Zəruri qeyd
Öncə dediyimiz kimi, Allah dərgahında hər şeydən daha qiymətli və dəyərli olan təqvadır. Pul, vəzifə, mənsəb və s. kimi şeylər insanın əzəmət və sevilməsinə dəlalət etmir. Buna görə də heç bir möminə həqarət və alçaq gözlə baxmaq olmaz, ona görə ki Allah övliyalarının kim olduğunu biz bilmirik. Tanrıdan başqa heç kim bəndələrinin batinindən xəbərdar deyildir. İslamın əziz Peyğəmbəri(s) də həmçinin öz hədislərindən birində buyurmuşdur:
"Allah-təala üç şeyi üç şeydə gizlətmişdir: bunlardan üçüncüsü odur ki, öz dostunu məxluqlarının arasında qərar vermişdir. Buna görə də hər hansı bir Allah bəndəsinə həqarətlə baxmaq olmaz, çünki kimin Allah dostu olmasını heç kim bilmir."
Həzrəti-Əli(ə) də bir hədisdə belə buyurur:
"Allah-təala dörd şeyi dörd şeydə gizlətmişdir: ... (dördüncüsü) öz dostunu bəndələrinin arasında gizlətmişdir. Deməli, Allah bəndələrindən heç birinə həqarətlə baxmaq olmaz. Ola bilsin ki, (etina etmədiyin şəxs) Tanrının dostu olsun, amma sən bunu bilməyəsən."371
Məsxərə və istehzanın pis aqibəti
Şübhəsiz, istehza edən şəxs böyük bir günaha batmış olur. Həmin kəs bunun ardınca öz əməlinin pis aqibətini gözləməlidir, çünki heç bir əməl əvəzsiz qalmır:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). («Zilzal»-7,8).
Qəflət, etinasızlıq və məsuliyyətsizlik boşboğazlıq və başqalarını məsxərəyə qoymağın pis nəticələrindəndir. Bu xəstəliyə düçar olanlar təbii olaraq, Allahı yaddan çıxarıb ibadətdən ləzzət almırlar, yəni ibadət edərkən öz fikirlərini bir yerə toplaya bilməyib könülsüz, ikrah hissi ilə onu yerinə yetirərlər.
“Qurani-Kərim”də buyurulanlardan belə başa düşülür ki, qəflət yuxusuna qərq olmağın və Yaradanı unutmağın səbəblərindən biri də möminlərə rişxənd edib onları təhqir etməkdir, çünki mömin bəndələr, dini şəxsiyyətlər və peyğəmbərlər şəriətin fəxridirlər. Onların bu ali məqamına etinasızlıq müvəffəqiyyətsizlik və qəlbin qaralmasına səbəb olub, nəhayət, insanı azğın cəhənnəm əhli ilə yanaşı saxlayar.
Allah-təala öz müqəddəs Kitabında cəhənnəm əhlinin ağır vəziyyətini, onlardan necə hesab çəkiləcəyini təsvir və şərh edib onların dəhşətli cəhənnəm əzabından azad olmaq üçün dözümsüzlüyünə və vahimələnməyinə işarə edərək:
"Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!"372 -deyə cavab verər. Sonra isə buyurur:
"Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki,) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!" («Muminun» - 109, 110, 111).
İndi ki möminlərə istehza etmək və onlara ehtiramsızlıq göstərmək Allahı unutmağa səbəb olan amillərdən biri kimi məlum oldu, bilmək lazımdır ki, əgər bir şəxs elə bu halda tövbə etmədən dünyadan köçərsə, onu dəhşətli əzab və ağır bir həyat gözləyir. Həmin şəxs məhşərə kor halda daxil olub Allahın mərhəmətindən uzaq olacaqdır. Allah-təala «Quran»da buyurur:
"Hər kəs Mənim öyüd-nəsihətimdən («Quran»dan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" O, belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!" (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!" («Taha» - 124,125,126)
Növbə sabah möminlərindir
“Qurani-Kərim”də buyurulur:
“İmanlı şəxsləri dünyada məsxərəyə qoyanlar, təhqiramiz və istehzalı gülüşlərlə onların yanından ötüb keçənlər, göz-qaşla işarə edib rişxənd edənlər və özlərinin bu (çirkin) əməlləri ilə xoşhallanıb qürrələnənlər bilsinlər ki, sabah onlara gülmək üçün növbə möminlərindir.”
Aşağıdakı ayələr bu mətnin məzmununu təşkil edir:
-
“Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.” («Mutəffifin»-29)
-
“(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.” («Mutəffifin»-30)
-
“Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.” («Mutəffifin»-31)
-
Onları (möminləri) gördükdə :"Doğrusu, bunlar (haqq yoldan) azanlardır!"- deyirdilər". («Mutəffifin»-32).
-
“Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdilər.” («Mutəffifin»-33).
-
“Bu gün isə möminlər kafirlərə güləcəklər.” («Mutəffifin»-34).
-
“Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər),” («Mutəffifin»-35).
Sonra rişxəndlə deyilir:
-
“Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!” (Əlbəttə, aldılar!) («Mutəffifin»-36)
Qısası, rişxənd və istehza bir növ eyib tutmaqdır. Başqalarını güldürmək üçün bu günaha batmaq və kimisə təhqir etmək ağılsız, yaramaz bir hərəkətdir. Məsxərə etməklə məşğul olanlar özlərinin bu çirkin əməlindən qürrələnir və bu da onların möminlərə həqarətlə baxmasına səbəb olur. Nəticədə isə, onlar bu əməlləriylə özləri üçün ağır bir əzab hazırlamış olurlar. Bunun nümunəsi yuxarıdakı ayələrdə qeyd olundu.
Hədislər baxımından istehzanın ziyanları
Məsumların(ə) hədislərində də möminlərə rişxənd edib onları məsxərəyə qoyanlar möhkəm tənqid olunmuşdur. Bu barədə bir neçə hədis qeyd edirik.
Dostları ilə paylaş: |