Qalabaşmağı – qadın ayaqqabısı
Şahbuz rayonu Biçənək kənd şivəsində qeydə alınmış bu sözün ikinci hissəsi müasir ədəbi dil üçün müəyyən mənada arxaizm hesab olunan və demək olar ki, bütün türk dillərində işlənən (türk., türkm., az., kum., kbal., noq., tat., [5; 94]), hətta slavyan dillərinə də keçmiş “başmaq” leksik vahididir. Müxtəlif türk dillərində sözün işlənməsində fərqli məna incəlikləri özünü göstərir. Türk dili dialektlərində “başmak” “gecə ayaqqabısı”, Azərbaycan dilində “alçaq dabanlı arxasız şərq ayaqqabısı”, tatar dilində “ev ayaqqabısı” mənalarında isləndiyi məlumdur [5; 94]. “Başmaq” sözünün etimologiyası ilə bağlı fikirlər müxtəlifliyi ilə diqqəti cəlb edir. L.Budaqov “başmak” sözünün “bir illik buzov” ifadə edən sözdən törədiyini yazır. Q.Ramstedt bu sözün “ayaq” mənasını ifadə edən “pal” kökündən olduğunu yazır. A.Zayançkovskiy bu sözü “bağlamaq” mənalı “ba” feli ilə əlaqələndirir. Müəllif bunu rus dilində ayaqqabı növünün adı olan “baxilı” ilə bağlayır. E.Sevortyan “başmaq”sözünün “ba” – bağlamaq feli ilə əlaqələndirilməsinin əsassız olmadığını yazaraq tatar dili dialektlərində ev ayaqqabısı mənasını ifadə edən “baymak” birbaşa “bağ”la bağlıdır, belə ki, “ba:y” yakut dilində bağlamaq, toxumaq mənasını ifadə edir[5; 94]. Lakin müəllif M. Kaşğarinin əsərində ayaqqabının digər formasının adı kimi verilən, oğuz və qıpçaqlarda işlənən “başak” və “başmak”ın törədiyi “baş” kökünün hələ ki formal və semantik baxımdan aydınlaşdırılmamış qaldığını yazır [5; 94]. XVI əsrdən rus mənbələrində müntəzəm olaraq işlənən “başmak” sözünün tatar və türk dillərindən alınma olması qənaətində olan M.Fasmerlə razılaşmayan E.Sevortyan onun daha qədim dövrlərdən poloves dilindən alınma olduğu fikrindədir[5; 94]. “Başmak” sözü müəyyən fonetik fərqlərlə şərqi slavyan dillərinə də keçmişdir: baczmag – çəkmə növü (polyak d.), başmak, paşmak (bolqar d.), paşmag, paşmaga (serb d.), paşmak (rumın d.), paçmaq (xorvat d.). Sözün p- ilə olan variantına türk dilində və bu dilin abidələrində təsadüf olunduğunu qeyd edən E.Sevortyan məhz bu variantın çeçen dilindəki paşmaq və ingiloy dilindəki paşmoeq sözlərinin mənbəyini təşkil etdiyini yazır [5; 95]. Bir sıra türk dillərində, eləcə də onların yazılı abidələrində p-lı variantın olması corab və ayaqqabı ilə bağlı bəzi şivələrimizdə işlənən papuş (Quba) – köhnəlmiş corab, pəsə (Qazax)- çust, pəsnik (Ordubad) – corabın dabanına yamamaq üçün gön parça, patava (Salyan)– uzunboğaz çəkmə kimi sözlərin “başmaq”la bir kökdən olması fikrini doğurur. Eləcə də bir-birinə yaxın, lakin fərqli mənalarda işlənən badıc sözünün eyni kökdən olması [(Bakı)– uzunboğaz corab, badış (Qazax)– baldıra geyilən boğazlıq, badış (Salyan)– nazik corab, badış (Hamamlı)– təndirə çörək yaparkən qola geyilən qolçaq] inandırıcı görünür.
Qalabaşmağı qadın ayaqqabısı mənasında Culfa şivələrində də işlənir.
Can köynəyi
Analitik yolla yaranmış bu birləşmə Neftçala rayon şivələrində gecə paltarını ifadə edir. Köynək sözü ümumtürk mənşəlidir. "Köynək", "rubaşka" mənasında bir sıra türk dillərində işlənməkdədir. Müasir türk (qomlek) və axıska türklərinin dilində (kömlək) variantında olan bu geyim adı Azərbaycan dilində köynək, kumık dilində qelek, tatar dilində kumlmek, özbək dilində kuylak, qırğız dilində koğynoğk, tuvin dilində xoğylenq variantlarında müşahidə olunur. Bu geyim adı qədim türk mənbələrində də qeydə alınmışdır. Mahmud Kaşğarinin lüğətində də bu sözə təsadüf olunur: kenqleker kenqleklendi-Kişi köynəyini geydi. Özbək dilində geyim adlarından namizədlik dissertasiyası yazmış M.Asamutdinovanın nöqteyi-nəzərincə, kelek - komn "dəri, gön" mə"nasında olmuşdur (5;16). Axıska türklərinin dilində tışkömlək adı isə digər türk dillərində alt köynək (Azərb.), işki koğlek (qazax), iç kuylak (özbək), ij gomlegi (türk), tış kelek (qaraçay-balkar), tıskı koğylek (noqay), tışkğı kulğdgk (başqırd) və s. formalarda işlədilir.
Çəvkən
Cəbrayıl şivəsində “qolsuz qadın paltarı” mənası qeydə alınmışdır.
Qaqauz dilində geyim adlarını araşdıran G. Karanfil çupak sözünün paltarın yuxarı hissəsini ifadə etdiyini yazır. Müəllif bu sözün geniş arealda yayılmadığını, yalnız bir şivədə - Vulkaneşt şivəsində təsadüf olunduğunu qeyd edir [3]. Müxtəlif fonetik variantlarda, demək olar ki, bütün türk dillərində işlənən bu sözün (“çupak” paltarın yuxarı hissəsi [qaq.], “çuba” xalata bənzər geniş paltar [alt.], “çuba” dəri korset [qaraç.balk.], “suba// juba” şuba [qırğ.], “şıva” paltar [noq.], “şıva” nazik xalat [tuv.], “şıvıq” örtük [tuv.], “çapan” xalat [tat.], “şapan” xalat [qaz.], “sapan” xalat [başk.]) çox da geniş yayılmaması səbəbindən qaraçay-balkar dilinin leksikasını tədqiq edən İ.Otarov “çuba” türkizminin etimologiyasını araşdırarkən onu fars dilindən alınma hesab edir. Fars dilində “cübba” geniş xalat mənasını ifadə edir. Rus dilində işlənən “şuba” şözünün M.Fasmer, M.Rabinoviç, Mladenov, Karloviç, Radlov tərəfindən ərəb mənşəli hesab olunmasına etiraz edən G.Karanfil türk dillərində müxtəlif fonetik variantlarda, eləcə də “örtük” mənasında monqol dilində işlənən “tsuv” sözlərini əsas gətirərək “şuba” sözünün türk mənşəli olduğunu əsaslandırır: “ Düşünürük ki, türk mənşəli söz sonradan ərəb, fars və slavyan dillərinə keçmişdir [3].
