«Vaxtım sonsuzdur» (ﻭﻗﺗﻲ ﻣﺳﺭﻣﺪ), yəni onunla Allah-Təala arasında olan halının davamı boyunca dəyişiklik olmur. Bu, vəcd sahibinin kəlamıdır və onun öz sifətini deyil, sirrinin vəsfini bildirir, çünki sifətlər dəyişən varlıqlardır. Hallar dəyişməsə də, sifətlər dəyişir, belə ki, onlar dəyişməsə, onun yaranışdan olan halını dəyişdirər.
Şibli deyir:
«Vaxtım Səndə sonsuzlaşdı və o, əbədidir,
Məni məndən aldın və mücərrədləşdirdin».
«Dənizim sahilsizdir»in (ﺒﺣﺭﻱ ﺒﻼ ﺷﺎﻁﺊ) mənası qeyd etdiyimiz sonsuz vaxtın mənasına yaxındır. Bu kəlmə Şiblinin bir söhbətində də xatırlanır. Məclislərin birinin sonunda o, belə deyir: «Sizin vaxtınız kəsikdir, mənim vaxtımın iki tərəfi yoxdur, dənizim sahilsizdir», yəni Allaha təzim etməyim və ancaq Onu zikr etməyim üçün Onun mənə verdiyi halın nə sonu var, nə kəsilir. Əgər bir şeyin sonu və sərhədi yoxdursa, bundan artıq ona bir şey etmək olmaz. Allah-Təala buyurur: De ki, Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsa, bir o qədər də mürəkkəb götürsək, Rəbbimin kəlamları bitməmiş dəniz tükənər (Quran 18/109). Allah onlara bir hədd qoymamışdır, çünki onlarla təsvir edilənin sonu yoxdur.
Biri deyir: «Allahı tanıyan Onu sevər, Onu sevən qayğı dənizinə qərq olar». Bir başqası isə belə söyləyir:
«Əgər sənsiz olsam, Çin dənizi qarşımda olsa,
Onu izi itən şərab kimi içərdim».
Dostları ilə paylaş: |