Усулиддиндян дярсляр



Yüklə 8,08 Mb.
səhifə27/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Peyğəmbər(s)-in duası.

İmam Sadiq(ə) buyurur ki, Peyğəmbər(s) dua edərkən deyərdi:

«İlahi! Mühəmmədə, ailəsinə və dostlarına nəfs paklığı, şəxsiyyət və kifayət qədər ruzi əta et. Onların düşmənlərinə çoxlu övlad və var-dövlət ver.»844

Başqa bir hədisdə imam Səccaddan(ə) belə nəql olunur:

«Peyğəmbər(s) bir gün dəvə sürüsünün yanından ötürdü. Səhabələrdən birini süd almaq üçün dəvəçinin yanına göndərdi. Dəvəçi dedi:

-Dəvələrin döşündə olan süd qəbilənin səhər, qablarda olan süd isə şam yeməyi üçündür. Süd bizim özümüzə lazımdır.

Həzrəti-Mühəmməd(s) buyurdu:

-İlahi! Onun mal-dövlətini və övladlarını artır.

Sonra qoyun sürüsünə rast gəldi. Süd almaq üçün çobanın yanına səhabələrdən birini göndərdi. Çoban qoyunları sağdı. Sağdıqlarının hamısını və bir qoyun da əlavə Peyğəmbər(s) üçün göndərib dedi:

-Nə qədər südümüz vardısa, göndərdik. Əgər yenə də istəsəniz, sizin üçün hazırlayarıq.

Peyğəmbər(s) ərz etdi:

-İlahi! Ona kifayət qədər ruzi ver!

Səhabələrdən biri soruşdu:

-Ey Allahın Rəsulu! Dəvəçini bizim hamımızın xoşuna gələn tərzdə dua etdiniz. Bəs çobana niyə belə dua etdiniz?

Peyğəmbər(s) buyurdu:

-Az miqdarda və kifayət qədər olan şey bolluqdan və Allahı insana unutduran şeydən daha yaxşıdır. İlahi! Mühəmməd və onun ailəsinə kifayət qədər ruzi ver.»845

Başqa bir hədisdə buyurur:

«...Şübhəsiz, insanın ehtiyacını aradan qaldıran az miqdarda ruzi Allahı insana unutduran var-dövlətdən daha yaxşıdır.»846

«Ən yaxşı ruzi kifayət edən qədərdir. (İnsan onunla öz vacib tələblərini ödəyib başqalarına əl açmasın.)»847

«Xoş o adamın halına ki, müsəlmandır və yaşamaq üçün kifayət qədər imkanı var.»848


Əmirəl-möminin(ə)-dən bir hədis.

Həzrəti-Əli(ə) Peyğəmbər(s)-in səhabələrindən birinin (Xəbbab ibn Ərətti) fəzilətli sifətlərini sadalayarkən qənaətcilliyi onun xüsusiyyətlərindən biri kimi qeyd edib deyir:

«Xəbbab ibn Ərəttini Allah rəhmət eləsin. O islamı könüllü olaraq qəbul edib, ibadət etməkdən ötrü hicrət etdi. Sadə həyat tərzinə qane olardı. Allahdan həmişə razı idi. Ömür boyu cihad etdi...»

Sonra yenə buyurdu:

«Xoş o adamın halına ki, məad və axirəti həmişə xatırlayır. Qiyamət günü üçün iş görür. Həyatda kifayət edəcək miqdara qane olur. Allahdan razı qalır.»849
Qənaətin mənfi və müsbət cəhətləri, onların təsiri

Qənaət müxtəlif təsirlərə malikdir. Daha aydın bir ifadə ilə desək, insana qənaətcillik hakim olarsa, o şəxsdə yalnız xeyirxah əməllər müşahidə olunar. Qənaətin yerinə onun tam ziddi olan hərislik və tamah hissi hakim kəsilərsə, insandan mənfi xüsusiyyətlər əmələ gələr.


Qənaətin müsbət təsirləri.

İzzət və başıucalıq:

Şübhəsiz, izzət və başıucalıq «Quran» və İslam baxımından möminlərə məxsusdur:

«Quran»da buyurulur:



«...Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər.» («Münafiqun»-8).

Şərəf və başıucalıq mömin üçün o qədər əhəmiyyətli və dəyərlidir ki, özünü başqalarının qarşısında alçaltmasına imkan vermir.