Gapat
Masallı rayon şivələrində “paltar” mənasında qeydə alınmış bu söz Füzuli rayon şivələrində “qapot” fonetik şəklində işlənir. Xakas dilində geyim məfhumu “kip” sözü ilə ifadə olunur-“kibem”- mənim paltarım (6; 42). Qaftan sözünün kişi geyimini ifadə etdiyi məlumdur. Sözün mənşəyi mübahisəlidir. Mahmud Kaşğarinin lüğətində kaftan "üst geyim, xalat, kaftan" mə"nasındadır. V.V.Radlov bu sözü fars mənşəli kaba (üst geyim) sözü ilə əlaqələndirir . Türk dillərində qaftan sözünün kaftan (Azərb.), kaptal (qırğ.), kaptal (alt.) kaptal (çuv.) kimi variantlarına təsadüf olunur. İ.M.Otarov bu sözün kmaptal "kaftan-beşmet" şəklində qaraçay-balkar dilində olduğunu göstərir. A.Q.Preobrajenski etimoloji lüğətində "kaftan" sözünü rus dilindən alınma söz hesab edir. M.Fasmer isə bunun əksinə olaraq həmin sözü fars mənşəli sayır [7; 2]. M.Ryasanen hesab edir ki, bu söz türk dillərinə gəlmədir və aşağıdakı dəyişmələrlə inkişaf etmişdir: kmapton - kmaptan - kaftan [8; 65].
Dilin tarixi inkişafda öyrənilməsində dialektlər əvəzsiz mənbədir. Bu, dilin leksik tərkibinin inkişaf xüsusiyyətlərinin meydana çıxarılmasına da aiddir. “Şivələrin leksik vahidlərinin qədim türk yazılı abidələrinin, qohum dillərin və onların şivələrinin sözləri ilə əlaqəli tədqiqi tarixi leksikologiya məsələlərinin aydınlaşdırılmasında, dildaxili qanunlar əsasında yeni sözlərin əmələgəlmə prinsiplərinin öyrənilməsində, ədəbi dilin ehtiyacı olan sözlərin üzə çıxarılmasında başlıca amildir” [9; 4].
ƏDƏBİYYAT:
-
Баскаков А. Тюркская лексика в «Слове о полку Игореве». М., 1985.
-
Абдина Р. П. Лексика традиционной одежды в диалектах хакасского языка :в сравнении с алтайским языком. (диссертация), Абакан, 2009. (199 стр.).
-
Каранфил В. Бытовая лексика гагаузского языка (названия одежды и обуви). Баку, 2004
-
Таирзаде А. Древнетюркский лексико-грамматический пласт в диалектах и говорах азербайджанского языка на материалах Шекинской зоны. Б., 1983
-
Асамутдинова М., Названия одежды и ее частей в узбекском языке. АКД., Ташкент, 1970
-
Серебренников, Н.Гаджиева. Сравнительно-историческая грамматика тюркских языков. Баку, 1979
-
Рясянен М. Материалы по исторической фонетике тюркских языков. М.,1955
-
Kazımov İ. Müasir türk dillərinin müqayisəli leksikası (II cild). Bakı, 2010
-
Əhmədov B. Azərbaycan dilində leksika məsələləri. Bakı, 1990
Zəkiyyə Əbİlova
(Əlyazmalar İnstitutu)
“Tövhİd” İslamın əsas prİnsİpİ kİmİ
İslam dinində tövhid əsas etiqad prinsipi olaraq geniş mənada işlənmiş, ilahi dinin tarixindəki bütün mərhələlərində israrla vurğulanmışdır.
Tövhid Allahı tək varlıq olaraq qəbul etməkdir. Bir qədər də açıqlasaq, tövhid Allahı varlıq etibarıyla Vacibəl-vücud olaraq qəbul edib, hər şeyin yaradıcısı və idarəedicisi kimi görmək, yalnız Ona etiqad etməyin vacib olduğu deməkdir. Badkubi yazır:” Tövhid” ərəb kəlməsi olub, “vəhdət”, yəni “təklik” deməkdir.Bu mənada bütün mövcudat, yəni varlıqlar yoxluq aləmindən vücuda gəlmişlər və onları vücuda gətirən bir şey vardır.Göylər və onlarda olan cısımlər, Ay, Günəş, ulduzlar və sair uluviyyətin, ağıl, nəfs və sair ruhaniyyətin, həmçinin yer üzündə olan cəmadat, heyvanat, nəbatat və insanların bir yaradanı vardır. O yaradan, O varlıq təkdir. Onun misli və nəziri yoxdur. O yaradana Allah deyirlər.” (10.12.)
Qurani-Kərimdə Allahın varlığından çox, Onun vahdaniyyətinə, birliyinə aid ayələr vardır. Allahın varlığının isbatı Quranda ən çox dünyanın sonradan yaradılması və nizamlı irəliləyişi çərçivəsində anlaşılır. Hər bir varlığın nizamlı və ölçülü olaraq məhz Allah-Təala tərəfindən yaradıldığı bir çox ayələrdə təkidlə verilmişdir (1,13/8; 1,54/49 ).
Allahın vahdaniyyətini əqli və nəqli dəlillərlə araşdıran Əbdülkərim Ağa Badkubi bir daha Onun icəbi və səlbi sifətlərinə müraciət edir. Əqliyə gəlincə, bu barədə yazır:” Bu məlumdur ki, görənlə görünən (mər`i) gərək bir- biri ilə qarşı-qarşıya olsunlar. Bu vaxt lazım gəlir ki, görünən bir məkanda qərar tutsun. Onda Allah-Təalanın cisim olmağı lazım gəlir. Çünki, məkana malik olmaq cisimlərə xasdır. Allah-Təala cisim deyildir. Deməli, belə bir fikir də batildir. Bundan başqa, gözün dərk etdiyi rənglər və şəkillər ərəzdir. Allah-Təala mər`i olsa, ya gərək cisim ola, ya da ərəz. Bu da məhaldır”(11.92). Nəqli dəlillərə gəlincə, Badkubi bütün peyğəmbərlərin vahdaniyyəti qəbul etməklərini, səmavi kitabların verdiyi xəbərləri, o cümlədən, Qurani-Şərifdə vahdaniyyətə dəlalət edən ayələri nəzərdə tutur.(11.84).
Tövhid-Allahı vahid bilmək deməkdir. Bu islamın prinsiplərindən ən birincisidir. İslam dininə etiqad edən şəxs Allahı tək, yeganə bir vücud bilməli, ona şərik qoşmamalıdır. Əbdülkərim Ağanın təbirincə desək, “ xaçpərəstlər kimi “Allahın oğlu,” “Allahın anası” məfhumunu ağlına da gətirməməlidir. Axı Allah bəşər deyil ki, onun ailəsi, oğlu da olsun. (11.172). Badkubi bu fikriylə Allah-Təalaya yabançı olan ünsürləri rədd, uluhiyyətə aid olan özəllikləri isə yalnız Ona isnad edir. Möhsin Demirçi də öz tədqiqatında bu qənaətə gələrək, tövhidi etiqadi və əməli olaraq iki qismə bölmüşdür. Etiqadi tövhid bölümündə bütün batil tanrılar rədd edilərək, Allah-Təalanın ölümsüzlüyü və etiqadın yalnız Ona olunması qəbul edilir. Əməli tövhid dedikdə isə, Bütün əməllərin Allaha doğru yönəldilməsi və hər bir işi Onun rizası üçün edilməsi vurğulanır (6. 52).
Vahdaniyyət Allah-Təalanın zat, sifət və işlərində bir olması, Onun şəriki və nəziri (bənzəri) olmaması deməkdir (3.280). Vəhdəti-vücud təlimi və əsil həqiqi və vacibi olan bir varlığın, yəni, Allahın birliyini təsdiq etməkdir. Kainatda yalnız tək bir həqiqi vücud vardır ki, o da mütləq və vacib varlıq olan Allahdır. Allah-Təala kainatda zatı etibarilə deyil, sifət və felləri etibarilə təcəlli (təzahür) edir. Kainat bütövlükdə Haqqın vücudu ilə mövcuddur (8.7). Bizim gördüyümüz digər şeylər Allahın vücudunu tanımaq üçündür.
Tövhidin mənasi Allah-Təalanı tək və şəriksiz bilməkdir. (9.14) Tövhid əslində bütün kamal sifərləri ilə Allah-Təalanın təkliyini bildirməklə hər şeyi Allah –Təaladan bilməkdir.
Müsəlmanların hamısı əhli-tövhiddir. Əhli- tövhid xeyri də, şəri də ancaq Allah-Təaladan bilir. Qəzali tövhid barədə yazır:”Tövhid iç-içə iki pərdəsi olan qiymətli bir gövhərdir. Birincisi, yəni, üst qabıq, və yaxud, pərdə dil ilə “La ilahə illəllah” deməkdir. İkinci pərdə, dilin söylədiyini qəlbin inkar etməməsi, buna inanıb təsdiq etməsidir”.(4.38)
Deməli, tövhid odur ki, Haqqu-sübhanə və Təala birdir (14.1).
Əbdüssəlam Axundzadə tövhidi belə səciyyələndirir: ”Tövhid Allahdan başqa yaradıcı və mə’bud qəbul etməmək əsasına dayanır. Allah-Təala bizi öz vahdaniyyətinə qayil olmağa hökm edir və bir şeyi ona şərik verməkdən nəhy buyurur. Yəni bir kəsi və ya bir heykəl və surəti Allah-Təalanın şəriki, timsalı bilib ibadət etmək batil və küfrdür.Yalnız Onun rəhminə ümid bağlamaq, qəzəbindən qorxmaq, verdiyi nemətlərə görə şükr etmək lazımdır”(18.29).
Başqa bir mənbədə deyilir:” Qullarına saysız ne’mətlər verən, onları hər yerdə və hər zaman eşidib qoruyan, varlığının başlanğıcı, sonu olmayan, tək, bənzərsiz Allahımızın varlığında kimsəyə ehtiyacı yoxdur. Əksinə, hər şey var olmaqda ona möhtacdır.
بر خداى خالق و پروردگار کین جهانرا ا. عدم کرد آشکار
از کمال صنع رب العالمین کشت پیدا آسمانها وزمین
(12. 2)
Tərcüməsi: Xəlq edən və pərvəriş verən Allah ,
Bu dunyanı yoxdan aşkar etdi.
Aləmlərin Rəbbinin kamil yaradıcılığından,
Göylər və Yer peyda oldu.
Tövhid ilk öncə bir fəlsəfi nəzəriyyə deyil, bir etiqaddır. Lakin onun təşkil etdiyi məsələ fəlsəfənin mühüm bir mövzusudur (17.210). Qurani-Kərim hər bir insanın kainatı yaradan və yüksəldən bir uca varlığın mövcudiyyətini qəbul edəcəyini önə çəkir. İnsan məhz belə bir təbii fitrətdə yaradılmışdır. Bu hökm bir çox ayələrdə olduğu kimi, “İxlas” surəsinin məzmununda da bəyan edilir. Allahın vahdaniyyəti vurğulanan surənin məzmunu belədir: ” İqrar və etiqad edərik ki, Xüdavəndi-aləm bir və şəriksizdir. Zati-iqtidası daim və baqidir. Yəni, hər vaxt mövcud olub və olacaqdır. Bütün möhtacların pənahı və ağasıdır. Bir kəs Ondan və O bir kəsdən doğulub vücuda gəlməyibdir. Eləcə də nə bir kəs Ondan ayrilıb, nə də O bir kəsə birləşməyibdir.”(15.12a)
Tövhid təkcə xilqət baximindan deyil, ibadət baxımından da diqqət mərkəzində dayanır. Hər bir işi başlayanda Allahın adı ilə başlamaq, bitirəndə Ona şükür etmək lazımdır. Allahdan başqa heç kəsə ibadət olunmaz. İslamda Allah haqqında təsəvvürün mükəmməl nümunəsini Nizaminin öz məsnəvilərinin başlanğıcında yazdığı münacatlarda izləmək olar:
Bu qara torpağa sükunət verən,
O sonsuz fələyə hərəkət verən,
Dilimdə hər şeydən uca bir ad var,
Bu ada bağlıdır bütün varlıqlar.
Yaranmışlar ona səcdə edərək
Hər an varlığına şahiddir, gerçək.
Təkdir, misilsizdir,- kim deyil agah?
