Bağışlanma ümidi
Ey mənim Mövlam! Qur`anda günahdan peşman olanlara və`d etdiyin əfvə ümid bağladığım halda od içində necə sakinləşim?!
Pərvərdigara! Çox ehtiyaclılar birinin qapısını döydükdə ümidsiz qaytarılmırsa, necə ola bilər ki, Sənə ümid bağlayan bəndə əliboş qaytarıla?
Əttar “İlahinamə” kitabında belə nəql edir:
Məkkədə eyş-işrət məclislərini qızışdıran bir rəqqasə yaşayırdı. Həzrət Peyğəmbərin (s) hicrətindən neçə illər sonra gözəlliyi və səsini itirmiş bu qadın çörəyə möhtac olur. Çarəsiz qalıb Mədinəyə Həzrət Peyğəmbərin (s) hüzuruna gəlir. Həzrət (s) ondan soruşur: “Mədinəyə axirət, yoxsa dünya qazancı üçün gəlmisən?” Qadın deyir: “Nə o, nə də o birinə görə. Sənin səxavətin haqqında eşidib, yanına ümidlə gəlmişəm.” Peyğəmbər (s) bu sözlərdən xoşhal olur. Mübarək ridasını qadına bağışlayıb səhabələrinə buyurur: “Hər kəs imkanı daxilində ona hədiyyə versin.”
Bəli, günahkar bir qadın Sənin peyğəmbərinə (s) ümid bağlayıb, onun görüşünə gəlir və lazımınca mükafat alır. Necə ola bilər ki, mən bir bu qədər ümidlə Sənin dərgahına üz tutam və əliboş qalam?
Səndən ayrılığa halım yox, inan,
Könlümün səhnəsi Sənindir tamam.
Gec olsun, tez olsun, axır ki, bir gün
Qismətim olası Sənin görüşün.
Eşqinlə çırpınır sinəmdə ürək,
Qan da durub deyir eşq olsun gərək.
İçib ol badədən, düşmüşəm qəmə
Bu dərdin çarəsi bir Sənsən yenə.
Hara baxıramsa “vurul, sev” deyir,
Əlbət ki, sevgi də dözüm istəyir.
O qədər ucasan, Sənə baxanda
Ağıl başdan çıxır bir anda.
Vüsalından özgə bir diləyim yox,
Düşüncədən başqa bir köməyim yox.
Bəlkə də bu sevgi çox-çox yubanmış,
Amma nə yaxşı ki, qəlbimə qonmuş.
Yandırıb-yaxan da, qurub-tikən də
Həmin sevgi imiş, vüsalı Səndə.
Yağdırsan başıma sevgi yağışı
Əlbət qismət olar rəhmət ağuşu.
“Fəbiizzətikə, ya Səyyidi və Məvlayə, uqsimu sadiqən, ləin tərəktəni natiqən, ləəziccənnə iləykə bəynə əhliha zəcicəl-amilinə və ləəsruxənnə iləykə suraxəl-mustəsrisxinə və ləəbkiyənnə ələykə bukaəl-faqidinə və ləunadiyənnəkə əynə kuntə ya vəliyyəl-mu`mininə ya ğayətə amalil-arifinə ya ğiyasəl-mustəğisinə ya həbibə qulubis-sadiqinə ya ilahəl-aləminə”
(“Ey Ağam, ey Mövlam! İzzətinə sədaqətlə dolu and içirəm ki, məni danışmaqda azad buraxsan, Cəhənnəm əhli içindən istəklilər kimi hüzuruna nalə çəkəcəyəm, yardım istəyənlər tək fəryad qoparacaq, əzizlərini itirənlər kimi ağlayacaq və bütün vücudumla Səni çağıracağam: - Ey mö`minlərin ağası, ey ariflərin son istəyi, ey fəryad qoparanların dadına çatan, ey sadiq qəlblərin məhbubu, ey aləmlərin mə`budu, haradasan?”)
Doğrudan da, əzaba və əzabların ən ağırı olan ayrılığa düçar olmuş şəxs oda büründüyü vaxt hansı halda olar?!
Mə`şuqunu itirən insanın naləsindən də ağır nalə varmı?!
Deyirlər ki, yoldan ötən arif bir ananın öz qızının cənazəsi üstə ağladığını görür və deyir: - “Xoş bu ananın halına ki, necə qiymətli gövhər itirdiyini anlayır!”
Uşaq itirəndə evini ağlar,
Mənsə ev sahibin itirdim aşkar.
Xoş ağır Qiyamət səhnəsində rəhmətə qovuşanların halına! Yaxşı olar ki, ölüm qapını döyməmiş özümüzdən, kimliyimizdən, əməllərimizdən xəbərdar olaq!
Dostları ilə paylaş: |