Усулиддиндян дярсляр



Yüklə 8,08 Mb.
səhifə17/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

Mühasibə rəvayətlərdə

Hədislərdə də mühasibəyə çox əhəmiyyət vermişlər. Peyğəmbər(s) öz vəsiyyətlərindən birində Əbuzər Ğəffariyə buyurur:

“Ey Əbuzər! Səndən sorğu-sual olunmamış özünlə hesablaş, çünki bu, qiyamətdə çəkiləcək sorğu-sualı daha asan edər. Səni yoxlamamışdan qabaq sən özünü yoxla. Özünü qiyamət günü üçün hazır saxla. Heç kim şərikin şəriklə hesablaşması kimi özü ilə ciddi hesablaşmasa, təqvalılardan sayılmaz. Təqvalı insan bilməlidir ki, yediyi, içdiyi və geydiyi şeylər haradandır. Görəsən, halal yolla qazanmışdır, yoxsa haram yolla? Ey Əbuzər! Allahın qayda-qanununa məhəl qoymayan və hansı yolla gəldi mal-dövlət qazanmaqdan qorxmayan şəxsi Allah da hansı yolla gəldi cəhənnəmə daxil edər.”460

Başqa bir hədisdə o alicənabdan belə nəql olunur:

“Sizdən sorğu-sual olunmazdan qabaq özünülə hesablaşın, əməlləriniz yoxlanılmamışdan əvvəl özünüz öz əməllərinizi yoxlayın. Özünüzü qiyamət gününə hazırlayın.”461

Nə barədə soruşulacaq?

1) Əhli-beytə məhəbbət

Bir hədisdə Peyğəmbər(s) belə buyurur:

“(Qiyamət günü) Allah bəndəsindən birinci soruşulacaq şey biz əhli-beytin məhəbbətidir.”462

Digər bir hədisdə o ali Cənab buyurur:

«Qiyamət günü dörd şey barədə sorğu-sual olunmamış heç bir bəndə bir addım belə ata bilməyəcək: birinci, ömrünü nəyə sərf etməsindən; ikinci, cavanlığını harada və hansı yolda keçirməsindən; üçüncü, mal-dövləti hansı yolla qazanmasından və nəyə xərcləməsindən; dördüncü isə biz əhli-beytə məhəbbətindən soruşulacaqdır.»463

2) Namaz. Əbi-Bəsir deyir: «İmam Baqir(ə)-dən belə eşitdim:

İnsandan soruşulan ikinci əməl namazdır.

“Qiyamət günü bəndədən sorğu-sual olunacaq birinci şey namazdır. Əgər namaz qəbul olunarsa, başqa əməlləri də qəbul olunar.”464

Allahın razılığını qazanmaq istəyən insan İlahinin ona bəxş etmiş olduğu bu nemətdən yaxşı istifadə edərək onu uca Yaradana ibadət və itaətdə sərf etməlidir.

Həzrət Səccad(ə) Allaha belə ərz edir:

“İlahi! Ömrümü sənin yolunda itaətə sərf etmək iqtidarında olanadək məni öldürmə, amma əgər ömrüm şeytana xidmətdə və azğınlıqda keçərsə, sənin qəzəbinə layiq olmamış məni tez öldür.”465

Buna görə də bu duanın başqa bir hissəsində həzrəti-Səccad Allahdan istəyir ki, onu özü ilə haqq-hesab çəkməkdə və əməllərinə yetişməkdə məvəffəq etsin:

“İlahi! Mühəmmədə və onun ailəsinə salam göndər. Həyatın çətinliklərində mənə kömək ol. Mənə kömək ol ki, bu yükün ağırlığı mənə güc gəlməsin və başımı özümə qarışdırmasın. Ey mənim Allahım! Sabah qiyamət günü torpaqdan qalxanda sənin ədalətin qarşısında cavab verməli olacağam. Elə et ki, bu gün sabahımı fikirləşib üzərimdə olan vəzifəni sənin istədiyin kimi yerinə yetirim.”466


Mühasibənin qaydası

Mühasibə edərkən bir neçə qaydaya riayət etmək lazımdır:

a) Ən əvvəl bilmək lazımdır ki, nəfsi-əmmarə (pisliklərə sövq edən qüvvə) və özünüsevmə qüvvəsi insanı aldadıb gözəllikləri, çirkin, çirkinlikləri isə gözəl cilvələndirir. İnsan mühasibə zamanı özünə başqasının gözü ilə baxmalıdır. Hədislərdə vardır ki, mömin mühasibə edərkən özünə şərikin şərikə qarşı yanaşdığı kimi yanaşsın. Başqa bir ifadə ilə desək, özünün bütün hərəkət, xatirə, düşüncə və davranışlarını öz gözü önündə canlandıraraq heç bir güzəştə getmədən əməllərini araşdırsın.

Peyğəmbər(s) buyurur:

“Heç bir bəndə şərikin şəriklə hesablaşdığı və ya ağanın qulundan tələb etdiyi kimi özü ilə hesablaşmasa, mömin deyildir.”467

Başqa bir hədisdə həzrəti-Əmirəlmöminin(ə)-dən mühasibə qaydası müfəssəl olaraq belə rəvayət olunur:

“Bir nəfər həzrət-Əli(ə)-dən soruşdu: Özünü necə mühasibə etmək olar?» O Həzrət buyurdu: «İnsan gecəni gündüzə, gündüzü gecəyə başa vuranda axşam özünə qayıdıb desin: «Bu günün də belə keçdi. Bir daha qayıtmayacaq. Allah-təala səndən soruşacaq ki, bu günü necə keçirdin, hansı işi yerinə yetirdin? Allahı yada saldınmı? Onun həmdini və şükrünü yerinə yetirdinmi? Mömin qardaşının haqqını ödədinmi? Onun çətinliklərini həll etdinmi? Evdə olmayan zaman ailəsinə yetişdinmi? Öz namusundan, qeyrətindən istifadə etməklə başqalarının mömin qardaşına qarşı pis sözlər deməsinin qarşısını aldınmı? Bir müsəlmana belə kömək etdinmi? Axır bu keçən gündə nə etdin?» Sonra bütün əməllərini gözdən keçirsin. Əgər bir xeyir iş görübsə, Allaha şükr edib bu müvəffəqiyyətə görə ona təzim etsin, belə ki əməllərində hər hansı bir günaha və ya qüsura rast gələrsə, tövbə edərək Allahdan bağışlanmaq diləsin, bir daha günaha qayıtmayacağına söz verib Mühəmmədə və ailəsinə yenidən salam göndərmək vasitəsilə qəlbini paklayaraq günahının pasını yusun...”(“Biharül-ənvar”LXVII c/s-70; «Vəsailüş-şiə» XI c/s-379).

b) Mühasibə edərkən Allah əmrlərinə düzgün surətdə riayət edilib-edilməməsini bilmək üçün ilk olaraq vacib əməlləri yerinə yetirib haram buyurulmuş əməllərdən çəkinmək lazımdır. Sonra isə müstəhəb (bəyənilmiş) və xeyirxah əməllər yerinə yetirilsin.

v) Haqq-hesab qurtarandan sonra əgər müsbət bir hal müşahidə edilsə, Allaha şükr edib ondan daha çox müvəffəqiyyət əldə etməsini, yox əgər günah etmiş olduğunu başa düşərsə, Allahdan bağışlanmasını diləyib hədərə getmiş vaxtlarının yaxşı əməllər və xeyirxah işlər görməklə əvəzini versin. Beləliklə, bu əməllər vasitəsilə buraxdığı səhvləri düzəltsin. Allah-təala buyurur:

....Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar...”(«Hud»-114).

....Pisliyin qarşısını yaxşılıq etməklə alırlar...”(«Rəd»-22).

Yeddinci imam həzrəti-Musa ibn Cəfər(ə) buyurur: “Ey Hişam! Hər gün yaxşı işlər görüb onu artırmağa çalışmayan, günahlarından ötrü bağışlanmasını diləməyən və bir daha günaha qayıtmamaq üçün özünü mühasibə etməyən şəxs bizdən deyildir.”468

Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə rəvayət olunur:

“....Pis əməllərdən sonra yaxşı əməllər görmək nə qədər də gözəldir?! Yaxşı əməllərdən sonra pis əməllər görmək isə nə qədər də çirkindir?!”469



Nə üçün mühasibəyə əhəmiyyət vermirik?

  1. Allahı unutmaq və özünə biganəlik

Şübhə yoxdur ki, bu mühüm mövzuya diqqət yetirməyin səbəbi Allahı unutmaqdır. Allahı unudan şəxs özünə qarşı biganə olar. Özünə qarşı biganə yanaşan şəxs isə həvayi-nəfsinə (ehtiras və şəhvətinə) tabe olar. Nəhayət, həvayi-nəfsinə tabe olan şəxs isə həqiqətlərdən uzaqlaşıb bir daha öz gələcəyi haqda düşünə bilməz.

Allah-təala «Quran»da buyurur:

Allahı unutduqları üçün Allahın da onları unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!”(«Həşr»-19).

....Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!”(«Kəhf»-28).

Hər halda həvayi-nəfslə Allahı xatırlamaq, nurla zülmət bir yerə sığmaz.


  1. Lovğalıq və yersiz ümid

Mühasibəni tərketmə amillərdən biri də lovğalıq və yersiz ümiddir.

Həzrəti-Əli(ə) “İnfitar” surəsinin 6-cı ayəsini (“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?”) şərh edərkən qəflət yuxusuna dalmış insanları oyadaraq öz vəzifələrinə qarşı diqqətli olmaq üçün buyurur: “Bu lovğa insan cavabı çox əsassız və bağışlanmaq istərkən üzrü qəbul olunmayan bir məsuliyyət daşıyır. Buna baxmayaraq öz nadanlığında qalaraq lovğalıq və cahillikdən əl çəkmir...

....Ey insan! Niyə görə günah etməyə cürət edirsən? Allahın qarşısında nə lovğalanırsan? Səni həlak olmağa nə həvəsləndirir? Sənin bu xəstəliyinin əlacı yoxdurmu? Bu yuxudan oyanmayacaqsanmı? Niyə özgəsinə rəhm etdiyin kimi özünə rəhm etmirsən?...

....Sən ki birini qızmar günəş altda görərkən onun üzərinə kölgə salır, zəif bir xəstə görəndə onun halına acıyırsan, bəs niyə özünə bir gün ağlamırsan? Halbuki heç bir şey və heç bir kəs sənə canından əziz deyildir. Qəfil bəla qorxusu səni niyə bu yuxudan ayıltmır? Sən elə pis haldasan ki, Allaha itaət etməmək nəticəsində qəlbini qaraltmış, özünü onun qəzəbinə düçar etmisən!...

....Bu xəstəliyi özünə söz verməklə və möhkəm inamla müalicə et! Gözünü yummuş qəflət yuxusunu oyaq qalmaqla özündən qov! Allaha müti olub onu həmişə yad et.....

....Beləliklə, elə bir şeyi axtarmaqda ol ki, (üzrünün qəbul olunması üçün) onu bəhanə gətirib öz dəlilini ona istinad edə biləsən...Sakin olmayacağın dünyadan əbədilik və möhkəmlik azuqəsi toplayıb (axirət) səfəri üçün bir vasitə hazırla. Nicat qığılcımına göz dikib səfər azuqəsini öz miniyinə möhkəm bağla.”470




Nəticə

Yuxarıda qeyd etdiyimiz ayə və rəvayətlərdən özü ilə mühasibə etməyin zəruriliyi aydın oldu. Qeyd etdik ki, hesabsız ömür sürməyin aqibəti əbədi bir ziyanla sona yetir. Həzrəti-İmam Hadi(ə) buyurur:

“Dünya elə bil bazardır. Kimi onda xeyir qazanır, kimi isə zərər.”471

Deməli, insan nə qədər ki sağdır, özü ilə hesablaşmalıdır. Dünyadan köçəndən sonra bir daha dünyaya qayıtmaq və itirilmişləri bərpa etmək mümkün deyildir. “Qurani-Kərim”də buyurulur:



«Nəhayət, birinin ölümü çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!» Xeyr, bu, onun dediyi boş sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə vardır.”(«Möminun»-99,100).

Demək, Allahın insana verdiyi ömrün harada və nəyə sərf olunması barədə qiyamət günü soruşulacaqdır. Buna görə də çalışıb bu böyük nemətdən yaxşı istifadə etmək lazımdır. İnsan onun hər bir anını qənimət bilib qiyamət günü üçün özünə azuqə yığmalı, gecə-gündüz özünü mühasibə etmək fikrində olmalı, məhşər günü Allah hüzurunda cavab verməli olacağını həmişə nəzərdə tutmalı, ondan öz ömrünü necə keçirdiyi haqda sorğu-sual olacağı barədə düşünməlidir. Kim bu qiymətli nemətdən düzgün istifadə etməsə, ziyan çəkənlərdən olar. Allah-təala «Quran»da əsrə və zamana and içəndən sonra buyurur:

...İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! («Əsr»-2,3).

Ziyan nədir?

Ziyan əldən çıxmış əsas sərmayədir. Bu, hər an ötdükcə azalan və bir daha geri qayıtmayan insan ömrüdür. Əgər bu ömür iman, saleh əməllər, haqq tərəfdarı olmaqla və haqq yolunda cihad etməklə ötüb keçərsə, insan heç bir ziyana uğramaz. Bu anlar bir daha bərpa olunmaq qüdrətinə malik deyildir. Ömürdən qalan hissənin isə özünəməxsus vəzifə və məsuliyyətləri vardır ki, əgər müvəffəq olmağını fərz etsək, təkcə onun öz haqqını ödəyə bilərsən.

