Rəvayətlərə əsasən namazda qəlbin iştirakına nail olmaq üçün tə`sirli amillərdən biri qıldığı namazı ömrünün son namazı hesab etməkdir. Həzrət Peyğəmbər (s) Əbu Əyyub Xalid ibn Zeyd adlı səhabəsinə belə buyurur: “Namazı elə qıl ki, sanki son namazını qılırsan və bu sənin vida namazındır”.1
Əslində kimsə əmin deyil ki, qıldığı namazdan sonra ölüm onu haqlamayacaq. Hətta qıldığımız namazı sona çatdıra biləcəyimizə əmin deyilik. Əgər insan ehtimal versə ki, qısa bir müddətdən sonra Allah hüzurunda sorğuya çəkiləcək, namazı-nı tamam başqa ruhiyyə ilə qılar. Əgər ölümlə aramızdakı məsafədən xəbərsiziksə, gəlin, hər namazımızı son namaz kimi tövbə və dua halında yerinə yetirək.
Əgər insan bir neçə dəqiqə namazdan qabaq düşünsə ki, son namazını qılır namazda daha diqqətli olar. Qorxulu səfərə çıxan insan öz əzizlərindən çox çətinliklə ayrılır. O, anlayır ki, bu səfərdən qayıtmaya da bilər. Ümumiyyətlə, müharibəyə gedənlərin görüşü başqa görüşlərdən çox fərqlənir. Çünki bu görüşün sonuncu görüş olması ehtimalı var. Əcəl də gələndə kimsəyə xəbərdarlıq etmir. Demək, onu hər an gözləmək lazımdır. Allah qarşısında son dəfə səcdə etdiyini düşünən insanın, təbii ki, qəlbi döyünəcək və gözlərindən yaş axacaqdır. Müharibə zamanı təhlükəli əməliyyata gedən mö`minlərin qıldığı namaz, adətən, həqiqi namaz olur. Çünki bu namaz sonuncu da ola bilər.
Dostları ilə paylaş: |