Усулиддиндян дярсляр



Yüklə 8,08 Mb.
səhifə25/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

İbadət edərkən bəzənmək

«Qurani-Kərim»də buyurulur:



«Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...» («Əraf»-31).

Geyim bəzək nümunələrindəndir.

Gözəllik sevgisi, zövq, müxtəlif zinət əşyalarına maraq insanın fitrətində olub, onun mənəvi fəzilətləri ilə bağlıdır. Bütün insanlar yaxşı geyinməyi sevir, hər cür gözəllikdən zövq alırlar. Geyim haqda Məsumlardan(ə) çox hədislər nəql olunmuşdur.

Bəhrani «Əraf» surəsinin 31-ci ayəsinin təfsirində yazır:

«Həzrəti-imam Həsən Müctəba(ə) namaz qılarkən ən gözəl libaslarını geyərdi. O Həzrətdən bunun səbəbini soruşduqda buyurmuşdu: «Allah-təala gözəldir və gözəlliyi də sevir. Buna görə də mən ibadət edərkən ən gözəl libaslarımı geyirəm, çünki Tanrı buyurmuşdur: «Hər ibadət vaxtı gözəl libaslarınızı geyin...» Demək, mənim gözəl libas geyinməyimdən Allahın xoşu gəlir.»773

Bəhrani yenə yazır ki, İmam Sadiq(ə) gözəl bir libas geyinmişdi. Əbbad ibn Kəsir o Həzrəti gördükdə İmamın belə gözəl geyiminə görə etirazını bildirib dedi: «Sən Peyğəmbər(s) ailəsindənsən. Atan (Əli(ə)) belə libas geyməzdi. Onun geydiyi paltar çox sadə idi. Niyə belə gözəl paltar geyinibsən? Sadə və ucuz paltar geyinsəydin yaxşı olmazdımı?»

İmam Sadiq(ə) buyurdu:

«Vay olsun sənə ey Əbbad! Allahın bəndələri üçün yaratdığı gəzəllik və pak ruziləri kim haram etmişdir? Allah-təala istəyir ki, əta etdiyi nemətlərindən bəndəsi tam surətdə istifadə etsin.»774


Peyğəmbər(s)-in xalqla görüşü

Bu haqda Təbərsi İmam Sadiq(ə)-in atası Mühəmməd Baqir(ə)-dən nəql etdiyi rəvayəti belə söyləyir:

Bir nəfər Peyğəmbər(s)-in evinə gəlib içəri daxil olmaq üçün icazə istədi. Peyğəmbər(s) otaqda olan su dolu qabın qarşısında dayanıb suya baxdı, saçını-saqqalını darayıb çölə çıxdı. Qayıdanda Ayişə soruşdu:

-Ey Allahın Rəsulu! Sən Adəm övladlarının ən yaxşısı və Allahın Rəsulusan. Niyə suya baxıb saçını-saqqalını darayırsan?

Peyğəmbər(s) buyurdu:

-Ey Ayişə! Allah-təala xoşlayır ki, mömin öz din qardaşı ilə görüşərkən səliqəli olsun.775

Peyğəmbər(s) başqalarına da təmiz və səliqəli olmağı buyurardı. Hədisdə nəql olunur:

Bir nəfər Rəsuli-Əkrəm(s)-in görüşünə gəlmişdi. Üst-başı, geyimi çox səliqəsiz idi. Peyğəmbər(s) ondan soruşdu:

-Dünya malından nəyin var?

Kişi belə cavab verdi:

-Dəvə, at, qoyun və s.

