-tərbiyə olunan və tərbiyə edənin qarşılıqlı münasibətləri; -tərbiyə olunanların yaş və fərdi xüsusiyyətləri; -tələbat sahəsininöyrənilməsi -konkret şəraitin nəzərə alınması; -tərbiyənin məqsədinın düzgün müəyyənləşdirilməsi; -tərbiyə prosesində istifadə olunan yollar. Tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər. Rus fizioloqu İ.P.Pavlov qeyd edirdi ki, müəyyən təsir göstərməklə hər şeyi yaxşılığa doğru dəyişmək mümkündür. Düzgün tərbiyə nəticəsində hər bir adamda müsbət keyfiyyətlər formalaşdırmaq mümkündür. Tərbiyə prosesində tərbiyə edənin özü də tərbiyə olunandan nəyisə öyrənir, özünü təkmilləşdirir, müxtəlif üsulları sınaqdan keçirir və daha səmərəli olanını tapır. Bu prosesdə qarşılıqlı anlaşma, hörmət, əməkdaşlıq və ən əsası, bərabərlik olmalıdır.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin yaş və fərdi xüsusiyyətlərini aşkara çıxarmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır. Məhz buna görə də hələ vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün şagirdlərin tələbat sahəsininöyrənilməsi də mühüm əhəmiyyətə malikdir. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Müəllim şagirdin davranışınının hansı motivdən irəli gəldiyini aşkara çıxarmalı və onu düzgün istiqamətə yönəltməlidir. Əks halda şagird şəxsiyyətində arzuolunmaz keyfiyyətlər formalaşa bilər. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda belə bir müddəa irəli sürülür ki, tərbiyə işində başlıca cəhət düzgün davranış motivlərinin yaranmasına nail olmaqdır.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün konkret şəraitinnəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən konkret şərait nəzərə alınmadan tətbiq edilən şablon tərbiyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qabaqcadan görə bilir. Bunun üçün tərbiyəçi birinci növbədə öz şagirdlərinin sosial inkişaf şəraitini aşkara çıxarmalı, tərbiyə işini ona uyğunlaşdırmalıdır.
Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə yetirilməsində mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinindüzgün müəyyənləşdirilməsindən ibarətdir. Tərbiyəçi qarşısına konkret məqsəd qoymadan yüksək müvəffəqiyyətə nail ola bilməz. Məqsəd aydın olduqda onun həyata keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və tətbiqi də mümkün olur.
Tərbiyə prosesinin uğurla yerinə yetirilməsi üçün tərbiyə prosesində istifadə olunan yollar düzgünseçilməlidir. Tərbiyə prosesində nəzərə alınması zəruri olan yollardan biri həmin prosesin tərbiyə olunanın fəaliyyəti ilə əlaqələndirilməsindən ibarətdir. Məlum olduğu kimi, yalnız birgə fəaliyyət zamanı başqa adamlarla ünsiyyət şagirdlərin formalaşmasının bazasını təşkil edir. Bu baxımdan da məhz insanın şüurlu fəaliyyəti onun bir şəxsiyyət kimi formalaşmasının əsasını təşkil edir. Hər bir yaş dövründə həmin dövr üçün əsas olan fəaliyyət növünə istinad etməklə fəaliyyət prosesində müvafiq tərbiyəvi iş aparmaq mümkündür. İstər oyun, istər təlim, istərsə də əmək fəaliyyəti elə təşkil edilməlidir ki, şəxsiyyətin formalaşmasına, onda müsbət keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın. Tərbiyə prosesində əsas məsələ bütövlükdə şəxsiyyətin formalaşmasına nail olmaqdır.