d) Şifahi mədəniyyətin kollektiv yaşayış tərzinə təsiri
Bu gün ən önəmli problemlərdən biri də insanların sözlü (şifahi) ədəbiyyatlarına necə baxmalarıdır. Azərbaycanda ümumilikdə şifahi mədəniyyətin bizlərə gəlib çatan səciyyəvi nümunələrində bəhs edilən tarix olmuş tarix şəklində qəbul edilir. Şifahi ənənənin başqa növləri ilə bərabər, şifahi ədəbiyyat tariximiz, dilimiz, psixologiyamız, dünyaya baxışımız haqqında daha çox məlumat verə bilər. Ancaq 70 ildən artıq davam edən ideologiya, antimilli, antidini təbliğat, materialların istənilən səviyyədə toplanmaması kimi neqativ hallar kollektiv həyata, mədəni kimliyin formalaşmasına mənfi təsir göstərmişdir. Bu mənfi təsirin nəticəsində mədəni kimliyin və bunun arxasınca da milli kimliyin formalaşma prosesi gecikmişdir. Azərbaycanın etnoqrafik təsvirini verən materiallar, insanların fərdi və kollektiv həyat tərzləri və s. göstərir ki, mədəni kimlik dövlət müstəqilliyinə qədər tam şəkildə formalaşa bilməmişdir.
Şifahi ənənə, etnoqrafik məlumatlar bütün hallarda mədəniyyətin güzgüsüdür və bu güzgüdə görünən vahid Azərbaycan mədəniyyətidir. Mədəniyyəti bilməklə şifahi ənənənin təbiətini anlamaq mümkün olduğu kimi, folklor mətnləri ilə də mədəniyyət varlıqlarını başa düşmək mümkündür. Ancaq heç bir şifahi ədəbiyyat, heç bir inanc sistemi milli mədəniyyətin surəti, hərfi əks-sədası ola bilməz. Hər şeyin bu qədər aydın olmasına baxmayaraq, şifahi mədəniyyət kodlarından, əsasən, davranış üsullarını, dünyagörüşü, xalq fəlsəfəsini anlamaq, görmək mümkündür. Məsələyə bu nöqteyi-nəzərdən baxdıqda Azərbaycan xalq ədəbiyyatını, inanclarını öyrənməyin əsas nəticəsi mədəni və milli kimliyin formalaşması olacaqdır.
Bir önəmli məsələ də şifahi mədəniyyətin missiyasının kollektivin istəklərini, gözləntilərini, qarşılaşdığı çətinlikləri ən azından simvolik bir dillə aşkara çıxarmaqdır. Folklor toplamasının bir önəmi də xalqın daxili dünyasının, onun istək və arzularının milli birlik içində var olduğunu üzə çıxarmaqdır. Yalnız Azərbaycanda, onun ayrı-ayrı bölgələrində deyil, türk dünyasının hər yerində nağıllarda uçan xalçalar, yeddibaşlı divlərlə savaşan qəhrəmanlar, arzusuna çatmayan gözəllər, dil açıb insan kimi danışan atlar, bir anda uzaq məsafəni qət edə bilən sehrbazlar, quyudan çıxarkən qardaşları tərəfindən ipi kəsilib, təkrar quyunun dibinə düşən kiçik qardaşlar müştərəkdir, eynidir. Həcc ziyarətində olan ağasına bir anda yeyəcək yetirib geri dönən, sirri faş olan xidmətçi donlu ərənlər, kəramət göstərən övliyalar, seyidlər, dağı yerindən oynadan, zəhərdən ölməyən baba dərvişlərimiz də eynidir. Amma bütün bu eyniliklərin variantları yüzlərcədir.
Doğum, sünnət, evlənmə, ölüm rituallarımız eyni funksiyalı, eyni məqsədlidir. Qohumluq terminlərimiz, davranış tərzlərimiz, ədəbimiz, gülüşümüz, ağlamağımız da fərqli deyildir. Bəzi yerli və etnik fərqlər zənginliyin və həmrəyliyimizin təminatıdır. Türk mədəniyyəti davamlılıq içində tarixin o zamanından bu zamanına qədər yeniləşmə və zənginləşmə içində birlik və bərabərlik paradiqmasını pozmamışdır. Şifahi ənənəmiz bizim ortaq nöqtəmiz deyil, ortaq sərvətimizdir, bəşəriliyi, sosial-iqtisadi bağları, sosial-mədəni kodu ilə birdir, bütövdür.
