Xüms
Xüms dedikdə insanın müxtəlif yollarla əldə etdiyi qazancın ilin ehtiyaclarından artıq qalan hissəsinin beşdə birini müəyyənləşmiş ünvanlara ayırması nəzərdə tutulur. Bu işdə Allahın razılığını izləmək mühümdür.
Xümsün xərclənməsi
Xüms iki bərabər hissəyə bölünür:
a) İmamın səhmi (payı): Hazırkı dövrdə vacib ehtiyata əsasən həmin səhm zəruri şərtlərə malik müctəhidə təqdim olunmalı, ya da onun icazəsi ilə İslamın güclənməsi yolunda sərf edilməlidir.
b) Seyidlərin səhmi (payı): Bu hissə yoxsul, yolda qalmış seyidlərə xərclənir. Bu hissənin xərclənməsi üçün müctəhidin icazəsinə ehtiyac yoxdur. Amma yaxşı olar ki, bu işdə də ondan icazə alınsın.
Bir şübhəyə cavab: Bə`ziləri belə düşünə bilər ki, xümsün bir hissəsinin seyidlərə ayrılması bir növ ayrı seçkilikdir. Cavab olaraq deməliyik ki, uyğun hissə yalnız ehtiyaclı seyidlərə xərclənir. Bundan əlavə onlara yalnız bir illik ehtiyacı verilə bilər. Demək, həmin hissədən yalnız iqtisadi çətinliyə düşmüş yoxsul, yetim uşaqlar faydalana bilir. Bundan əlavə, seyid olmayan ehtiyaclılar öz ehtiyacını zəkatdan ödəyə bilər. Unutmamalıyıq ki, yoxsul seyidlərin zəkatdan istifadə etmək hüququ yoxdur. Zəkat cəmiyyətin ümumi büdcəsi sayılır. Belə görünə bilərdi ki, seyidlərin zəkatdan məhrum edilməsi də onlara qarşı ayrı seçkilikdir. Amma İslam qanunlarında bütün təbəqələr nəzərdə tutulmuşdur. Seyidlər xümsdən, seyid olmayanlar zəkatdan pay alır. Seyidlərin zəkatdan məhrum edilməsinin səbəbi ayrıseçkilik yox, bir imtiyazdır. Seyidlər müəyyən məsləhətlər əsasında ümumi büdcədən istifadə edə bilməzlər.
Nələrə xüms düşür?
Yeddi şey üçün xüms vermək vacibdir. Yə`ni qeyd edilənlərin beşdə biri xüms kimi ödənməlidir.
1. Ticarət və iş gəliri: İnsan əkinçilik, sənətkarlıq, ticarət və digər iqtisadi yollarla sərvət əldə edərsə və bu sərvət ilin ehtiyaclarından artıq qalarsa, onun beşdə biri xüms ödənir;
2. Mə’dən: Mədən xalqın malı sayılır. Vacib ehtiyata əsasən imamın qeybi dövründə mə’dən hasilatı üçün şər’i hakimdən icazə alınmalıdır. Mə’dəndən qızıl, gümüş və sairə qiymətli ehtiyatlar çıxaran şəxs öz xərclərini çıxıb (15 misqal qızıl) xüms ödəməlidir;
3. Xəzinə: Xəzinə dedikdə yerdə, ağacda, dağda və ya divarda gizlədilmiş şey nəzərdə tutulur. Xəzinənin sahibi tanınmır. Onun tapılması xərcləri çıxıldıqdan sonra xümsü ödənməlidir;
4. Üzgüçülüklə dənizdən çıxarılan cəvahir: Cəvahir də xalqın malı sayılır. Onu çıxarmaq üçün vacib ehtiyata əsasən şər`i hakimdən icazə alınmalıdır. Əgər üzgüçülük yolu ilə dənizdən cəvahir, mərcan və bu kimi şeylər əldə olunarsa, xərclər çıxıldıqdan sonra onun beşdə biri xüms ödənməlidir;
5. Harama qatışmış halal mal: Əgər insanın malı harama qatışmışsa və onun miqdarını müəyyənləşdirmək mümkün deyilsə, həmin malın xümsü ödənməlidir;
6. Savaş qəniməti: Əgər müsəlmanlar mə`sum imamın hüzuru dövründə onun əmri ilə kafirlərlə vuruşub qənimət əldə etsələr, imamın məsləhəti ilə bir hissə ayrıldıqdan sonra xərcləri çıxıb qalan hissənin xümsünü verməlidirlər;
7. Zimmi kafirin müsəlmandan aldığı torpaq. Əgər bir kafir İslam dövlətinin himayəsində yaşayırsa, ona zimmi kafir deyilir. Zimmi kafir müsəlmandan aldığı torpağa görə xüms verməlidir. Həmin şəxs torpaq əvəzinə pul da verə bilər.
Malın zəkatı
İslamda qazanc və sərvət müqabilində verilən zəkatın xüsusi əhəmiyyəti var. Zəkat mühüm ibadətlərdəndir. Qur`an və hədislərdə zəkat namazla yanaşı zikr olunur. Zəkat ödəməkdən boyun qaçıranlar şiddətlə məzəmmət edilir. Cəmiyyətdə ictimai ədalətin bərpa olunmasında, yoxsulluqla mübarizədə, təbəqələr arası fərqlərin azaldılmasında zəkatın əhəmiyyətli rolu var. Zəkat vermək vacibdir və bu iş Allaha yaxınlaşma məqsədi ilə həyata keçməlidir. Zəkat insanın ruhunu və canını dünyapərəstlikdən təmizləyir, onu Allaha yaxınlaşdırır.
Zəkat cəmiyyətdəki yoxsullardan qabaq sərvət sahiblərinin özünə faydalıdır. Zəkat verilməyən cəmiyyətlərdə çox keçmir ki, sosial partlayışlar baş verir və varlıların bütün sərvəti təhlükə altına düşür. İmam Sadiq (ə) buyurur: “Yalnız zəkat ödənmədiyindən suda və quruda sərvətlər məhv olur. Sərvətinizi zəkat verməklə sığortalayın.”1
Nələrə zəkat düşür?
Doqquz şeyin zəkatını vermək vacibdir: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, qoyun, inək, dəvə. Bu doqquz şeydən hər biri üçün “nisab həddi” deyilən hədd müəyyənləşmişdir və həmin hədd əsasında zəkat ödənir. Şər`i məsələlər risaləsində uyğun məsələ geniş şərh olunur.
Zəkatın sərf olunması
Zəkat aşağıdakı ünvanlara xərclənir:
1. Yoxsullar; özünün və himayəsində olanların illik xərcini və ya illik xərcinin bir hissəsini ödəyə bilməyən şəxs yoxsul sayılır;
2. Miskinlər: maddi durumu yoxsuldan da aşağı olanlar miskin sayılır;
3. Zəkat veriləcəyi təqdirdə İslama meyl göstərəcək, savaşlarda müsəlmanlara yardım edəcək kafirlər;
4. Qul alıb azad etmək; hazırkı dövrümüzdə bu işi görmək mümkün deyil;
5. Borcunu verə bilməyənin borcunu ödəmək; bir şərtlə ki, həmin pul günaha xərclənməsin;
6. Cəmiyyətin ümumi mənafeyinə faydalı işlərə, İslamın güclənməsinə, Allah yolunda xərcləmək; məsələn, məscid və mədrəsə, hamam və kitabxana tikmək, yol düzəltmək;
7. Yolda qalmış, vətəninə qayıtmaq üçün pulu olmayan müsafirə kömək etmək; bu qəbil insanlar “ibn Səbil” adlanır;
8. İmam və ya onun naibi tərəfindən zəkat yığmağa vəzifəli şəxslərə xərcləmək.
Fitriyyə
Vacib zəkatlardan biri də fitriyyə adlanan fitrə zəkatıdır. Müəyyən səciyyələrə malik hər bir yetkin insan ildə bir dəfə bu zəkatı ödəməlidir. Zəkatı Allaha yaxınlaşmaq məqsədi ilə vermək lazımdır. İmam Sadiq (ə) buyurur: “Həzrət Peyğəmbərə göndərilən salavat namazı kamilləşdirdiyi kimi fitriyyə də mübarək ramazan ayının orucunu kamilləşdirir. Oruc tutub fitriyyə verməyən şəxsin orucu qəbul olmaz. Necə ki, təşəhhüdündə Peyğəmbərə (s) salam göndərilməyən namaz qəbul deyil.1
İstənilən bir halda fitr bayramı axşamı günəş qürub edən vaxt həddi-büluğ, aqil, huşlu insana öz tərəfindən və himayəsində olanlar tərəfindən fitriyyə vermək vacibdir. Əlbəttə ki, həmin şəxs özü yoxsul deyilsə. Ailədə yaşından və dinindən asılı olmayaraq hər bir şəxs üçün fitriyyə verilməlidir.
Dostları ilə paylaş: |