5.Fəaliyyət məhsullarının təhlili metodu pedaqoji psixologiyada geniş istifadə olunur. Belə ki, şagirdlər müxtəlif yazı işlərini yerinə yetirir, məsələ həll edir, şəkil çəkir, fiqurlar düzəldirlər. Fəaliyyət məhsullarının təhlili yolu ilə şagirdlərdə mövcud olan bilik, bacarıq və vərdişlər, psixi inkişafın xüsusiyyətləri haqqında müəyyən fikir yürüdülür.
6.Tərcümeyi-hal metodu vasitəsi ilə uşağın yaşadığı şərait və başqalarının ona gostərdiyi müsbət və mənfi təsirlər ardıcıl şəkildə öyrənilir. Bu metodun köməyiilə uşağın bir şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillərin mahiyyəti açıla bilir.
7.Anket metodu kütləvi psixoloji tədqiqat metodudur. Bu metod tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir. Anketdə tədqiqatın məqsədinə müvafiq olaraq suallar qoyulur, şagirdlər həmin suallara cavab yazır. Həmin anket materillarını təhlil etməklə şagirdlərin psixoloji xüsusiyyətləri haqqında fikir yürütmək mümkün olur.
8.Test metodu vasitəsi ilə şəxsiyyətin müəyyən psixoloji keyfiyyətləri təyin edilir. Testlərin köməyi ilə müəyyən qabiliyyətlərin, vərdişlərin, bacarıqların olub-olmamasını aşkar etməyə, şəxsiyyətin bəzi keyfiyyətlərini daha dəqiq xarakterizə etməyə çalışırlar.
9.Əkizlər metoduvasitəsi ilə uşaqların irsiyyəti, mikromühitdə aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətlər aşkara çıxarılır. Bu metod müşahidə və eksperiment şəraitində eyni yumurtadan əmələ gələn əkizlərin psixi inkişafını müqayisəli şəkildə öyrənməyə imkan verir. Bu zaman mühit və tərbiyə amillərinin təsirini aşkara çıxarmaq mümkün olur.
Bu cür ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın özünəməxsus xüsusi metodları da vardır.
1.Psixoloji-pedaqoji eksperiment. Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi psixoloji-pedaqoji eksperimentin düzgün təşkili və aparılmasından asılıdır. Hər şeydən əvvəl nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili əvvəlcədən düşünülməlidir. Psixoloji-pedaqoji eksperiment uşağın fəaliyyətini daha dərindən tədqiq etməyə, izləməyə, tədqiqat şəraitini dəyişdirməyə tədqiqatçıya, müəllim və tərbiyəçiyə imkan verir.