Sözlü mədəniyyətin, bütünlüklə olmasa da, bəzi janrlarının, bəzi növlərinin davranış etiketlərinə yol açdığı və ya açmadığı, kollektiv təzyiqləri və nəzarəti formalaşdırdığı, hətta inanc sisteminə təsir etdiyi, bir az sərt, bir az vaxtı keçmiş mərasimləri yumşaltmaq üçün üzərinə götürdüyü funksiya da önəmlidir. Bu, kollektiv şəkildə qəbul edilmiş milli dəyərləri yalnız nəsildən-nəslə ötürmək deyil, eyni zamanda onları təminat altına almaqdır. Bir atalar sözünün, bir zərbi-məsəlin, lətifənin, əfsanənin, mənkabənin bəzi problemləri həll etməkdə rolu ilk olaraq təhsillə başlayır. Kollektivin fəaliyyəti uşaq folkloru ilə möhkəmlənir, həddi-büluğ çağlarında nümunəvi mətnlər nümunəvi addımlar atmağa rəvac verir. Yəni folklor gənclərə adətləri, ənənələri, əxlaq qaydalarını, mənəvi ölçüləri aşılamaqla önəmli bir vəzifə daşıyır. Təbii ki, bunlar folklorun əsas funksiyasıdır. Qorxmazlıq, səbirlilik, böyüyə hörmət, kiçiyə sevgi, haqsızlığa qarşı barışmazlıq kimi bir çox dünyəvi və milli, ümumi və yerli dəyərlər folklorda qorunmaqda, folklor vasitəsilə başa düşülməkdədir. Qısası, şifahi mədəniyyətimiz bizləri kollektiv yaşamağa hazırlamaqda, cəmiyyətin ayrı-ayrı fərdlərini bu yazılmamış qanunlara riayət etməyə çağırmaqdadır.
Təəssüf ki, folklor hər gün nəsə itirməkdə, min illərin bizlərə miras qoyduğu mədəni dəyərlər, zəngin söz xəzinəmiz son əlli ildə sürətlə yox olmaqda, söyləyicilər azalmaqda, keçmişin mədəni mirasını bilənlər bildiklərini unutmaqda, zövqlər, gözlənilənlər sürətlə dəyişməkdədir. Sözlü (şifahi) və yazılı mədəniyyət arasındakı fərqin hesabına mətnlərin yazılı hala gətirilməsi ilə elektronik vasitələr, televizor, DVD və digər vizual vasitələrin artması ilə şifahi mədəniyyət əvvəlki dəyərini, dominantlığını, önəmini itirməkdədir (Bax. Bayat F., Folklor haqqında yazılar (Nəzəri məsələlər), Elm və təhsil, B., 2010). Ritualların yerini televiziya tamaşaları, nağılların yerini teleseriallar, xalq mahnılarının yerini pop musiqilər, şou-konsertlər tutmuşdur. Uzun qış gecələri bir yerə toplaşmaqla qorunan kollektiv dialoq və ünsiyyət, fikir alış-verişi, yardımlaşma fərdi şəkildə televizora baxmaqla əvəzlənmişdir. Cənub zonası kimi ənənəyə daha çox bağlı bölgələrimizdə belə, şifahi mədəniyyətin önəminin azalmasının səbəbləri yuxarıda qeyd etdiyimiz texnoloji inkişafla əlaqədardır. Burada görülə biləcək tək iş ucda-bucaqda qalan folklor materiallarını vaxt itirmədən toplamaq, şəhərləşmənin, texnologiyanın gətirdiyi dəyişmələrin şifahi mədəniyyətə təsirini araşdırmaqdır. Bu, mədəni kimliyimizi erroziyadan qoruya biləcək mühüm vasitələrdən biridir.
Dostları ilə paylaş: |