Ümummilli Lider



Yüklə 0,72 Mb.
səhifə33/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   28   29   30   31   32   33   34   35   36
İlkin RÜSTƏMZADƏ

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutunda “Folklorun toplanması və sistemləşdirilməsi” şöbəsinin müdiri
AZƏRBAYCAN NAĞILLARININ

SÜJET SİSTEMİ

Xalq gərək daim öz kökünü xatırlasın,

milli mədəniyyətindən, elmindən ayrılmasın.
Heydər ƏLİYEV
Azərbaycanın maddi-mənəvi mədəniyyət nümunələri­nin ermənilər tərəfindən mənimsənilməsi və onların “Sarı gəlin” mahnısını, “Koroğlu”, “Aşıq Qərib” dastanları kimi bir çox folklor nümunələrini özününküləşdirməyə cəhd et­mələri şifahi ədəbiyyat nümunələrinin müəllif hüquqlarının qorunması məsələsini aktuallaşdırmışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 2003-cü il 16 may tarixli “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haq­qında Azərbaycan Respublikasının Qanunu” milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləməklə yanaşı, folklor nümu­nələrindən istifadə zamanı qanunla müəyyən edilmiş şərtlər pozulduqda lazımi inzibati cəzalar da nəzərdə tutur. Folklor nümunələrinin müəllif hüquqlarının qorunması ilk növbədə müx­tə­lif toplular­dakı materialların dəqiq qeydiy­ya­tının apa­rılmasını, on­la­rın mənbələri haqqında dəqiq məlumatın veril­məsini, bir sözlə, onların sistemləşdirilməsini tələb edir. Sis­temləşdirmə material­­lar arasın­dakı pərakən­dəliyi aradan qal­dır­maqla onlardan istifadəni asanlaşdırır, həmçinin epik janr­ların süjet tərki­bini üzə çıxart­maq, süjet və motivlərin qarşılıqlı əlaqəsini öyrən­mək, nağıl reper­tuarı­nın forma­laş­masında yad təsirləri aşkar etmək baxımından da böyük əhə­miyyət kəsb edir. Bu kimi xüsusiyyət­lərinə görə, sistem­ləşdirmə bütün dövr­lərdə aktual məsələlərdən biri olmuş və bir çox konfranslar məhz bu sahədə mövcud problemlərin həllinə həsr olunmuşdur.

Azərbaycanda nağılların sistemləşdirilməsi fikrinin XXI əsrin əvvəlində yaranması səbəbsiz deyil. Bir qədər əv­vəl qeyd etdiyimiz kimi, Azərbaycan folklor nümunələrini gözlə­yən təhdidlər, eyni zamanda Azərbaycan müstəqillik qa­zandıqdan sonra şifahi irsin top­lan­ma­­sı sahəsində bir can­lanmanın yaranması, top­la­nan nağıl­ların sayının art­ması on­ların sistem­ləş­dirilməsi zərurətini yaratmışdır.

