Avtonom rüsumlar – dövlət hakimiyyəti orqanları tərəfindən qəbul edilən birtərəfli qərarlara əsaslanaraq tətbiq edilən rüsumlardır. Adətən gömrük tarifinin tətbiqi dövlətin parlamenti tərəfindən qanun şəklində qəbul edilir. Ancaq gömrük rüsumlarının konkret dərəcələri əlaqədar idarələr, nazirliklər tərəfindən müəyyən edilir.
Konvension ( razılaşdırılmış ) rüsumlar – ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında və ya gömrük ittifaqı haqqında müqaviləyə əsasən müəyyənləşdirilir.
Preferensialrüsumlar – çoxtərəfli müqavilələr əsasında inkişaf etməkdə olan ölkələrdən idxal olunan mallara tətbiq edilən, adi gömrük tariflərinə nisbətən aşağı dərəcələrə malik rüsumlardır. Bu rüsumların məqsədi ixracın genişləndirilməsi hesabına həmin ölkələrin iqtisadi inkişafını təmin etməkdir.
Rüsumlar müxtəlif əlamətlərinə görə təsnifləşdirilir.
Dərəcə tipinə görə:
daimi - dövlət hakimiyyəti orqanları tərəfindən birdəfəlik qəbul edilən və hər hansı bir səbəbə görə dəyişdirilməyən
dəyişkən - müəyyən səbəblərə - dünya və daxili qiymət səviyyələrinin dövlət subsidiyalarının dəyişməsinə və s. görə dəyişdirilə bilən gömrük tarifləri, dərəcələri rüsumlar fərqləndirilir.
Hesablama üsuluna görə:
1. nominal - gömrük tarifində göstərilən tarif dərəcələri
2. effektiv - hazır məhsula onun hissələrinin və detallarının onun idxalına qoyulan rüsumların səviyyəsinə görə hesablanan gömrük rüsumlarının real səviyyəsi rüsumlar mövcuddur.
Verginin bütün əsas elementləri gömrük rüsumlarına da xasdır. Vergi sistemində olduğu kimi, gömrük rüsumlarına da gözəştlər tətbiq olunur. Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, ölkənin ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada ölkənin gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.
Ümumiyyətlə isə gömrük rüsumlarından aşağıdakılar azad edilir:
yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;
dənizdə balıq ovlayan ölkənin gəmilərinin və ölkənin hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə ölkənin gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
ölkənin qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədi ərazisindən çıxarılan ölkənin valyutası və bu əraziyə gətirilən xarici valyutalar, qiymətli kağızlar;
qəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi ölkənin gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə ölkənin gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar,habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
üçüncü ölkələr üçün nəzərdə tutulmuş və ölkənin gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar;
kütləvi informasiya vasitələri — kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə.
Gömrük rüsumlarının növbəti elementi onun dərəcəsidir. Gömrük rüsumlarının dərəcələri Nazirlər Kabineti tərəfindən təyin edilir. Gömrük rüsumlarının dərəcələri gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.
Cəlb olunma obyektlərinə görə gömrük rüsumları 2 yerə - idxal və ixrac gömrük rüsumlarına bölünür.
İdxal gömrük rüsumlarının dərəcələri malın mənşə ölkəsindən asılı olaraq differensasiya olunur. Əgər idxal olunan malın mənşə ölkəsi ilə həmin ölkə arasında əlverişli ticarət rejimi mövcuddursa, onda idxal gömrük rüsumlarının dərəcələri və gömrük rüsumuna cəlb olunmayan malların siyahısı ölkə tərəfindən müəyyən olunur. İdxal rüsumları ölkənin daxili bazarını xarici rəqabətdən qoruduğu halda proteksionist funksiyanı yerinə yetirir. Bu halda təkcə idxal olunan malların deyil, həm də yerli malların qiyməti dünya qiymətləri səviyyəsinə qalxır. Bir sözlə idxal gömrük rüsumlarının dərəcələri aşağıdakı meyarlar üzrə dəqiqləşdirilir:
– bütövlükdə dövlətin iqtisadi maraqları;
– milli istehsalçı və istehlakçıların mənafeləri;
– əmtəə idxalına ölkə iqtisadiyyatının təlabatı;
– idxalın ölkədaxili istehsal ilə əvəz edilməsi imkanı və məqsədəuyğunluğu;
– birbaşa əlaqələrin, istehsal kooperasiyasının saxlanması maraqları;
– emal dərəcəsindən asılı olaraq mal idxalının həvəsləndirilməsi və ya qarşısının alınması;
– xammal və onun komponentlərinin idxalına güzəştlər etməklə ixrac təyinatlı malların istehsalına yardım edilməsi;
– bəzi malların idxalının məhdudlaşdırılmasının və ya onların idxalı ilə dövlət büdcəsinin gəlirlərinin artırılmasının məqsədəuyğunluğu;
– dövlətlərarası ticarət danışıqları zamanı qarşılıqlı güzəşt almaq üçün rüsumların səviyyəsi ilə manevr etmək imkanı.
İxrac gömrük rüsumlarının dərəcələri də idxal gömrük rüsumlarının dərəcələri kimi müəyyən olunur. İxrac rüsumları gömrük-tarif tənzimlənməsinin fiskal funksiyasının həyata keçirilməsində birinci dərəcəli rol oynayır. Gömrük orqanlarının yığdığı vergilərin 50%-dən çoxu məhz ixrac rüsumlarının payına düşür.
İnkişaf etməkdə olan ölkələrdə idxal rüsumlarının yüksək olmasının əsas səbəbi ölkə sənayesini xarici rəqabətdən qorumaqdır. Ölkələrin iqtisadi inkişafı ilə idxal rüsumlarının miqdarı tərs mütənasibdir.
Bir çox ölkələrdə tariflərin strukturu hazır məhsulun milli istehsalçılarını qorusa da xammal və yarımfabrikat idxalına elə də təsir göstərmir. Buna tarif eskalasiyasının köməyi ilə nail olunur. Tarif eskalasiyası dedikdə, malların emal səviyyəsi artdıqca onlara tətbiq edilən gömrük vergiqoymasının səviyyəsinin artımı başa düşülür. Xammaldan hazır məhsula hərəkət etdikcə rüsum dərəcələri nə qədər çox yüksəlirsə, hazır məhsul istehsalçılarının xarici rəqabətdən müdafiə səviyyəsi bir o qədər yüksək olur.
İdxal tarifi müəyyən mənada özündə daxili bir ziddiyyət daşıyır. Bu ziddiyyət özünü istehsalçıların və istehlakçıların maraqlarının üst-üstə düşməməsində göstərir. Bu, gömrük siyasətinin tarif kvotası adlandırılan aləti ilə aradan qaldırılır. Tarif kvotası dedikdə, dərəcələri idxalın həcmindən asılı olan dəyişkən gömrük rüsumlarının müxtəlifliyi başa düşülür. Müəyyən edilmiş kəmiyyət çərçivəsində həyata keçirilən idxal zamanı ona baza tarif dərəcəsi tətbiq edilir və əksinə, idxalın həcmi müəyyən edilmiş səviyyəni keçdikdə ona münasibətdə daha yüksək tariff dərəcəsi tətbiq edilir.