Sərrac Tusi
əl-Lümə‘
ﺍﻟﻃﻮﺴﻲ ﺍﺒﻮ ﻧﺼﺮ ﺍﻟﺴﺮﺍﺝ
ﺍﻟﻟﻣﻊ
(Ərəbcə mətnin tərcüməsi)
«Biz əvvəllər bu adı eşitməmişik, bu, yeni addır»,
– deyənlərə cavab.
Biri soruşur: «Biz Peyğəmbərin (s) əshabələrinə sufi deyildiyini eşitməmişik. Biz ancaq abid, zahid, səyyah, fəqir adlarını bilirik. Peyğəmbər (s) əshabələrindən heç birinə sufi deməyiblər».
Allah bilən yaxşıdır. Biz deyirik: Peyğəmbərlə (s) söhbət etmək və onun söhbətlərində iştirak etmək xüsusi hörmətdir. Onlar üçün dost adından daha şərəfli ad yoxdur. Bu, Peyğəmbərə (s) də şərəf və hörmətdir. Görmürsənmi onlar zahid, abid, mütəvəkkil, fəqir, razılar, sabirlər və sairdirlər? Onlar nail olduqlarının hamısına Peygəmbərlə (s) söhbətin bərəkəti sayəsində çatıblar. Onlar halların ən ucası olan söhbətə aid edilirlər, çünki halların ən şərəflisi olan söhbətdən başqa bir fəzilətlə fərqləndirilə bilməzlər.
Bəziləri: «Bu, bağdadlıların uydurduğu addır», – deyirlər. Bu da mümkün deyil, çünki Həsən Bəsrinin zamanında bu ad artıq tanınırdı. Həsən əshabələrdən bəziləri ilə görüşmüşdür. Onun belə dediyi rəvayət edilir: «Kəbəni tavaf edən bir sufi gördüm, ona bir şey vermək istədim, almadı. Dedi: «Mənim dörd dirhəmim var, məndəki mənə bəsdir». Süfyan Səvrinin isə belə dediyi nəql edilir: «Əbu Həşim Sufi olmasaydı, mən riyanı dəqiqliklə tanımazdım». «Məkkə xəbərləri» kitabında Məhəmməd b. İshaq b. Yəsardan və başqalarından belə bir rəvayət edilir: «İslamdan qabaq Məkkə boş idi. Hətta Beyti [Kəbəni] dolanacaq adam belə yox idi. Uzaq ölkədən bir sufi gələr, Beyti dolanar, gedərdi». Əgər bu, düzdürsə, bu, onu göstərir ki, islamdan qabaq bu ad tanınırdı və o, fəzilətli saleh şəxsə verilirdi.
Dostları ilə paylaş: |