İmam Sadiq(ə) buyurur:

«Allah-təala möminin bütün işlərini özünə həvalə etmişdir. Allah ona icazə verməmişdir ki, özünü (başqalarının qarşısında) alçaltsın, əysin. Bu haqda Allahın buyruğunu bilmirsənmi: «Şərəf-şan Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur.» Buna görə də mömin gərək şərəfli olsun. Alçaqlıqla yaşamasın.»850

Peyğəmbər(s) buyurur:

«Özünü əksiltmək və alçaltmaq möminə yaraşmaz.»851

Şübhəsiz, insanın şərəfli olmasına və böyüklüyünə səbəb olan, ona əskiklik və alçaqlıqdan nicat verən amillərdən biri də qənaətdir.

Əmirəl-möminin(ə) buyurur:



  • «Qənaətcil şəxsdən şərəflisi yoxdur.»852

  • «Qənaət şərəfli olmaq üçün vasitədir.»853

  • «Qənaət şərəfli olmağa və başqalarına möhtac olmamağa səbəbdir.»854

  • «Qənaət ən güclü şərəfdir.»855

Deməli, kim öz şərəfini qorumaq istəyirsə, qənaət edib el arasında hörmətini saxlasın.

Alicənab odur ki, daim qənaət etsin, məclisdə öz hörmətini gözləsin.856



  • Tükənməz sərvət:

Peyğəmbər (s)-imiz buyurur:

«Qənaət tükənməz xəzinədir.»857

« Qənaət tükənməz sərvətdir.»858

Həzrəti-Əli(ə) bu barədə buyurur:

« Qənaət ən gözəl dövlətdir.»859


  • Qənaət və zənginlik:

Rəvayətlərin bəzilərində oxuyuruq ki, əgər bir kəs ona əta olunmuş ruziyə qənaət edərsə, insanlar arasında ən dövlətlisi olar. (Həqiqətən, əhəmiyyətli olan var-dövlət yox, insanın qənaətcillik və gözütoxluğudur. (Gəda dövlətlilər nə çoxdur....?!)

Peyğəmbər(s)-dən belə nəql olunur:

«Varlı olmaq mal-dövlətin bol olması ilə deyil, gözütoxluqladır.»860

İmam Sadiq(ə) buyurur:

«Kim ona verilmiş ruziyə qənaət etsə, insanlar arasında ən dövlətlilərdən olar.»861

«Varlılığın ən üstünü qənaətdir.»862


Qənaətcil olmamağın zərərləri.

  • Alçaqlıq və şərəfsizlik:

Kim ona verilmiş ruzi ilə qane olmasa, istər-istəməz başqasının malına göz dikəcək, nəticədə isə onlara əl açacaqdır. Bu da öz növbəsində həmin kəsin şərəfsizliyinə, hörmətinin aradan getməsinə səbəb olar.

İmam Sadiq(ə) buyurur:

«Möminin şərəfini alçaldan dilənçilik onun üçün çirkinlikdir.»863

Məclisi yazır:

«İnsanın şərəfinin alçalmasına səbəb olan və məzəmmət edilən diləyiş sözünün işlədilməsində məqsəd başqalarına əl açıb, onlardan bir şey istəməkdir. Amma Allahdan diləmək, əl açıb ona tərəf getmək ən böyük şərəf və başıucalıqdır.»864


  • Nigarançılıq.

Tamah və acgözlüyün zərərlərindən biri də nigaran olub təşviş içində yaşamaqdır.

İmam Sadiq(ə) «Taha» surəsinin 131-ci ayəsi ((kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha ucadır (əzəlidir,əbədidir)!) haqda belə söyləyir:

Peyğəmbər(s) bu ayə nazil olanda düz əyləşib buyurdu:

«Kim Allaha qəlbən bağlanmasa, dünyanın həsrəti onun axırına çıxar. Başqasının var-dövlətinə göz dikən ömür-boyu qəm yeyər. Allahın verdiyi nemətləri yalnız yeyib-içməkdə görənin isə ömrü qısa, əzabı isə yaxın olar.»865

«Qurani-Kərim»də başqa bir yerdə elə bu məzmunda buyurulur:

«(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə (yəni, onlara verdiyimiz sərvətə görə qəmgin olma), möminləri qanadın altına al.» («Hicr»-88).

Bunun üçün də insan həyatda normal yaşayışı, mötədilliyi əldən verməməli, qənaəti özünə peşə seçməlidir. Əks halda isə xoşbəxtlik və səadəti görməyəcəkdir.

İmam Səccad(ə) buyurur:

«Səadət və xoşbəxtliyi başqalarının malına göz dikməməkdə gördüm. (Çünki tamah insanı istər-istəməz alçaldır, şərəfsiz edir.)»866

Bir sözlə, ona-buna əl açmaq insanın şərəfini, əzəmətini azaldır, yəni onu borclu, başqalarını isə tələbkar edir. Amma başqalarında olana (var-dövlətə) etinasızlıq şərəf və başıucalığa səbəb olar.

İmam Sadiq(ə) buyurur:

«Möminin başıucalığı gecə oyaq qalıb (ibadət etməkdə), şərəfi isə başqalarına əl açmamasındadır.»867
Həyatın ən yaxşı yolu.

Bütün bunlardan aydın oldu ki, başqalarının var-dövlətinə göz dikmək şərəfsizliyə, gözütoxluq isə başıucalığa, şərəfli olmağa gətirib çıxarır.

Bunun üçün də ən yaxşı yol Allahın əta etdiyi ruziyə qane olub, onun bizə verdiyi nemətlə razılaşmaqdır. İmam Səccad(ə)-ın istədiyi kimi, biz də əl açıb Allahdan istəyək:

“İlahi! Sənin razılığınla qazandığın qismətimə qənaət etməkdə mənə kömək ol!”868

“İlahi! Tamahın həyəcanından, qəzəbin şiddətindən, həsədin hücumundan, səbirsizlik və qənaətsizlikdən sənə pənah aparıram.”869
Xoş həyat

Həzrəti Əli(ə)-dən soruşdular: “Mömin olub yaxşı işlər görən kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlandırılacaq.” ayəsindəki “xoş həyat” kəlməsinin işlədilməsindən məqsəd nədir?” Buyurdu: “Xoş həyat” qənaətdir.”870

Bütün bunlar qənaətin əhəmiyyəti və dəyəri haqda Məsumlardan(ə) nəql olunmuş hədislərdir. İndi isə bir neçə zəruri məsələyə toxunaq.


  1. Ruzinin təmin edilməsi və zəmanət vermək:

Qənaət bəhsində arada qismətdən söz düşdüyünə görə bu haqda müxtəsər şərh verməyimiz münasib olardı. Ruzi ilə təmin etmək və zəmanət vermək məsələsi «Qurani Məcid»də yaradılışın əsaslarından biri kimi vurğulanmışdır. Yəni «Qurani-Kərim»dən belə anlaşılır ki, bütün bəndələrə müəyyən miqdarda ruzi təyin edilmiş, Allah divanında heç kim nəzərdən qaçmamışdır. Aşağıdakı ayələrə diqqət yetirin:

  • Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin...”(«Hud»-6).

  • Ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir...” («Ənkəbut»-60).

  • Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” («Zariyat»-58).

  • ...Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk...”(«Ənam»-151).

  • Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk...”(«İsra»-31).

Bu ayələrdən açıq-aşkar anlaşılır ki, ruzi verən yalnız və yalnız təkcə Allahdır. Bütün canlıları ruzi ilə təmin edən və edəcəyinə zəmanət verən yalnız odur. Bu və digər ayələrə diqqət yetirməklə ruzi ilə təmin edilmə mövzusunun bir həqiqət olması tam aydın olur.

  1. Çalışıb səy göstərmək:

Allah-təalanın ruzi haqda zəmanət verməsinə baxmayaraq, bunu da unutmaq olmaz ki, ruzinin zəmanət verilməsi heç də hər kəsin ruzisinin evinə gətirilməsi və ya göydən onun üçün süfrə nazil olması demək deyildir, əksinə ruzi ilə təmin edilməsi sözündən məqsəd «təbiətdə canlılar üçün maddi nemətlər bazası planlaşdırılmışdır» deməkdir.

Belə ki «Qurani-Kərim»də bu haqda buyurulur:

...Allah canlıların ruzisini dünyada müəyyən miqdarda təyin etdi...” («Fussilət»-10).

Lakin ruzi əldə etmək üçün çalışmaq və Allahın tükənməz nemətlər bazasından istifadə etmək lazımdır.

İnsana ancaq öz əməli (öz zəhməti) qalar!” («Nəcm»-39).

Buna əsasən hər bir kəs öz istedad, bacarıq və zəhməti qədərincə onun üçün təyin olunmuş ruziyə nail ola bilər. Kim öz evində oturub ruzi gözləyərsə və elə bu halda da acından ölərsə, özünü intihar etmiş olur və günahı da öz boynunadır. Bunun üçün də islam təlimlərində ruzi dalınca getməyən və zəhmət çəkməyənlər möhkəm tənqid olunurlar.

Bu haqda bir neçə hədisi burada gözdən keçirək:

İmam Baqir(ə) buyurur:

“Allaha üz tutub: “İlahi, mənə ruzi ver...,”-deyən, lakin heç bir zəhmət çəkməyib, ruzi dalınca getməyən şəxsə mən düşmən münasibət bəsləyirəm.”871

“Mən qazanc dalınca getməyən, işləməyən, böyrü üstə evdə yatan, Allaha: «İlahi mənə ruzi ver!”-deyən və Allahın fəzilətindən faydalanmaq üçün heç bir addım atmayan şəxslə dost deyiləm. Qarışqa öz ruzisini əldə etmək üçün yuvasından çölə çıxır. (Yəni insan öz ruzisini əldə etməkdə gərək qarışqadan aciz olmasın.)»872

İmam Sadiq(ə) bir hədisdə buyurur:

“...«Talaq» surəsinin 2-ci ayəsi (“...Kim Allahdan qorxarsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.”) nazil olarkən Peyğəmbər(s)-in səhabələrindən bir neçəsi qapını bağlayıb ibadətlə məşğul idilər. Bu adamların işi yalnız ibadət idi. Özləri də belə deyirdilər ki, bizim ruzimiz Allah tərəfindən təyin olunmuşdur. Bu xəbər Peyğəmbər(s)-ə yetişəndə onları çağırmaq üçün adam göndərdi. Səhabələr həzrəti-Mühəmməd (s)-in hüzuruna gələndə O buyurdu: “Sizi bu işə vadar edən nədir?” Dedilər: “Ey Allahın Rəsulu! Allah-təala (bu ayədə deyildiyi kimi) bizim ruzimizi təyin etmişdir. Bunun üçün də qazanc dalınca işləməyə getmirik. İşimiz, peşəmiz yalnız Allaha ibadət etməkdir.” Həzrəti-Mühəmməd (s) buyurdu: “Kim belə edərsə, duası qəbul olunmaz. Gedin öz işinizlə məşğul olun, zəhmət çəkin, işləyin, ailənizi dolandırın.”873

Deməli, bizim dini rəhbərlərimizin ruzi əldə etmək üçün zəhmət çəkib işlədiyi kimi, biz də dolanışığımızı təmin etmək üçün zəhmət çəkməliyik.


  1. Məsuliyyət və insanpərvərlik:

Əlbəttə, ruzinin Allah tərəfdən təyin edilməsinə əqidə bəsləyib: “Hər bir kəsin ruzisi təyin olunmuşdur,” -deyə bəhanə gətirməklə yoxsulların haqqını ödəməkdən gərək boyun qaçırmayaq. Bu bəhanəni kənara qoyub Allah yolunda yaxşılıqlar edərək məzlumları unutmayaq. Allah-təala bu məntiqi (bəhanəni) kafirlərin məntiqi kimi «Quran»da qeyd edir:

Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!”-deyildiyi zaman kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə Özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!”-deyərlər. Siz (bu etiqadınzla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.” («Yasin»-47).

Başqa bir tərəfdən Allah-təala dövlətli və varlıların malına (xüms, zəkat və s. şəri vacib hüquqlar kimi) elə hüquqlar təyin etmişdir ki, varlılar ehtiyacı olanlara kömək etməlidirlər. Bu barədə Uca Yaradan buyurur:

Mallarında da dilənçinin və yoxsulun haqqı var idi.” («Zariyat»-19).

O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır - dilənən və məhrum olan kimsə üçün” («Məaric»-24,25).

Demək, dövlətli adamlar abrına qısılıb dilənməyən yoxsullara kömək etməkdə məsuliyyət daşıyırlar. Neçə-neçə abırlı, həyalı insanlar vardır ki, sillə ilə üz qızartmış, lakin öz ehtiyacını heç kəsə deməmişdir. Onlar xalq arasında da dövlətli hesab olunurlar, yəni yoxsulluqları bilinmir.

«Quran»da onlar vəsf edilərək buyurulur:

....Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər...” («Bəqərə»-273).

Rəvayətlərdə də bu haqda dönə-dönə tövsiyələr edilmişdir. Peyğəmbər(s) buyurur:

“Qonşusu ac halda özü tox yatan mənə iman gətirməmişdir. Bir şəhərdə və ya bir kənddə (yoxsulluq üzündən) bir nəfər belə ac yatarsa, Allah-təala qiyamət günü o şəhərin və ya kəndin əhlinə mərhəmət göstərməz.”874

Həzrəti-Əli(ə) buyurur:

“Hər şeydən pak olan Allah yoxsulların ruzisini varlıların dövlətində təyin etmişdir. Demək, dövlətlilərin hüququndan faydalandığı yoxsullardan başqa, heç bir fəqir ac qalmaz. Allah onları (yoxsula əl uzatmayan dövlətliləri) bu əməllərinə görə cəzalandıracaqdır.”875

Əmirəl-möminin(ə) Osman ibn Hüneyf Ənsariyə yazdığı məktubunda buyurur:

“....Mən istəsəydim, özüm üçün təmiz bal və qabığı soyulmuş yemək hazırlayar və ipək parçadan paltar geyərdim. Amma ehtiras, şəhvət mənə hakim kəsilə bilməz, ləzzətli yeməkləri dadmağa vadar edən tamah və hərislik məndən uzaqdır. Hicaz və Yəmamə torpaqlarında bir çörək belə tapmağa ümidi olmayan, yeməkdən heç vaxt doymamış, yarıac insanlar var. Mən kənarımda ac-yalavac, ciyəri yanmış insanlar olan halda tox yatımmı?

Mənə Əmirəl-möminin(ə) deməklə kifayətlənib, amma çətin günlərdə onlarla birgə olmayım? Mən bəslənmiş kök heyvan kimi ləzzətli yeməklər yemək üçün və ya işi-peşəsi yalnız otlamaq, yemək, qarın doydurmaq olan və onu gözləyən aqibətdən bixəbər olan otlağa buraxılmış heyvan tək xəlq olunmamışam...”876

Bütün bu hədislərə diqqət yetirməklə aydın olur ki, ruzinin Allah tərəfindən təyin olunması məsələsi (öz ehtiyaclarından artıq imkanları olan) dövlətlilərin yoxsullara əl uzatmaması, “əgər Allah istəsəydi, özü onlara kömək edərdi”,-deyə özlərinə haqq qazandırması üçün bəhanə ola bilməz. Çünki bütün bu imkanlar Allahın onlara verdiyi əmanətlərdir. Onlar da əmanəti öz sahibinə çatdırmalıdırlar. Əslində, bu aləm səbəblər aləmidir. İlahi feyzin əta olunma və ruzi verilmə səbəblərindən biri də insanlardır.




  1. Bəla və sınaq.

Dünyada hamının ruzisinin təyin edildiyinə baxmayaraq, insanlar xilqətin bəxş etdiyi nemətlərdən istifadə etməkdə bərabər deyillər. Çünki onlar cismani, istedad, ağıl, zəka, maddi və coğrafi mövqe baxımından eyni deyillər. Bu fərq insanların bir-birinə qarşı ehtiyac duymaları və bir-birinə kömək etmələri üçün Həkim və hər şeyi bilən Allah tərəfindən yazılmış yaradılışın qəti qanunlarındandır. Əgər bu fərqlər olmasaydı, ictimai yaşayış baş tutmayıb, cəmiyyətin tarazlığı itərək fəaliyyət və sevinc passivlik və süstlüyə çevrilərdi. Bundan əlavə, fərqlərin sirlərindən biri də “bəla və sınaqdır. Bu, insanların özünüislah etmələri üçün bir şəraitdir. «Qurani-Kərim»də buyurulur:

...Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür...” («Maidə»-48).

Bu müxtəliflik onun üçündür ki, insanların Allah bəxş edən nemətlərdən necə faydalanması aydın olsun. Demək, əgər bərabərsizliklər olmasaydı, bəla və sınaq tətbiq olunmasaydı, pis və yaxşı bir-birindən seçilməzdi:

Allah murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra....” («Ənfal» - 37).

İnsanlar arasında ruzinin təyin olunmasının müxtəlifliyi haqda ayələr çoxdur. Onlardan bir neçəsini nəzərinizdən keçiririk:


  • Allah öz bəndələrindən istədiyinin ruzisini artırar, istədiyininkini azaldar...” («Ənkəbut»-62).

  • Göylərin və yerin açarları Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər...” («Şura»-12).

  • Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliniyizdə olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?” («Nəhl»-71).

  • Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkə Taif) olan böyük bir adama nazil edilməli deyildimi?

(Ya Mühəmməd!) Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!” («Zuxruf» - 31,32).

Cahil ərəblər belə düşünürdülər ki, var-dövlət, maddi zənginliklə fəzilət və şərəfin meyarıdır. Belə düşündüklərindən deyirdilər: “Nə üçün «Quran» Məkkə və Taifin iki böyük şəxsiyyətindən birinə nazil olmayıb?” Onların belə ixtilaf doğuran sualı verməkdə məqsədləri «Quran»ın nazil olması və vəhyi təkzib etməkdir. Çünki Peyğəmbərin iddiası vəzifələrin meyarı ilə uyğun gəlmirdi.

«Qurani-Kərim»də onlara cavab olaraq buyurulur:

Ruzini bölüşdürən bizik. Bu müxtəlifliklər fəzilət və kəramətlə yox, məsləhətlə ölçülür. Həmin müxtəlifliklər insanların bir-birinə xidmət göstərməsi və dünyada öz işini davam etdirməsi üçündür. Lakin bu zaman xidmətçinin Allah dərgahında göstərdiyi xidmət daha sevimli və əziz olmalıdır. Çünki Tanrı dərgahında ən sevimli bəndə insanlar arasında ən təqvali olanıdır.



Bundan əlavə, əşrəfi olduğumuz bu dünya bizim nəzərimizdə qiymətsiz və puçdur. Əgər bütün insanların kafir olmalarına təhlükə yaranmasaydı, bu kafirlərə o qədər var-dövlət, sərvət verərdik ki, qızıl və gümüşdən saraylar, imarətlər tikərdilər. Amma hamının yolunu azması mümkün olduğundan biz bütün insanları kafirlərin ixtiyarına vermədik. Bu imkanlardan möminlərə də verdik». («Zuxruf»-33).

Lakin hazırkı müxtəliflik və üstünlüklər dünya həyatının tələb etdiyi zəruriyyətlərə görədir. Sözsüz ki, bu müxtəlifliklər ruzi bolluğunun, firavanlığın hədsiz-hüdudsuz olmadığını göstərir. Çünki hər ikisində ortadan həddi-hüdudu götürmək fəsada, küfrə və azğınlığa səbəb olur.

Bu müxtəlifliklər üstünlük və fəzilətə əsaslanmır, əksinə, təbii qanunlardan doğan zərurətlərə görədir, bunun əxlaqi və mənəvi dəyərlərlə heç bir bağlılığı yoxdur.

Bəzən möminin kasıb, yoxsulluq içində olması, kafirinisə dövlətli və varlı olması mümükündür.

Keçən ayələrdən məlum oldu ki, var-dövlətin mövcud olub olmaması nə xoşbəxtliyə, nə də bədbəxtliyə dəlil ola bilməz. Əslində, bunların bir-birilə heç bir əlaqəsi yoxdur. Çünki Süleyman peyğəmbər kimi saleh bir müsəlman bəndə çoxlu var-dövlət və sərvətə sahib ola bilər. Belə ki «Qurani-Kərim»də buyurulur:

...Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən!” («Sad» - 35).

Həzrəti-Süleyman(ə)-ın duası qəbul olundu. Allah-təala cin, insan, heyvan, quş və s-nin ixtiyarını ona verdi:

Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.” («Sad» - 36).

(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə də başqalarını zəncirlənmiş halda (onun ixtiyarına verdik)” («Sad» - 37,38).

(Və ona belə buyurduq) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud vermə! O saysız-hesabsızdır!” («Sad» - 39).

Neçə-neçə mömin və saf niyyətli insanlar vardır ki, yoxsulluq içində məşəqqətli həyat tərzi sürürlər. Elə adamlar da vardır ki, nə Allaha, nə də qiyamət gününə inanır, ancaq maddi imkan baxımından həddən artıq qüdrət və nemətə malik olan Firon kimi yüksək rifah içində yaşayırlar. Fironun rəqibi olan həzrəti-Musa(ə) isə onun məmurlarının qorxusundan Mədyənə qaçır və orada çayın axarı tərəfə dayanıb heç nədən ehtiyacı olmayan Allaha üz tutaraq bir tikə çörək üçün ehtiyac əlini uzadır.

...Ey Rəbbim! Mən Sənin nazil edəcəyin xeyrə möhtacam!” («Qəsəs» - 24).

Cəmiyyətdəki ictimai münasibətlər hər cəhətdən tənzimlənməlidir. Haqqında danışdığımız mətləblərin hüquqi əhəmiyyətini müəyyənləşdirmək çox vacib məsələdir.

Əvvəldə dediyimiz kimi, böyük Yaradan hər bir varlığı vücuda gətirərkən onun ruzisini də vermiş, yaratdığının inkişaf etməsi üçün zəngin mühit hazırlamışdır.

Belə bir sual meydana çıxır:

Əgər bütün insanların ruzisi Allah tərəfindən təmin və təyin olunmuşsa, bəs nəyə görə bəziləri çalışır, lakin heç bir güzəran qazana bilmir?

Bu sualın cavabı keçən bəhslərdən tamamilə aydın olur, amma yenə də bəzi şübhələrin aradan qaldırılması üçün aşağıdakı şərhlərə diqqət yetirmək lazımdır:


  1. Bir çox məhrumiyyətlərin səbəbi birinin digərinin hüququna təcavüz etməsidir. Bu halda zalım və məzlum bir səviyyədə olub, ikisi də günahkar sayılır. Yəni zalım etdiyi zülmə və təcavüzə, məzlum isə zülmə boyun əydiyinə və bunların qarşısını almaqda səhlənkarlıq göstərdiyinə görə günaha batmış olur. Belə ki məzlumun əgər özünü müdafiə etməyə qüdrəti çatmasa, heç olmasa, zülm və fəsad mühitindən qaçıb əmin-amanlıq olan yerlərə pənah aparmaqla özünü xilas etsin, imkan daxilində öz vəzifəsini yerinə yetirsin. Allah bu barədə belə buyurur:

Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə vəziyyətdə idiniz ki, öz vəzifənizə əməl etmirdiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif kəslər idik!” (Mələklər də onlara: “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” - deyəcəklər.....” («Nisa» - 97).

  1. Dünyada zülmün kökünün kəsilməsini fərz etsək belə, yenə də insanların zəhməti eyni olmayacaqdır. Çünki zəhmət zəruri şərtdir, amma kifayət deyildir. Başqa sözlə desək, zəhmətin məqsədə, kama çatmaq üçün zəruri amillərdən olmasına və «Qurani-Kərim»də də qeyd olunmasına877 baxmayaraq, təbii ki, insan qüdrətindən xaric olan başqa amilləri də unutmaq olmaz. Çünki zəhmət səbəb və amillər çərçivəsindən kənara çıxa bilməz.

  2. Şübhəsiz, Allah-təala öz bəndələrinin məsləhətini onların özündən daha yaxşı bilir. Neçə-neçə insanlar vardır ki, yaşayış baxımından yüksək rifahla yaşamağa can atırlar. Amma Tanrının buyurduğu kimi, bunu onlara məsləhət bilmir:

......Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” («Bəqərə» - 216).

Ruzi məsələsi də bu qaydadan kənara çıxmamışdır. Vaxtilə naz-nemət içində yaşamış əksər adamların yoxsulluq zamanında hallarının necə də ağlasığmaz dərəcədə dəyişdiyini mülahizə edirik. Elə adamlar da vardır ki, yoxsulluq zamanı həmişə Allahı yada salıb vacib əməllər və dini, ictimai, əxlaqi vəzifələrini yerinə yetirməkdə azca da olsun, səhlənkarlıq etmir, lakin varlanandan və rifahı yaxşılaşandan sonra Allahı unudurlar. Buna görə də «Qurani-Kərim»də buyurulur:

Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah Öz bəndələrindən xəbərdardır, görəndir!” («Şura» - 27).

.......Xeyr, insan azğınlıq edər, özünün dövlətli olduğunu gördüyü üçün!” («Ələq» - 6,7).



Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin