15. Məktəbəqədər yaş dövrünün psixoloji xüsusiyyətləri Plan: 1. Məktəbəqədər yaşlı uşaqların fiziki inkişafı
2. Məktəbəqədər yaşlı uşaqlarda duyğuların kompleks inkişafı
3. Məktəbəqədər yaşlı uşaqlarda nitqin inkişafı
4. Məktəbəqədər yaşlı uşaqlarda müşahidə olunan iradi nöqsanlar
Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir. Uşaq orqanizmində sümükləşmənin xeyli sürətlə getməsinə baxmayaraq onun skelet sistemində hələlik yenə də bərkiməyən hissələr olur. Dörd-altı yaş arasında uşağın boyu sürətlə artdığından ilk baxışdan belə təsəvvür yaranır ki, o, arıqlayıbdır. Lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir. Deyilənlərlə əlaqədar uşağın gün rejimini düzgün təşkil etmək, onun yeməyinə, yatmasına və istirahətinə müntəzəm olaraq fikir vermək lazımdır. Uşağın boyunun artması ilə əlaqədar onun bədəninin ayrı-ayrı üzvləri arasındakı mütənasiblik də dəyişir. Çağa ilə müqayisədə 6 yaşınadək uşağın ayaqları 3 dəfə, əlləri 2,5 dəfə, bədəni isə 2 dəfə böyümüş olur.
Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşlı uşağın skeleti əsasən qığırdaq toxumlarından ibarət olur. Bununla əlaqədar uşağı həddən artıq ayaq üstə saxlamaq, çox oturtmaq olmaz. Əgər deyilənlər nəzərə alınmazsa, uşağın qaməti düzgün inkişaf etməyəcək. Bu isə sümüklərin inkişafına, qan dövranı və nəfəs almaya mənfi təsir göstərəcəkdir. Unutmaq olmaz ki, kiçik məktəbəqədər yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyət alır: başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s.
Məktəbəqədər yaşlı uşaqlarda rəngləri fərqləndirmək bacarığı sürətlə inkişaf edir. Onlar əsas xromatik rəngləri-qırmızı, sarı, yaşıl və göy rəngləri yaxşı fərqləndirirlər. Həmin dövrdə axromatik rənglər (qara, boz) də onlar üçün tanış olur. Bu yaş dövrünün sonunda isə uşaqlar rənglərin müxtəlif çalarlarını fərqləndirə bilir, lakin onları sözlərlə ifadə etməkdə çətinlik çəkirlər.
Məktəbəqədər yaşlı uşaqlarda hərəkət və lamisə duyğuları sürətlə inkişaf edib dəqiqləşir. Bu yaş dövründə görmə, eşitmə, iybilmə, dadbilmə və lamisə duyğuları kompleks halda təkmilləşir. Uşaq öz duyğularını sözlərlə düzgün ifadə etməyi bacarır. Məktəbəqədər yaş dövründə uşağı gördüyü işə görə tərifləmək, mükafatlandırmaq, rəğbətləndirmək, onda razılıq, məmnunluq və şəxsi ləyaqət hisslərinin meydana gəlməsinə səbəb olur. Bu yaş dövrünün ayrı-ayrı mərhələlərində uşağın emosional həyatı müxtəlif məzmun kəsb edir. Uşaq nəyisə gördükdə onlar ya uşağı özünə cəlb edir, ya qorxudur, ya da sevinc hissi əmələ gətirir.
Məktəbəqədər yaşlı uşağın nitqi qrammatik cəhətdən inkişaf edir. Şifahi nitqin zənginləşməsi dövründə lüğət ehtiyatı sürətlə artır. Dörd yaşlı uşağın nitqində 1600-2000, beş yaşlı uşağın nitqində 2500, altı yaşlı uşağın nitqində isə 3000-3500-ə yaxın söz ehtiyatı olur ki, bunlardan 1500-1800 söz aktiv olur. Uşaqların lüğət fondunun artımında həyat tərzinin, ünsiyyət mühitinin və tərbiyə şəraitinin xüsusi rolu vardır.
Ailədə təlim-tərbiyə işi düzgün qurulmadıqda, uşaqda şıltaqlıq, höcətlik, tərslik kimi iradi nöqsanlar təşəkkül etməyə imkan tapır. Bu nöqsanlar bəzən ailənin çox cüzi qüsurları sayəsində təzahür edir. Şıltaqlığın qarşısını almaq üçün lap əvvəldən uşağın haqlı tələblərini ödəmək və əlverişli olmayan tələblərini isə qəti surətdə rədd etmək lazımdır. Uşaqda şıltaqlıq inkişaf edib höcətliyə və tərsliyə çevrilir. Tərslik çox ciddi iradı nöqsandır. Tərslik uşağın öz şəxsiyyətini başqalarına qarşı qoymasında, valideyn, tərbiyəçi və yaşlıların tələblərinin əksinə getməsində ifadə olunur. Uşağın bu hərəkətləri ona zərər gətirsə də o, tərsliyində davam edir və məqsədinə nail olmağa çalışır. Tərsliyi doğuran səbəbləri aşağıdakı kimi təsnif etmək olar.