Rza xan gəlib hegemonluq və ağılsızlıq etdi. O, bu amili cəmiyyət səviyyəsində, xüsusən də elmi mühitlərdə zahirən də sıradan çıxarmaq istədi. Niyyəti bu idi. Buna görə də, din bizim universitetlərdə yad bir amilə çevrildi. Bizim universitetimizi belə açdılar. Nə üçün? Məqsəd çox aydın idi. Çünki universitetdə din olmasa, bu mühitdə yetişənlər və gələcəkdə həyatın öncülləri olanlar dinsiz olacaq, cəmiyyəti asanlıqla dinsizliyə tərəf aparacaqlar. Məqsədləri bu idi və insafla desək, uzun bir zaman kəsiyində müvəffəq oldular. Universiteti dinə yadlaşdırdılar, yad mühitə çevirdilər.
Əlbəttə, universiteti dindar insanlardan tam təmizləyə bilmədilər. Bu, aydındır. Hər halda, bu məmləkətin universitetə gəlmiş gəncləri dindar ailələrin uşaqları idilər. Bir qisim dindən çıxır, yaxud dinə soyuq yanaşırdı, amma bir qisim də dindar qalırdı. O zaman da belələri vardı. Yəni bu o demək deyil ki, universitetdə dindar adam yox idi. Dindarlar vardı, amma universitetdə qərib idilər; öz din və hicablarını qorumaq istəyən qızlar müsəlman bir ölkənin universitetlərində qərib idilər. Dindar oğlan da qərib idi, dindar müəllim də. Universitetin ümumi ab-havası onlara heç bir kömək göstərmir, hətta bir çox yerlərdə çətinlik yaradırdı. Dinsiz və laqeyd tələbə və müəllimlər üçün isə münbit şərait vardı.
Dostları ilə paylaş: |