Tanrılar da ona deyirlər Allah. (7. 196)
Kəlmeyi-tayyibə kəlmeyi-tövhiddir.Yəni, “la İlahə illəlllah “deməkdir. Əhli-təfsirin rəyincə, şəcəri- tayyibədən murad xurma ağacıdır. Allah-Təalanı, yəni, kəlmeyi-tövhidi xurma ağacına bənzətməkdə məqsəd budur ki, xurma ağacı hər vilayətdə olmadığı kimi, Kəlmeyı-tayyibə də hər kafirin, münafiqin qəlbində əylənməz və qərar tutmaz. (13. 72 a).
Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir ərəbin (yolçunun səfər yeməyini hazırlasa, onun təqva ehtiyatına mən zaminəm”. Bunu eşidən Salman soruşmuşdur: “Ya Rəsulullah, təqva ehtiyatı nədir?”. Buyurmuşdur: “Ölüm zamanı “La ilahə illəllah” demək. Əgər bunu desən, (axirətdə) bizi görərsən, deməsən, bizi görməyəcəksən”. İnsan dünyasını dəyişərkən tövhid kəlməsini (la ilahə illəlllah) dilinə gətirərsə, onun ölümü imanlı və etiqadlı ölüm olar.Əgər canvermə halında zəiflikdən dil danışmasa da, qəlbin imanını, təlqini ürəkdən keçirmək kifayətdir. (2.130.).
Qeyd edək ki, təsəvvüf düşüncəsində də tövhid önəmli yer tutur. “Bir elm kimi tövhid batini elmdir ki, ona elmül-yəqin deyirlər. Bu o deməkdir ki, bəndeyi-tariq (yolçu; Allaha doğru gedən sufi) təsəvvüfün başlanğıcında elə bir vücudu yəqin bilir ki, o həqiqi mövcuddur, mütləq müəssir deyildir” (5.52). Təsəvvüfün ilk şərti qəlbi Allahın zatından başqa hər şeydən təmizləmək, öz ruhanı varlığını Allahın varlığında əritmək, yox etməkdir ki, bu da tövhid məqamına yetişməklə müyəssər olar.
“Müsəlmanların hamısı əhli-tövhiddir. Allahı bir və tək, hər şeydən başqa bir zat, vacibəl-vücud bilib, sifati-vahdaniyyət ilə müttəsif edərlər” (16.11). Müəllif davam edərək yazır: “Bunlar Allahdan başqa Allah yoxdur, Məhəmməd onun peyğəmbəridir deyib tək, qadir, alim olan Allaha itaət edərlər. Onun şəriki, nəsibi, oxşarı yoxdur. Ğəni və ehtiyacsızdır. Cisim və rəng deyil. Bir məkanı və zamanı yoxdur. Bir kəsdən doğulmayıb və bir kəsi doğmayıbdır. Həmişə olub və olacaqdır. Bu xəlayiqi yoxluqdan xəlq edib. Öldürən və qiyamət günündə dirildən və müjdə verəndir”(16.18).
Sonsuz qüdrət və qüvvətə malik olan varlığı gözlə görmək, nəyəsə bənzətmək mümkün olmadığını təsdiqləyən Badikubi yazır: “Onun nə olduğu heç kəsə məlum deyildir. Onun zatını özündən başqa heç kəs bilmir və bilmək mümkün də deyil” (10.12).
Etiqad - Allah-Təalanın zatı və sifətləri ilə bağlı olub, Onun vahdaniyyətinə etiqad etməkdir. Vahid Allah tək, şəriksiz, bütün naqis sifətlərdən xali, cəlal sahibidır. Hər bir müsəlman Allahın mürəkkəb olmamasına etiqad etməlidir. Badkubi Allahın mürəkkəb olmamasını sadə və məntiqi bir şəkildə izah erir:”Mürəkkəb olan şeyin mövcud olması üçün öz əczasına (hissələrinə) möhtacdır. Möhtac olan şey mümkünəl-vücud olacaqdır. Allah-Təala isə Vacibəl vücuddur. Artıq qeyd etdik ki, mürəkkəb iki və daha artıq cüzdən əmələ gələndir. Allah nə xəyali, nə əqli, nə də xarici hissələrdən ibarət deyildir. Allah-Təalanın əl, ayaq, baş, göz və qulağı yoxdur.Ona etiqad etmək vacibdir ki, O nə bəsit mücərrədlərdən, nə də qeyri-mücərrədlərdən birləşib mürəkkəb olmamışdır” (11.77.).
Ədəbİyyat:
-
Quran.
-
Ayətullah Şəhid Seyyid Dəstğeyb. Məad. (Ölümdən sonrakı həyat.) Möce-elm 2005. 200s.
-
Ali Arslan Aydın. Islam inancları (tevhid ve ilm-i kelam). I cilt. Qonça yayın evi Hasan Başpehlivan. Ankara, 1984, 495s.
-
İmam Qəzali. İhyayu-Ulumi-d-din tercümesi, cilt I, 1168s., s.87.
-
Məşhur sufilər haqqında təzkirə. Əvvəli və axırı naqisdir.
-
Muhsin Demirçi. Kur’an’ın temel konuları. İstanbul 2000. 367s.
-
Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, 1982. 402 cəh
-
V.M.Məmmədəliyev. Vəhdəti-vücud və panteizm. BDU İF-nin Elmi məcmuəsi №11. Aprel (Nisan) 2009, 494s.
-
الاحكام. عبد السلام آخوندزاده. تبريز، ١۳٠٠، ١۳۲ص عمدة
-
الاحكام. عبد السلام آخوندزاده. تبريز، ١۳٠٠، ١۳۲ص عمدة. ارشاد الشباب. آخوند حاجى آغا مرزه عبد الكريم آغا بادكوبى تمت فى ٢٧ شهر رجب المرجب من شهور سنه ١٣٦٨⁄1949.
(Əlyazma. Müəllifin şəxsi kitabxanasında).
-
ارشاد المتحيرين. آخوند حاجى آغا مرزه عبد الكريم آغا بادكوبى ١٣۷٣، ٥١١ص.
(Əlyazma. Müəllifin şəxsi kitabxanasında).
-
گلشه نی توحید. مغله وی شاهدی. استنبول ١٢٩٨٬١٨١ص.
-
(Əlyazma. (AMEA Əİ.) B-6834/33551 عقائد عاشر رسالة
-
(Əlyazma. (AMEA Əİ.) B\T 3155 (50a) (anonim) عقائد الاسلام
-
(Əlyazma. AMEA Əİ.) 3022/21351 عقائد الاسلام
-
. باكو ۱۹٠۱، ۱۱٨ص. عقائد الاسلام و فروع دين. حاجى شيخ حسن ملازاده كنجه
-
ئتاريخ فلسفة آبا باريب. ترجمة ايدانى نجور اسرافيل مطبعه عاامرة استنبول ۱۳۳۱، ٤٣ص.
