Namaz qılanın yeri ilə bağlı şərtlər
Namaz qılınan yerlə bağlı şərtlər mövcuddur:
1. Qəsbi olmasın; qəsbi yerdə qılınan namaz batildir. Qəsbi yerdə insan öz xalçasının üzərində də namaz qılmamalıdır.
2. Namaz qılınan yer hərəkətsiz olmalıdır. Nəqliyyat vasitələrində hərəkət zamanı tərpənişlərlə qılınan namaz batildir.
3. Namaz qılınan yerdə dayanmaq və ya oturmaq haram sayılmamalıdır. Əgər bir xalçanın üzərində Allahın adı və ya Qur`an ayələri yazılmışsa onun üzərində dayanmaq və ya oturmaq olmaz. Belə bir yerdə qılınan namaz təzələnməlidir.
4. Namaz qılınan yerdə rahatlıqla qalxmaq, rükuya və səcdəyə getmək mümkün olmalıdır.
5. Bir şəxs murdarlanmış yerdə namaz qılırsa, həmin yer namaz qılanın bədininə və ya libasına sirayət edəcək həddə rütubətli olmamlıdır.
6. Namaz qılınan yer hamar olmalıdır. Əgər namaz qılanın alnını qoyduğu yer dizlərini və ayaqlarını qoyduğu yerdən dörd bağlı barmaqdan çox alçaq və ya hündür olarsa, orada namaz qılınmamalıdır.
7. Mə`sumların qəbrindən öndə namaz qılınmamalıdır. Əgər qəbirlə namaz qılınan yer arasında divar kimi arakəsmə varsa, eybi yoxdur. Namaz qılınan yer mə`sumların qəbrindən yetərincə uzaqsa, uyğun vəziyyətdə namaz qılmaq olar.
Namaz qılınan yerlə bağlı müstəhəb və məkruh hallar
Bə`zi yerlərdə namaz qılmaq müstəhəbdir və həmin yerlərdə qılınan namazın savabı çoxdur:
1. Məscidlər; İslam dinində namazların məsciddə qılınması çox tövsiyə edilir. Məkkədəki “Məscidül-Həram” məscidində qılınan namazın savabı daha çoxdur. Mədinədə Məscidün-Nəbiyy, İraqda Kufə məscidi, Fələstində Beytül-Müqəddəs və hər şəhərin came məscidi namaz üçün daha münasibdir. Bu məscidlərdən sonra savab baxımından məhəllə məscidi üstündür.
2. Namaz üçün imamların pak hərəmləri üstün sayılır. Bu hərəmlərdə qılınan namaz başqa məscidlərdə qılınan namazdan üstündür. Əmirəl-mö`minin Əli ibn Əbu-Talibin (ə) hərəmində qılınan namazın savabı 200 min namazın savabı qədərdir.
Amma bə`zi yerlərdə namaz qılmaq məkruhdur və belə yerlərdə namazın savabı azdır:
1. Hamamda;
2. Başqa bir insanın qarşısında;
3. Ruhu olan bir şeyin əksi qarşısında (arada pərdə yoxsa);
4. Canlının əksi olan otaqda;
5. Od və çıraq qarşısında;
6. Qəbirlərin qarşısında, qəbirlər arasında, ümumiyyətlə qəbristanlıqda;
7. Gəliş-gediş olan küçələrdə; əgər gəliş-gedişə mane olarsa burada qılınan namaz batildir.
Sual: Bir şəxsi məsciddə namaz qıldığı yerdən qaldırıb onun yerində namaz qılsalar, bu namazın hökmü nədir?
Cavab: Vacib ehtiyata əsasən bu namaz düzgün deyil və həmin namazı qəsbi olmayan başqa bir yerdə qılmaq lazımdır.
Sual: Əgər kişi ilə qadın arasında arakəsmə yoxsa, qadın kişidən öndə namaz qıla bilərmi?
Cavab: Məhrəm və ya naməhrəm olmasından asılı olmayaraq, vacib ehtiyata əsasən qadın elə dayanmalıdır ki, ətrafdakılar onun kişidən öndə dayandığını deməsinlər. Daha yaxşı olar ki, qadının səcdə yeri kişinin durduğu yerdən bir qədər arxada olsun. Əlbəttə ki, Məscidül-Həramda namaz qılan qadınlar və kişilərin bu şərtə riayət etməsi vacib deyil.
Sual: Naməhrəm qızla oğlan gəliş-gediş olmayan bir yerdə namaz qıla bilərlərmi?
Cavab: Onların belə bir yerdə olması caiz deyil. Amma namaz qılarlarsa, qıldıqları namaz batil deyil.
Sual: Haram musiqi və rəqs səsləri eşidilən yerdə namaz qılmaq düzgündürmü?
Cavab: Həmin səslərə qulaq asmaq olmaz. Amma namaz qılmağın eybi yoxdur.
Qiblə sıraların vəhdət amilidir
İslam peyğəmbəri (s) peyğəmbərliyə çatdıqdan 13 il sonra, hətta hicrətdən bir neçə ay ötənədək Allahın əmri əsasında üzü Beytül-Müqəddəsə namaz qılırdı. Sonra qiblə dəyişdi, müsəlmanlara əmr olundu ki, üzü Kə`bəyə namaz qılsınlar.
Mədinədə üzü Beytül-Müqəddəsə nə vaxtadək namaz qılınması ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var. Bə`ziləri 7 ay, bə`ziləri 17 ay üzü Betül-Müqəddəsə namaz qılındığını bildirirlər. Hər halda həmin müddət ərzində yəhudilər müsəlmanları məsğərəyə qoyur, deyirdilər: “Sizin müstəqilliyiniz yoxdur, bizim qibləyə doğru namaz qılırsınız. Mə`lum olur ki, biz haqlıyıq!”
Yəhudilərin bu rişxəndləri İslam peyğəmbəri (s) və müsəlmanları çox narahat edirdi. Yəhudilər Allah əmrini yerinə yetirən bu insanlardan heç vəchlə əl çəkmirdilər. Həzrət Peyğəmbər (s) gecələr səmaya üz tutur, sanki vəhy gözləyirdi. Bir müddət keçəndən sonra, nəhayət, qiblənin dəyişməsi ilə bağlı vəhy nazil oldu. Həmin vaxt Peyğəmbər (s) Bəni Salim məscidində üzü Beytül-müqəddəsə namaz qılırdı. Cəbrailə əmr olundu ki, onun qolundan tutub üzünü Kə`bəyə çevirsin. Müsəlmanlar bu vəziyyəti görüb dərhal üzlərini Peyğəmbərlə (s) eyni tərəfə göndərdilər. Kə`bə cənubda olduğu halda Beytül-Müqəddəs təqribən şimalda idi.
Qiblənin dəyişmə səbəblərindən biri də bu ola bilərdi ki, Kə`bə evi həmin vaxtlar müşrik bütlərinin mərkəzinə çevrilmişdi. Öncə müsəlmanlara əmr edildi ki, üzü Beytül-müqəddəsə namaz qılsınlar. Beləcə müsəlmanlar müşriklərdən seçildilər.
Biz müsəlmanlar bütün vacib və müstəhəb namazlarımızı üzü Kə`bəyə qılmalıyıq. Heyvanları da kəsərkən Kə`bəni qiblə götürməliyik.
Məsələ 1. Əgər namaz qılan şəxs ayaqüstə namaz qılırsa, onun haqqında “üzüqibləyə dayanıb” deyilməsi kifayətdir. Yə`ni bədənin ön tərəfi, üzü və sinəsi üzüqibləyə olmalıdır. Dizlər və ayaq barmaqlarının ucu qibləyə tərəf olması zəruri deyil.
Məsələ 2. Üzürlü səbəbdən oturaq vəziyyətdə namaz qılan şəxs dizlərini üzü qibləyə tutmaya da bilər. Onun üzü, sinəsi, eləcə də qarın nahiyəsi üzüqibləyə olmalıdır.
Məsələ 3. Əgər bir şəxs uzanmış vəziyyətdə namaz qılmağa məcburdursa, sağ tərəfi üzərində uzanmalı və bədəninin ön tərəfi qibləyə doğru olmalıdır. Əgər bacarmırsa yenə də bədəninin ön hissəsini qibləyə doğru saxlamaqla sol tərəfi üzərində uzanmalıdır. Əgər arxası üstdə uzanmağa məcburdursa, ayaqlarının altı üzüqibləyə olmalıdır.
Məsələ 4. Müstəhəb namazı yol gedə-gedə, süvari halda qıla bilər. Bu iki halda müstəhəb namaz qılarkən insanın üzüqibləyə olması vacib deyil. Amma sabit vəziyyətdə namaz qılırsa, ehtiyatən üzünü qibləyə tutmalıdır.
Məsələ 5. İnsan qibləni tapmaq üçün çalışmalıdır. Əgər qiblənin hansı tərəfdə olduğuna əmin deyilsə, məscidlərin mehrabı, müsəlman qəbirləri əsasında qibləni müəyyənləşdirməlidir. Əgər yenə də qiblə müəyyənləşməsə, istədiyi tərəfə namaz qıla bilər. Amma ehtiyat budur ki, namaz dörd tərəfə qılınsın.
Dostları ilə paylaş: |