Əkrəm Bağırov
(Əlyazmalar İnstitutu)
AZƏRBAYCAN TÜRKÜ ƏBU TALİB XAN TƏBRİZİ
Azərbaycan təzkirəçilik tarixinin ən maraqlı simalarından biri də əsli Azərbaycan türkü olmuş, lakin Hindistanda doğulmuş və bütün həyatı boyu bu diyarda yaşamış Əbu Talib xan Təbrizidir. Onun atası Hacı Məhəmməd Bəy-xan bin Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfəhan şəhərindən Hindistana mühacirət etmiş və h.q. 1165/m. 1751-ci ildə bu diyarın Ləkhnay şəhərində oğlu Əbu Talib dünyaya gəlmişdir. Həmin şəhərdə də boya-başa çatmış və demək olar ki, müstəqil mütaliəsi sayəsində biliklərə yiyələnib yüksək savad almış Əbu Talib güclü hafizəyə malik, istedadlı bir şəxs olmuşdur. O, XVIII əsr Hindistan tarixinə hakim dairələrə yaxın olan ictimai-siyasi xadim, yazıçı-şair, ədəbiyyatşünas-təzkirəçi, tarixçi və səfərnamə müəllifi kimi daxil olmuşdur.
XX əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özünün məşhur «Danişməndani – Azərbaycan» (1, 358-359), Əziz Dövlətabadi böyük zəhmətin bəhrəsi olan «Soxənvərani – Azərbaycan» kitablarında, fars dilli təzkirəçilik tarixinin tədqiqində müstəsna xidmətləri olunmuş Əhməd Gülçin Məani bu gün bütün təzkirə tədqiqatçılarının stolüstü kitabı və daim müraciət etdikləri mənbə olan «Tarixe-təzkirehaye-farsi» fundamental əsərində (1, 564-590; 2, 733) və həmçinin pakistanlı alim Doktor Seyyid Əli Rza Nəqəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi «Təzkirenevisiye-farsi dər Hendo Pakestan» adlı doktorluq işində (5, 477-489) əllərində olan tarixi mənbələrə, o cümlədən Əbu Talibin müasiri olmuş və onunla şəxsən görüşüb təmasda olmuş Əbdül-Lətif Şüştərinin “Töhfətül-Aləm” əsərinə, Tomas Vilyam Bill adlı müəllifin h.1265-ci ildə yazdığı və h. 1284-cü ildə Ləkhnauda nəşr etdirdiyi «Miftah ət-təvarix» əsərlərinə istinadən bu müəllifin bioqrafiyası və əsərləri haqqında maraqlı faktlar təqdim edib elmi mülahizələr irəli sürürlər.
Əbu Talıb xan Təbrizi haqqında «Azərbaycan təzkirəçilik tarixi» adlanan kitabda (6, 183) V.Musalı adlı tədqiqatçı da məlumat verməyə cəhd göstərmiş, lakin təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəmmədəli Tərbiyətin «Danişməndani –Azərbaycan» əsərində verilən məlumatların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primitiv və səhv təkrarından irəli gedə bilməmişdir. Bütün bunlarla yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q. 1220-ci il əvəzinə h.q. 1221-ci il) burada da təkrar olunmuşdur. Məlumat üçün bildiririk ki, Əbu Talib xan Təbrizinin ölümü ilə bağlı «Miftah ət-təvarix» əsərində onun oğlu Mirzə Yusif Bağırın sifarişi ilə yazılmış iki maddeyi-tarix də qeyd olunmuşdur (5, 480; 8, 464). Fars dilli klassik poeziyanın parlaq simalarından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi yetdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olunmuşdur. Bütün bünlar Azərbaycan ədəbi təzkirələrinin demək olar ki, əksəriyyətinin fars dilində yazıldığından və bu səbəbdən bu dili bilməyən bir çox tədqiqatçılar üçün qaranlıq qaldığından, onların bu mənbələrə yaxın dura bilməyib ələ keçirə bildikləri azərbaycandilli tədqiqatlara tənqidi yanaşmadan bu mənbələri təkrar etməklərindən irəli gəlir.
Hindistan və Pakistan ərazisində yazılmış fars dilli təzkirələrin pakistanlı tədqiqatçısı Doktor Seyyid Əli Rza Nəqəvinin bizə qürur bəxş etməklə Azərbaycan türkü adlandırdığı Əbu Talib xan Təbrizi fars dilində yazılmış, əlyazma şəklində dünya kitab xəzinələrində mühafizə olunan və bəzilərinin hətta bir sıra Avropa dillərinə belə tərcümə və çap olunmuş əsərlər müəllifidir. Əbu Talib xan həm də təzkirə müəllifi olduğundan bu əsərlər içərisində onun «Xülasətül-əfkar» adlı əsəri bizim üçün daha maraqlı və daha önəmlidir. 25 illik zəhmətin məhsulu olmuş bu əsər h.q. 1206-1207-ci illərdə (Bu haqda əsərin sonunda müəllifin özü tərəfidən yazılmış maddeyi-tarix də vardır) müəllif 40 yaşında ikən yazılmış və 492 şair haqqında məlumatları və əsərlərindən nümunələri əhatə edir. Müəllifin əsəri tamamladıqdan sonra da orada ixtisarlar və əlavələr etdiyindən bu rəqəm bəzi mənbələrdə kiçik fərqlərlə 493 və bəzən 494 də göstərilir. Əsər fars dilli şeir və təzkirəçilik haqqında müəllifin mülahizələrini açıqlayan bir müqəddimədən, əlifba sırası ilə verilmiş qədim, orta və son dövr şairlərindən ibarət olan, 309 müəllifi əhatə edən 28 hədiqə-bölmədən və həmçinin 160 şairin yalnız adı və bir neçə beyti təqdim olunmuş bir zeyldən və nəhayət, müəllifin özü də daxil olmaqla 23 müasir şairi təqdim eldən xatimədən ibarətdir. Əhməd Gülçin Məaninin fikrincə şeir nümunələrinin əksəriyyətinin məsnəvi olduğu bu əsərdə bəzi müəlliflərin nəsrlə yazılmış əsərlərindən də örnəklər verilmişdir. Doktor Nəqəvi bu təzkirəyə müəllif tərəfindən yazılmış ətraflı fehresti xüsusi olaraq vurğulamaqla yanaşı onun əsas məziyyətlərindən biri kimi hər bir şairdən gətirdiyi misalların beyt hesabı sayının belə göstərilməsini nadir hadisə hesab edir (5, 485) .
Əbu Talib xan Təbrizi istifadə etdiyi mənbələr sırasında böyük Azərbaycan təzkirəçisi Əliqulu xan Valeh Dağıstaninin «Riyaz əş-şüəra» təzkirəsinə tənqidi yanaşmaqla bərabər yeri gəldikcə ondan bol-bol da yararlanmışdır. Əbu Talib xanın bu təzkirəni tərtib edərkən struktur baxımından da “Riyaz əş-şüəra” təzkirəsini özünə nümunə götürdüyü təzkirəşünaslar tərəfindən qəbul olunan bir faktdır.
Əhməd Gülçin Məaninin bu təzkirə haqqında bəzi mənfi və demək olar ki, subyektiv fikirləri ilə razılaşmayan Əziz Dövlətabadi «Soxənvərani-Azərbaycan» əsərində bu ədəbiyyatşünaslıq mənbəyinə haqlı olaraq yüksək qiymət verir. (2. 513)
Əsərdə təqdim olunan Ənisi Şamlu, Əvhədi Marağayi, Qızılbaşxan Ümid, Bədi Təbrizi, Məhsəti, Qasım bəy Haləti, Həsən xan Samlu, Xaqani, Şərif Təbrizi, Şani Təkəlu, Saib Təbrizi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Füzuli, Nizami, Qətran və başqa adlar bu təzkirənin Azərbaycan ədəbiyyatşünaslığı üçün yüksək dəyərindən xəbər verir.
«Xülasətül-əfkar» təzkirəsinin dünya əlyazma xəzinələrində mühafizə olunan bir çox əlyazma nüsxələrinin sonunda müəllifin əxlaq, musiqi, əruz və qafiyə, və hətta, tibb elmi haqqında kiçik risalələri və h.q. 1208/m.1794-cü ildə yazdığı «Lübbüs-siyər və cəhannüma» adlı əsəri də təqdim olunur. (Əlavə olaraq bax: 8,463-465) Tarix və coğrafiyadan bəhs edən və dörd babdan ibarət olan bu axırıncı əsərin üçüncü babında qədim dövr yunan filosları ilə bərabər müsəlman alim, fazil və şairləri haqqında da məlumat verilir. Mənbələrin verdiyi məlumatlara görə 103 səhifə həcmində olan bu əsərin müstəqil əlyazma nüsxələri də mövcuddur (5, 481).
Əbu Talib xan Təbriziyə dünya şöhrəti gətirmiş əsəri onun üç cilddən ibarət olan səyahətnaməsidir. «Məsiri-Talibi fi biladi-ifrənci» adlanan bu əsəri Əziz Dövlətabadi son bir neçə əsrin ən yaxşı səyahətnamələrindən biri adlandırır, (2, 514). Şirin və oxunaqlı bir dildə yazılmış bu əsərdə müəllifin Avropaya olan beş illik səfərinin (h.q. 1213-1218 / m. 1799-1804) təəssüratları öz əksini tapmışdır. Əbu Talib xanın səfər zamanı olduğu ölkələr və şəhərlər siyahısına nəzər salsaq bu səfəri dünya səyahəti də adlandırmaq olar. Kəlküttə-Keyptaun (Cənubi Afrika) – İrlandiya – Uels – London – Fransa – İtaliya – Malta adası – İzmir – İstanbul – Bağdad – Bəsrə - Bombey – Kəlküttə marşrutu ilə həyata keçmiş bu səfərdə müəllifin qələmə aldığı təəssüratlar bu ölkələrdə yaşayan xalqların həyat tərzi, adət və ənənələri, şəhərlərdə olan memarlıq abidələri, kitabxanalar, teatr və konsert salonlarının, zavod və fabriklərin təsviri əsərin tarixi əhəmiyyətindən xəbər verir. Bu əsər yazıldığı dildəki nəşrindən iki il əvvəl əlyazma əsasında Çarlz Stüart tərəfindən 1810-cu ildə ingilis dilinə tərcümə olunaraq Londonda iki cilddə nəşr olunmuşdur. Eyni tərcümə yeni əlavələrlə birlikdə 1814-cü ildə təkrar çap olunmuşdur. Əsərin farsca orijinal nəşri müəllifin oğlu Mirzə Həsənəli və Mir Qüdrətəli adlı başqa bir şəxsin redaktəsi ilə 1812-ci ildə Kəlküttədə işıq üzü görmüşdür. Əsər h.ş. 1352-ci ildə Tehranda nəşr edilmişdir. Əziz Dövlətabadi bu nəşri qüsurlu və qeyri-qənaətbəxş hesab edir (2, 515). Əsərin başqa Avropa dillərinə və urdu dilinə olan tərcümə və nəşrləri də mövcuddur (2, 515; 5, 481).
Əlu Talib xan Təbrizi-İsfəhaninin adına məhz Avropa və London səfərindən sonra Ləndəni-Londonlu nisbəsi də əlavə olunmuşdur.
Əbu Talib xan Təbrizinin qələmindən çıxmış aşağıdakı əsərlər də mövcuddur:
- «Təfzih əl-qafelin» - h.q. 1211-ci ildə kapitan Riçardsonun sifarişi ilə Asəf əd-dövlə əsrinin (m. 1775-1797) tarixinə aid yazılmış əsərdir. Orijinal mətni günümüzə çatmayan bu əsərin ingilis dilinə olan tərcüməsi 1885 ildə Allahabadda çap olunmuşdur.
-«Merac ət-touhid»-nücum elmi haqqında şeirlə yazılmış risalədir. Müqəddiməsi nəsrlə olan bu əsər h.q. 1219/m. 1804-cü ildə yazılmış və sonuncu Səfəvi şahzadəsi Əbülfəth Soltan Məhəmməd Səfəviyə ithaf-hədiyyə edilmişdir. Bu Səfəvi şahzadəsi həm də təzkirə müəllifidir. (Ətraflı məlumat üçün bax: 1, 160-168). Əlu Talib xan Təbrizi həm də klassik şeir növlərinin demək olar ki, hamısını əhatə edən divan sahibidir və bu toplunun əlyazması Britaniya muzeyində mövcuddur (2, 514; 8, 464).
Əlu Talib xan Təbrizinin bəzi şeirləri Q.Svintonun İngilis dilinə tərcüməsi ilə birlikdə 1807-ci ildə Londonda nəşr edilmişdir. Onun, Londonun vəsfinə həsr etdiyi «Şürurəfza» adlı məsnəvisi də əlyazma şəklində mövcuddur. Bu əsərin Edinburq kitabxanasında saxlanan əlyazmasında Əlu Talib xan Təbrizinin portreti də mövcuddur (2, 514; 8, 464).
Mənbələr Əbu Talib xan Təbrizinin bir mətnşünas-tədqiqatçı kimi də fəaliyyətindən xəbər verir. Belə ki, o Hafiz divanının 12 nüsxə əsasında mətnini bərpa etmiş və bu mətn h.q. 1206-cı ildə 1200 tirajla çap olunmuşdur. Əziz Dövlətəbadinin fikrincə, bu çap Hafiz divanının ilk və ya birinci çaplarından biridir (2,513).
Əbu Talib xan Təbrizi əsərlərinin, onun haqqında yazılmış mənbələrin (əlavə olaraq bax: 9) əldə edilib tərcümə və tədqiq edilməsi bu Azərbaycan türkünün Azərbaycan türklərinə tanıdılması qarşıda duran şərəfli vəzifələrdən biridir.
ƏDƏBİYYAT:
-
Məhəmmədəli Tərbiyət. Daneşməndane – Azərbaycan. Be kuşese – Qolam Reza Təbatəbai Məcd. Tehran, 1377.
-
Əziz Dövlətabadi. Soxənvərane-Azərbaycan. c.I, Təbriz, 1377.
-
Əhməd Qolçin Məani. Tarixe –təzkirehaye-farsi. c. I, Theran, 1348.
-
Əhməd Qolçin Məani. Tarixe-təzkirehaye-farsi. c. II, Theran, 1350.
-
Doktor Seyyid Əli Rza Nəqəvi. Təzkirenevisiye-farsi dər Hendo Pakestan. Tehran, 1964.
-
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan (Tərcümə edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987.
-
V.Musali. Azərbaycan təzkirəçilik tarixi. Bakı, 2012.
-
Ç.A.Stori. Persidskaya literatura v trex çastyax. Moskva, 1972.
-
Məcdəddin Keyvani. Əbu Talib xan. Daerətol-məarefe-bozorge-eslami. Ketabxaneye-dicital. www.Cgie.org.ir
Sevər Cabbarlı
(Əlyazmalar İnstitutu)
Bİr daha İsgəndər bəy Rüstəmbəyov haqqında
XIX əsr Qarabağ ədəbi mühitinin yetirdiyi istedadlı şəxsiyyətlərdən biri də İsgəndər bəy Rüstəmbəyovdur. O, xalq arasında həm şair, həm də vətəninin, xalqının qeyrətini çəkən təəssübkeş ziyalı kimi tanınmışdır. Şairin həyat və yaradıcılığı haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Lakin həm onun tərtib etdiyi və hal-hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində saxlanılan cüngdən (B-236), həm də müasirlərinin onun haqqında verdikləri məlumatdan şairin həyat və yaradıcılığı haqqında müəyyən qədər məlumat əldə etmək mümkündür. Bu materiallar əsasında onun 1845-ci ildə Şuşa şəhərində anadan olması və ilk təhsilini orada alaraq fars və rus dillərini də mükəmməl öyrənməsi məlum olur. Rus dilini mükəmməl bilməsi onun dövlət idarələrində çalışması üçün zəmin yaratmışdır. O, dövlət idarələrində çalışarkən ruslar və qeyri millətlərlə təmasda olmuş, onların əsl məramını başa düşərək xalqını, millətini bu yadellilərin (rus və ermənilərin) mənfur niyyətindən xəbardar etmək üçün tez-tez Şuşa və Ağdam camaatının qarşısında çıxışlar etmişdir. O, vətənin ən ağır günlərində, xüsusilə mənfur ermənilərin 1905-ci ildə törətdikləri faciələr zamanı özünün tədbirli, düşündürücü çıxışları ilə xalqı birliyə çağıraraq onları təfriqəçiliyə, didişmə və çəkişmələrə son qoyub bir araya gəlməyə, birləşməyə çağırmışdı. Bu münasibətlə onun 25 iyul 1905-ci ildə yazdığı çıxışı olduqca maraqlıdır. Şair çıxışının mətnindən öncə farsca qələmə aldığı izahatında yazırdı: “Bu qəmli ildə bir neçə vətən əhli belə məsləhət gördülər ki, cümə günləri toplaşıb əziz vaxtımızı keçmişdə olduğu kimi cəfəngiyata deyil əhli-vətənin rifahına sərf edək”. Qeydlərdən göründüyü kimi xalqın, millətin ağır günündə onun qeydinə qalan, qeyrətli ziyalılarımız vəziyyətdən çıxış yolunu birləşməkdə görür və belə anlarda onlar özləri də bir araya gəlməyi bacarırdılar. İsgəndər bəy daha sonra yazır ki, milləti yüz illərdir ki, düçar olduğu qəflət yuxusu, arsızlıq və bədbəxtlikdən xilas etmək üçün hər birimiz istər adi çıxışımızla, istərsə də məktubla, nəsrlə, yaxud nəzmlə iki-üç həftə çıxış etdik. Əfsuslar olsun ki, bizim zəhmətimiz hədər getdi. Bunun səbəbi o idi ki, artıq bizim millətlə erməni arasında ədavət alovu şölələnməyə başlamışdı, bir-birimizi qətlü qarət etməkdə idik”.
İsgəndər bəy xalqı üzləşdiyi bu ağır faciədən xilas etmə yolunu yalnız birlikdə görürdü. Ona görə də bu məramına nail olmaq üçün bütün vasitələrə əl atır, həmvətənlərinin şüurunda inqilab yaratmaq üçün əlindən gələni edirdi. O, çıxışının girişində deyirdi: “Belə ki, keçən cümə günü müsəlman qardaşlarımızdan bir nəfər öz nitqində şərh eylədi ki, üç şey (filan) tayfanın irəli getməsinə baisdir. Nəhayət, ittifaq sözü demədi və hal anki, elm, qüvvət və dövlət bir yerdə cəm olsa da ittifaqsız heç bir fayda verməz, necə ki, bu mətləb bizim şəhərdə mükərrər imtahan ilə sübuta yetibdir. Belə ki, bizim vətəndə həman üç şey olubdur. Nəhayət, yüz ildən artıqdır ittifaq olmuyubdur və ittifaq olmamaq cəhətinə belə pərişan və sərgərdan günlərə qalmışıq”.
Şair daha sonra millətimiz arasında baş alıb gedən nifaq və çəkişmələrin əsl səbəbini şərh edir və mənfur qonşularımızın tərəqqi etmə səbəblərini də onların nəzərinə çatdırır: “Hər vəqt üləma və nücəbayi- əhli-şəhər və dihatilərimiz tərəf-tərəf olub bihudə və biməni sitizəlik etmək ilə gözəl vətəni bu hala salmışıq. Qonşularımız bu az müddətdə ittifaq etmək ilə bu qədər tərəqqi etdilər. Əvvəl bizə lazım olan odur ki, içimizdə olan qədim, ya tazə eyblərimizin yüzdən birini zikr edib onların çarəsinin fikrində olaq. Bu gün mən kifayət edirəm, ancaq ittifaq və nifaq sözünü deməyə, danışmağa...Ancaq ittifaq sözünü danışmaq ilə özümü məcbur gördüm. Çünki bu mətləbi mən islamın ümdə qüvvəti və əsası hesab edirəm. Bizim içimizdə nifaq düşdükdən əvvəl ixtilaf üləma arasında oldu, ondan sonra nücəba və əsnaf arasında bu iş o qədər şiddət etdi ki, hətta bizim əsrimizdə iki nəfər müsəlman yoxdur ki, bir-birinin şadlığına şad və qəmginliyinə qəmgin olsun...Bu viran olmuş vilayəti – İrana yavuq olmaq səbəbinə görə ilbəil şiddət edib İran kimi viran olmağa yavuqdur”.
İsgəndər bəy qeyrətli siyasət adamı olmaqla yanaşı, həm də yeniliyə meyl göstərən maarifçi idi. O, istər müxtəlif məclislərdə etdiyi çıxışlarında, istərsə də yazdığı şeirlərində xalqı maarifə, elm öyrənməyə, savadlanmağa dəvət etmişdir. Bu xüsusiyyətinə görə İsgəndər bəy ədəbi ictimaiyyətdə böyük nüfuz qazanmışdır. Təsadüfi deyildir ki, Məhəmməd ağa Müctəhidzadə özünün “Riyazül-aşiqin” əsərini onun məsləhəti və xeyir-duası ilə yazmışdır. “Riyazül-aşiqin”in girişində oxuyuruq: “...hicrətin min üç yüz iyirmi beşində bir gün cənabi-sərkar İsgəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və darayi-zəkvat və mərifət idi və iqlimi-daniş və siyasətdə vaqiən İsgəndəri-zaman və zülmati-Qarabağ içrə əbaən ciddun çün abi-həyat mənbəyi, cudi-ehsan idilər, huzuruna müşərrəf olub ayineyi-qəlbimdə müsəvvər olan müddəamı nişan verib və şəraiti-bəndəliyi yerinə yetirdim. Müəzziməleyh isə zəbani-gühərnisar ilə buyurdular ki, gərək bu tüxnü yadigar mə məzrəeyi-ruzigaridə əkmək ki, əbnayi-vətən ondan nəfbərdar olsunlar və mütaliəsindən fayidə təhsil edənlər, müəllifinə rəhmət oxusunlar. Və bir məcmuə yazılmaq gərəkdir ki, hər səhifəsi qeyrəti-arizi-hur və hər sətri rəşki-zülfi-qılmani-behişt biqüsur ola...”
Ədəbiyyata böyük maraq göstərən İsgəndər bəy XIX əsrdə Qarabağda fəaliyyət göstərən ilk ədəbi məclis – “Məclisi-üns”ün fəal üzvlərindən olmuşdur. Məclisin əsas təşkilatçısı və rəhbəri Xuşid banu Natəvan İsgəndər bəyə ehtiramla yanaşmışdır. O, Natəvanın böyük oğlu “Vəfa” təxəllüsü ilə şeir yazan Mehdiqulu xanla yaxın dostluq əlaqəsində olduğu üçün Xan qızı ailəsinin yaxın simsarlarından hesab olunurdu. İsgəndər bəy tərtib etdiyi cüngdə Xurşid banunun oğlu Mehdiqulu xanla münasibətləri pozulan zaman yazdığı “Ölürəm” rədifli qəzəli ilə bağlı bir epizodda göstərir ki, Natəvanın bu qəzəlinə cavab olaraq Mirzə Rəhim Fəna, Mirzə Sadıq Piran “Ölmə” rədifli qəzəl yazmışlar. Lakin “Xurşidbanu bəyim hər gün mənə təkid edirdi və gecə-gündüz nökər göndərib and verirdi ki, gərək filankəs də bu barədə qəzəl desin. ...Axırda bu bir neçə fərdi deyib göndərdim.
İsgəndər bəyin Xurşidbanuya yazdığı on beş beytdən ibarət cavab şeirindən onun ailəyə son dərəcə yaxın olduğu və şairin Natəvana sonsuz məhəbbət bəslədiyi aydın hiss olunur. Təsadüfi deyildir ki, İsgədər bəy tərtib etdiyi cüngdə (B-236) ən çox Mehdiqulu xan Vəfanın şeirlərinə yer vermişdir. Bu əlamət də onların yaxınlığını təsdiq edən faktlardan biridir.
İsgəndər bəyin çoxlu sayda şair dostları olmuşdur. Bunlardan biri də Qasım bəy Zakirin yaxın dostu Məhəmməd bəy Aşiqin oğlu Əbdüssəməd bəy Aşiq idi. Əbdüssəməd bəy demək olar ki, İsgəndər bəyin təşkil etdiyi əksər müşairələrdə iştirak etmişdir. Onu da qeyd edirik ki, İsgəndər bəyin tərtib etdiyi bu cüngdə çoxlu sayda eyni rədif və qafiyəli nəzirə-müşairələr vardır.
Nümunə üçün qeyd edək ki, vərəq 60a-da Agəh – Aşiq-İsgəndər bəy (farsca), vər. 61a-da Şəhid-İsgəndər bəy (farsca), vər 62a-da Asi-İsgəndər bəy, vər. 69a-da Asi-Növrəs-Əbdüssəməd bəy – Mirzə Sadıq-Məmo bəy (farsca), səh. 70a-da Rəfiq-laədri-Məqribi-Asi-İsgəndər-Aşiq-Növrəs-Məşədi Mirzə Sadıq (farsca), vər.72a-da Nişat-Asi-Növrəs-Mirzə Sadıq-Aşiq-İsgəndər bəy və s. eyni rədif və qafiyə ilə şeirlər yazmışlar. İlk baxışdan bu şeirlər nəzirə təəssüratı yaratsa da, bunların əksəriyyəti özlüyündə müstəqil qəzəllərdir. Maraqlıdır ki, birinci yazılan qəzəllərdə qoyulan tələblərə digər qəzəllərdə də ciddi şəkildə riayət olunurdu. Şairlər bununla sanki bir-birini imtahana çəkir, öz güclərini nümuayiş etdirməyə çalışırdılar. Nümunə üçün qeyd edək ki, İsgəndər bəyin yazdığı:
Bəni salmış xətayə bir xəta kanı qara gözlər,
Degil imən füsunü hiylədən anı, qara gözlər.
-məhəlli beş beytdən ibarət qəzəlinə Aşiq, Asi, Əbdüssəməd bəy, Növrəs, Mirzə Sadıq hərəsi ayrı-ayrılıqda elə həmin həcmdə - beş beytdən ibarət müstəqil bənzətmə yazmışlar.
Aşiq öz qəzəlini:
Alıb bir kəc nigahilə bu gün canı qara gözlər,
Dili-məcruhə urmuş qəmzə peykanı qara gözlər.
-mətləsi ilə; Asi:
Edər shr ilə daim bu xəta kanı qara gözlər
Könül şəhrini yəğma türki-türkanı qara gözlər.
-mətləsi ilə; Əbdüssəməd bəy:
Salıb məkrə dili-məhzunü heyranı qara gözlər,
Nədir ol binəvanın səhvü nisanı, qara gözlər?
-mətləsi ilə; Növrəs:
Edən dəmdə bəna nəzzarə pünhanı qara gözlər,
Verir bərbadə onda dinü imanı qara gözlər.
-mətləsi ilə; Mirzə Sadıq:
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,
Salıbdir mərdüm içrə gör nə qovğanı qara gözlər.
-mətləsi ilə yazmışlar. Bu da maraqlıdır ki, sonda İsgəndər bəyi “Qara gözlər” rədifini saxlayaraq yeni qafiyə ilə dediyi beytə uyğun bu şairlərin hər biri bir beyt demişlər ki, nəticədə mükəmməl qəzəl alınmışdır:
İsgəndər bəy:
Nə müddətdir salıb gözdən bəni yaği qara gözlər,
Yəqin olmuş genə xunilər ortağı qara gözlər.
Əbdüssəməd bəy:
Müjən oxunu sinəmə hökm et, səni tarı, elə ursun,
Sağalmuyub həşrədək qalsın yeri baqi, qara gözlər.
Növrəs:
Tərəhhüm qıl, unut nurxaneyi-mərdüm xərab eylər,
Qaragöz ahutək ki, valeh baxmagi qara gözlər.
Aşiq:
İçib əhli-nəzər hər dəm məhəbbət badəsin andan
Xərab etmiş cahanı ta olub saqi qara gözlər.
Səvadın hər tərəf nuri-bəsər üzrə mühit olmuş,
Anın üçin seçməzəm bən qəradən aği, qara gözlər.
Görkəmli alim mərhum Nəsrəddin Qarayev bu kimi şeirlərə münasibət bildirərək yazırdı: “Ədəbiyyatşünaslıqda çox vaxt eyni rədifli qəzəllərin hamısına nəzirə kimi baxılır. Lakin XIX əsrdə yazılan bir neçə eyni qafiyəli qəzəllərin yaranma səbəbilə tanış olduqdan sonra biz belə qənaətə gəlirik ki, bu cür qəzəlləri ucdantutma nəzirə hesab etmək düzgün deyildir”.
Onu da qeyd edək ki, bu kimi şeir yaradıcılığı bəzən genişlənərək daha böyük arealda vüsət tapırdı ki, bu da XIX əsr məclis şairlərinə məxsus xarakterik xüsusiyyətlərdən biri idi.
Nailə Mustafayeva
(Əlyazmalar İnstitutu)
Ə.MÜZNİBİN X.NATƏVANA
HƏSR ETDİYİ KİTAB
Məhsəti Gəncəvi, Heyran xanım Dünbüli, Aşıq Pəri ilə bərabər Xurşudbanu Natəvan (1832-1897) da Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olmuş qadın şairlərimizdəndir. Camaat arasında Xan qızı adı ilə tanınan Natəvan xeyirxahlığı, xeyriyyəçiliyi,əliaçıqlığı, yoxsullara kömək etməsi, incə, lirik şeirləri, yaşadığı Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdı.Onun çoxtərəfli istedadı, şairliklə bərabər gözəl rəsmlər çəkməsi, musiqini, muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirilmişdir. Şairənin yaradıcılığı həmişə diqqət mərkəzində olmuş, onun əsərləri 1928, 1938, 1956, 1981, 1984 və 2004, 2012-ci illərdə çap edilmiş, ədəbi irsinin tədqiqinə dair kitablar işıq üzü görmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında” 3aprel 2012-ci il tarixli sərəncam imzaladıqdan sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu gözəl şair və ictimai xadimin həyat və yaradıcılığına dair araşdırmalar intensivləşmiş, bir neçə yeni material üzə çıxarılaraq çap edilmişdir. Bunlardan Natəvanın başçılıq etdiyi “Məclisi-üns”ün katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirəsində məclisin yaranması, keçirilməsi, üzvləri, digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar vardır. Əlyazmalar İnstitutunda, Zülfüqar Hacıbəylinin arxivində saxlanan bəstəkarın qardaşı Üzeyir bəy Hacıbəyli ilə 1896-cı ildə Qori müəllimlər seminariyasında oxumağa gedərkən Natəvanla görüşüb ondan xeyir-dua almaları barədə kiçik xatirə vardır. Zülfiqar bəyin bu barədə qeydlərini Üzeyir bəy də öz imzası ilə təsdiqləmişdir. Cəlil Məmmmədquluzadənin Əlyazmalar İnstitutundakı arxivində Xurşidbanunun qız nəvəsi Əkbər xan Naxçıvanskinin nənəsi barədə xatirələri saxlanılır. Bu xatirələrdə şairin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilində, musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söylənmişdir ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində “Məclisi-üns”ün yığıncaqlarının keçirilməsinə dair müəyyən məlumalar vardır. Bütün bu materiallar, şairənin şeirləri və Əlyazmalar İnstitutunda saxlanan “Gül dəftəri” adlı albomundaki rəsmlərinin reproduksiyaları ilə birlikdə 2012-ci ildə “Təhsil” nəşriyyatında nəfis şəkildə çap edilmiş “Neçin gəlməz” kitabına daxil edilmişdir (Tərtib edəni Mustafa Çəmənli, elmi redaktoru və ön sözün müəllifi Paşa Kərimovdur).
Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın həyat və yaradıcılığına dair materialların axtarışı prosesi davam etməkdədir. Bir nüsxəsi İnstitutuda saxlanan, 1928-ci ildə Azərnəşrdə çap edilən “Natəvan Xurşidbanu” kitabı bəzi cəhətlərinə görə diqqətimizi cəlb edir. 82 səhifədən ibarət kitabın redaktoru və ön söz müəllifi Hənəfi Zeynallıdır. Buraya şairin həyat və yaradıcılığı barədə ümumu məlumat, onun 38 şeiri (nədənsə 37 nömrəli şeirdən şonra 51-ci gəlir), Natəvana həsr edilmiş şeirlər, qəzəllərinə yazılmış nəzirələr daxildir. Vaxtı ilə natəvanşünaslığa dəyərli töhvə olmuş, bu mövzuda yazılmış sonrakı tədqiqatlarda nəzərə alınan kitabın tərtibçisi qeyd edilməmişdir. Kitabın Əlyazmalar İnstitutunda saxlanan ikinci nəşrinin əlyazması aşkar edilməsəydi, əsərin tərtibçiısini tapmaq mümkün olmayacaqdı. İnstitutda C-218 şifri altında mühafizə edilən əlyazma “Natəvan Xurşidbanu” kitabının --çap edilməmiş ikinci nəşrinin əlyazmasıdır. 218 səhifəlik bu məcmuədə toplanan materiallar, Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr --barədə məlumatlar həcmcə birinci nəşrdən əhəmiyyətli dərəcədə çoxdur. Toplu, ümumiyyətlə, XIX əsr ədəbiyyat tariximizin öyrənilməsi baxımından böyük maraq doğurur. Buradakı “And verirəm” və “Zeynəb” rədifli iki şeirə-növhəyə Xurşidbanunun çap edilmiş şeir kitablarında rast gəlmirik. Natəvanın muasirlərinə ədəbi təsirini sübut edən əsərlərinə müxtəlif ədəbi məclis üzvləri tərəfindən yazılan nəzirələr barədə geniş məlumat da böyük maraq doğurur. Bütün bu toplanan materiallar, müəllifin tədqiqat xarakterli qeydləri topluya həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir. Qeyd etmək istədik ki, əlyazmanın xəttinin görkəmli ədəbiyyatşünas Əliabbas Müznibə (1883-1938) məxsus olduğunu müəyyən etdik. Tədqiqatçının 193-cü səhifədə adını öz əli ilə yazdığını gördükdən sonra artıq heç bir şübhə yerimiz qalmadı. Əvvəlcə kitabı bu yerdə tamamlamaq qərarına gəlmiş Ə.Müznib tarix də qoymuşdur: 1934-cü ilin mayı. Lakin sonradan o, tədqiqatını davam etdirmiş, “Natavənın həcv edilməsi və həcvin təsiri” adlı hissə də əlavə etmişdir. Əlyazmanı diqqətlə nəzərdən keçirdikdə görürük ki, bəzi səhifələr düşmüşdür. Onu da qeyd etmək istərdik ki, əlyazmaşünas alim Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” adlı monoqrafiyasını nəzərdən keçirərkən onun da əsəri Ə. Müznibə aid etdiyini görürük.
Əsərdə XIX əsrdə Şuşada, ümumiyyətlə, Azərbaycanda cərəyan edən ədəbi həyat barədə çox maraqlı məlumatlar toplanmışdır. Görürük ki, ədəbi məclis şairlərinin xalqın gündəlik həyatından uzaqlaşaraq klassik ənənəni təqlidlə məşğul olduqları fikri həqiqətə uyğun deyil. Kitabda Məmo bəy Məmainin çar Rusiyasının işğalçılıq siyasətinə, Qarabağın erməniləşdirilməsinə qarşı yazdığı, vətəndaşları ayılmağa çağıran bu beyti çox şeydən xəbər verir:
Bir yanda vətən təhlükəsi canımı almış,
Bir fəhm edənim, anlayanım, dərk edənim yox.
Beləliklə, görkəmli tədqiqatçı və şair, Stalin repressiyalarının qurbanlarından biri Əliabbas Müznibin son dövrlərdə üzə çıxarılaraq oxucuların ixtiyarına verilmiş əsərlərinin sırasına “Natəvan Xurşidbanu” kitabı da əlavə olunur. Bəs nə üçün kitabın 1928-ci ildə çapdan çıxmış ilk variantında müəllifin adı göstərilməmiş, əsəringenişləndirilmiş, təkmilləşdirilmiş variantı sonralar işıq üzü görməmişdir? Bu suallara hələlik cavab vermək imkanına malik deyilik.
Dostları ilə paylaş: |