Wiley finance



Yüklə 2 Mb.
səhifə3/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   32

Bununla belə, müasir iqtisadiyyatda bütün bu əsas xidmətlərin göstərilməsi bir qurumun bank adlandırılması üçün kifayət deyil. Müasir bir bank depozitlərin yığımı, kreditlərin verilməsi və ödənişlərin həyata keçirilməsindən əlavə həmçinin bank fəaliyyəti lisenziyasına sahib olur və bank tənzimləyicisi tərəfindən tənzimləyici nəzarətdə saxlanılır.




      1. Bankların İqtisadiyyatda Rolu

Banklar qeyd olunmuş əsas bank xidmətləri vasitəsilə iqtisadi fəaliyyətin əsas yardımçılarıdır:



  • Banklar əmanətləri əmanətçilərdən borcalanlara ötürür və bu fəaliyyət maliyyə vasitəçiliyi adlanır.

  • Aktivlərin çevrilməsi vasitəsilə banklar əmanətlərdən kreditlər yaradırlar.

  • Maliyyə vasitəçiliyi və aktivlərin çevrilməsi vasitəsilə banklar pul yaradırlar.

Bank əmanət qəbul etdikdə əmanətçi faktiki olaraq banka pulunu borc vermiş olur. Əvəzində, əmanətçi yerləşdirdiyi əmanətə görə faiz ödənişi əldə edir. Daha sonra bank həmin əmanətdən istifadə edərək borcalanları kreditlərlə maliyyələşdirir və borcalanlardan bankın verdiyi kreditlərə görə faiz tutaraq gəlir əldə edir. Bankın borcalanlardan aldığı faizlə əmanətçilərə ödədiyi faizin arasındakı fərq bankın əsas gəlir və mənfəət mənbəyidir.

Kreditin verilməsi zamanı, bank borcalanın krediti ödəmə qabiliyyətini – borcalanın həmin krediti geri ödəmə qabiliyyətini qiymətləndirir. Bununla belə, banka əmanət şəklində borc pul verən əmanətçilər adətən bank kreditinin keyfiyyətini və ya tələb olunduğu zaman bankın əmanətlərini geri ödəmə imkanını qiymətləndirmirlər. Əmanətçilər güman edirlər ki, onların bankda olan əmanətləri təhlükəsizdir və əmanətlər əmanətçilər tələb etdiyi zaman bank tərəfindən tam şəkildə geri qaytarılacaq. Bu əmanətçiləri risklə qarşı qarşıya qoyur, çünki, növbəti bölmələrdə biz bankların bəzən uğursuza məruz qalması və tələb olunan zaman əmanətlərin tam şəkildə geri qaytarılmaması hallarını görəcəyik (Bölmə 3.1). Əmanətçiləri bankın uğursuzluqlardan qorumaq üçün hökumət əmanət sığortası kimi təhlükəsizlik şəbəkələri yaratmışdır (Bölmə 3.4). Bu təhlükəsizlik şəbəkələri fəaliyyət göstərdiyi ölkələrdən asılı olaraq dəyişir və ümumiyyətlə məhdudiyyətsiz qorunma ilə təmin etmir, belə ki, əmanətlərin müəyyən faizi müflisləşən bankda qala bilər və əmanətçilər öz əmanətlərini tam olaraq almaya bilər.

Vəsaitləri əmanətlər şəklində yığmaqla və daha sonra bu vəsaitləri kredit şəklində borc verməklə banklar maliyyə vasitəçiliyini həyata keçirmiş olurlar. Dünyanın hər yerində bank kreditləri fərdi şəxslər və şirkətlər üçün əsas maliyyələşmə mənbəyidir. Maliyyə şirkətləri və maliyyə bazarları kimi digər maliyyə vasitəçiləri də əmanətləri və investisiyaları ötürməklə məşğul olurlar. Amma digər maliyyə vasitəçilərindən fərqli olaraq yalnız banklar əmanətləri əmanətçilərdən borcalanlara ötürürlər. Bu səbəbdən, bankları həmçinin depozitar maliyyə vasitəçiləri adlandırırlar.

Maliyyə vasitəçiliyi bank depozitləri və bank kreditləri arasındakı keyfiyyət fərqlərini nəzərə çarpan formada vurğulayır. Adətən nisbətən kiçik olan bank depozitləri (misal üçün, əmanət hesabları, cari hesablar) fərdi şəxslər, şirkətlər və digər təşkilatlar tərəfindən qorunmaq üçün banka etibar edilmiş puldan ibarət olurlar. Nisbətən daha təhlükəsiz olan depozitləri adətən istənilən vaxt çıxarmaq mümkündür və ya onlar nisbətən daha qısa ödəniş müddətinə malik olurlar. Digər tərəfdən, bank kreditləri (misal üçün, ev ipoteka kreditləri, maşın kreditləri, korporativ kreditlər) adətən bir neçə il davam edən borcların ödənilməsi cədvəlləri ilə depozitlərə nisbətən daha böyük və daha riskli olurlar. Müxtəlif xüsusiyyətlərə malik passivlərdən (depozitlər) yeni aktiv (kredit) yaratma prosesi aktivlərin çevrilməsi adlanır (Şəkil 1.2-yə bax).



Şəkil 1.2 Aktivlərin Çevrilməsi
Aktivlər BANK Depozitlər


İri Kreditlər/Böyük Risk Kiçik Depozitlər/Kiçik Risk

Uzun Ödəniş Müddəti Qısa Ödəniş Müddəti

BANK BORC VERİR BANK BORC ALIR




      1. Pulun Yaradılması

Banklar müştərilərin depozitlərini kreditlərə çevirməklə, maliyyə vasitəçiliyi/aktivlərin çevrilməsi prosesindən gəlir əldə edirlər. Mənfəətli olması üçün bankların kreditlər üzrə qazandığı faiz dərəcəsi onları maliyyələşdirmək üçün depozit üzrə ödənilən faizdən çox olmalıdır. Depozitlərin əksəriyyəti istənilən vaxt çıxarıla bildiyi üçün, banklar daha yüksək gəlirlik məqsədini, (kreditləri maliyyələşdirmək üçün depozitlərin çox hissəsini investisiya qoymaq) əmanətçilərin pul çıxarma tələblərini ödəmək üçün nağd pula sahib olma ehtiyacı ilə tarazlamalıdırlar. Bunu etmək üçün banklar əmanətçilərin tələblərinə cavab vermək məqsədilə banklar öz depozit vəsaitlərinin nisbətən kiçik hissəsini “ehtiyat kimi saxlayırlar”. Bank tənzimləyiciləri ehtiyat tələblərini, depozitlərin bankın öz fondunda ehtiyat kimi saxlamalı olduğu hissəsini müəyyən edirlər. Əmanətçilərin vəsaitlərinin yalnız kiçik bir hissəsinin çıxarılma məqsədilə ehtiyat kimi saxlanması qismən ehtiyat bank sistemi adlanır. Bu sistem banklara pul yaratmağa kömək edir.



Pulun yaradılması, qismən ehtiyat bank sistemi vasitəsilə və banka orijinal depozitin təkrar borc verilməsi ilə əlavə pulun yaradılması prosesidir.
MİSAL
Fərz edək ki, Universal Bank 100 ABŞ dolları məbləğində əmanət yığmışdır və həmin əmanətlərin 10%-ni pul çıxarmalarını ödəmək üçün ehtiyat şəklində saxlayır. Universal Bank qalan 90%-i və ya 90 ABŞ dollarını kredit vermə məqsədilə istifadə edir. Fərz edək ki, 90 ABŞ dolları bir nəfərə borc verilir və həmin şəxs bütün bu vəsaiti bir mağazada xərcləyir. Bu 90 dollar faktiki olaraq “yeni” puldur. Mağaza daha sonra bu 90 dolları Rəqib Bankda əmanət şəklində yerləşdirir. Həmin vaxtda artıq iki bankda 190 ABŞ dolları məbləğində əmanət var (ilkin 100 ABŞ dollarlıq əmanət və 90 ABŞ dollarlıq yeni əmanət). Rəqib Bank həmin 90 dolların 10%-ni və ya 9 ABŞ dollarını ehtiyat şəklində kənara qoyur və sonra borcalan tərəfindən Üçüncü Bankda əmanət şəklində yerləşdiriləcək qalan 81 ABŞ dolları kredit şəklində verir. Artıq üç bankda 100 + 90 + 81 və ya 271 ABŞ dolları miqdarında əmanət vardır. Bu proses davam etdikcə daha çox əmanət kredit şəklində verilir, xərclənilir və əmanət şəklində daha çox pul yerləşdirilir; hər dəfə kredit vermə prosesi nəticəsində daha çox pul yaradılır.

Aşağıdakı Şəkil 1.3 hər sövdələşmədə 10% ehtiyat tələbinin olduğu fərz edilməklə, əvvəlki 100 ABŞ dolları məbləğindəki, əmanətlə yaradılan pulun miqdarını göstərir. 21 ayrı sövdələşmə nəticəsində ilkin 100 ABŞ dolları məbləğində olan əmanətdən 801 ABŞ dolları məbləğində əmanət yaranır. Bu prosesin qeyri-müəyyən şəkildə davam edəcəyi halda ümumi 1000 ABŞ dollar məbləğində əmanət yaranar – ilkin əmanət şəklində 100 ABŞ dollar və sonrakı kreditlər vasitəsilə yaradılmış 900 ABŞ dolları.


Şəkil 1.3 Pulun Yaradılması (ilkin 100 ABŞ dolları əmanətdən 801 ABŞ dolları məbləğində yeni kreditlər)


Ehtiyatlar

Yeni kreditlər

Əvvəlki səhifədəki nümunədə dövriyyə ilkin 100 ABŞ dollarlıq əmanətlə başlamışdır; sistemə heç bir əlavə pul daxil edilməmişdir. İlkin 100 ABŞ dollarının hissələri təkrar sistemdən keçdi və həm bank əmanətlərini, həm də bank kreditlərini artırdı. Hər bir əmanətdə yaradılan pulun məbləği əvvəlki mərhələdəki məbləğin 90%-dir (100%-in 10%-i ehtiyatda saxlanılır).

Ehtiyat tələbləri qismən ehtiyat bank sistemində ilkin əmanətin yarada biləcəyi pulu məhdudlaşdırır. Ehtiyat tələbinin əksi olan pul multiplikatoru banka əmanət şəklində yerləşdirilmiş hər bir valyuta vahidinin nə qədər yeni pul yarada bildiyini müəyyən etmək üçün istifadə edilən bir düsturdur. Aşağıdakı misalda göründüyü kimi, ehtiyat tələbi nə qədər çox olarsa, bank, tənzimləyici ehtiyat kimi öz ehtiyatında bir o qədər pul saxlamalıdır və banklar bu cür hallarda daha az pul yarada bilər.


MİSAL
10% ehtiyat tələb ilə pul multiplikatoru 10-dur (1/10% - 10). Beləliklə, 100 ABŞ dolları məbləğində əmanətdən yaradıla bilən pulun miqdarı 1,000 ABŞ dollarıdır. Bu 1,000 ABŞ dollarından 900 ABŞ dolları (və ya 90%-i) yeni puldur və 100 ABŞ dolları (və ya 10%) ilkin əmanətdir.

20% ehtiyat tələbi ilə, pul multiplikatoru 5 (faiz)-ə düşür (1/20% = 5). Beləliklə, 100 ABŞ dollarlıq əmanətdən yaradıla biləcək pulun miqdarı 500 ABŞ dolları olacaq. Bu 500 ABŞ dollarından 400 ABŞ dolları (və ya 80%-i) yeni puldur və 100 ABŞ dolları (və ya 20%-i) ilkin əmanətdir.


Bütün dünyada banklar müəssisələr üçün ən böyük maliyyə mənbəyidir və elə bu səbəbdən də iqtisadi inkişaf üçün əhəmiyyətlidirlər. Banklar kredit və istiqraz verməklə və kredit və ya borc bazarlarına istiqrazlar buraxmaqla şirkətlərin maliyyə vəsaitləri əldə etmələrinə kömək edərək borcların maliyyələşdirilməsini təmin edirlər. Həmçinin banklar səhm bazarına səhm buraxmaqla və vaxtaşırı şirkətlərdə paya sahib olmaqla şirkətlərin maliyyə vəsaitləri əldə etmələrinə kömək edirlər. Kredit və səhm maliyyələşmənin ilkin növü və kapitalın iki mənbəyidir.

Banklar, eyni zamanda, maşın və ya ev kimi başqa şəkildə əldə edə bilməyəcəkləri vəsaitləri almaq və maliyyələşdirmək üçün bank kreditlərindən istifadə edən istehlakçılar üçün maliyyələşməni təmin edirlər. Başqa bir bank kredit növü olan kredit kartları üzrə istehlakçıları kreditə rahat çıxış imkanı ilə təmin edirlər ki, bu da alışa şərait yaradır və iqtisadi artımı stimullaşdıra bilir. Fəsil 4-də müxtəlif kredit məhsulları və onların necə istifadə olunmaları daha təfərrüatlı şəkildə müzakirə olunacaqdır. Özlərinin - maliyyə vasitəçiliyi, aktivlərin çevrilməsi və pulun yaradılması kimi əsas funksiyaları ilə, banklar inkişaf etmiş iqtisadiyyatda mühüm rol oynayır.
MİSAL
Bank funksiyaları və iqtisadi fəaliyyət arasındakı qarşılıqlı əlaqə 2007-ci ildə başlamış qlobal kredit və bank böhranında aydın şəkildə görünür. Banklar “substandart borcalanlar” adlanan aşağı kredit ödəmə qabiliyyətinə malik borcalanlara verilmiş kreditləri geri ala bilmədikləri üçün əmanətləri təkrar dövriyyəyə buraxa və digər şəxslərə kredit şəklində verə bilməmişlər. Bu öz növbəsində o demək idi ki, öz alışlarını maliyyələşdirmək üçün bank kreditlərindən asılı olan şirkətlərin və fərdi şəxslərin istifadəsi üçün daha az kredit mövcud olmuşdur. Bunun nəticəsində də şirkətlər və fərdi şəxslər daha az əmanət yerləşdirirlər və nəticədə daha az pul yaranır. Bunun təsirləri dünyanın hər yerində geniş şəkildə hiss olunmuş, həmçinin kreditin əsaslı şəkildə azalmasına səbəb olmuşdur və bu da ilk olaraq mallara və xidmətlərə olan tələbatın azalmasına gətirib çıxarmışdır və daha sonra banklarda əmanət şəklində yerləşdirilən pulun miqdarını daha da azaltmışdır. Bu kredit imkanlarının hətta daha da azalmasına səbəb olmuşdur.


      1. Ödəniş Xidmətləri

Əmanətçilər, banklardakı depozit hesablarından əmanətçilər və banklar arasındakı ödənişləri ödəmək və ya əldə etmək üçün istifadə edə bilərlər. Ödənişlər tərəflər arasındakı maliyyə hesablaşmalarına əsaslanır və adətən tərəflər arasında maliyyə vəsaitlərinin ötürülməsini özündə cəmləyir. Bunlar əməliyyatlar üçün vəsaitlərin ötürülməsinə kömək edən müxtəlif ödəniş sistemləridir və bura çeklər, ödəniş sifarişləri, borc sənədinin ödənilməsi və köçürmə xidmətləri şəklində elektron ödənişlər və digər elektron nizamlama sistemləri daxildir. Ödəniş sistemləri böyük korporasiyalara və hökumət təşkilatlarına mallara və xidmətlərə görə onların ödənişlərini həyata keçirməkdə kömək edə bilər.

Banklar ödənişlərə görə nizamlamadan başqa beynəlxalq ödənişlərin həyata keçirilməsi üçün öz müştərilərini xarici valyutalarla təmin etmək kimi ödəniş xidmətlərini təklif edə bilərlər. Beynəlxalq ödənişlərin təşkilində, banklar xarici bankların qəbul etdiyi ödəniş sənədlərini yaratmağa imkan verən tələbləri təklif etməklə və xarici bankların emissiya etdikləri ödəniş sənədlərini qəbul etməklə beynəlxalq sövdələşmələrə yardımçı olurlar. Banklar beynəlxalq ödəniş şəbəkələrindən istifadə etməklə müştərilərinin tələblərinə uyğun ödənişləri həyata keçirə bilərlər.



      1. Digər Bank Xidmətləri

Bank özünün əsas xidmətlərindən əlavə digər maliyyə xidmətlərini də təklif edir ki, bunların da bəziləri üzrə adətən maliyyə şirkətləri, broker firmaları, risklərin idarə olunması ilə məşğul olan məsləhətçiləri və sığorta şirkətlərinin daxil olduğu qeyri-bank maliyyə xidməti təminatçıları ilə rəqabət aparır. Banklar və bu xidmətləri təklif edən şirkətlər adətən bu xidmətləri təmin etmək üçün haqq və ya “ödəniş gəliri” əldə edirlər. Ödəniş gəliri bankın öz borcalanlarından aldığı faizdən sonra ikinci əsas gəlir mənbəyidir. Digər bank xidmətlərinə aşağıdakılar daxil ola bilər:




  • Pul vəsaitlərinin idarə edilməsi: Banklar özlərinin əsas əmanətlərinin yığılması və ödənişlərin həyata keçirlməsi funksiyalarının bir hissəsi kimi iri korporasiyalara pul vəsaitlərinin və ya xəzinələrin idarə edilməsi xidmətlərini təklif edirlər. Ümumiyyətlə, bu xidmət o deməkdir ki, bank bir şirkət üçün pul vəsaitlərinin toplanması və ödənilməsi işlərini görməyə və hər hansı müvəqqəti pul artığını investisiyaya qoymağa razılaşır.




  • İnvestisiya – və qiymətli kağızlarla-əlaqəli fəaliyyətlər: Bir çox bank müştəriləri bank depozitlərinə nisbətən daha yüksək gəlir gətirən, daha yüksək riskli, investisiya məhsulları tələb edirlər – misal üçün, qarşılıqlı fondlar, paylı müəssisələr və bir illik gəlirlər. Adətən, bu investisiya məhsulları üçün müştərilər qeyri-bank qurumlarına müraciət edirlər. Amma hal-hazırda əksər banklar bu xidmətləri müştərilərlə münasibətlərini qorumaq məqsədilə təklif edirlər.

Banklar həmçinin brokerlik və investisiya bank xidmətləri daxil olmaqla digər qiymətli kağızlarla əlaqəli fəaliyyətlər təklif edirlər. Brokerlik xidmətləri özündə müştərilərin adından qiymətli kağızların (misal üçün, səhmlər və istiqrazlar) alınması və satılmasını əks etdirir. İnvestisiya bank xidmətlərinə kommersiya müştərilərinə birləşmə və satınalmalar üzrə məsləhət vermək və həmçinin şirkətlərin özlərində birbaşa investisiya daxil olmaqla, çox müxtəlif maliyyə imkanlarının təklif olunması daxildir.




  • Törəmə alətlərin alqı-satqısı: Svoplar, opsionlar, forvardlar və fyuçers kimi törəmə alətləri dəyəri istiqrazlar, səhmlər və ya qızıl kimi başqa maliyyə və ya fiziki vəsaitinin dəyərindən və/ya onun dəyərindəki dəyişiklikdən “yaranan” maliyyə alətləridir. Töəmə alətlərinin sövdələşmələri qurumlara müxtəlif növ riskləri idarə etməyə kömək edir, misal üçün, xarici valyuta, faiz dərəcəsi, əmtəə qiyməti və kreditin ödənilməməsi riskləri. Törəmə alətlər və onların istifadəsi 6-cı Fəsildə müzakirə olunur.




  • Kredit öhdəlikləri: Banklar borcalan tərəfindən tam məbləğin çəkilib çəkilməməsindən asılı olmayaraq müəyyən zaman müddəti üçün müəyyən məbləğdə vəsaitin kredit şəklində verilməsi öhdəliyini öz üzərinə götürməklə sabit haqq alırlar. Borcalan kredit

öhdəliyinin hamısını və ya bir hissəsini istifadə etdikdə, öhdəliyin istifadə edilmiş qismi balans hesabatında qeyd olunur. İstifadə olunmamış hissə balans hesabatından kənarda qalır.


  • Akkreditiv: Bank akkreditiv verdikdə, o öz müştərisinin adından ödənişə təminat verir (akkreditivdə göstərilmiş məbləğə qədər) və bu zəmanəti təmin etməyə görə haqq alır.




  • Sığorta xidmətləri: Xüsusilə Amerika Birləşmiş Ştatlarından xaricdə olmaqla bir çox banklar özlərinin müştəri bazasını genişləndirmək üçün sığorta məhsulları təklif edirlər. Sığorta xidmətləri banklar üçün məntiqi irəliləyişdir, çünki sığorta məhsullarında ənənəvi bank məhsulları ilə eyni olan maliyyə vasitəçiliyi və aktivlərin çevrilməsi xüsusiyyətləri var. Misal üçün, həyat sığortası polisləri bankların təklif etdikləri uzun-müddətli depozit məhsullarının çoxuna bənzəyir; hamısı əmanət alətləridir, amma onlar əmanət mənfəətlərini fərqli şəkildə ödəyirlər.




  • İnam xidmətləri: Bəzi bank müştəriləri, xüsusilə də, zəngin şəxslər, korporativ pensiya planları və mülklər, onların vəsaitlərinin peşəkarlar tərəfindən idarə edilməsini üstün tuturlar. Ona görə də, bir çox banklar müştərinin vəsaitlərini ödənişin müqabilində peşəkar şəkildə idarə edən inam xidmətlərini təklif edirlər. İdarə olunan bu vəsaitlər bankın balans hesabatında göstərilmir.




  • Risklərin idarə olunması xidmətləri: Banklar daha mürəkkəb bizneslərlə məşğul olduqları üçün, onlar faiz dərəcəsi, mübadilə kursu və qiymət riskləri kimi daha mürəkkəb və qarışıq risklərlə qarşılaşmalı olmuşlar. Banklar bu mürəkkəb riskləri idarə etmək üçün dərin bacarıqlar və çətin alətləri işləyib hazırlamışlar. Ödənişin müqabilində, banklar indi həmin risklərin idarə olunması bacarıqlarını və alətlərini öz müştərilərinə təklif edirlər.




    1. MÜXTƏLİF BANK NÖVLƏRİ

Bu bölmədə xidmət göstərilən müştərilərin və təklif olunan xidmətlərin növləri qabardılmaqla müxtəlif bank növləri əks olunur. Aşağıda qeyd olunan bank növləri dünyanın müxtəlif yerlərində mövcuddur.





      1. Reteyl Banklar


Reteyl bankların əsas müştəriləri fərdi şəxslərdir və ya “istehlakçılardır”. Bir çox reteyl banklar həmçinin kiçik və orta müəssisələrə də xidmətlər təklif edirlər (KOMlar). Reteyl bankların müxtəlif növləri mövcuddur:

  • Reteyl və istehlakçı banklar, əmanət və kredit şirkətləri (əmanət müəssisələri, əmanətçilərdən və istifadəçilərdən pul əmanətlərini qəbul edən kooperativ təşkilatlar) və kredit ittifaqları: əsasən ev, maşın və ya digər alışları maliyyələşdirmək üçün fərdi şəxslərə kredit təklif edirlər (misal üçün, Taylandda AIG Reteyl Bankı, ABŞ-da Voodlands Bankı, Macarıstanda Orszagos Takarekpenztar es Kereskedelmi Bankı).




  • Özəl bank şirkətləri: əsasən varlı şəxslərə vergi və investisiya məsləhəti də daxil olmaqla sərvətin idarə edilməsi xidmətləri təklif edirlər (misal üçün, Birləşmiş Krallıqda Coutts and Co və İsveçrədə Bank Julius Baer).




  • Poçt bankları: poçt məntəqələrində müştərilərə bank xidmətləri təklif edirlər. Poçt xidməti banka sahib olduğu və ya bankla əməkdaşlıq etdiyi bu quruluş dünyanın hər yerində geniş şəkildə istifadə olunsa da (misal üçün, Almaniyada Postbank A.G., Yaponiyada Japan Post Bankı), ABŞ-da istifadə olunmur.

Reteyl bankların bir çox formaları olsa da, əksəriyyətinin yerli filiallardan ibarət kiçik şəbəkəsi olur ki, bu da onlara ölkənin bir şəhəri və ya regionu kimi bir xüsusi coğrafi ərazidə pərakəndə müştərilərinə yönəlməyə imkan verir. Bununla belə, bütöv ölkələri və ya ölkələrin bir hissələrini əhatə edən geniş filial şəbəkələrinə sahib olan (misal üçün, JP Morgan Chase, Çinin Sənaye və Kommersiya Bankı, Deutsche Bank) və dünyanın digər hissələrində özlərinin əlaqəli qurumları vasitəsilə sahib olduqları şəbəkələrdəki reteyl filiallarla əlaqəli olan (misal üçün, Citibank, HSBC) bir çox reteyl banklar mövcuddur.





      1. Ümumi Xidmət Bankları


Ümumi xidmət banklarının müştəriləri əsasən korporativ və qeyri-korporativ müəssisələrdir. Biznes müştərilərinin müxtəlif növləri olmasına baxmayaraq, adətən onlara iri yerli və beynəlxalq şirkətlər də daxil olur. Ümumi xidmət bankları həmçinin böyük müəssisələrin xüsusi ehtiyaclarına uyğunlaşdırılmış məsləhət xidmətləri də təklif edirlər. Ümumi xidmət banklarının növlərinə daxildir:

  • Kommersiya bankları: iri müəssisələrə yüksək səviyyədə müxtəlif ixtisaslaşmış kreditlər təklif edirlər, vəsaitlərin cəlb olunmasında vasitəçi rolu oynayırlar və ödəniş və risklərin idarə olunması xidmətləri kimi ixtisaslaşmış maliyyə xidmətləri təmin edirlər.




  • Müxbir banklar: kreditlər və müxtəlif investisiya alternativləri daxil olmaqla digər banklara bank xidmətləri təklif edirlər.




  • İnvestisiya və ya ticarət bankları: Kapital bazarlarında səhm, istiqraz kimi və ya kredit bazarlarında vəsait cəlb etmək barədə korporasiyalara və hökumətlərə peşəkar məsləhət təklif edir. Şirkətlərə gəldikdə, onlar bütöv və ya qismən şirkətlərin alınması və ya satılması haqqında məsləhət verirlər; dövlətlərə gəldikdə, onlar dövlət vəsaitlərinin özəlləşdirilməsi haqqında məsləhət verirlər. Onlar həmçinin bu fəaliyyətlərdə borcverənlər və investorlar kimi xidmət edə bilərlər.



DİQQƏT MƏRKƏZİNDƏ OLAN BANKÇILIQ
2007-ci ildə başlamış qlobal kredit böhranının təsirləri səbəbindən investisiya və ya ticarət bankların sayı 2008-ci ildən bəri azalmışdır.

2008-ci ildə, substandart ipoteka bazarının dağılması ərəfəsində, Bear Stearns və Lehman Brothers investisiya bankları fəaliyyətlərini dayandırdılar. Bear Stearns JP Morgan Chase bankına satıldı və Lehman Brothers isə öz müflisliyini elan etdi. Amerika Birləşmiş Ştatlarında üçüncü ən iri investisiya bankı hesab olunan Merill Lynch Bank of America ilə birləşdi. ABŞ-ın yerdə qalan iri investisiya banklarından ikisi, Goldman Sachs və Morgan Stanley hüquqi şəkildə öz əməliyyatlarını bank holdinq şirkətlərinə çevirdilər. Bu hərəkət onlara depozit qəbul etməyə və beləliklə özlərinin mövcud əməliyyatlarını dəstəkləmək üçün müştərilərin əmanətləri vasitəsilə vəsait cəlb etməyə imkan verdi.

Bu bankçılıq üçün böyük bir dəyişiklikdir, maliyyə bazar risklərinə məruz qalaraq, maliyyələşmə üçün kredit bazarlarına çıxışa arxalanan investisiya bankçılığı modeli sual altında idi.

Adətən müstəqil investisiya bankları əmanət qəbul edə bilmirlər və fəaliyyət göstərmək üçün ehtiyacları olan vəsaitləri borc almaq üçün kredit bazarlarına arxalanırlar. Kredit bazarlarının fəaliyyət göstərməsi çətinləşdikdə, 2007 və 2008-ci illərdə baş verdiyi kimi, kredit əldə etmək və borc almaq imkanı yoxa çıxır və investisiya bankları biznesdə qalmaq üçün bölüşdürülməmiş mənfəətlərinə və ya aktivlərin satışına arxalanmağa məcbur olurlar. Fəaliyyəti saxlamaq üçün bunun qeyri-kafi olduğu görünürdü.

Amerika Birləşmiş Ştatlarında iri investisiya banklarının banklara çevrilməsinə, ya da məhv olduğuna baxmayaraq, ölkədə hələ də investisiya bankları qalmaqdadır. Onların çoxu daha kiçikdir və yüksək dərəcədə ixtisaslaşmış investisiya banklarıdır. Onlar ümumi xidmət maliyyələşməsinə o qədər də arxalanmırlar və adətən maliyyə bazarlarında maliyyələşmənin əldə edilməsi barədə korporativ müştərilərə məsləhət verməklə məşğul olurlar (misal üçün, Lazard Ltd.).

Bir çox ümumi xidmət bankları beynəlxalq ticarəti maliyyələşdirir və çox zaman nümayəndəlik idarələri və ya kiçik filiallar vasitəsilə bir sıra ölkələrdə fəaliyyət göstərirlər. Bu banklar beynəlxalq, transmilli və ya qlobal banklar kimi tanınırlar. Əsas bankçılıq funksiyaları ilə yanaşı sığorta kimi maliyyə xidmətləri təklif edən banklar universal banklar adlanırlar. Citibank, HSBC və Deutsche Bank böyük universal banklara nümunədir.





      1. Mərkəzi Banklar

Mərkəzi banklar bir ölkənin və ya ölkələr qrupunun əsas maliyyə orqanları olmaqla bütün bankların, maliyyə bazarlarının və iqtisadiyyatın fəaliyyəti üçün vacibdirlər. Mərkəzi banklar adətən inflyasiya dərəcələrini cilovlamaq və ya iqtisadi artımı gücləndirmək məqsədilə iqtisadiyyatda pulun və kreditin miqdarını idarə edirlər. Onlar adətən buna hökumətin borcunun alışı və satışı üzrə özlərinin gündəlik fəaliyyəti, əsas faiz dərəcələrini müəyyən etmək və saxlamaqla, ehtiyat tələbi səviyyələrini müəyyən etməklə və valyuta buraxmaqla nail olurlar. Bəzi mərkəzi banklara həmçinin daxili valyuta üçün müəyyən xarici valyuta məzənnəsi səviyyələrinin qorunması tapşırılır. Mərkəzi banklar həmçinin banklararası ödənişləri təşkil edirlər və ölkənin daxilində banklar üçün tənzimləyici və nəzarətçi olaraq fəaliyyət göstərirlər. Mərkəzi banklar özlərinin tənzimləyici rollarında digər banklara nəzarət edir və öz ölkələrinin maliyyə sisteminin təhlükəsizliyi və sağlamlığı istiqamətində fəaliyyət göstərirlər. Mərkəzi bank nümunələrinə bunlar daxildir: Avropa Mərkəzi Bankı (Avropa İttifaqı), İngiltərə Bankı (Birləşmiş Krallıq), Yaponiya Bankı (Yaponiya), Çin Xalq Bankı (Çin) və Federal Ehtiyatlar Sistemi (ABŞ).



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin