Oyun və fəaliyyətin məhsuldar növlərinin təşkili də uşağın məktəbə hazırlanmasında mühüm yerlərdən birini tutur. Əlbəttə, göstərilənlər heç də öz-özünə deyil, yaşlıların daimi rəhbərliyi altında tənzim olunur.
Uşaqlara qarşı hədsiz tələbkarlıq, qadağanlar, hədsiz yüklənmə, ciddi rejim onlarda nevrozların, depressiyaların yaranmasına gətirib çıxara bilər. Bu dövrdə uşaqların barmaq və bilək sümükləri, əzələləri hələlik kifayət qədər inkişaf etmədiyinə görə, onlar yazı təlimində xüsusilə çətinlik çəkirlər. Uşağın məktəbə fiziki cəhətdən sağlam getməsi çox mühüm amildir. Bununla belə, məktəbdəki təlim uğurları onun psixoloji hazırlıq səviyyəsi ilə də sıx şəkildə bağlıdır. Psixoloji hazırlığın konkret məzmunu sabit xarakter daşımır, o daim dəyişir və zənginləşir. Pedaqoji-psixoloji ədəbiyyatlarda məktəbə hazırlıq anlayışı iki əsas aspektdə nəzərdən keçirilir.
1.Ümumi psixoloji hazırlıq. 2.Xüsusi psixoloji hazırlıq. Xüsusi psixoloji hazırlıq uşağın ümumi psixoloji hazırlığını tamamlayan zəruri bilik, bacarıq və vərdişlərin məcmusunu əks etdirir. Xüsusi psixoloji hazırlıq dedikdə, uşağın əqli, mənəvi, iradi, estetik və fiziki baxımdan inkişaf səviyyəsi, onun məktəb təlimi mühitinə daxil olması, təlim materiallarını şüurlu mənimsəməsi üçün zəruri olan psixi və fiziki imkanlarının kompleksi başa düşülür.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlanmasında uşaq bağçalarında aparılan xüsusi tərbiyəvi iş də müəyyən rol oynayır. Belə şəraitdə uşaqlar müəyyən biliklər qazanırlar, məktəb təliminə hərtərəfli hazırlanırlar. Uşaq bağçasına gedən uşaqlarla bağçaya getməyən uşaqlar arasında fərqlər məktəbdə təlimin başlanması ərəfəsində özünü göstərir. Müşahidələr göstərir ki, bağçaya gedən uşaqlarda inkişafın göstəriciləri daha üstün olur. Yadda saxlamaq lazımdır ki, təlim o zaman effektli olur ki, o, uşağın yaş xüsusiyyətlərinə uyğun qurulsun. Uşaq məktəbə rəngarəng, əsrarəngiz dünyasını yaşayıb, yetişib getməlidir.