Xülasə, insan qiyamət günü peşman və xəcalətli olmamaq üçün bu dünyada özü ilə hesablaşmalıdır.

Biz belə nəticəyə gəlirik ki, ayə və rəvayətlərdə nəfsin mühasibəsi haqda olunan çoxlu təkidlər xalqın qəflət yuxusundan oyanıb əbədi həyata azuqə toplamasına görədir. Bu ayə və rəvayətlər fürsət əldən çıxmamış insanın özü üçün xeyir əməl yığmasını göstərir. Həzrət Əmirəlmöminin(ə) buyurur:

“Ey Allah bəndələri! Elə indidən ayılın, çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin təxirə düşməsinə səbəb olar.)»472
Müatibə (özünütənqid)

İnsan gündəlik əməllərinə nəzər salıb özü ilə hesablaşaraq özünü vicdan məhkəməsində mühakimə etdikdən və günahkar bildikdən sonra müatibə mərhələsinə, yəni tənqid məqamına yetişir.

Bu mərhələdə insan şəxsən öz-özünü tənqid edib danlamalı, bu vasitə ilə özünü itirilmişlərin bərpası üçün hazırlamalıdır.

Bununla belə, mühasibə zamanı insanın öz eyibləri ilə məşğul olmayıb başqalarına irad tutaraq özünü təmizə çıxarmasına diqqət etmək lazımdır. Bəziləri başqalarına eyib tutmaqla bilmədən özlərini təmizə çıxarır və günahı başqasının boynuna ataraq məsuliyyətdən qaçırlar. Xoş o adamların halına ki, xudbinlikdən əl çəkib batinlərində özlərini nəsihət edirlər. Özünüsevmə vadisində qalıb nəsihət qəbul etməyən və özündə heç vaxt bir eyib görməyən adamların vay halına.

Əmirəl-möminin(ə) buyurur:

“Özünü mühasibə edən, eyiblərini başa düşüb günahlarından xəbərdar olar. Belə bir şəxs, nəhayət, günahlarını yum0aqda və eyiblərini düzəltməkdə müvəffəqiyyət qazanar.”473

O Həzrət yenə buyurur:

“Kim özünü tənqid edərsə, nəfsini islah, tərifləyərsə, məhv edər.”474

Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:

“....Xoş o adamın halına ki, öz eyibləri onu başqasına eyib tutmağa qoymur....”475

Yəni öz eyiblərinə başı elə qarışır ki, daha başqasına eyib tutmaq üçün macal tapmır.

Bilmək lazımdır ki, müatibə iki mərhələdən ibarətdir: a) Özünütənqid; b) Tövbə və itirilmişlərin bərpası mərhələsi.

Birinci mərhələdə nəfsi-ləvvamədən (özünü qınayan nəfs) qaynaqlanıb özünü tənqid etmək lazımdır. Bu mərhələ qəzəb və tənbeh mərhələsidir. Allah dostları özlərini tənbeh etmək fikri ilə gecə oyaq qalmaq, aclıq, oruc tutmaq, az danışmaq, təsirli zikrlər etmək, ehsan və bəxşiş vermək və s. kimi əməllərlə itaətə gəlməyən nəfsi ram etməyi özlərinə zəruri bir hal kimi qəbul etmişlər. Əmirəl-möminin buyurur:

“Kim özünü tənbeh etməsə, məhv olar.”476

Ayətullah Brucerdi(r.ə) haqqında belə danışırlar:

Tələbələrdən hər hansına qarşı acıqlanarkən həmin şəxsdən üzr istəməkdən əlavə bu səhvi düzəltmək üçün özünü tənbeh etmək qəsdilə o günün səhərini oruc tutmağı nəzir edərdi.

Tənbeh və ədəbləndirmək Məsumların(ə) həyatı və müqəddəs şəriət ölçüləri ilə o qədər uyğun gəlmişdir ki, belə əməllərə bizə gəlib çatmış sünnətlərdə də rast gəlinir. Lakin bəzi sufi şeyx və ariflərinin tənbeh barədə nəql etdikləri - özünü yandırma, özünü məşəqqətli əməllərə məcbur etmə, cəmiyyətdən kənara çəkilmə və ya ömür boyu sükutda olmaq və s. bu kimi əməllərdir. Bunlara kitab və sünnədə rast gəlinmir. Belə hərəkətlər müqəddəs şəriətdən və övliyalarının həyat tərzindən xaricdir. Allah isə daha yaxşı biləndir.