Bu zaman Həzrəti-Mühəmməd(s) belə buyurdu:

-Allah-təala insana var-dövlət əta etdikdə insanda onun əlamətini görməyi xoşlayır.776

Məsum İmamlardan(ə) da buna oxşar tövsiyələr edilmişdir. Əmirəl-möminin(ə) buyurmuşdur:

«İnsan yad adamlar qarşısında özünü bəzədiyi kimi, yaxın və din qardaşları qarşısında da özünü səliqəyə salmalıdır.»777

İmam Sadiq(ə) buyurmuşdur:

«Allah-təala kiməsə bir nemət əta etdikdə bəndənin həmin nemətdən bəhrələnməsini xoşlayır, çünki Yaradan gözəldir və gözəlliyi də sevir.»778

Başqa bir hədisdə buyurur:

«Allahın əta etdiyi neməti gizlətməkdən xoşum gəlmir.»779
Qeyd:

Burada bir neçə mətləbə diqqət yetirmək lazımdır:

«Qurani-Kərim»dən belə başa düşülür ki, insan bütün hallarda normal həddə riayət etməli, ilahi qayda-qanunlardan istifadə etmək bəhanəsilə həddən artıq bəzənib israfa yol verməməlidir:

«...Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! («Əraf»-31).
Halal-harama riayət:

İmam Sadiq(ə) buyurur:

«Gözəl libas geyin və özünü bəzə. Çünki Allah gözəldir və gözəlliyi də sevir, lakin ehtiyatlı ol ki, libasını şəri və halal yolla əldə edəsən.»780

Xeyir-bərəkət duası:

Əmirəl-möminin(ə) buyurur:

«Peyğəmbər(s) mənə belə öyrətmişdir ki, təzə paltar geyərkən əlini qaldırıb dua et. De: «Özümü bəzəmək və camaat arasında abır-həyamı qorumaq üçün mənə libas verən Allaha həmd olsun! İlahi! Sənin yolunda çalışıb məscidləri abadlaşdırmağa görə bu libası mənim üçün bərəkətli et.»781


Şöhrət libasından çəkinmək

Peyğəmbər(s) buyurmuşdur:

«Dünyada şan-şöhrət libası geyənə Allah-təala zillət və alçaqlıq libasını geyindirər.»782

Həzrəti-Əba Əbdillahil Hüseyn(ə) belə buyurmuşdur:

«Kim şöhrət libası geyərsə, Allah-təala qiyamət günü ona yanar paltar geyindirər.»783

İmam Sadiq(ə) buyurmuşdur:

«Allah-təala şan-şöhrət libasını xoşlamır.»784

Peyğəmbər(s) belə ərz etmişdir:

«Kim şöhrətpərəstlik edib özünü öyərək bir paltar geyinərsə, cəhənnəm atəşinin şöləsi onu əhatə edər, O, həmin alovün içində həmişəlik olaraq batar.»785

İmam Sadiq(ə) buyurmuşdur:

«İnsanın nadanlıq və alçaqlığına elə bu dəlalət edər ki, barmaqla göstərilməsinə səbəb olan minyə minsin, yaxud libas geyinsin.»786
Əfv və güzəşt

Əfv və güzəşt (başqalarını təqsirindən keçmək, buraxdıqları səhvlərə göz yummaq) əxlaqi dəyərlərdən və davranış qaydalarındandır, çünki cəmiyyətdə az adam tapılar ki, haqqı tapdalanmasın, şəxsiyyəti incidilməsin.

Həyatın davamı əfv və güzəştə bağlıdır, çünki hamı öz hüququnu tələb etməkdə ciddi olub kiçik bir səhvə belə göz yummazsa, həyat çox acı olar, səfa və səmimiyyət cəmiyyətdən tamamilə silinib, insanlar arasında həmkarlıq, əməkdaşlıq və mehribanlıq telləri qırılar.
«Quran»da əfv.

«Qurani Məcid»in bir çox ayələrində belə buyrulur ki, bəndə özü üçün bu bəyənilmiş qaydanı (bağışlamaq) seçsin, əgər din qardaşında bir səhv görərsə, onun təqsirindən keçsin. «Quran»da bir yerdə belə buyurulur:



«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!»(«Əraf»-199).

Əfv etmək təqvalıların xüsusiyyətlərindəndir.

Başqa bir ayədə Allah-təala bağışlamağı və güzəşti təqvalıların xüsusiyyətlərindən hesab edir və buyurur:



«O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.»(«Ali-İmran»-134).

«...Əfv edib, başqalarının səhvlərinə göz yummalısınız! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!»(«Nur»-22).

«...Amma onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (Allah da sizi bağışlayar). Çünki Allah bağışlayandır, rəhm edəndir!»(«Təğabun»-14).
Üslubi incəlik.

Burada bir incəliyi qeyd etməyimiz yerinə düşərdi. Yuxarıda və buna oxşar ayələrdə əvf və güzəşt sözlərinin birgə işlənməsinin təkid niyyətilə olmasına baxmayaraq, Racib İsfahani bu haqda buyurur: «Əfv və səfh (güzəştli bağışlama, ayənin ərəbi mətnində bu söz işlənmişdir. Odur ki, qrammatik və məna baxımdan bu iki söz «əfv» və «güzəşt» arasında fərq vardır) eyni mənanı ifadə edib hər ikisinin başqalarının təqsirindən keçmək və göz yummaq mənasında işlənməsinə baxmayaraq «səfh» (güzəştli bağışlama) bu mənaya daha yaxındır. Çünki «səfh» sözündə güzəştin mənasından əlavə üzə çəkməmək, rəqibin günah və təqsirinə göz yummaq mənası da var. Bir kəsi cəzaya məhkum edəndən sonra onun əfv edilməsi mümkündür. Amma «səfh»-də insanın günahına göz yumub üzünə çəkmir, günahkar üzr istəyərkən onunla elə davranırsan ki, elə bil heç günah etməyib. «Əfv» örtmək mənasında, «səfh» isə göz yummaq mənasındadır. Əfvdə günahı nəzərə alıb üstünü örtür və təqsiri bağışlayırlar, amma səfhdə günahı tamamilə görməməzliyə vururlar.

«Qurani Məcid»də əfv barədə buyurulur:

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalimləri sevməz!» («Şura»-40).

Burada günahın baş verməsi və cəzaya layiq görülməsi nəzərə alınaraq buyurulur:

«Bağışlayıb barışan kəsin əcri Allah yanındadır. Allah zalimləri sevməz.»

Ancaq səfh barədə buyurulur:



«Onlara güzəştə get və «Salam»-de...» («Zuxruf»-89).

Yəni onlarla yaxşı davran, mülayim rəftar et.



«..Sən onlara güzəştə get.(və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!)» («Hicr»-85).

Yəni müşrikləri nadanlıqlarına görə danlama. Onların sənə qarşı etdikləri pislikləri üzlərinə vurma.

Rağib yazır:

« «Səfh» günahkarı danlamayıb günahını üzünə vurmamaqdır.»

Həzrət Yusif(ə) qardaşlarına dedi:

«Bu gün sizə (eşitdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!...» («Yusif»-92).

Yusif(ə) onları bağışlamaq üçün özünü heç də haqlı hesab etmir, əksinə onlara Allah-təala tərəfindən bağışlanmalarını mücdə verir.

Səkkizinci İmam(ə) «Hicr» surəsinin 85-ci ayəsinin təfsirində buyurur:

«Səfhin mənası danlamadan, üzə vurmadan bağışlamaqdır.»787

Bir sözlə, «səfh» «əfv»-dən daha çox bəyənilmişdir. Məntiq alimlərinə görə, «əfv» və «səfh» kiçik bir məna fərqi vardır, belə ki hər «səfh» «əfv»-dir, amma hər «əfv» «səfh» deyildir.

Rəvayətlərdə əfv.

Bəzi rəvayətlərdə «Əraf» surəsinin 199-cu ayəsinin («Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!») nazil olması haqda belə yazırlar:

«Peyğəmbər(s) bu ayənin mənasını Cəbraildən soruşdu (ki, camaatla necə rəftar etsin), Cəbrayıl dedi:

-Bilmirəm, gərək Alimdən (yəni Allah-təaladan) soruşum.

İkinci dəfə nazil olub Peyğəmbərə(s) dedi:

-Ey Mühəmməd! Allah-təala buyurur ki, sənə zülm edənləri bağışla, səndən əsirgəyənlərə sən əta et, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat.788


Ən gözəl əxlaq əlaməti

Həzrəti-Mühəmməd (s) bir hədisdə əfv və güzəşti dünya və axirətin ən gözəl əxlaq nümunəsi hesab edərək buyurur:

«Sizə dünya və axirətin ən gözəl əxlaqının nə olduğunu deyimmi? Səninlə əlaqəni kəsən şəxslə əlaqə yaratmaq, səni (Allah nemətlərindən) məhrum edən şəxsi bağışlamaq, sənə pislik etmiş şəxsin təqsirindən keçmək (güzəştə getmək dünya və axirətin ən gözəl əxlaqıdır.)»789

Bağışlamaq insanın hörmətini artırır

Başqa bir hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur:

«Bağışlamaq və güzəştə getməyi özünüzə adət edin, çünki bağışlayıb, güzəştə getmək insanın hörmət və əzəmətini artırar. Deməli, bir-birinizə qarşı güzəştə gedin ki, Allah yanında əziz olasınız.»790

«Yamanlığa qarşı yaxşılıq edənin Allah-təala izzət və əzəmətini artırar.»791

«Biz Əhli-beytin(s) mürvəti budur, bizə pislik edənlərə güzəştə gedib bağışlamaq, bizdən əsirgəyənlərə əta etmək.»792

«Allah mənə doqquz şeyi tövsiyə etmişdir... Onlardan biri də budur ki, mənə pislik edənləri bağışlayım....»793

Bağışlamaq haqda bunu demək elə kifayət edər ki, Allahın ən gözəl sifətlərindəndir. İmam Səccad(ə) Allaha həmd-səna edərkən onu bu əlamətlə yada salıb deyir:

«...Bu sənsən ki, öz müqəddəs və ali adını bağışlayan qoymusan. Belə isə məni bağışla...»794

Bir sözlə, insan başqalarının səhvlərinə göz yumub güzəştə getməli, əgər biri ondan üzr istəyərsə, üzrünü qəbul edib onu danlamamalıdır.

Qeyd:

Bəhsin bu hissəsində aşağıdakı üç məsələni qeyd etmək zəruridir:

1)Şübhəsiz, bağışlamaq və güzəşt əxlaqi dəyərlərdəndir. Əziz Peyğəmbəri(s)-imiz də Əmirəl-mömininə(ə) etdiyi tövsiyələrdə buyurur:

«Üç xislət dünya və axirətin ən gözəl nümunələrindən sayılır: birinci, sənə pislik edəni bağışlayıb ona güzəştə gedəsən...»795

Amma bunu da unutmaq olmaz ki, bağıqlamaq şəxsi məsələlərdə bəyənilmişdir. Ümumi məsələ və İlahi hüquqlarda bağışlayıb güzəştə getmək nəinki bəyənilməmiş, hətta məzəmmət və tənqid olunmuşdur. Belə güzəştə getmək və ya göz yummaq olmaz, çünki Peyğəmbər(s) Allah qanunlarını pozanı cəzalandırır və müəyyən cəza tədbiri icra edərdi. Heç bir şəfaətçinin də şəfaətini qəbul etməzdi. Nümunə olaraq aşağıda bir neçə misal gətiririk.


  • Ümmi Sələmənin kənizi.

İmam Baqir(ə) buyurur:

Peyğəmbər(s)-in zövcəsi ümmi Sələmənin bir kənizi vardı. O, oğurluq etmişdi. Malı oğurlanmış şəxslər həmin kənizi cəzalandırmaq üçün Həzrəti-Mühəmməd(s)-in yanına şikayətə gəldilər. Ümmi Sələmə öz kənizinə şəfaətçi olub Peyğəmbərdən(s) onun günahını bağışlanmasını xahiş etdi. O Həzrət buyurdu: «Bu, Allah qanunudur. Ona icra etməmək olmaz.» Sonra kənizin əlini kəsdi.796




  • Fatimeyi Məxzumi Fatimeyi Mühəmmədi ilə eynidir

Qüreyşin böyük bir nəslindən olan Fatimə adında bir qadın oğurluq etmişdi. Peyğəmbər(s) o qadın haqda ilahi qanunu yerinə yetirərkən Bəni-Məxzum qəbiləsi bu əhvalatdan bərk narahat olub, hər vasitəilə olur-olsun, cəzanın qarşısını almağa çalışdı. Buna görə də Peyğəmbərin(s) hörmətini qazanmış Üsamə ibn Zeydənin bu barədə o Həzrətlə danışmasını xahiş etdilər. Üsamə bu haqda Peyğəmbərlə(s) söhbət edərkən Həzrəti-Mühəmməd(s) çox narahat olub buyurdu: «İlahi qanunların yerinə yetirilməsi haqdamı şəfaət edirsən?»

Sonra yerindən qalxıb xütbə oxudu:

«Camaat, sizdən qabaqkı millətlərin məhv olmasının səbəbini izah edim. Əgər onlardan vəzifəli bir şəxs oğurluq etsəydi, onu cəzalandırmazdırlar, amma qara camaatdan, rəiyyətdən və zəif adamlardan biri oğurluq etsəydi (və ya hər hansı bir qanunu pozsaydı), Allah hökmünü onun üzərində icra edərdilər. Allaha and olsun. Əgər (qeyri-mümkün bir fərzə görə) qızım Fatimə belə bir iş görsə idi, ona da Allah tərəfindən təyin olunmuş bu cəzanı verərdim. Tanrı qanunları qarşısında Fatimeyi-Məxzumi Fatimeyi-Mühəmmədi ilə eyni dərəcədədir.»797

Peyğəmbərin(s) tərbiyəsilə böyümüş həzrəti Əli(ə) də belə idi. Ən yaxın adamlarının Allah qanunlarını pozmaq cəhdlərinə baxmayaraq heç vaxt buna yol verməzdi. Buna görə də beytül-maldan sui-istifadə edən sərkərdələrindən birinə göndərdiyi məktubda belə yazır:

«...Allahdan qorx! Bunların (yetimlərin, mücahidlərin, möminlərin və yoxsulların) malını özünə qaytar. Əgər belə etməsən, Yaradanın qarşısında sənin haqqında boynuma düşən vəzifəni yerinə yetirəcəyəm. Cəhənnəmə vasil olanlardan başqa heç kimi vurmadığım bu qılıncımla sənin boynunu vuracağam. Allaha and olsun! Əgər Həsən(ə) və Hüseyn(ə) bu işi görsəydilər, mən tərəfdən heç bir rəhm olunmayacaqdı. Haqqı onlardan alana və etdikləri zülmü aradan qaldırana qədər öz istəklərinə yetişməzdilər.»798

2) Bəndə intiqam almaq qüdrətinə malik olduğu halda bağışlayırsa, həqiqətə qovuşur. İnsanın sükut etməsi bağışlamaq yox, qəzəbini boğmaq əlaməti sayılacaqdır. Belə olan halda (çarəsizlik üzündən sükut etdiyinə görə) qəzəbini boğmaq düşmənçilik və kin-küdurətə çevrilir. Bunların hər ikisi də bədgümanlıq, həsəd, qeybət, töhmət, söz gəzdirmək və s. kimi böyük günahların mənşəyidir. Bu zaman Allaha pənah aparmaq lazımdır. Böyük Yaradana yalvarıb-yaxarmaqla diqqətli olub qəzəbin yatırılmasının fəsadlı nəticələrinin qarşısı alınmalıdır. Elə buna görə də islam dini qəlblərdə kin-küdurətin yaranması, səmimiyyətin, ümidin aradan getməməsi üçün məzlumların harayına çatmağı, zülmkarlar qarşısında onların hüququnu qorumağı və müdafiə etməyi bizlərə əmr edir. Bu barədə (yəni intiqam almaq qüdrətinə malik olarkən bağışlamağın və güzəştə getməyin əhəmiyyəti haqda) saysız-hesabsız hədis və rəvayətlər vardır. Onlardan bir neçəsini burada qeyd edirik:

Peyğəmbər(s) həzrəti-Musa haqqında belə bir hədis söyləyir:

Həzrəti-Musa ərz etdi:

-İlahi! Bəndələrindən hansı sənin yanında daha əzizdir?

Buyurdu:

-Qüdrətli olarkən bağışlayan.799

Həzrəti-Əli(ə) buyurur:

«Düşməninə qalib gəldikdə qələbənin şükrünü bağışlamaqla yerinə yetir.»800

«İntiqam almaq və cəzalandırmaq qüdrətinə malik olarkən bağışlayan kəs insanların ən ləyaqətlisidir.»801

İmam Sadiq(ə) buyurur:

«Qüdrətli olarkən bağışlamaq peyğəmbərlərin və təqva əhlinin qaydasıdır.»802


Məkkənin fəthi və ümumi bağışlanma.

Əfv etmək və güzəştə getmək Peyğəmbərlərin davranışı olduğundan Həzrəti-Mühəmməd(s) Məkkədəki ümumi əfvini nümunə olaraq burada qeyd edirik. Əbu Süfyan və Abdülla ibn Üməyyə (Peyğəmbərə(s) qarşı zidd olub ona əziyyət etdiklərinə görə) peşman olduqlarını bildirdikdə Əmirəl-möminin(ə) onlara buyurdu:

«Gedin Peyğəmbərin(s) yanına. Yusif peyğəmbərin qardaşlarının Yusifdən üzr istədikləri kimi, siz də Peyğəmbərdən(s) üzr istəyin. O, sizi bağışlayacaq.»

Onlar da Rəsulullah (s)-ın yanına gəlib dedilər:



«Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə sössüz ki, günah etmişik!...» («Yusif»-91).

Sonra bağışlanmalarını Peyğəmbərdən(s) xahin etdilər. Həzrət bu ayəni oxuyub onları bağışladı:



«...Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!» («Yusif»-92).

O Həzrət öz qoşunu ilə Məkkəyə daxil olarkən (qoşunun sərkərdəsi olan) Səd ibn Übadə adlı birisi belə deyirdi:

«Bu gün döyüş günüdür. Bu gün qadınlar əsir olacaqlar.»

Peyğəmbər(s) bu şüardan xəbərdar olduqda çox narahat oldu. Əmirəl-möminin(ə)-ə bayrağı onun əlindən almasını əmr etdi, onu sərkərdəlikdən çıxartdı.803

Sonra Allahın Rəsulu buyurdu:

«Bu gün döyüş günü deyil, bağışlamaq və əfv etmək günüdür.»804




  • Üçüncü mətləb:

Bir çox hallarda insan özü səhvə yol verdikdə başqalarının onu bağışlamasına ümid edir, halbuki o özü güzəştə getmir, bağışlamır. Buna görə də öz səhvinin bağışlanmasını istəyən kəs başqalarının də səhvini görməməzliyə vurub təqsirindən keçməlidir ki, onun da günahı və təqsirindən keçsinlər. Əgər biri digərlərinin yamanlığına qarşı yamanlıqla cavab verib bu yolla intiqamını alarsa, bu cür davranış və rəftar arada düşmənçilik, kin-küdurətin artmasına səbəb olar, amma pisliyə yaxşılıqla cavab verərsə, bu yolla rəqibini diz çökdürüb onun düşmənçiliyini dostluq və məhəbbətə çevirə bilər. «Quran»da buyurulur:

«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!» («Fussilət»-34).

Həzrəti-Əli(ə) buyurur:

«Qardaşını (səhv edərkən) yaxşılıqla, gözəl davranışla danla. Onun şərini ona bəxşiş verməklə özündən uzaqlaşdır.»805


  • Sual:

Belə bir sual meydana çıxır ki, başqalarını səhvinə necə göz yumub əziyyətlərinə dözmək olar? Axı insan fitrətən qisasçı və qüdrətli olmağa meyl edir?

*Cavab:

Şübhəsiz, bir nəfərə əziyyət veriləndə intiqam hissi onu intiqam almağa sövq edir, amma keçən bəhslərimizdə dediyimiz kimi, insan heyvani hisslərə, ehtiras və şəhvətinə qul olmamalı, əksinə, ehtiras və şəhvət ilə mübarizə aparıb, şeytani şübhələrə etina etməməlidir, çünki insan belə heyvani hisslərə qapılmaqdan daha yüksəkdədir.

Bu çox çətin bir iş olduğundan «Qurani Məcid»də belə davranışlar «ulul-əlbab» «əql sahibləri» sırasında hesab edilərək onlar Ədn cənnəti ilə mücdələnir:



«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar - onları axirət yurdunun gözəl aqibəti».

Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan daxil olub (onlara):

«(Dünyada Allah 1olunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunun (sizə nəsib olan) aqibəti (Cənnət) nə gözəldir!»-deyəcəklər.» («Rəd»-22,23,24).

Belə rəftarın əzəmətli bir iş olduğundan «Qurani-Kərim»də buyurulur:



«Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!» («Fussilət»-35).

İnsan güzəştə gedib əfv etmək, başqalarının pisliyinə yaxşılıqla cavab vermək istəyərkən şeytan vəsvəsə edib onu güzəştə getmək və bağışlamaq fikrindən döndərərsə, Allaha pənah aparıb ondan kömək diləsin, yaxşılıqla qardaşının səhvinə göz yumub təqsirindən keçsin. «Qurani-Kərim»də bu haqda buyurulur:



«Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!» («Fussilət»-36).

Bir sözlə, güzəştə getmək və bağışlamaq imanın və əxlaqi gözəlliklərin nişanələrindən biridir. Başqalarının səhvlərinə göz yuman şəxsin Allah da səhvlərinə göz yumur. Onu öz mərhəmət və məğrifəti ilə əhatə edir:



«...Amma, onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahların çox) bağışlayandır, rəhm edəndir!» («Təğabun»-14).
Birlik və vəhdət.

Ədəb-ərkan qaydaları və insanlarla xoş davranış üsullarından biri də birlik və vəhdətdir, çünki cəmiyyətdə birlik və vəhdətin vacibliyi danılmaz həqiqətlərdəndir. Əgər insanlar gözəl yaşamaq, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər əldə etmək istəyirlərsə, vəhdətdə yaşayıb birlikdə fikirləşib qəti qərara gələrək iş görməlidirlər. Yəni kiçik qüvvələr birlik və elm sayəsində həyatın çətinliklərini aradan qaldırmaqda böyük uğurlara nail olmaq üçün bir nöqtə ətrafında mərkəzləşib birləşməlidirlər.

Tənhalıqdan çəkinib birlikdə yaşamaq insanın fitrətindədir. Cəmiyyətdə birlik və qarşılıqlı yardım olmazsa, heç bir şəxs müvəffəqiyyətə nail ola bilməz.
«Quran» və birliyə dəvət.

Arzu və istəklərin həyata keçməsində birlik, vəhdət böyük və əsaslı rol oynayır. Bununla bağlı «Qurani-Kərim»də müsəlmanlar birliyə çağırılıb, təfriqənin yaratdığı acı nəticələrdən xəbərdar edilmişdir:



«Hamınız bir yerdə Allahın işindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə birləşdirdi) və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə, haqq yola yönəlmiş olasınız!» («Ali-İmran» -103).

Allah-təala təfriqə və ixtilafı şərəf, ləyaqətin əldən getməsinə səbəb olan bir amil kimi hesab edir:



«Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!» («Ənfal» - 46).
İxtilaf Allah əzabıdır.

«Qurani Məcid»də daxili çəkişmə ixtilaf və daxili çəkişmə səmavi bəlalardan hesab edilərək buyurulur:



«De: Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinin zorunu daddırmağa qadirdir!» Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!» («Ənam» - 65).

Buradan belə məlum olur ki, insanlar arasında təfriqə və çəkişmələr bəla, zəlzələ, ildırım kimi çox təhlükəlidir. Buna görə də böyük, qüdrətli dövlətlərin öz arzu və istəklərinə çatmaq, dünyaya ağalıq etmək və insanların canına, malına, namusuna təcavüz etmək üçün istifadə etdikləri yollardan biri də millətlər, xalqlar arasına ixtilaf və təfriqə salmaqdır. Bu barədə «Quran»da Firon haqda buyurulur:



«Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!» («Qəsəs» - 4).

Bu ayədən asanlıqla başa düşülür ki, Fironun öz zülmkar hakimiyyətinin möhkəmləndirilməsi üçün törətdiyi cinayətlərdən biri də Misir xalqı arasında təfriqə yaratmaq idi. Bu eyni ilə «parçala və hökm sür!» siyasətidir.


Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin