Xarakterin fizioloji əsasını sinir sisteminin ümumi tipi təşkil edir. Məlumdur ki, sinir sisteminin ümumi tipi həm də temperamentin fizioloji əsasını təşkil edir. Buradan aydın olur ki, temperament və xarakter arasında sıx əlaqə vardır.
Xarakterin əsas əlamətləri. Xarakter əlamətləri insanın münasibətlərini ifadə edir. Bu baxımdan xarakter əlamətlərini aşağıdakı kimi təsnif edirlər.
1.Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri. Xarakterin bu əlaməti ilk növbədə kollektivə münasibətdə təzahür edir. Kollektivçi adam öz mənafeyini kollektivin mənafeyinə tabe edir, onun hər bir üzvünə yoldaşlıq yardımı göstərir. Kollektivçiliyin əksi eqoizmdir. Eqoist xarakterli insanlar hər zaman və hər yerdə özlərinin şəxsi mənafelərini güdürlər. Kobudluq da bu xarakter əlamətinə aiddir. Başqalarına qarşı münasibətdə kobudluq mənfi xarakter əlaməti sayılır. Kobud xarakter əlaməti müxtəlif səbəblərdən yaranır: düzgün olmayan tərbiyə, hadisələri düzgün qiymətləndirə bilməmək, iradə zəifliyi və s. Ümumiyyətlə, kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətlərinə kollektivçilik, doğruçuluq, qayğıkeşlik, səmimilik, mərhəmətlilik, ədəblilik, nəzakətlilik, ədalətlilik, alicənablıq, xoşrəftar və gülərüz olmaq, xeyirxahlıq kimi müsbət, həmçinin bunların əksini təşkil edən yalançılıq, yaltaqlıq, ikiüzlülük və riyakarlıq, daş ürəklilik, paxıllıq və həsəd, davakarlıq, hər kəsə irad tutmaq kimi mənfi əlamətlər aiddir.
2.Əməyə münasibəti ifadə edən xarakter əlamətləri. Xarakterin bu əlamətinə gərgin zəhmət çəkməyə qabil olmaq, əməyin qayğısına qalmaq, əməyə yüksək qiymət verə bilmək, məsuliyyət hissi, əməkdən zövq almaq, onun nəticələrindən sevinmək kimi müsbət xarakter əlamətləri aiddir. Əməksevər insan hansısa işi sadəcə yerinə yetirmir, onu vicdanla, daha yaxşı formada, səliqəli şəkildə yerinə yetirir. Əməyə münasibətdə mənfi xarakter əlamətinə tənbəllik, səliqəsizlik, təşəbbüskarlığın olmaması, yeniliyə qarşı çıxmaq kimi keyfiyyətlər aid edilir.
3.İnsanın özünə münasibəti ifadə edən xarakter əlamətləri. Bura ilk növbədə təvazökarlıq aid edilir. Təvazökar insan heç vaxt özünü tərifləmir, öz xidmətlərini şişirtmir, başqalarının xidmətini azaltmır. O, ətrafdakı insanlara hörmətlə yanaşır, özünü onlardan üstün tutmur. Təvazökarlıq özünütənqidlə birbaşa bağlıdır. O, özünə tənqidi yanaşmağı bacarır, səhvlərini görür və aradan qaldırmağa çalışır. Təvazökar insan eyni zamanda öz ləyaqətini qoruyur, özünə hörmət edir. Özünə hörməti yekəxanalıqla, lovğalıqla, şöhrətpərəstliklə, təkəbbürlülüklə qarışdırmaq olmaz. Bunlar xarakterin mənfi əlamətləridir.
Dostları ilə paylaş: |