Maddə 227-1. Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dindirilməsi
Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün törədilməsinə dəlalət edən hallar olduqda və bununla əlaqədar hüquqi şəxsin nümayəndəsi dindirildikdə, onun dindirilməsi bu Məcəllənin 227, 229 və 230-cu maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq aparılır.
Maddə 228. Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi
228.1. Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər.
228.2. 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.
228.3. Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslərə onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə protokolunda qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxslərin bütün qeydləri daxil edilir.
228.4. 16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir.
Dostları ilə paylaş: |