X fəsil
Cinayət prosesində iştirak edən digər şəxslər
Maddə 94. Hal şahidi
94.1. Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır.
94.2. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək;
94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək;
94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq;
94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək;
94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək;
94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
94.3. Hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyır.
94.4. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
94.4.1. müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından qurtarmasınadək iştirak etmək;
94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
94.4.3. müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən baş verənlərə dair öz etirazını bildirmək;
94.4.4. istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq;
94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Dostları ilə paylaş: |