-
زبدة الاحكام. مؤلفى و ناشرى شيخ الاسلام زاقفقاس عبد السلام آخوندزاده. ٣جو نشر، تفليس ١٣٢٠، ٧٣ص.
Гюляра Агасиева
(Институт литературы)
«Рукописи не горят»
( о судьбе рукописей азербайджанских авторов в рукописехранилищах Сараево)
Важным свидетельством все возрастающих духовных потребностей и культурной деятельности в балканских странах средневековья, главным образом, в Боснии и Герцеговине, Сербии, Македонии является появление большого количества восточных библиотек, как личных, так и религиозно-общественных. Материалы об этих библиотеках и собранных в них средневековых восточных, в том числе и азербайджанских, рукописях всегда представляют для нас большую ценность, так как обнаруживают факты существования такой специфической, характерной только для того далекого времени, форме взаимообщения народов. В своих исследованиях азербайджанские историки, литературоведы, как и автор этих строк, уже писали о судьбе рукописей азербайджанских авторов, обнаруженных в библиотеках республик бывшей Югославии. Необходимо лишь подчеркнуть, что, в отличие от других европейских стран, восточные рукописи, хранившиеся, например, в Боснии и Герцеговине, в основном не привозились, а создавались на местах. Они собирались в частных владениях, в религиозно-общественных учреждениях (мечетях, завиях), в библиотеках медресе. Все это свидетельствует о том, что балканские народы на протяжении веков собирали , изучали и охраняли эти реликвии.
Одной из самых древних исламских библиотек и одновременно сокровищниц древних восточных рукописей является библиотека Гази Хусрев-бега в Сараево (надо отметить, что во время известных нам трагических событий конца ХХ века, библиотека значительно пострадала, однако, ценные собрание были спасены- прим. автора). Являясь крупным государственным деятелем, Гази Хусрев-бег больше прославился своими заслугами в области культуры, возведя в Сараево самые значительные сооружения мусульманской культуры, такие, как, например, мечеть Хусрев-бега, являющаяся одним из лучших исторических памятников Сараево, школы-медресе, гостиницы («ханы»), имареты, безистаны, хамамы и прочее. Как свидетельствуют источники, оформляя в 1537 году вакуф на основанную им медресе, он, среди прочего, написал: «Пусть на деньги, оставшиеся в результате строительства медресе, купят ценные книги, которые будут находиться здесь(в медресе), для того, чтобы ими могли пользоваться все читатели и чтобы их могли переписывать те, кто занимается наукой». Эти книги и составили основу библиотеки Гази Хусрев-бега. В последующие годы ее фонды пополнились за счет присоединения к ней многих вакуфских библиотек со всей Боснии. Рукописные собрания этой библиотеки имеют большое научное значение для изучения истории средневековой культуры народов Ближнего Востока, в том числе и азербайджанской. Ведь они содержат в себе немало описаний и фактов, позволяющих восстановить процесс исторического и культурного бытия каждого народа на ранних этапах своего развития. Ознакомление с каталогами этой библиотеки подтверждает тот факт, что произведения крупнейших азербайджанских поэтов и ученых были известны и среди южнославянских читателей. Об этом свидетельствует сохранившаяся рукопись поэмы Низами Гянджеви «Хосров и Ширин», переписчиком которой был Дарвиш Хафиз ибн Фахраддин Киши Кучикбаба Мухаммад Мир Гийаси. Время переписки -915/1509-1510гг. Место переписки- город Куфе. Об этом также упоминает и боснийский востоковед Салех Трако в своей рецензии на книгу Низами Гянджеви «Хосров и Ширин», изданную в Баку в 1960 году. Он пишет: «…напомним, что один прекрасный экземпляр этого произведения находится в коллекции восточных рукописей Османа Соколовича в Сараево» . Как известно, данная коллекция восточных рукописей также находится в библиотеке Гази Хусрев-бега.
Диапазон представленных в библиотеке рукописей средневековых азербайджанских ученых и поэтов широк. Здесь представлены литературные произведения, богословская литература, логика, грамматика, словари. Все это является красноречивым подтверждением наличия широких культурных связей народов в далекие времена, живого обмена духовными ценностями.
Səbinə Nemətzadə
(Əlyazmalar İnstitutu)
Orta əsr əlyazmaları - İslam kİtab mədənİyyətİnİn və İncəsənətİnİn
mücəssəməsİ kİmİ
Orta əsr əlyazmaları - Azərbaycanın maddi-mədəni irsində çox önəmli yeri tutan yazılı abidələridir. Bu əsərlər təkcə mətn, mövzu baxımından deyil, sənət baxımından da olduqca dəyərlidir. Onlar eyni zamanda estetik zövqlə işlənmiş, həm təvazökar, həm fəlsəfi anlam daşıyan onamentlərlə bəzədilmış, təzhiblənmiş və nəfis formada, peşəkarcasına cildlənmislər.
Qeyd etmək lazımdır ki, əlyazma əsər yalniz mətn deyil. Eyni zamanda Orta əsr müsəlman şərqinin intibahını özündə əks etdirən incəsənət əsəridir. Əlyazmanın ərsəyə gəlməsində müəllifdən başqa, bir qrup kitab sənəti ilə bağlı sənətkarların - xəttat, müzəhhib, nəqqaş, mücəllid və s. sənət adamlarının əməyi vardır. Və hər bir sənətkar əsərə estetik cəhətdən dəyər qatmışdır. Əlyazmanın estetik məziyyətlərindən öndə gələni, daha tez görünəni xəttat işidir. Əli Hərəviyə görə xəttat olmaq üçün beş şey gərəkdir: Birincisi diqqəti tab', ikincisi yazıdan anlamaq, üçüncüsü əldə qüvvət, dördüncüsü əmək sərf etmək, beşincisi yazı üçün lazım gələn kağız, qələm və mürəkkəbin ən yaxşılarının tapılması.
Əlyazmalar üçün - Dəməşki, Dövlətabadi, Hatayi Adilşahi, Həriri-Səmərqəndi, Sultanı Səmərqəndi, Hindi, Nizamşahı, Kasım Beygi, Hariri-Hindi, Güni-i Təbrizi (Lui Təbrizi) Muhayyər, Alikurna, və s. kimi kağızlardan istifadə olunurdu. Ən gözəl keyfiyyətlilərindən biri də Abadi kağızı idi. Buna eyni zamanda Hind abadisi də deyilir. Hindistanda Dövlətabad şəhərində istehsal edildiyi üçün bu adı almışdır. Sarımtıl rəngli, gözəl və parlaq bir kağızdır. Qurani-Kərim nüsxələrinin və murəqqələrin istinsaxında istifadə olunurdu. Xam ipəkdən, həmçinin tut ağacı əlyafından hazırlanan bu kağızların bir zamanlar Avropa təqlidləri də görülmüşdür (Firəng abadisi). Xəttatlarımızın istifadə etdikləri qamış qələmlər isə adətən İraq və İrandan gəlirdi. Bu qamışlar qaralmaları üçün gübrəyə yatırılır və nəticədə tünd qəhvəyi rəngi alırdılar. Mürəkkəbə gəldikdə isə daha çox istifadəsinə ehtiyac duyulan Bəzir (kətan) hisi mürəkkəbi idi. Bu kətantoxumu yağının yandırılması surətiylə meydana gələn hisdən əmələ gələn mürəkkəb idi. İçi şirli qabdakı bəziryağı, üzərinə fitil qoyulmaq surətiylə yandırılır; üstünə də his yığmaq üçün içi şirli bir qapaq asılırdı. Yağ bitənə qədər yandıqdan sonra qapaqda yığılan his, toyuq tükü ilə başqa bir qaba götürülür, daha sonra içinə müəyyən ölçüdə zəmklı su doldurulmuş mərmərdən olan böyük bir həvəngə boşaldılırdı. Burada həvəngəliylə vurularaq qarışdırılır, bu iş iki üç ay sürərdi. Yaxşı mürəkkəb ancaq üç ayda emal edilə bilərdi. Tünd qara, axıcı, solmayan bir mürəkkəbdir. Bu mürəkkəbə xəttatlar bir az mazı atardılar, beləcə mürəkkəb solmaz və rütubətdən zərər görməzdi.
Mükəmməl ləvazimatlardan istifadə edilərək ərsəyə gələn əlyazma kitablarındakı miniatürlər, təzhib və bəzəmələr, ornamentlər və nəhayətində şərq üslubunda cildlənmələr əsərlərin nəfisliyini daha da artırırdı. Bu gün həmin əsərlər nəinki mövzu baxımından tədqiq olunur, eyni zamanda muzey eksponatı, həmçinin bəşəriyyətin maddi-mədəni mirası olaraq dəyərləndirilir. Cahangir Qəhramanov, Əlyazmalar Fondunu Azərbaycanın kitab mədəniyyəti tarixinin zəngin müzeyi olduğunu söyləmiş və qeyd etmişdir: “Orta əsr kitab rəssamlığı, kitab mədəniyyəti ilə bağlı olan tətbiqi-dekorativ yaradıcılıq növləri əvəzsiz bədii sərvət kimi qiymətləndirilməlidir.
Əlyazmada olan miniatürlər və ilyustrasiyalar onu göstərir ki, azərbaycanlı ustalar bədii tərtibatlı əlyazmaları hazırlayarkən Yaxın və Orta Şərq miniatüristlərinin nailiyyətlərindən istifadə etməklə Şərq xalqlarının incəsənətinin inkişafına yaradıcı surətdə təkan vermiş, müstəqil ənənələr yaratmış, beləliklə də onlar dünya bədii mədəniyyət xəzinəsində şərəfli yer tutmuşlar.
Miniatür sənəti, Azərbaycan əlyazma kitabının bədii tərtibatının öyrənilməsi, kalliqraflar, nəqqaşlar, ornamentalistlər və cildçilərin yaradıcılığının tədqiqi təxirəsalınmaz vəzifədir, Azərbaycan kitab mədəniyyəti tarixi də elmi və aktual əhəmiyyət daşımaqla öz həllini gözləyir ”.
Azərbaycan ərazisində yazilan istər müəllifin özü tərəfindən, istərsə də müstənsixlər tərəfində üzü köçürülən əlyazma əsərlərində miniatürlərlə yanaşı, təzhibə tez-tez rast gəlinir. Bu da onu göstərir ki, Azərbaycanda bu sənət geniş yayılmış, Azərbaycan əlyazma tarixində mühim rol oynamışdır. Əlyazma əsərində təzhibin olması onun təkcə məzmun baxımından deyil, sənət əsəri baxımından da dəyərini artırır. Təzhib sənətində bir sıra ornamentlər, süsləmə motivləri vardır ki, əsərin tədqiq olunmasında, öyrənilməsində tədqiqatçı üçün əhəmiyyətlidir.
İslamın doğuşuyla başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə birlikdə tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhiblədən Hz. Əlidir olmuşdur. İslamın ilk üç əsrində Quranın surə sonlarına həndəsi şəkildə bəzəmələr, ornamentlər vardır. Quran və elmi kitabların hər növündə bəzəmə nümunələrinə rast gəlinir.
Əlyazma əsərlərində ən zəngin təzhip, kitabların zahiriyə hissəsində, mətnlərin kənar başlıqlarında, surə əvvəlində və mövzu hissələrinin aralarında, kitabın son səhifəsində xəttimə və ya kətəbə hissəsində yerləşir.
Təzhibin “zəmini boyalı klassik təzhib”, “Zərəndərzər”, “Halkari”, “Ciftətəhrir”, “Zərəfşan” çeşidləri vardır. Və bu çeşidlərin hər birinin İslam incəsənətində, Şərq mədəniyyəti tarixində, kitab sənətində önəmli yeri danılmazdır. Əlyazma kitablarda, mürəqqələrdə, boya və qızıl tozu ilə işlənən hər cür süsləmə, bəzəmə, dekor işinə təzhib deyilir. Belə əsərlərə müzəhhəb, "təzhib işini ğörən sənətkarlara isə müzəhhib deyilir. Ərəbcədə «altınlama» mənasını verirsə də təzhib sözü yalnız altınla işlənən süsləmə üçün deyil, boyalarla dekor edilən kitap təzyinatı üçün də istifadə edililr. Hətta bəzi müzəhhiblər boyalı dekor etmiş, hətta miniatür də işləmişlər. Bütün bunlara rəğmən, yalnız qızılla edilən bəzəmə olan “halkar” təzhıb sənətində daha geniş yayılmızdır. Bu bəzəməyə halkari (hallikari «yaldızlama işi» yəni zərləmə) də deyilir. Halkarın hazırlanmasında, əvvəl qızıl vərəq, yuvarlaq dibli çini qabda 3-5 damla ərəb zəmki və ya süzmə bal ilə əzilir. Əzilmiş qızıldan kiçik bir zərrə qədər ovuc içində barmaqla yayıldığında gözlə görülməyəcək qədər ovxalanmışsa və ya əzilmiş qızıl üzərinə bir damla təmiz su damlatıldığında qızıl zərrələri bu damlanın üzərinə çıxırsa əməliyyat tamamdır. Əzilmiş qızılı ərəb zəmkindən təmizləmək üçün qaba bol su qoyulub fırça ilə qızılın suya qarışması təmin edilir. Bir müddət sonra zərrələr qabın dibinə çökməyə başlayır. Əzilmədən qalan və dərhal çökən qızıl parçalarına müşair deyilir və bunlar yenidən əzilməlidir. Qızıl tamamilə dibə çökdüyündə zəmkli su, qaba qab tərpədilmədən, ehtiyatla tökülür. Əzilmiş qızıl, jelatinli su ilə qarışdırılaraq, fırça ilə zəmin üzərinə sürülmək surətiylə istifadə edilir. İşlənəcək halkar naxışı həkk ediləcəyi yer böyüklüyündə incə bir kağıza qaralama halında çəkilər. Naxışların ortası sulu qızılla, kölgələndirilir və kənarlarına tünd qızılla təhrir çəkilir. Açıq və ya tünd kölgələrin alınması üçün müxtəlif qalınlıqda fırçalardan istifadə edilir. Daha sonra zərmührə ilə parladılır. Halkarda, xüsusilə donuq bir parlaqlıq istənildiyində, zər mührələnirkən araya saman kağızı deyilən incə, yarı şəffaf və parlaq kağız qoyulur. Ahərli və ya açıq rəngli kağızların üzərində halkar daha gözəl görünər. Halkar tərzindəki bəzəmədə, süsləmədə stilizə ya da gerçək formasıyla hər növ çiçək və ya naxış çəkilə bilər. Bəzən, bəzi kitabların hər səhifəsində ayrı motivli halkari bəzəmə görülür. Açıq rəngli kağızlara edilən halkarlarda naxışların bayır kənarına, uyğun rəngdə təhrir çəkilir ki, buna da təhrirli halkar deyilir. Bəzən də naxışların içərisi və bayırı yüngül rəngləndirilərək boyalı halkar əldə edilir, buna da zər-şikaf adı verilər. Zərli bəzəmə şəkillərində görünən kölgələrə isə halkar kölgəsi deyilir .
Təzhibdə, bəzəmə sənətində naxış, motiv, fiqur, kompazisiya, üslub və üslublaşdırma əsas amillərdir.
Naxış: Yalnız xəttlərlə boyasız olaraq edilən şəkildir.
Motiv: Bəzəmələrdə təkrarlanan forma-predmet.
Fiqur: Rəsm və heykəldə insan və heyvan görüntüsü.
Kompozisiya: Bir sənət əsərində qaydalara əsaslanan və estetik anlamlı nizam qurmaq.
Üslub: Bir dövrün ya da bir sənətçinin şəxsiyyəti, bir əsərin texniki, rəng, kompozisiya forma və izahat baxımından xüsusiyyətləri.
Üslublaşdırma: Gerçək şəkil və motivlərin xarakterini itirmədən sadələşdirərək bəzəmək, sxemik hala salmaq.
Naxış əvvəllər boyalı şəkillərə, miniatürlərə verilən ad idi. Əlyazma kitablara rəngli olaraq çəkilən süsləyici şəkillərə miniatür və ya xürda naxış, naxış edənlərə də nəqqaş deyilirdi. Buna təsvir və şəbih yazmaq da deyilirdi. Naxış edənlər nəqqaşla yanaşı, musəvvir, şəbihnüvis adlarını da alırdılar. Təzhibdə motivə gəldikdə isə qeyd etmək lazımdır ki, burada motivlər naturalis, mücərrəd və simvolik olaraq üçə ayrılırlar ki, onların da bəziləri bir-neçə qola bölünürlər.
Əldə olan əksər qaynaqlarda qeyd edilir ki, naturalist motivlər iki qrupa - birincisi “palmet-lotus”, ikincisi çiçəklər (hatai), pənc (pəncbərg), yarpaqlar və ağaclar motivlərinə ayrılırlar.
Mücərrəd motivlər isə rumi və “əyri cizilmiş” anlamı verən münhanilərə ayrılırlar. Rumilər də cizilişinə və kompazisiyadakı istifadə qaydalarına gorə ikiyə ayrılırlar:
1. Cizimdəki xüsusiyyətlərinə görə:
a) Sadə rumi: Buna dini rumi də deyilir. Ən bəsit şəkildə cizilmiş rumi nümunəsidir.
b) Dəndanlı rumi: Sadə rumi sərhəd cizgisinin daxili qisminə münhani elementlərlə süslənmiş rumi nümunəsidir.
c) Qanadlı rumi: Rumi motivinin iki qola ayrılaraq cizilmiş şəklidir.
d) Sarılma rumi: Buna piçidə rumi də deyilir. Öz daxilində sarılma və bükülmə anlamını daşıyan farsca bir termindir. Rumi motivinin üzərinə çıxaraq sarılmış rumi nümunəsidir.
e) Səncidə rumi: Ölçülü olaraq iki tərəflifli cizilən rumi növü anlamına gələr farsca bir termindir. Sanki iki rumi kürək qismində birləşdirilmiş kimidir.
f) İşləməli rumi: Böyük bir rumi motivinin daxili (iç) qismində hatai motivlər yer alır.
2. Kompozisiyadakı vəziyyətinə görə:
a) Ayrılma rumi: Bir kompazisiyada naxışı paftalara ayıran, kompozisiyada daha uyğun görünüş təmin edən rumi nümunələrinə ayrılma rumi deyilir. Bu hissədə zəmin (səth), uyğun şəkildə, fərqli rəngdə boyanır.
b) Təpəlik rumi: Kompozisiyada sonlandırıcı və ya sərhədləyici vəzifəsini yerinə yetirər. Bəzən tığ şəklində də istifadə olunurlar. Simmetrik tənzimləmə tətbiq edilir.
c) Ortabağ rumi: Rumi kompozisiyasının cizimində rumilərin saplarının bir noqtədə birləşib təkrar o nöqtədən ikiyə ayrılmalarında, birləşmə nöqtəsinə qoyulan rumili tənzimləməyə ortabağ rumi deyilir.
d) Salyanqoz rumi: Salyanqoz adlandırılan kiçik rumi tərzindəki qıvrımlar simmetrik dördlü xəttin toqquşma nöqtəsində istifadə edilir. Bağlayıcı bir xüsusiyyət daşıyır.
e) Üç-iplik rumi: Bir-birinin içindən keçən üç xətt üzərində rumilərin eyni istiqamətdə düzülərək meydana gətirdiyi zərif bir rumi hörgüsüdür.
Simvolik motivlər isə buludlar və çintəmanidir. Süsləmə sənətlərində istifadə edilən buludlar, təbiətin bir elementi olma fikiriylə qiymətləndirilib istifadə edilmişlər. Buludlar öz xəttlərini davam edərək çəkilər və başqa motivlərlə qarışmazlar. Buludlar cizimdəki xüsusiyyətlərinə və kompazisiyadakı vəziyyətinə görə ikiyə ayrılırlar.
1. Cizimdəki xüsusiyyətlərinə görə:
a) Sərbəst bulud: Kompazisiyalara sərbəst şəkildə çəkilərək yerləşdirilirlər.
b) Yağma bulud: Bulud şəkillərinin daha qatı olaraq daha sıx olaraq bir arada cizilmələridir. Sərbəst olaraq da yerləşdirilirlər.
2. Kompozisiyadakı vəziyyətinə görə:
a) Nöqtə bulud: Yağma şəklində çəkilər. Nöqtə bulud deyilməsinin səbəbi, naxışda motivlərin yer alacağı budaqların çıxış nöqtəsini təşkil etmələridir.
b) Ayırma bulud: Ayırma rumilərin istifadə edilmədiyi yerdə eyni vəzifəni görəcək şəkildə istifadə olunurlar. Rəng ayrımına köməkçi olmaları səbəbiylə naxışı monotonluqdan qurtarıb, daha ahəngli görünməsini təmin edirlər.
c) Ortabağ bulud: Çardaqlı və çənbər deyə də adlandırılan bulud motividir. Çiçəklərin saplarını bağlamada, bəzən də iki bulud arasında əlaqənin təmin edilməsində istifadə olunur.
d) Təpəlik bulud: kompozisiyaların məhdudlaşdırılmasında istifadə olunur. Naxışların bitməsini bildirir.
e) Xürda bulud: Bu tənzimləmədə rumilərdən fərqli olaraq öz strukturlarında deyil, yarpaq və ya Hatai çiçəyiylə birlikdə istifadə edilərək dəyərləndirilir.
Əksərən üç xalla birlikdə istifadə edilən Çintəmani motivi isə, bulud və hatai motivləri kimi Orta Asiya mənşəlidir. Yan-yana uzanan iki dalğalı şəkil pələng və bəbiri xatırladır. Biri üstdə ikisi altda üç xaldan ibarət olan tənzimləmə dekorativ anlamda süsləyici olaraq istifadə edilmişdir. Bəzən xallar içinə tək tərəfə daha yaxın çəkilən dairələr onların hilal şəklini almalarını təmin edər. Teymur dövləti dövrünə aid sikkələrdə də görülən bu üç xala "Timuçin" adı verilir. Türk bəzəmə sənətində isə gücün və səltənətin simvolu olaraq istifadə edilmişdir. Bəzən üç xalın bir yerdə istifadə edildiyi nümunələr olduğu kimi bəzən də hər iki motiv ayrı-ayrı istifadə edilmişdir.
Əlyazma əsərlərin təsbit fişlərində təzhib əsərdəki təzhib və təzhibin növü haqqında qeydlərin olması mütləqdir və aşağıdakı qanunauyğunluğa riayət etmək məqsədəuyğundur: Əsərin hansı bölümünün – zahiriyə, sərlövhə, mövzu və bölüm başlıqları, xəttimə, Qurani-Kərimlərdə ayrıca surə başlıqları, cüz, hizb işarələri və digərlərinin təzhibli olmalarının qeyd edilməsi; hansı səhifələrin təzhibli olduğları və eyni zamanda təzhibin dərəcəsi – nəfis təzhibli və ya hədsiz nəfis təzhibli olmaları qeyd edilməlidir. Minyatür, şəkil, rəsm, lövhə və s. sayının təsbiti və yerləşdikləri vərəqlərin a və b üzləri müəyyənləşərək qeyd edilməlidir.
Əlyazma əsrində xəttatlıq, təzhib, miniatür kimi sənətlərlə yanaşı, həmçinin kağız, boya, mürəkkəb, qələm, qələmtəraş və s. ləvazimatlarla bağlı sənətlərlərlə yanaşı, bu gün tədqiqat obyekti kimi maraq doğuran cildçilik sənətinin də orta əsr müsəlman şərqinin kitab mədəniyyətindəki yeri əvəzedilməzdir.
Cild: Dilimizə ərəb dilindən keçən bu söz «dəri» deməkdir. Əlyazma əsərlərin qorunması məqsədiylə hazırlanan, kitab qabları da əksəriyyətlə dəridən edildiyi üçün cild adını almışdır. Kağızın icadından əvvəl, bal mumu lövhələr və papirüs üzərinə yazılan yazıların saxlanması üçün iplərlə bağlı taxta qapaqlar istifadə edilmişdir. Perqamen istifadə edilməyə başlanınca qatlanıb forma əldə edilmişdir. Cild və cildçilik kağız istehsalıyla birlikdə inkişaf etmişdir. Məmməd Adilov “Azərbaycan poleoqrafiyası” əsərində yazmışdır: “Müasir təsəvvürlərə görə, cild kitabın əsas atributlarından biri sayılır. Kitabların cildlənməsinə ilk dəfə qibti və həbəş xalqları başlamışlar. Müsəlmanlarda isə cildə alınmış ilk kitab Qur’an olmuşdur. Zəmanəmizə qədər gəlib çatmış ən qədim kitab cildi VIII əsrə aid edilir. Bu kitab üzü fil sümüyü və adi sümüklə qaxılmış sidr ağacından düzəldilmiş, onun səthinə sütunlar üzərində duran tağlar (arkalar) çəkilmiş, tağların daxili və yuxarı hissəsi dördbucaq və b. həndəsi fiqurlarla doldurulmuş və palmetta ilə bəzədilmişdir. Dövrümüzə qədər gəlib çatmış ən qədim əlyazmaların cildinə dəri çəkilmişdir”.
Cildçilik sənətində cildlə yanaşı cildbəndlər də düzəldilirdi. Cildbəndin əlyazma kitab cildlərinin mühafizəsi üçün istifadə edilən qutu vəzifəsini icra etməsiylə yanaşı digər yararlılıq texnologiyası da vardır: adətən cildbəndin içində bir lent olur və bu lent çəkilincə kitab çölə çıxar. Ayrıca yazı və şəkil qoyulmaq üçün bir kənarından parça ilə yapışdırılmış iki müqəvvadan ibarət qapaqlara da cildbənd adı verilir. Ağız tərəfindən və yanlarından kiçik lentlərlə bağlanır.
Orta əsr əlyazma kitabları tədqiq olunduqca, bir daha sübut olunur ki, Şərqdə kitab mədəniyyəti, İslam incəsənəti yüksək səviyyədə inkişaf etmişdir. Elmə və incəsənətə verilən qiymətdən dolayı, sənətkarlar nəfis əlyazma kitablarını hazırlayarkən ən yaxşı ləvazimatlara üstünlük verməyə çalışmışlar.
Dostları ilə paylaş: |