YAXINLIQ MƏQAMI
Bu məqam haqq yolçusu üçün ən üstün məqamdır. Bu məqam Allahın bəxşiş və kərəmi, mö’minin gözəl əxlaqı, günahdan çəkinməsi, saleh əməli, Peyğəmbər (s) və Əhli-beytə (ə) itaəti, Allah dostları ilə yoldaşlığı və bütün məqamlarda diqqəti vasitəsi ilə əldə edilə bilər. Sözsüz ki, bütün haqq aşiqlərinin itaət və ibadət yolu ilə bu məqama yetişməsi mümkündür. Bu məqama çatan yolçunun vücudunda tövhid həqiqəti cilvələnir, Allahdan qeyri nə varsa, fani olur. O, Allahın izni ilə xilafət kürsüsünə oturub, ilahi qüdrətdən faydalanır. «Ənisül-ləyl» kitabında nəql olunmuş qüdsi hədisdə Allah-Taala buyurur: «Ey mənim bəndəm, mənə itaət et ki, səni Özüm kimi edim. Mənim «ol» dediyim dərhal olur. Sən də bir şeyə «ol» desən, dərhal olar».
Digər bir hədisdə buyurulur: «Mən əbədi ölməyən diri bir sultanam. Ey mənim bəndəm, mənə itaət et ki, səni də əbədi, ölməz sultan edim».165
Mə’rifət əhli bu fikirdədir ki, bütün zahiri və batini ibadətlərdə məqsəd Allaha yaxın məqama çatmaqdır. İtaət və ibadətləri qaydasınca yerinə yetirən şəxs bu ali mərtəbəyə çatası və öz iradəsini Allahın iradəsinə tabe edəsidir. Haqq yolçusu öz itaət və ibadəti ilə Həzrət Haqqa doğru hərəkət etdiyi zaman Allahın rəhməti, ad və sifətləri sür’ətlə ona yaxınlaşır. Qüdsi hədisdə deyilir: «Mənə bir qarış yaxınlaşana bir dirsək yaxınlaşaram. Mənə bir dirsək yaxınlaşana bir «ba’» (qollar üfüqi açıldıqda alınan məsafə) yaxınlaşaram. Hər kəs mənə doğru addım atsa, mən sür’ətlə ona tərəf gedərəm.»166
Bəli, ibadət və itaət, Allaha yaxınlaşma nəticəsində Allah da insana yaxınlaşar. Ayə və rəvayətlərdə bu məqam «yaxın məqam» adlandırılmışdır və bu məqama çatanlara «muqərrəbin» deyilir. Hal əhli o şəxsləri müqərrəbin adlandırır ki, onların fe’l və sifətləri Allahın fe’l və sifətləri qarşısında fani olmuşdur. Müqərrəbinin iradəsi Allah iradəsi, danışığı Allah danışığıdır. Qüdsi hədisdə buyurulur: «Allah-Taala buyurur: «Haqq yolçusu daim nafilələrlə (əlavə ibadətlərlə) Mənə yaxınlıq axtarır. Ona eşq bağladığım vaxt eşidən qulağı, görən gözü, danışan dili oluram. Ona düşünən qəlb oluram. Məni çağırdığı zaman cavab verir, istədiyini əta edirəm.»167
Həzrət Peyğəmbər (s) buyurur: «Müttəqinin sözü vəhy mərtəbəsindədir. Onlardan bə’zilərinin dilindən çıxan söz haqqında «səninlə bu şəkildə kim danışıb» soruşulduqda belə deyər: qəlbim fikrimdən, fikrim batinimin dərinliyindən, batinimin dərinliyi Allah tərəfindən mənimlə danışdı».168
Bu məqamın ən üstün mərhələsində İslam Peyğəmbəri (s) olmuşdur. Həzrət (s) buyurur: «Məni görən kəs şübhəsiz haqqı görmüşdür.»169 «Allahla mənim aramda elə bir zaman var ki, heç bir yaxın mələk və mürsəl peyğəmbər həmin zamana mənimlə sığmaz».170
Həzrət Peyğəmbərdən (s) sonra bu məqamın ən üstün mərhələsinə çatan ariflər mövlası Həzrət Əli (ə) buyurur: «Batin nuru ilə məni tanımaq Allahı tanımaqdır.»171
Arif şair Cəlaləddin Rumi Allahın müqərrəb bəndəsi olan Həzrət Nuhun (ə) məqamını onun dilindən qələmə almışdır. (İstər Rumi, istər Sədi, istərsə də başqa arif şairlərin şe’rlərini olduğu kimi tərcümə etmək gücündə olmadığımızdan tərcümələrdə sadəcə şe’rin əsas mövzusunu saxlaya bilirik. -Mütərcim.
Ey azğınlar, məndə məndən əsər yox,
Onda fani olmayandan səmər yox.
Dünya sevgisindən yığıldım cana,
Qatıldım büsbütün o bir canana.
Dediklərim ol mövlanın sözləri,
Oda çəkər ondan dönən üzləri.
Dostları ilə paylaş: |