Nağılların sistemləşdirilməsi ilə əlaqədar, ayrı-ayrı təd­qiqatçılar tərəfindən müxtəlif təsnifat prinsipləri irəli sürülsə də, onlar ya praktik tətbiqini tapmadığı, ya da bütün mate­rialı əhatə etmədiyi üçün geniş yayıla bilmədilər (Пропп В.Я. Морфология сказка. Изд. 2-е, Москва, Наука, 1969, 168 с.; Мелетинский Е.М. Семантическая органи­зация ми­фологического по­вест­вования и проблема се­мио­ти­чес­­кого указателя мотивов и сюжетов / Труды по зна­ко­вым системам. Т. 16, Тарту: ТГУ, 1983, с.115-126; Кер­­белите Б.П. Методика описания структур и смысла сказок и не­ко­то­рое ее возможности / Типология и взаи­мосвязи фольклора народов ССР. Поэтика и стилис­ти­ка. Москва, Наука, 1980, с.48-100). Hazırda bir çox xalq­lar nağıl nümunələrini fin məktəbinin görkəmli nüma­yən­dələ­rindən biri olan Antti Amatus Aarnenin müəyyən­ləş­dir­diyi təsnifat prinsipləri əsasında sistemləşdirir. A.Aar­ne əsasən, fin, qismən də Qrimm qardaşlarının Al­maniya, S.Qrundviqin Da­ni­mar­ka­dan top­ladığı nağıl­lar­dan isti­fadə et­mək­lə na­ğıl­ süjetlə­ri­nin kataloqunu hazırlayır və onu 1910-cu ildə Fede­rasiyanın mət­bu orqanı olan FFC (Folklore Fellow Commu­nications) jurnalının III sa­yın­da alman di­lində nəşr edir. Hə­min göstəricisi, əsasən, Şimali Avropa nağıl süjet­lə­rini əhatə edirdi. Sonralar Amerika folklorşünası Stis Tompson digər xalqların nağıl süjetlərini daxil etməklə gös­tə­ri­cinin əhatə dairəsini Hindistana qədər genişləndi­rir (Thompson S. The types of the folk­tale. A classification and bibliography. Se­cond revision, 1973, 588 p.). Əgər A.Aar­ne variantı 66 sə­hi­fədən ibarət idi­sə, S.Tompson variantı­nın həcmi əlavə olun­­muş süjetlər hesa­bına 588 səhifəyə çatır. S.Tompson həmin sistemi genişlən­dirməklə yanaşı, nağıl­ların təsvirində də­yi­şikliklər edir, zəncirvari nağılları və təs­ni­fata gəlməyən na­ğıl­ları ayrıca qrup şəklində verməklə Aarne siste­mindəki böl­günü bir qədər də dəqiqləşdirir. Bu kimi də­yi­şik­lik­lərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tomp­­son gös­təricisi (bundan sonra AT) kimi tanın­mağa baş­la­yır.

Bütün nağıl materialını sistemləşdirməyə imkan ver­məsi və ondan istifadənin asanlığı AT-yə beynəlxalq aləmdə böyük nüfuz gətirir. Qısa zaman ərzində həmin sistem əsa­sında fin, alman, ispan, island, rus, latış, litva, is­veç, italyan, fran­sız, çex, slovak, macar, rumın, yunan, şotland, irland və digər xalqların milli nağıl göstəriciləri hazırlanır. Amma nə­zərə almaq lazımdır ki, Aarne-Tompson sistemini bütün xalq­ların nağıl materialına tətbiq etmək mümkün deyil. S.Tom­pson “Motif İndex”ə yaz­dı­­ğı ön söz­də bu sistemin Avropa, Şimali Afrika və Hindistanda ya­şa­yan xalq­­­ların na­ğıl süjetlərini kataloqlaş­dır­mağa imkan verdiyini, bu areal­­dan kə­nar­da qalan Mərkəzi Afrika, Okean və Amerika xalq­larının nağıl­la­rı­na tətbiqinin qeyri-müm­kün olduğunu yazır (Thompson S. Motiv-index of folk literature. vol. I, Copen­hagen, 1955, p.3). Başqa xalqların nağıllarının bu kata­loqdan kənarda qalmasını V.M.Jir­mun­­ski xalqlar arasında tarixən mədəni-iqtisadi əlaqələrin olması ilə əlaqələndirir. Onun fikrincə, Avropa, Asiya və Şimali Afrika xalqları ara­sında mə­də­ni-iqtisadi əlaqə­lər nəticəsində ümumi xüsusiy­yətləri olan mədəni areal for­ma­laşmış­dır. Bu areal da­xi­lin­də yerləşən xalqların nağıl re­per­tuarı­nın eyni süjetlər­dən təşkil olunması Aarne-Tomp­son sisteminin onlara tətbi­qini müm­kün edir. Bu arealın sərhədlərini müəy­­yən­ləş­dir­məyə çalış­an görkəmli tədqiqatçı onun şərqdən İndo­ne­ziyanın Sula­vesi rayo­nu­na, cənub­dan isə Sudana qədər uzandığı qəna­ətin­ə gəlir. Onun fikrincə, mədəni arealın sər­həd­­dinə doğru yö­nəl­­dikcə fərqlər artır, sər­həd­dən kənara çıxdıqda isə bu sis­tem ta­ma­milə fayda­sız olur (Жирмунский В.М. К вопросу меж­дународных сказочных сюжетах / Исто­­рико-филологи­ческие исследования. Сб. статeй к 70-летию ака­де­ми­ка Н.И Конрада. Москва, Наука, 1967, с.289). Öz coğrafi möv­qe­yinə görə Azərbaycan da həmin arealın daxilində yer­ləş­di­yindən beynəlxalq təsnifat prinsip­lərinin Azərbaycan nağıl­larına tətbiq etmək mümkündür.

Bunu nəzərə alıb biz də “Azərbaycan nağıllarının süjet göstəricisi”ni Aarne-Tompson sistemi əsasında hazırlamışıq (Azərbaycan nağıllarının süjet göstəricisi (Aarne-Tompson sistemi əsasında), Bakı, Elm və təhsil, 2013, 368 s.). Azər­bay­can nağıllarının beynəlxalq təsnifat prinsiplərinə uyğun sistemləşdirilməsi həm nağıllarımızın süjet tərkibini öyrənil­məsində, beynəlxalq və milli süjetlərin nisbətinin müəyyən­ləşdirilməsində, həm də Azərbaycan nağıllarının beynəlxalq aləmdə tanınmasından mühüm rol oynayır. Bir çox xalqlar hətta lətifə süjetlərinin sistemləşdirilməsində də AT-dən istifadə edir. Azərbaycan lətifələrinə gəldikdə, bura­da vəziy­yət fərqlidir. Bir qədər əvvəl qeyd etdik ki, AT-nin bu və ya digər xalqın nağıl materialına tətbiqi süjet oxşar­lığının sə­viy­yəsindən asılıdır. Nağıllarla müqayisədə Azər­baycan ləti­fələrində beynəlxalq süjetlərin çəkisi olduqca aşağı səviy­yədə olması həmin sistemin onlara tətbi­qinə imkan vermir. Digər türk xalqlarında da eyni vəziyyət müşa­hi­də olunur. M.X.Minqajetdinov başqırd nağıllarının sistemləş­di­ril­­məsin­dən bəhs edərkən başqırd lətifələrinin böyük əksəriy­­yətinin, təx­mi­nən onda doqquzunun (9/10) beynəl­xalq kata­loqda qar­şı­lığının olmadığını yazır (Мингажет­динов М.Х. Систe­матизация сюжетов башкирских сказок по меж­ду­на­род­ным каталогам // Проблемы фольклористики, исто­рии ли­те­ратуры и методики ее преподавания. Мате­риалы XI научной кон­фе­ренции литера­туро­ве­дов По­волжья. Куйбишев, 1972, c.26). Bunu nəzərə alaraq, “Gös­tərici”nin tərtibi zamanı sistemləş­dirmə predmetini nağıllarla məhdudlaşdır­mışıq.

“Göstərici”də Azərbaycan nağıl­la­rına məxsus 692 süjet verilmişdir. Bunlardan 119-u heyvan­lar haqqında nağıllara, 133-ü sehrli, 105-i dini, 150-si novellavari, 21-i axmaq şey­tan haqqında, 132-si ləti­fəvari, 12-si zəncir­vari nağıllara, 20-si isə bahadırlıq nağılla­rına məxsus süjetlərdir. Süjetlərin qruplar üzrə sayı aşa­ğıdakı cəd­vəldə əks olunub:



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin