Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödənc və yığımlara deyilir ki, gətirilən malın dəyərini gömrük rüsumundan əlavə olaraq artırır.
Paratarif tədbirlərə aşağıdakılar daxildir:
1) gömrük əlavələri – ticarət – siyasi məqsədlərlə, büdcənin doldurulması, yaxud milli istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar;
2) əlavə yığımlar – daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərindən artıq (əlavə) tutulan ödənclər. Onlar xarici ticarətlə bağlı fəaliyyətin müəyyən növlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bunlara, adətən, xarici valyutanın köçürülməsinə qoyulan vergi, idxal lisenziyası üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir;
3) daxili vergi və yığımlar – milli mallardan idxal ölkəsində tutulan dolayı vergilərə ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, aksiz, emissiya yığımları, məhsula görə vergi, sair inzibati yığımlar aid edilir. Bu vergi və yığımların məqsədi xarici və milli eyni mallara bərabər vergi rejimi yaratmaqdır.
4) diskretləşdirilmiş gömrük qiymətləndirilməsi – gömrük rüsum və yığımlarının hesablanması üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.
Qiymətlər üzərində nəzarət tədbirləri daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin saxlanılması məqsədilə, həmçinin xarici rəqiblərin əliəyri ticarət təcrübəsinin vura biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilir. Belə tədbirlərə aşağıdakılar aiddir:
1) qiymətlərin inzibati qaydada müəyyən edilməsi – idxalçı ölkənin hakimiyyət dairələri istehsalçı və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin aşağı və yuxarı hüdudlarını müəyyən edir, yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayırlar. Rəsmi qiymətlərin müəyyən edilməsi, minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur.
2) ixrac qiymətlərinin “ könüllü ” məhdudlaşdırılması – ixracatçının öz mallarının qiymətlərini müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar;
3) sürüşkən yığımlar – idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənclər.
4) antidempinq tədbirlər – ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın tutulmasından ibarət olub, dempinq faktı və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı ölkənin müvafiq orqanı tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə tətbiq edilir. Antidempinq rüsumlar özünü doğrultmayan aşağı qiymətlərlə mal göndərişinin başlancı anından tutulur.
5) kompensasiya tədbirləri - əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə subsidiyalaşdırma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq edilir. Kompensasiya tədbirləri kompensasiya idxal rüsumları şəklində də ola bilər. Bundan başqa, çox zaman onlar qadağanedici hədlərə də çata bilir və ixrac qiymətlərini artırmaqla da aşmaq olmur.