İkinci mərəhələ olan tövbə, istiğfar və itirilmişlərin bərpası barədə isə keçən bəhslərdə müfəssəl olaraq qeyd etdik.





Niyyət, ixlas və şirk, riya və nifaqdan çəkinmə
Niyyət - əməlin əsası

Mənəviyyatın, nəfsani fəzilətlərin və ali insani dəyərlərin özülünün islah olunması və möhkəmləndirilməsi islam əxlaqının əsasıdır. Ona görə bütün əməllər-istər mənəvi, istərsə də cismi olsun,məxsusən ibadətlər niyyətə bağlıdır. Niyyət o qədər təsirlidir ki, əslində ibadət olmayan hər hansı bir mübah əmələ ilahi rəng vurub Allaha yaxınlıq niyyətilə yerinə yetirərək onu ibadət dərəcəsinə qaldırıb əcr və savaba yetişdirir. Məsələn, əgər yemək və ya istirahət etmək yenidən qüvvə toplayıb yaxşı ibadət etmək və ya xalqa xidmət göstərmək üçün olarsa, ibadət sayılar. Halbuki belə əməllər əslində ibadət deyildir. Deməli, bu keyfiyyətə görə niyyətə əməlin ruhu və özülü demək olar. Başqa sözlə desək, islamda ən mühüm məsələ hər bir şeyin batini və həqiqi cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma dərəcəsi ona bağlıdır. Bu barədə diqqətinizi bir neçə hədisə cəlb edirik:

Peyğəmbər(s) buyurmuşdur:

“Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Kim Allaha və Rəsuluna görə hicrət edərsə, Allah və peyğəmbərlərinə tərəf də gedər. Kim qadına görə evlənərsə və ya sərvət, var-dövlət ələ keçirmək xatirinə hicrət edərsə, hicrəti niyyətində tutduğu şey tərəfə də yönələr.”477

“Möminin niyyəti əməlindən yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. Hər kəs niyyətinə görə iş görər.”478

Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: “Heç bir əməl niyyətsiz qəbul olunmur.”479

Peyğəmbər(s) bir hədisdə buyurur:

“Qiyamət günü insanlar niyyətinə görə təhrik olunarlar.”480

“Qiyamət günü adamlar niyyətinə görə sorğu-sual olunar.”481

İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur: “Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə sorğu-suala çəkər.”482



Niyyət və əbədiyyət.

İmam Sadiq(ə)-dən «cəhənnəm əhli cəhənnəmdə, cənnət əhli isə cənnətdə niyə görə əbədi qalır?»- deyə soruşduqda o Həzrət belə buyrurur:

“Cəhənnəm əhli dünyada əbədi olaraq qalsaydı, həmişə Allaha asi olacaqlarını niyyət etdiklərindən cəhənnəmdə, behişt əhli isə əgər dünyada həmişəlik qalarlarsa, daim Allaha ibadət edəcəklərini düşündüklərindən cənnətdə əbədi olaraq qalacaqlar.Onların hər ikisi niyyətinə görə cənnət və cəhənnəmdə əbədidir. Sonra isə bu ayəni tilavət etdi:

De, hər kəs öz əxlaqına uyğun əməl edər.”483


Niyyətin əzab və savaba təsiri

Niyyətin təsiri o qədər güclüdür ki, hər hansı bir cəbhəni müdafiə, havadarlıq etməklə əzab və savabda o cəbhə ilə şərik olur.

Əmirəlmöminin(ə) Cəməl döyüşündə qalib gələndən sonra səhabələrindən biri o Cənaba dedi:

-Kaş qardaşım da bizimlə birgə olaydı, sizin düşmən üzərində qələbənizi görəydi. Bu cihadın fəzilətində o da bizimlə şərik olaydı.

Həzrəti Əli(ə) buyurdu:

-Qardaşın biz tərəfdəndirmi? Ürəyi bizimlədirmi?

O ərz etdi:

-Bəli.


Əmirəlmöminin (ə) buyurdu:

-Demək, o da bizimlə birgə bu döyüşdə vuruşubdur. (Təkcə o yox, əksinə) ataların belində, anaların bətnində olan bizimlə bir əqidədə olanlar da bu döyüşdə bizimlə birgə vuruşublar. Tezliklə zaman onları dünyaya gətirəcək, din və iman onların vasitəsilə qüdrətli olacaqdır.”484

İbn Əbil Hədid bu xütbəni bəyan edəndən sonra yazır: “Əbul Əsvəd Duəli belə nəql edir: Əmirəl-möminin(ə) Cəməl döyüşündə qalib gələndən sonra bir dəstə mühacir və ənsarla (mən də onların arasında idim) Bəsrə şəhərindəki beytül-mal saxlanılan binaya daxil oldu. O Həzrətin gözü orada olan var-dövlətə sataşanda onlara xitab olaraq dedi: «Ey dirhəm və dinarlar! Məndən başqasını aldadın». Sonra Həzrəti Əli (ə) fərman verdi ki, səhabələrdən hər birinə beş yüz dirhəm verilsin. Dirhəmlərin hamısı səhabələr arasında bölüşdürülüb qurtarandan sonra Əbul Əsvəd dedi: «And olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, adamların sayı on iki min nəfər olmasına baxmayaraq, bir dirhəm belə artıq-əskik olmadı. Elə bil Əmirəl-möminin(ə) pulların məbləğindən xəbərdar idi.”

Sonra ibn Əbil Hədid yazır:

“Həbbeyi Ərəni adlı bir nəfər deyir: «İmam(ə) beytül-malı səhabələr arasında bölüşdürdükdən sonra başqaları kimi özünə də beş yüz dinar pul ayırdı. Döyüşdə iştirak etməmiş bir şəxs o ali Cənaba yaxınlaşıb dedi: “Ey Əmirəl-möminin! Bu vuruşda cismim sizinlə birgə olmasa da, qəlbim sizinlə idi. İstəyirdim, bu döyüşdə sizinlə bir yerdə vuruşum. Mənə də puldan əta et. İmam(ə) öz payını ona verib özü üçün heç bir şey saxlamadı.”485

Bu məsələdən belə başa düşürük ki, əgər biri başqalarının işindən razı olarsa, demək, əzab və savabında da onlarla şərikdir.


Niyyət-insan şəxsiyyətini formalaşdıran amil kimi

Əməlin keyfiyyət və dəyərinə niyyət güclü təsir bağışladığı kimi, insan şəxsiyyətinin formalaşmasına da böyük əhəmiyyətə malikdir. Əgər bizi əhatə edən adamların şəxsiyyətini öyrənmək istəsək, bunu onun düşüncə və məqsədlərində axtarmaq lazımdır. Təkcə özünü düşünən adamla xalqın nicatı üçün çalışan şəxs eynidirmi? Özünə qənimət ələ keçirmək üçün döyüşə gedən adamla Allah rizasına görə vuruşan adama bir cərgədə baxmaq olarmı? Bu bərabərlik və bərabərsizlik insanların əməlləri ilə yox, onların şəxsiyyəti və məqsədləri ilə əlaqədardır, çünki zahirdə əməl birdir, onun heç bir fərqi yoxdur. Şücaət göstərib rəşadətlə vuruşan iki dəstə arasındakı fərq düşüncə və niyyətdədir. İmam Sadiq(ə) bu ölçü ilə bəndələri üç qismə bölərək hər birini ibadətdə olan niyyətlərinə uyğun bir xüsusiyyətlə vəsf edir:

“Həqiqətən, Allah bəndələri üç dəstədirlər. Birinci dəstə Allaha cəhənnəm əzabının qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. İkinci qrup cənnətə və mükafata görə Allaha ibadət edirlər. Bu da nökər və muzdur ibadətidir. Üçüncü dəstə isə Allahı sevdiklərindən ona ibadət edirlər. Bu isə azadələrin ibadətidir, yəni onlar Allaha cəhənnəm əzabından qorxduqlarına və cənnət nemətlərinə görə yox, Allaha bəslədikləri məhəbbət və pak niyyət üzündən ibadət edirlər. Bu, ibadətin ən uca zirvəsidir.”486

Mülahizə edirsizmi, imam Sadiq(ə) Allah bəndələrini öz məqsəd və niyyətlərinə görə necə də dəqiq bölmüş və hər bir dəstəni Allah-təalaya hansı niyyətlə ibadət etməsinə görə o biri dəstədən fərqləndirmişdir.


Niyyət və əqidəvi, mədəni, ictimai, milli bağlılıqlar

Niyyət insanın şəxsiyyətini nümayiş etdirməkdən əlavə əqidəvi, ictimai və milli bağlılıqlardan da bizə xəbər verir. İslam mənbələrində bu barədə elə ifadələr vardır ki, onların hamısını üç cümlədə ümumiləşdirmək olar:



  1. Kim hər hansı bir işdən razı qalarsa, onu yerinə yetirmiş kimidir.

  2. Hər hansı bir dəstənin əməli ilə razılaşan, onlardan hesab olunur.

  3. Kim hər hansı bir dəstəni müdafiə edərsə, savab və əzabda onlarla şərikdir.

Həzrəti Əli(ə) bu üç fikiri bir cümlədə çox böyük məharətlə ifadə etmişdir: “....Məhəbbət və nifrət birlik rəmzidir...”487

Yəni cəmiyyətdə hərənin bir işlə məşğul olmasına, yaşayış, adət-ənənə və rəng cəhətdən bir-birindən fərqlənməsinə baxmayaraq, onları yalnız bir şey birləşdirərək cəmiyyət, millət və dəstə halına salır: maraqlar. Birlik əqidə və məqsəddir.

Bu qanun əqidə, əməl, ictimai, mədəni və milli baxımdan insanları birləşdirib cəmiyyət halına salan amildir. Həzrəti Əli(ə)-nin fikrincə, bir millətin vəhdətinin meyarı yalnız razılıq və narazılıqlardır. Nəsil, dil, irq və coğrafi mühitlər kimi meyarlar ikinci dərəcəli amil qəbul olunmalıdır. Başqa sözlə desək, etiqad, mədəniyyət və məqsəddə yekdil olmaqdan xəbər verən məhəbbət və nifrət ayrı-ayrı adamları vahid bir millət kimi birləşdirib onların taleyini bir-birinə bağlayan yeganə meyardır. Yerdə qalanlar isə ikinci dərəcəlidir.

Burada bir neçə nüansa toxunmağı özümüzə lazım bilirik:



  1. Bu bəhsdə «maraq» sözünün işlədilməsində məqsəd insanda ötəri emosiyaların təsirindən əmələ gəlib tez də yox olan səthi həvəs və meyllər deyildir. Əksinə, burada söhbət yekdil ideologiya ilə bağlı olan meyllərdən gedir, yəni bu faktorlar insan psixologiyasında təsir qoyan və onu öz silahdaşları ilə həmfikir edən insan təbiətindən irəli gələn amillərdir. Bu qəbildən olan meyllərin inikası insan əməlində köklü təsirə malikdir. Əgər şərait yaranarsa və heç bir maneə olmasa, insan dərhal başqalarının təsiri altına düşüb onların etdiklərini o da yerinə yetirər. Hər hansı bir hərəkətə münasibət (istər yaxşı olsun, istər pis) əməl formasında gerçəkləşməsədə, qəlbin dərinliklərində kül altda olan köz kimidir, küləyin əsməsini gözləyir ki, alovlanıb ətrafını da yandırsın, yəni şərait yaranarsa, fikir əməli olaraq reallaşacaq.

2)Hüquqi cəhətdən belə bir asılılığın ədalət normalarına zidd olması mümkündür. “Qurani-Kərim”də bu barədə də buyurulur:

...Heç bir günahkar başqasının günahını daşımaz...”(«İsra»-15).

Hər kəs öz əməlinin girovudur!” («Muddəssir»-38).

Bundan əlavə hüquq elmində günah etmək niyyəti və cinayət fikri cinayət sayılmadığı halda, necə ola bilər ki, insan yalnız niyyətinə görə (yaxşı, yaxud pis) şəri cəhətdən məhkum olunsun və ya mükafatlandırılsın?

Bu suala cavab olaraq deyilməlidir:

Cinayəti düşünmək, yaxud onu həyata keçirənə fikrən dəstək vermək, əlbəttə, cinayət sayılmır, lakin güclü əxlaqi təsirlərə malikdir. Məsələn, günahsız bir insanın öldürülməsinə razılığını bildirən, şübhəsiz, qatillərlə həmfikir sayılır.

İnsanın hüquqi məsələdə cinayəti inkar etməsi kifayət qədər dəlil-sübutun olmamasından irəli gələ bilər, lakin yaradılış qayda-qanunundan qaçmaq qeyri-mümkündür:

“Sənin hakimiyyətindən boyun qaçırmaq olmaz.”

Allah Təala “Qurani-Kərim”də buyurur:

Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar!...”(«Nisa»-9).

Ataların keçmişdə göstərdiyi amansızlığın gələcəkdə övladlarını necə də haqladığını görürsünüzmü? Halbuki övladların heç bir günahı yoxdur. Çünki bu, varlıq aləmində sabit olaraq dəyişilməz qalan yaradılış qanun qaydasıdır. Onun təhqiqatı və mühakimə qaydası adi məhkəmə orqanlarının mühakiməsindən tam fərqlənir. Bu məhkəmədə haqq, ədalət məfhumu çox əhatəli və genişdir.488

3)Hərəkət (razılıqla baş verən) özü də iki xarakterə malikdir: fərdi və ictimai. Fərdi hərəkət yalnız bir nəfərin istəyi ilə baş verir və ancaq həmin şəxs üçün müəyyən bir əhəmiyyət kəsb edir. İctimai əməl bir nəfər tərəfindən həyata keçirilsə də, böyük ictimai əhəmiyyətə malikdir. Məsələn, baxmayaraq ki, Saleh peyğəmbər(ə)-in dəvəsi bir nəfər tərəfindən təqib edilib öldürülmüşdü, lakin başqaları da onunla həmfikir olduğu üçün Allah-təala bu əməli ümumilikdə Səmud qövmünə aid edərək buyurur:

...Onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.”(«Şəms»-14).

İctimai işlərdə fikiri və əməli asılılıq əsas deyil, yetər ki, qəlbən və ruhən razılıq olsun.000 Cəmiyyətin bir nümayəndəsi olan icraçı cəmiyyətə arxalanır, buna görə də onun törətdikləri cəmiyyətin hesabına keçərək, ictimai məzmun daşıyır.

İslam mədəniyyətində bu ortaqlıq üçün zaman və məkan, uzaq-yaxınlıq şərt deyildir, yəni bu ictimai ortaqlıqda gələcəkdəkilər keçmişdəkilərlə oxşar olacaqlar. Buna görə də cəmiyyət ictimai rəqabətlər və ziddiyyətlərdə qarşılıqlı əməllərin cəriməsini ödəyir. Nə üçün? Ona görə ki, əqidə və məqsəddə onlarla ortaqdırlar. Əməllərinə qarşı razılıqlarını izhar edirlər. Ümumiyyətlə, məhəbbət və nifrətdə şərikdirlər. Bunu şərh etməklə ümumi ictimai əməllərdə tabelik fəlsəfəsi aydın olur. Təsadüfi deyildir ki, ayə və rəvayətlərin çoxu asılılığın fərdi əməllərdə yox, ictimai əməllərdə daha çox özünü biruzə verməsini qeyd edir:

“Kim bir qövmün əməli ilə razı qalarsa....” və ya “Hər hansı bir qövmün əməlindən razı qalan onlardan sayılır və s.”

Bu hədislərdə fərdin yox, cəmiyyətin hərəkəti müzakirə olunur, çünki ictimai təsir fərdi təsirdən daha güclüdür.

Yuxarıda sözügedən asılılıq icraçı və həmrəy tərəflər arasındakı mənəvi və mədəni bağlılığın ifadəsidir. Bu cəhətdən fərdi hərəktlə ictimai hərəkət arasında heç bir fərq yoxdur. Bunlar yalnız əhatə dairəsinə görə fərqlənirlər.

Şübhəsiz, hər hansı bir hərəkətə müsbət münasibət bəsləyən onun icraçısının savab və əzabı ilə şərikdir.

4)Dördüncü mətləb niyyətin mənəvi və əxlaqi inikaslarıdır. Məhəbbətin və nifrətin yaxşı və pis düşüncələrin insan mənəviyyatının və ruhiyyəsinin formalaşmasında təsiri olmayıb onun xoşbəxt və ya bədbəxt olacağını qabaqcadan xəbər verməsi.

İmam Sadiq(ə) məhəbbət və nifrətin imandan olmasını xəbər alan şəxsə belə cavab verir:

“Məgər iman məhəbbət və nifrətdən başqa bir şey deyilmi?”489

Məhəbbət və nifrət bir-birlərindən ayrılmazdırlar. Bunlar, təqribən eyni təsirə malikdirlər. Niyyət məhəbbət və nifrətin əlaməti, məhəbbət və nifrət imanın nişanəsi, iman isə inam və əqidənin göstəricisidir. İnsanın inam və əqidəsi onun daxili aləmi və spesfik xüsusiyyəti olduğundan, həqiqətdə, niyyətin bu zəncirin bir halqası olduğunu söyləmək olar.

5)Üsul alimləri “təcərri” (günah etmək qəsdi) fəslində buyurmuşlar: “Günah niyyəti əmələ çevrilməzsə, bağışlanar və niyyət sahibi üçün heç bir günah yazılmaz. Bu fikrin tərəfdarları öz müddəalarının isbatı üçün rəvayətlər qeyd etmişlər.




Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin