailələrində qruplaşdırılır. Dil ailələri isə qruplara və yarımqruplara bölünür. Bir dilin isə ləhcələri və şivələri olur.

Dilin danışıq (xalq)ədəbi formaları fərqləndirilir. Millətin bəzi təriflərində (məsələn, sovet ideologiyasında verilən tərifdə) yanlış olaraq məhz ədəbi dil milli varlığın zəruri şərti kimi qəbul olunur. Yəni, ortaq ədəbi dili for-malaşmamış toplum millət hesab olunmur. Aydındır ki, öncə danışıq dili yaranır, sonra isə onun əsasında ədəbi dil yaradılır. Belə ki, ədəbi dil yerli ləhcələrin ən ümumi cəhətlərini özündə birləşdirən, müəyyən qədər onlardan fərqlənən və əsasən yazı üçün müəyyənləşdirilmiş, normalaşdırılmış dildir. Eyni zamanda şifahi nitq üçün də ədəbi normalar (şifahi ədəbi dil) müəyyən olunur. Hazırda bir çox dünya xalqlarının (qaraçılar, bəzi Afrika, Cənubi Amerika və Okeaniya xalqları və s.) hələ də ədəbi dilləri formalaşmamışdır. Lakin həmin xalqları millət hesab etməmək düzgün deyil. Bir millətin ədəbi dilinin formalaşmasını onun varlığının zəruri şərti kimi götürmək yanlışdır. Çünki, ədəbi dil sonradan fərdi iradə ilə yaradılır. Milli varlıq isə fərdi iradə ilə yaradılan amildən asılı ola bilməz. Əslində ədəbi dili formalaşmamış xalqlar dünya ictimaiyyəti tərəfindən millət kimi qəbul olunur.

Milli varlığın dildən sonra ikinci zəruri ünsürü olan folklor (yunanca “folk”–xalq, “lore”–bilik, hikmət) çoxşaxəli anlayış-dır. Bu terminin sinonimi kimi “xalq yaradıcılığı” termini də iş-lədilir. Ümumiyyətlə, folklor termini dar və geniş mənalarda iş-lədilir. Dar mənada folklor yalnız xalq ədəbiyyatı kimi qəbul olunur. Geniş mənada isə bu termin həm də xalq musiqisi, adət-ənənələr, mifologiya, mentalitet, xalq geyimləri, xalq rəqsləri, xalq mətbəxi, xalq təbabəti və s. anlayışları özündə ehtiva edir.

Bəs folklor necə yaranır? Folklorla fərdi yaradıcılıq arasında dəqiq bir sərhəd müəyyən etmək mümkündürmü? Folklor əsasən mənəvi (qeyri-maddi) xarakter daşıyan (deyimlər, ənənələr, qaydalar, formalar, musiqi və s.) dəyərdir və əsasən yaddaş vasitəsiylə, şifahi şəkildə nəsildən nəslə ötürülür. Maddi əşyalar (bəzək əşyaları, musiqi alətləri, geyimlər, heykəltəraşlıq nümunələri, kitablar, lent/dısk yazıları və s) isə bu mənəvi dəyərlərin yalnız daşıyıcısı ola bilər. Bəs bu dəyərlər toplum – yüzlər, minlər tərəfindən necə yaradılır? Aydındır ki, bir dəyəri yüzlərlə, minlərlə insan birdən-birə “oturub müştərək şəkildə” yarada bilməz. Hər hansı folklor nümunəsinin ilkin yaranışı mütləq fərdi iradə ilə bağlıdır. Bu nümunə isə müəyyən dövr ərzində insanlar arasında yayılaraq və müəyyən dəyişikliklərə məruz qalaraq toplumun ortaq yaradıcılığına çevrilir. Həmin dəyişikliklər nümunənin dəyərinin daha da artmasına, onun daha da ictimailəşməsinə xidmət edir. Folklor nümunələrinin çoxvariantlılığı da buradan yaranır. Həmin dəyişikliklərdən sonra adətən nümunənin ilkin variantı və ilkin müəllifi bilinmir. Aydındır ki, hər fərdi yaradıcılıq nümunəsi folklora çevrilə bilməz. Yalnız o nü-munələr folklora çevrilə bilər ki, insanların həyatına, ba-xışlarına, onaqədərki ənənələrə uyğun olsun. Bu baxımdan fo-lklor insan cəmiyyəti yarandığı gündən bu yana “qırılmaz zəncir” şəklində inkişaf edir.

Fikrimizcə, müəllifin dəqiq bilinməməsi nümunənin folk-lora aid edilməsinin zəruri şərtlərindən biri kimi götürülə bilər. Çünki, bu təsadüfi hadisə deyil. Əgər bir yaradıcılıq nümunəsi müəllifi bilinmədən şifahi şəkildə xalq tərəfindən yaşadılıbsa, deməli xalqın ruhuna uyğun olub, xalq onu sınağından keçirib və bəyənib, xalq üçün müəllifinin kimliyindən çox nümunənin mahiyyəti önəmli olub. Digər tərəfdən, xalq onu müəyyən qədər dəyişdirib, cilalayıb, daha da gözəlləşdirir. Bir sözlə, xalq o nümunəyə öz müəllifliyini verib. Yox, əgər bir yaradıcılıq nümunəsi şifahi şəkildə olsa da, müəllifinin adı ilə yaşadılıbsa, deməli xalq ona öz müəllifliyini verməyib və folklora aid edilməməlidir. Bəzən səhvən folklor toplularına müəllifi dəqiq məlum olan aşıq şeirlərini (qoşma, gəraylı, bayatı və s.) da daxil edirlər. Bu nümunələrin yalnız forması, janrı, yəni yazılış qaydaları xalq yaradıcılığının məhsulu ola bilər, özü isə yox.

Onu da qeyd edək ki, müəllifin adı müəyyən səbəblərdən hətta yazılı ədəbiyyatda da itə bilər. Bu hallar istisnadır və aydındır ki, həmin nümunələr folklora aid edilə bilməz. Yəni, müəllifin dəqiq bilinməməsi xalq yaradıcılığı üçün kafi yox, zəruri şərtdir.

Folklorda professional və kütləvi yaradıcılıq biri-birindən fərqlənir. Yaradılmasında yalnız xüsusi sənət, peşə sahiblərinin (xanəndələr, aşıqlar, instrumental musiqiçilər, toxucular və s.) iştirak etdiyi folklor nümunələri professional (yəni, hansısa peşə ilə bağlı) folklor nümunələri sayılır. Lakin bu fərdi yaradıcılıq demək deyil, çünki, bu nümunələr çoxsaylı sə-nətkarlar arasında dildən-dilə, əldən-ələ keçərək dəyişilir, ci-lalanır və ilkin variantı və müəllifi dəqiq bilinmir. Elə folklor nümunələri (məsələn, atalar sözləri, məsəllər, bayatılar, rəva-yətlər, lətifələr, sadə xalq mahnıları, adət-ənənələr və s.) də var ki, onların yaranmasında xüsusi peşə sahiblərinin iştirakı zəruri deyil. Belə folklor nümunələri kütləvi yaradıcılığa aid edilir. Bəzən yanlış olaraq xalq yaradıcılığı kimi yalnız kütləvi folklor qəbul olunur, yuxarıda professional folklora aid etdiyimiz nümunələr isə fərdi yaradıcılığa (müəllif yaradıcılığına) aid edilir. Lakin, nəzərə almaq lazımdır ki, yuxarıda da qeyd etdiyimiz kimi, xüsusi sənət sahibləri arasında olsa da, həmin professional yaradıcılıq nümunələri də əldən-ələ, dildən-dilə keçərək dəyişilir və ictimailəşir, həm-çinin, şifahi və ənənəvi xarakter daşıyır.

Folklorun cəmiyyətin inkişafında və ictimai münasi-bətlərin tənzimlənməsində rolu böyükdür. Folklorumuzun çoxşaxəli elementləri və cəmiyyətin həyatındakı rolu haqqında kitabın 3-cü bölməsində daha geniş məlumat verəcəyik.



Tarix də fərdi iradə ilə yaradılmır, obyektiv ictimai qanunlardan asılı olaraq formalaşır və hər bir millət özü-nəməxsus tarixə malik olur. Məhz buna görə də dil və folklor kimi tarixi də milli varlığı müəyyən edən amillərə, başqa sözlə MMD-ə aid edirik. Tarix həm də özünəməxsus ənənələri (tarixi ənənələr) formalaşdırır və özündə yaşadır. Beləliklə, hər bir millətin özünəməxsus tarixi ənənəsi olur.

Hər bir millətin dövlətçilik (siyasi) və mədəniyyət tarixi fərqləndirilir. Siyasi tarix qurulmuş dövlətlərin, onların daxili və xarici siyasətlərinin, apardığı müharibələrin tarixidir. Mədəniyyət tarixi isə dilin və folklorun, bədii ədəbiyyatın, elmi nailiyyətlərin, görkəmli şəxsiyyətlərin və s. tarixini ehtiva edir. Kitabın III bölməsində tariximizin mövcud durumu, tədqiqi, tədrisi və təbliği problemləri haqqında geniş danışacağıq.

Milli dəyərlər anlayışına alternativ kimi “bəşəri dəyərlər” (və ya “ümumbəşəri dəyərlər”) anlayışı da mövcuddur. Bəs bəşəri dəyərlər nədir? O milli dəyərlərdən nə ilə fərqlənir? Təəssüf ki, çox vaxt milli və bəşəri dəyərlər arasındakı sərhədlər düzgün müəyyən edilmir, bu anlayışlar biri-birinə qarışdırılır. Halbuki, milli-ideoloji məsələlərdə bu dəyərləri biri-birindən fərqləndirmək çox vacibdir. Əgər milli dəyərlər hansısa millətə aid olan dəyərlərdirsə, bəşəri dəyərlər milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlara – bəşəriyyə-tə aid olan dəyərlərdir. Bəşəri dəyərlərə ilk növbədə elm və onun nailiyyətləri daxildir. “Elmin milləti yoxdur” deyimi burada tamamı ilə yerinə düşür. Bununla yanaşı müasir dövrdə insan haqları, vicdan azadlığı, hətta hüquqi dövlət, demok-ratiya, söz azadlığı və s. də bəşəri dəyərlər kimi qəbul olunur. Milli dəyərlər əsasən mənəvi xarakter daşıdığı halda, bəşəri dəyərlər həm maddi (istehsal olunan məhsullar), həm də mənəvi (elmi əsərlər, texnikadan istifadə qaydaları və s.) xarakterdə ola bilər. Bu baxımdan bəşəri dəyərlər Z.Göyalpın “mədəniyyət” anlayışına daxil etdiyi dəyərlərə uyğundur. Belə ki, həmin dəyərlər fərdi iradə ilə yaradılan, milli varlığı müəyyən etməyən və hansısa millətin adı ilə bağlı olmayan dəyərlər olduğundan onlar bəşəri xarakter daşıyır.

Milli ideologiyamızın əsas prinsiplərində həm milli, həm də bəşəri dəyərlər ehtiva olunmuşdur. Belə ki, bu prinsipləri əks etdirən üçrəngli bayrağımızda mavi rəng (türklük) milli dəyərləri, qırmızı rəng (müasirlik) isə məhz bəşəri dəyərləri əks etdirir.

Bəs MMD-lə bəşəri dəyərlərin və onun əsas ünsürü olan elmi-texniki tərəqqinin (ETT) qarşılıqlı təsiri necədir? Bunlar paralel inkişaf edə bilərmi, yoxsa biri digərini inkar edir? ETT-nin MMD-lərin bir çox ünsürlərini (xüsusən folkloru) sıxış-dırdığı danılmazdır. Belə ki, məktəblər, icbari təhsil, yazıdan və kitablardan kütləvi istifadə, texnoloji yeniliklər, sənayenin inkişafı, sənaye sahələrində çalışmaq, iri sənaye şəhərlərinə kütləvi axın (urbanizasiya) və s. insanların həyat tərzini elə dəyişdirir ki, yeni nəsil əsasən kənd həyatında formalaşmış müəyyən adət-ənənələrdən, mərasimlərdən, xalq sənəti sahələrindən uzaqlaşır, bir çox xalq ədəbiyyatı və xalq musiqisi nümunələrini yaşlı nəsildən götürə bilmir. Lakin, istənilən halda dil yaşayırsa o, özündə müəyyən folklor nümunələrini daşıyır.

Bu proses həm də ona görə baş verir ki, folklorumuzdakı bəzi mərasimlər və sənət nümunələri müasir icbari təhsilin, kitabların, televizor və maqnitafonun, yüksək texnologiyanın olmadığı dövrlərdə müəyyən qədər onların funksiyasını başqa formada yerinə yetirmiş, insanların biliklərini artırmışdır. Məsələn, dastan-nağıl gecələri insanlara bədii ədəbiyyat nümunələri mənimsətmiş, onların fəlsəfi-əxlaqi biliklərini artırmışdır. Toy mərasimləri insanların musiqi zövqünü formalaşdırmış, şənləndirmiş və bir çox ənənələrin yaşadıl-masını və nəsildən nəslə keçməsini təmin etmişdir. Bir çox xalq yaradıcılığı nümunələri (xalq təbabəti, xalq tətbiqi sənəti və s.) şifahi ənənə formasında elmi bilikləri özündə ya-şatmışdir. ETT və ictimai inkişaf isə folklorun bu kimi funksiyalarının əhəmiyyətini azaltmış və folklor nümunələrinin tədricən unudulmasına və əhalinin yalnız az bir qismi tərəfindən yaşadılmasına səbəb olmuşdur. Lakin ETT nə qədər irəli getsə də, folklorun həmişə cəmiyyətin yaşaması və inkişafında rolu var və onun qorunub saxlanılması və yaşadıl-ması vacibdir.

ETT folkloru sıxışdırsa da, əvəzində unudula biləcək folklor nümunələrinin qorunub saxlanılması, yaşadılması və təbliği imkanlarını artırır. Məsələn, xalq musiqisi nümunələri nota köçürüldükdə, diskə/lentə yazıldıqda, tədqiq olunduqda, orta və ali təhsil ocaqlarında tədris olunduqda, xalq ədəbiyyatı və b. folklor nümunələri toplandıqda, yazıya köçürüldükdə, tədqiq və təbliğ olunduqda həmin dəyərlər həmişəlik qorunub saxanılmış və mədəni səviyyəyə yüksəlmiş olur. MMD-in mədəni (sivil) səviyyəyə yüksəldilməsi ilə milli varlıq möhkəmlənir, assimilyasiyaya qarşı müqavimət artır, milli şüur inkişaf edir və millət də yüksəlır.

Folklorumuzun ən mühüm elementlərindən olan xalq musiqimizin mədəni səviyyəyə yüksəldilməsində dahi şəx-siyyətimiz Üzeyir Hacıbəylinin (1885-1948) böyük xidməti olmuşdur.

Bəzən folklorun və ümumiyyətlə MMD-in yaşadılmasının və yüksəldilməsinin ETT-yə mane olduğunu və ona görə də həmin dəyərlərdən imtina etməyin inkişaf üçün daha məqsədəuyğun olduğunu deyirlər. Bu fikrin heç bir elmi əsası yoxdur və bu fikir yalnız imperialist qüvvələrin siyasətinə xidmət edə bilər. Heç bir inkişaf etmiş xalq öz MMD-indən imtina etməklə inkişafa nail olmayıb, əksinə, MMD-ini mədəni səviyyəyə yüksəltməklə inkişaf edib. Dil başda olmaqla MMD-lərin yaşadılması və yüksəldilməsi ETT-yə nəinki mane olmur, hətta ETT-nin məhz müstəqil milli iqtisadiyyatın inkişafına yönəlməsinə şərait yaradır. İlk növbədə ona görə ki, MMD-in yüksəldilməsi milli şüuru inkişaf etdirir, eyni zamanda dilin mövqeyinin güclü olması məhz yerli elmi kadrların yetişməsinə geniş imkan yaradır. “Milli şüur və milli dövlət” və “Milli siyasət” bölümlərində bu məsələlərə daha geniş toxunacağıq. Həmçinin, kitabın III bölməsində MMD-imizin, o cümlədən adət-ənənələrimizin cəmiyyətdəki rolu haqqında geniş danışacağıq.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin