ədəbİyyat:
-
“Şeyx Səfi” təzkirəsi (Tərtibçilər: M.Nağısoylu, S.Cabbarlı, R.Şeyxzamanlı). Bakı: Nurlan, 2006
-
Göyüşov N. Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001
-
اردبیلی، ابن بزاز. صفوت الصفا. مقدمه و تصحیح غلامرضا طباطبائی مجد. تبریز، ۱۳۷۳.
-
اردبیلی، شیخ صفی الدین. قارا مجموعه. تدوین: دکتر ح.م.صدیق. تهران، ۱۳۷۹ (چاپ اول)؛ تبریز: اختر، ١٣٨٧ (چاپ دوم).
-
دیوان شیخ فریدالدین عطار نیشابوری. بدیع الزمان فروزانفر. تهران: نشر نخستین، ۱۳۷۶.
Nailə Səmədova
(Əlyazmalar İnstitutu)
Məmmədəlİ Sİdqİ və “Molla Nəsrəddİn” məcmuəsİ
Maarifpərvər müəllim və mühərrir Məmmədəli Sidqi XX yüzilin tanınmış ziyalılarındandır. O, görkəmli maarifçi və pedaqoq Məmmədtağı Sidqinin ailəsində 1888-ci ildə Ordubadda dünyaya göz açmışdır. Dövrün görkəmli və ziyalı adamları Kərbəlayi Nəsrulla Şeyxov, Mirzə Nəsrulla Əmirov, Məşədi Qurbanəli Şərifov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Məmmədtağı Sidqinin ən yaxın dostları idi. Məmmədəli Sidqi o illəri belə xatırlayır: “Atamın yaxın dostları, Naxçıvanın ziyalıları çox gecələr atamın ikinci mərtəbədə olan otağına yığışıb çox vaxt səhərə yaxın dağılışardı. Atam çox şirinsöhbət olduğuna görə bizə yığışmaqdan əlavə hər gecə atamı dəxi onlar öz evlərinə dəvət edərlərdi” (7). Belə bir mühitdə böyüyən Məmmədəli Sidqidə hələ uşaq vaxtlarından ədəbiyyata həvəs və məhəbbət olmuşdur. O, ilk təhsilini Naxçıvanda atası Məmmədtağı Sidqinin təşəbbüsü ilə açılmış “Məktəbi-tərbiyə”də almışdır. Sonra təhsilini Naxçıvan şəhər rus-tatar məktəbində davam etdirmişdir. Hüseyn Cavid, Əliqulu Qəmküsar, İbrahim Əbilov, Əli Səbri Sidqinin məktəb yoldaşları olmuşlar. 1906-cı ildə məktəbi bitirdikdən sonra Məmmədəli Sidqi əvvəlcə “Məktəbi-tərbiyə”də, daha sonra Naxçıvan kəndlərində müəllimlik etmişdir. Onun “Açıq söz”, “Bəsirət”, “İttifaqi-tərəqqi”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Bakı”, “Kaspi”, “Azərbaycan”, “Vətən yolunda”, “Sumqayıt işçisi”, “Molla Nəsrəddin”, “Babayi-əmir”, “Zənbur” və sair qəzet və məcmuələrdə “Qəmiş”, “Şeypur”, “Mozalan” kimi imzalarla yazıları dərc olunmuşdur.
“Molla Nəsrəddin” nəşr olunduğu ildən Məmmədəli Sidqinin Əliqulu Qəmküsar ilə birlikdə Naxçıvandan göndərdikləri yazılar jurnalda dərc olunurdu. Buna görə də hər ikisi nəzarət altına alınmışdı. Məmmədəli Sidqi xatirələrində yazır: “1906 və 1907-ci illərdə Tiflisdən aldığımız və Boqoslavskinin yazdığı intibahnamələri çap edib çoxaltmaq istədik. Boqoslavski bizim evdə jelatindən teleqraf düzəltmişdi. Gecələr çap etdiyimiz intibahnamələri Boqoslavski şəhərin divarlarına yapışdırırdı. 1907-ci ilin əvvəllərində mənim evim polislər tərəfindən mühasirəyə alınaraq axtarış edildi və heç bir şey tapılmadığına görə mənə toxunan olmadı. Lakin Boqoslovski, onun bir nəfər gürcü yoldaşı və iki nəfət naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məni isə Naxçıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər... İrəvan quberniyasının direktoru məşhur missioner F.A.Smirnov ... evin axtarılmasını əldə bəhanə edərək məni sədaqətsiz müəllim adlandırmaqla 1910-cu il iyun ayının birindən vəzifədən kənar etdi” (5).
Məhz belə bir vaxtda, 1910-cu il iyun ayının 9-da Cəlil Məmmədquluzadə Tiflisdən Məmmədəli Sidqiyə məktub göndərir: “Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz... Tez gəliniz Tiflisə və bunu da biliniz ki, burada, bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmazsınız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə yenə idarədə qalasınız. Bunu da biliniz ki, burada bizim uşaqlara dərs verə bilərsiniz. Bura gələndən sonra hər bir şey müəyyən olar. Amma güman edirəm ki, “Molla Nəsrəddin” işlərində mənə yaxşı köməkçi ola biləsiniz. Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm” (6).
Hələ 1910-cu il may ayının 15-də Mirzə Cəlil Məmmədəli Sidqiyə yazmışdi: “Qələm yoldaşım Məmmədəli Sidqiyə! Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən. “Molla Nəsrəddin” məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə” (1, s.303).
Şübhəsiz, Cəlil Məmmədquluzadə bir tərəfdən Məmmədəli Sidqinin onu layiqincə əvəz edəcəyinə inanır, digər tərəfdən sədaqətli dostu Məmmədtağı Sidqinin ölümündən sonra ailənin ehtiyac içində yaşamasından bixəbər deyildi. Vaxtilə Cəlil Məmmədquluzadə Nehrəm kəndində müəllimlik etdiyi zaman hər həftə kənddən Naxçıvana gəldikdə “Məktəbi-tərbiyə”də Məmmədtağı Sidqinin görüşünə gələrdi. Məmmədəli Sidqi “Molla Nəsrəddin” jurnalının əlli illiyi münasibətilə qələmə aldığı xatiratda atası ilə Mirzə Cəlilin dostluğundan bəhs etmişdir: “Cümə günlərini atamı evlərinə qonaq aparıb bütün gün onunla söhbət edərdi və yazmağa başladığı əsərlərini ona oxuyardı. Məmmədtağı Sidqi rus dilini bilmədiyinə görə rus ədəbiyyatından istifadə edə bilmırdi. Lakin onun yaxın dostları Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov bu barədə ona çox kömək etmişlər. Cəlil Məmmədquluzadə İrəvanda yazdığı “Poçt qutusu” əsərini atama göndərmişdi” (5).
Beləliklə, 1910-cu il iyunun ortalarında Məmmədəli Sidqi Tiflisə gəlir. Bu onun Tiflisə üçüncü gəlişi idi. Bundan əvvəl o, Naxçıvandan Tiflisə məhz Mirzə Cəlil ilə görüşmək üçün gəlmişdi. Böyük ədib ilə görüşündən aldığı təəssüratlarını Məmmədəli Sidqi belə xatırlayır: “Cəlil Məmmədquluzadə tək qalıb çox yorğun olduğundan şikayət etdi və istirahət üçün kəndə getməyə tələsdiyini bildirdi. Ümumiyyətlə, redaksiya, mətbəə və litoqrafiya işlərindən xəbərdar olmadığıma görə Cəlil Məmmədquluzadə üç gün müddətində məni bütün bu işlərə bələd etdi və ilk zamanlarda mənə kömək üçün o zaman Tiflisdə “Molla Nəsrəddin” jurnalında yaxından iştirak edən Həbib Zeynalov ilə məni tanış etdi” (6).
Məmmədəli Sidqi jurnalın şəkillərini Həbib Zeynalov ilə birlikdə tərtib edir, yazıları oxuyub təshih edirdilər. Xərcin çox çıxmaması üçün iki nömrənin şəkli bir yerdə daşla çap olunurdu. Bir nömrə abunəçilərə göndərilirdi və satışa buraxılırdı, o biri nömrə isə hazır şəkillərlə gələn həftəyə qalırdı. Sonralar məcmuənin dərc olunmasında bütün ağırlıq Sidqinin üzərinə düşmüşdü. O, xatirələrində bununla əlaqədar bildirirdi: “Redaksiyada məndən başqa işçi yox idi. Şəkilləri rəssamlara sifariş vermək, jurnala material hazırlamaq, litoqrafiyada və mətbəədə jurnalın yazılarını təshih etmək, jurnal çap olunduqdan sonra hamısını büküb üstünə adres və marka yapışdırmaq və poçta salmaq kimi vəzifələr mənim öhdəmdə idi” (6).
Məmmədhəsən Səfərov atası Məmmədəli Sidqinin tərcümeyi-halını qələmə alaraq ömür yolunun hər bir məqamını canlandırmağa çalışmış və “Molla Nəsrəddin” məcmuəsində fəaliyyətindən bəhs etmişdir: “Ələlxüsüs yay aylarında Ömər Faiq də Azxura getdiyi üçün Məmmədəli jurnalı yalnız təkbaşına buraxardı. Belə ki, jurnalın hər bir işini özü görərdi. İsmayıl Həqqi ilə birlikdə 1911-ci ildə Sabir Tiflisə müalicəyə gələrkən yenə Məmmədəli idarədə tək işləyirdi və Sabir ilə ikisi bir otaqda idarədə yaşayırdılar” (4).
”Molla Nəsrəddin” jurnalının nəşr edilməsində Məmmədəli Sidqinin göstərdiyi xidmətlər danılmazdır. Mirzə Cəlil ona etibar edir və güvənirdi, jurnalın yaxşı çıxmasından razılıq edirdi. Onun Sidqiyə yazdığı məktubları bunu bir daha təsdiqləyir. Bununla belə, Məmmədəli Sidqi nəinki “Molla Nəsrəddin” məcmuəsinə redaktorluq edir, həmçinin Mirzə Cəlilin məişət məsələləri ilə əlaqədar işlərində yaxından iştirak edir, ailənin bir çox problemlərini həll edirdi. 1911-ci ildə Sidqiyə ünvanladığı məktublarının birində Mirzə Cəlil yazır: “Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə? Evdən və uşaqlardan muğayat ol. Müzəffər çox gəzməsin və səy eləsin. Münəvvərin paltarını al və nə lazım olsa, birbəbir elə. Hər nə sözün olsa, yaz. Qəzetləri göndər” (2, s.836). Başqa bir məktubunda Cəlil Məmmədquluzadə Məmmədəli Sidqiyə yenə də ən yaxın adamı kimi müraciət edir: “...Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərdə də, pis işlərdə də insafının yanında sən cavabdeh olacaqsan. Həmidə xanım da sənə çox dua göndərir və səndən çox razıdır, mən də həmçinin. Amma hər ikimiz də sənin yanında xəcalət çəkirik ki, puldan yana sənə korluq verdik...” (1, s.382). Böyük ədib Sidqini sahibi-ixtiyar adlandırır, ona məişət məsələləri ilə bağlı sifarişlərini verməklə yanaşı “nə cür ağlın kəsir, o tövr elə” deyir.
Məmmədəli Sidqi 1910-cu ilin ortalarından 1911-ci ilin sonlarınadək “Molla Nəsrəddin” jurnalının müvəqqəti redaktoru olsa da sonrakı illərdə də məcmuənin nəşrində və yayılmasında yaxından iştirak etmişdir. Məlumdur ki, “Molla Nəsrəddin” Cənubi Qafqaz şəhərlərindən başqa Orta Asiya, Türkiyə, İran, Mərkəzi Rusiyanın bir çox şəhərlərinə göndərilirdi. Bu işdə də Məmmədəli Sidqinin xidmətlərini qeyd etməmək olmaz. Cəlil Məmmədquluzadənin Sidqiyə ünvanladığı 7 mart 1912-ci il, 11 yanvar 1915-ci il, 10 fevral, 17 sentyabr 1917-ci il tarixli məktublarını nəzərdən keçirmək kifayətdir ki, deyilənlər bir daha təsdiq olunsun. Hətta 1929-cu il iyun ayının 9-da İrəvandan göndərdiyi məktubunda yazmışdı: “...Ümidvaram ki, məcmuəni adi bir qayda ilə çıxarasan ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə materialdan yana kömək elə ki, məcmuəni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın. Habelə, şəkillər biməna olmasınlar. Bu barədə Polina Afanasyevnaya da yazmışam ki, sənə desin. Əlbəttə, unutmayasan. Ümumiyyətlə, diqqət ver ki, yaramaz material çap olunmasın...” (3, s.932).
Beləliklə, böyük maarifçi - pedaqoq Məmmədtağı Sidqinin oğlu mühərrir Məmmədəli Sidqinin “Molla Nəsrəddin” məcmuəsinin nəşr olunmasında böyük xidmətləri olmuşdur. Həyatın gerçək təsvirini verən məktublar, tərcümeyi-hal və xatirələr bunu bir daha təsdiqləyir, indiyədək işıqlandırılmamış bir çox məqamlara aydınlıq gətirir.
Ədəbİyyat:
1. Məmmədquluzadə C. Əsərləri. Dörd cilddə, IV c., Bakı, Öndər nəşriyyat, 2004.
2. Məmmədquluzadə C. Əsərləri. Üç cilddə, III c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1967.
3. Məmmədquluzadə C. Felyetonlar, məqalələr, xatirələr, məktublar. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1961.
4. Səfərov M. Səfərov Məmmədəli Sidqinin tərcümeyi-halı. AMEA Əİ, f. 20, sax. vah. 152.
5. Sidqi M.Ə. Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı haqqında xatirat. AMEA Əİ, f. 20, sax. vah. 8.
6. Sidqi M.Ə. “Molla Nəsrəddin”də iştirakı haqqında xatirə. AMEA Əİ, f. 20, sax. vah. 261.
7. Sidqi M.Ə. Tərcümeyi-halım. AMEA Əİ, f. 20, sax. vah. 4.
Kamandar Şərİfov
(Əlyazmalar İnstitutu)
Əhməd Həmdİ Şİrvanİ
XIX yüzillikdə yaşayıb-yaratmış azərbaycanlı dövlət xadimi və alimi Əhməd Həmdi Şirvani Osmanlı imperiyasında müxtəlif dövlət vəzifələrində fəaliyyət göstərməklə yanaşı, öz qələmini ayrı-ayrı elm sahələrində sınayaraq, dəyərli əsərlər yazmış və dövrünün görkəmli simalarından biri kimi tanınmışdır. Onun həyatı və yaradıcılığı ilə bağlı verilmiş məlumatlar olduqca qısadır. Əhməd Həmdi Şirvaninin doğum tarixi ilə bağlı iki fərqli məlumat verilmişdir. Şirvaninin “Səyahətnamə” əsərini1 nəşrə hazırlayaraq, ona yazdığı müqəddimədə nəticəsi Fatma Rezan Hürmen onun 1828-ci ildə dünyaya gəldiyini2 qeyd etmişdir. “Böyük larousse sözlük ve ansiklopedisi” və “Meydan larousse” adlı ensiklopedik qaynaqlarda isə alimin doğum tarixinin 1831-ci il olduğu göstərilmişdir3. Bu iki məlumatdan Fatma Rezan Hürmenin göstərdiyi tarixə üstünlük vermək olar, çünki onun babası haqqında əlində olan müəyyən bir sənədə istinad etdiyini ehtimal etmək olar.
Əhməd Həmdi Şirvanda dünyaya gəlmiş, orada boya-başa çatmış və mükəmməl təhsil almaq üçün İstanbula getmiş və orada təhsilini başa çatdırdıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, İstanbulda mədrəsədə dərs deməklə yanaşı “Əncümani-təftiş”də üzv və sonra rəhbərlik etmiş, “Məclisül-məarif”də üzv olmuşdur4. Sultan II Əbdülhəmid onu Hindistana Osmanlı imperiyasının konsulu olaraq göndərmişdir.
Əhməd Həmdi Şirvani İstanbulda bir türk qadını ilə evlənmiş, ondan bir oğlu, iki qızı dünyaya gəlmişdir. Əhməd Həmdi Şirvaninin özü kimi oğlu da ziyalı bir şəxsiyyət və dövlət xadimi olmuşdu5. Oğlu Mehmet Tofiq Həmdi (1876-1956) mükəmməl təhsil aldıqdan sonra, Osmanlı imperiyasının dövlət orqanlarında bir sıra məsul vəzifələrdə işlədikdən sonra Quds şəhərinə vali (1897-1901) təyin edilmişdir. Daha sonra Selanik (1901-1902), Konya (1902-1903), Yəmən (1904-1905), Bursa (1906-1909) və Ankara bölgələrində vali vəzifəsində çalışmışdır. İttihatçı-ixtilafçı mübarizəsi zamanı tərəflərdən heç birinə qoşulmayaraq, bir ixtisas sahibi kimi neytral qalmağa üstünlük vermişdir. Özünün bu mövqeyi sayəsində və müəyyən şərtlərlə Dövlət Şurası və Divanının baş mühasibi vəzifəsini icra etmişdir. Osmanlı imperiyasının bütünlükdə dağıldığı və işğal altında olduğu bir vaxtda Maliyyə nazirliyinə gətirilmişdir. Dövlət qurumlarında sədaqətlə çalışaraq, heç bir tərəfə qoşulmadığına görə Cumhuriyyət dövründə də işlədiyi vəzifələrdən çıxarılmamış, əksinə günümüzün Yüksək Mühəndis Məktəbindəki vəzifəsində öz fəaliyyətini davam etdirmişdir.
Mehmet Tofiq Həmdi bəyin həyat yoldaşı Naciyə Neyyal xanım (1878-1960) Türkiyənin Müfidə Qədri, Eminə Fuad, Mələk Cəlal, Mehri xanım, Cəlilə xanım və Vildan xanım kimi ilk rəssam qadınlarından olmuşdur6. Həyatının böyük bir hissəsini əri Mehmet Tofik Həmdinin təyin olunduğu müxtəlif yerlərdə keçirmişdir. Sadəcə olaraq bir vali arvadı olmaqla kifayətlənməyərək, müntəzəm surətdə öz üzərində çalışmış, rəsm çəkməklə məşğul olmuş, müstəqil şəkildə fransız dilini öyrənmiş və o dövrdə qurulmaqda olan “Sənayi-i Nafisə Məktəbi” üçün Avropadan gətirilən italyan rəssamı Salvador Valeridən rəssamlıq üzrə dərs almış və bir portret rəssamı olaraq, gözəl tablolar yarada bilmişdir. Osmanlı dövründən Cumhuriyyət illərinə qədər yaşadığı uzun ömrünün son səhnəsində o da əri kimi öz xatirələrini yazmağa başlamışdır. Bununla da bir evdə yaşayan iki nəfər-ər və arvad Əhməd Həmdi Şirvani kimi öz xatirələrini qələmə alırlar. Mehmet Tofiq Həmdi bəy öz xanımının xatirələr yazmasını ciddi qəbul etməmiş, hətta ona sataşaraq “əlinin xəmiri ilə xatirə yazan” demişdir. Naciyə Neyyal xanım da ərinin belə deməsindən xeyli kədərlənmişdi. Bununla əlaqədar Naciyə Neyyal xanım 9 iyun 1948-ci ildə xatirələrində belə yazmışdır. “Dünən Tofiq bəy xatirələrimi yazdığımı yenə gördü və dedi:
- Neyyal, əgər sənə təhsil vermiş olsalardı, məşhur bir yazıçı olardın. Halbuki, indi bu yazdıqların heç bir işə yaramayacaqdır.
-Sən öz xatirələrini yazarkən mənim yazdıqlarımdan istifadə etmədinmi?-deyə soruşur.
Tofiq də belə cavab verir:
-Bəli, sənin yazılarından istifadə etdim.
-Eh, o halda indi niyə belə deyirsən?
Amma aramızda olan bu söhbətdən sonra bir xeyli kədərləndim. Bu hiss etdiyim sadəcə kədər deyil, xəyal rahatsızlığı idi. Həqiqətən də, bu mənim yazdıqlarım gələcəkdə nə olacaq, kim oxuyacaq, nəyə yarayacaq? Əgər cırıb atmazlarsa, bəlkə bir gün kimsə (yəni siz) oxuyar, hətta yazdıqlarımdan faydalananlar da olacaq,-deyə düşünərək, təsəlli almağa çalışdım7.
Amma sonralar Mehmet Tofiq Həmdi bəyin Naciyə Neyyal xanımın yazdığı xatirələrinə münasibəti dəyişmişdir. Naciyə Neyyal xanım öz xatirələrindən ibarət kitabına yazdığı “son söz”də ərinin ona qarşı dəyişən münasibətini belə ifadə etmişdir: “Bir tarixi əsər qələmə almaq mənim çoxdankı arzum olmuşdu. Bununla əlaqədar, gördüyüm və yaşadığım hər şeyi burada qələmə almaqdan böyük bir zövq aldım. Tofiq bəy də artıq mənim yazdıqlarımı çox bəyənir və əvvəllər mənim bu fəaliyyətimə dodaq büzdüyü halda, indi bunların hamısını əlaqəli şəkildə öyrənir, hətta bu yazılarımın bəzisini gələn qonaqlara hündürdən oxuyurdu. Ayrıca ikilikdə olanda birdən mənə “bugün nə yazdın?” –deyərək, nələrdən yazdığımı öyrənmək istəyirdi, çünki o, öz xatirələrini yazarkən mənim yazılarımdan istifadə edirdi. Halbuki, beş il qədər əvvəl bu işə başlamağıma göstərdiyi münasibət pis olmuş, hətta, “bu yazdıqların bir işə yaramayacaq”,-deyərək, məni kədərləndirmişdi. İndi isə yazdıqlarım onun nəzərində böyük qiymət qazanmışdı”8.
Beləcə bir “ər-arvad” çəkişməsi da şirinliklə sona çatmış oldu.
Naciyə Neyyal öz rəssamlıq istedadını reallaşdıra bilməsə də, qızı Məlihənin bu sənətə yiyələnməsinə və peşəkar rəssam olmasına böyük yardım etmiş və bu işdə maraqlı olmuşdur.
Melihə (Zafir) Yenərdən də anası Naciyə xanım kimi rəssamlıq istedadına malik olmaqla yanaşı, Fransada musiqi təhsili almışdır. Klassik qərb musiqi stilində bəstələri olmuş və bir sıra mükafatlar almışdır. Fransız dilindən başqa, ingilis, alman və italyan dillərinə də yiyələnmişdir. O, da anası Naciyə Neyyal xanım kimi portret rəssamı olmuşdur. Qərb, xüsusən fransız mədəniyyətini dərindən öyrənmiş Məliha xanım fransızca şerlər də yazırmış. Fransızca yazdığı şerlərini 1952-ci ildə Parisdə “Edition de la Revue Moderne” adlı nəşriyyatda öz hesabına nəşr edilmişdir. “Sanguines et fusaius” adlı kitabında əsərlərini “Zeynəb Aksel” təxəllüsü ilə yazmışdır. Ümumiyyətlə o, öz əsərlərində Zeynəb Aksel, Xədicə Yenerden, Məlihə Zafir və Neyyal Şahsuvar adlartından istifadə etmişdir.
Məlihə Yenərdənin qızı Fatma Rezan xanım9 ulu babasının və anasının valideynlərinin, yəni Məhmət Tofiq Həmdi və Naciyə Neyyal xanımın ömürləri boyu yazdıqları və özlərindən sonra əlyazma şəklində qoyub getdikləri xatirələri səssiz, səmirsiz, heç bir kəsin diqqətini cəlb etmədən, sakitcə öyrənmək və nəşrə hazırlamaqla məşğul olmuşdur. Bununla da o, “səssiz bir vəsiyyət”i yerinə yetirməklə məşğul olmuşdur. Fatma nə qədər öz şəxsiyyətini arxa planda saxlasa da, gördüyü işi qabartmasa da, çox mühüm və faydalı bir işin arxasınca düşmüşdü. Əslində böyüklərinin pərakəndə şəkildə qoyub getdikləri xatirələri Fatma xanım nizama salaraq, bir kitab şəklində gətirmiş və nəşrə hazırlamışdır. Bəzi mənbələr Mehmet Tofiq Həmdinin və Naciyə Neyyalın xatirələrini, əslində onun “yazdığını” qeyd edirlər10.
Beləliklə o, baba və nənəsi Mehmet Tofiq Həmdinin və Naciyə Neyalın yazmış olduğu xatirələri nəşrə hazırlamışdır. Babası Mehmet Tofiq Həmdi bəyin xarirələri pərakəndə bir yazılardan ibarət olmuşdur. Bu yazıları o, nizama salmış, qaynaqların verdiyi məlumatlarla tamamlayaraq, çatışmamazlıqlarını aradan qaldırmış, osmanlı türkcəsində yazılmış mətnin dilini zəmanəmizin türkcəsinə yaxınlaşdırmış və nəşrə təqdim etmişdir. Eyni şəkildə nənəsi Naciyə Neyyal xanımın xatirələrini də həmin nizamla hazırlayaraq, çapa vermişdir. Onun bu fəaliyyəti 2000-ci ildə Yazıçılar Birliyi tərəfindən “Xatirələr” bölümü üzrə o, ilin yazarı seçilərək təqdir edilmişdir.
Fatma Rezan xanım bu şərəfli işi yerinə yetirməklə bərabər, həm də yazıçı Nahit Örükün bir “arzusunu” da yerinə yetirmiş oldu. Görkəmli romançı bu arzusunu “Həyatda qalan əski nazirlər, əski valilər” adlı yazısında belə bildirmişdir:”.... bu dəyərli zatı (Mehmet Tofiq Həmdini) rəhmətlə yad edərkən, son zamanlarda tamamladığını bildiyim xatirələrinin nəşr edilməsini arzulayıram”9.
Fatma Rezan Hürmən ulu babası Əhməd Həmdi Şirvaninin “Səyahətnamə” əsərini də ikinci dəfə çapa hazırlayaraq, 1995-ci ildə nəşr etdirmişdir. O, bu nəşrə yazdığı “ön söz”də Əhməd Həmdi Şirvaninin “Səyahətnamə” ilə birlikdə on doqquz əsəri olduğunu10 qeyd etmişdir. Lakin, Fatma Rezan Hürmən xanım bu əsərlərin nə adlarını, nə də hansı elm sahəsinə həsr edildiyi haqqında heç bir məlumat verməmişdir. Ərəb, fars və fransız dillərini mükəmməl bilən Əhməd Həmdi Şirvani Osmanlı imperiyasının və Türkiyə Cumhuriyyətinin tanınmış dövlət xadimi olmaqla bərabər, həm də rəngarəng elmi yaradıcılığı olan bir alim kimi tanınmışdır. O, öz qələmini ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, məntiq, coğrafiya, astranomiya, ilahiyyat elmləri, eləcə də tərcümə sahələrində sınamışdır. Əhməd Həmdi Şirvani özünün “Səyahətnamə” əsərini, Osmanlı imperiyasının Hindistandakı konsulu kimi fəaliyyətini başa çatdıraraq, geri vətənə qayıtdıqdan sonra qələmə almışdır. O, bu əsərini İstanbulda Mahmud bəy mətbəəsində həyata keçirilmiş nəşrinə yazdığı ön sözdə bildirir ki, o, sultan II Əbdülhəmid tərəfindən fövqəladə bir vəzifə ilə Hindistana göndərildiyindən bəhs edir. Əhməd Həmdi Şirvani Hindistanda konsul vəzifənsini icra etdiyi illər ərzində Hindistan, Svat və Əfqanıstanın müxtəlif şəhərlərinə səfərlər etmiş, bu səfərlər zamanı müxtəlif dövlət adamları və tanınmış ziyalılarla görüşmüş, ayrı-ayrı yerlərdə olmuş, müxtəlif hadisələrlə qarşılaşmışdır. O, qeyd edilən ölkələrin şəhərlərində yaşayan müxtəlif millətlərə və dinlərə mənsub toplumları dərindən öyrənmiş, bu ölkələrin xalqlarının adət və ənənələrini, mənsub olduqları məzhəb, ibadət və məbədləri, milli bayramları haqqında kifayət qədər geniş məlumat toplamışdır. Bütün bunlar o dövrdə türk xalqı üçün çox maraqlı idi. Odur ki, Əhməd Həmdi Şirvani konsul vəzifəsinin icrasına başladığı ilk gündən Hindistandakı fəaliyyətinin sonunadək gördüklərinin və eşitdiklərinin hamısını axıcı və gözəl bir dildə qələmə almışdır. “Səyahətnamə”dən başqa Əhməd Həmdi Şirvaninin aşağıdakı əsərləri məlumdur:
Əhməd Həmdinin “Suvarül-kavakib” (“Ulduzların şəkilləri”) adlanan digər əsəri astronomiyaya həsr edilmiş bir traktatdır. Şirvani bu əsərində bürclərdən və bürcləri meydana gətirən ulduzların sayından və şəkillərindən bəhs edir. Məsələn, bunlardan əkizlər bürcünün 18 ədəd ulduzdan meydana gəldiyini, başları şimal-qərbə, ayaqları cənub-şərqə doğru uzanan, biri-birinə sarılmış iki uşaq şəklində olduğunu demişdir. Beləliklə, o, bürclərin neçə ədəd ulduzdan meydana gəldiyini, hansı şəkildə olduğunu astronomik bilgilər əsasında müəyyən etməyə çalışmışdır. Əsər 1868-ci ildə çap olunmuşdur.
“Məqalətül-urəfa fi məsailül-hükəma” (“Filosofların məclisləri ilə bağlı ariflərin söylədikləri”) adlı əsərində Əhməd Həmdi filosofların üzərində durduğu bir çox məsələləri ariflər kimi təqdim etdiyi təsəvvüfçülərin, o cümlədən Qəzali, İbn Arabi və Sührəverdi kimi kəlamçı və sufi filosof xarakterli şəxsiyyətlərin fikirləri ilə müqayisəli şəkildə qələmə almışdır. Əsər türkcə (Osmanlıca) olub, bəzi yerlərdə ərəbcə və farsca ibarə, rübai və mənzumələrdən istifadə edilmişdir. Əsər 1869-cu ildə çap olunmuşdur.
“Təshilül-əruz vəl-qavafi vəl-fedayi” və “Bələğət lisan Osmani” adlı əsərləri ədəbiyyatşünaslığa “Üsulül-coğrafiya” coğrafiyaya, “Türkcə (Osmanlıca) özət məntiq” məntiqə həsr edilmişdir.
“Türkcə (Osmanlıca) özət fiqh üsulu” əsərində o, müsəlmanların dini və dünyəvi həyatlarını tənzimləyən normaları özündə toplayıb, ibadətlər, miras, əqdlər və ailə münasibətlərini, edilməli və edilməməli (əmr və nəhy) əməlləri qiymətləndirən hökmləri, cəza və mühakimə üsulları, dövlət təşkilatı və müharibə etmə hüququna dair ehkamları özündə birləşdirən fiqh elminin türkcə müxtəsər şərhini vermişdir.
“Xülasətül-fəraiz fi həllil-qavamiz” əsəri islam hüququna əsasən vərəsənin qohumlar arasında bölüşdürülməsinin qanuni yollarını və üsullarını işıqlandırır.
Əhməd Həmdi Şirvani qələmini tərcümə sahəsində də sınamışdır. O, XI əsrin məşhur ərəb yazıçısı Əbu Məhəmməd əl-Qasim əl-Həririnin (1054-1112) qafiyəli nəsrlə yazılmış məqamələrini (novellarını) türkcəyə tərcümə etmişdir.
Əhməd Həmdi Şirvani 1890-cı ildə İstanbulda vəfat etmişdir.
Ədəbİyyat:
-
Şirvani Ahmed Hamdi Efendi. Seyahetname. Hindistan, Svat ve Afqanistan. İstanbul, 1995.
-
Fatma Rezzan Hürmen. Hindistan, Svat ve Afqanistan seyahati kitabının müəllifi Şirvanlı Ahmed Hamdi Efendi,-Şirvanlı Ahmed Hamdi Efendi. Seyahatname. İstanbul, 1995, səh.5.
-
Böyük larousse sözlük ve ansiklopedisi. XXI cild, İstanbul, 1986, səh.11091; Meydan larousse. XI cild, İstanbul, 1973, səh. 794.
-
Mahmut Özcan. Ahmet Hamdi Şirvaninin “Makalatul-urafa fi-mesailil-hukema” adlı eserinin sadeleştirilmesi ve değerlendirilmesi. Elazığ, 2005, s.1; Ahmet Hamdi Şirvani. www.belgeler.com
-
www.chroicledergisi.com
-
Esen Karadağ. Cumhuriyet dönemi sanatçıların resim öğretinindeki rolu. Samsun, 2008.s.88; www.birgun.net
-
Esen Karadağ. Göstərilən əsər, s.89; www.chroicledergisi.com
-
www.chroicledergisi.com
Dostları ilə paylaş: |