ON BEŞİNcİ DƏRS: DÜNYA VƏ AXİRƏTİN MÜQAYİSƏSİ DAVAMLI TƏFƏKKÜR
İstinad etdiyimiz Qur`an ayələrindən mə`lum oldu ki, insanın süqutunun əsas amili qəflətdir və bu qəflətin çarəsi özünə və Allaha diqqətli olmaqdır. O da qeyd edildi ki, diqqət Allah, doğru yol və axirətə diqqətdən ibarətdir. Özünü tanıyan insan Allahını da tanıyır. Öz insani şəxsiyyətinə diqqətsiz olan insanın Allahı tanıması mümkünsüzdür. İnsan qəflətdən qurtulmaq üçün qəfləti törədən amillərlə tanış olmalıdır. Demək, bu amilləri aradan qaldır-maqla qəflətdən uzaqlaşmaq olar. Bu məqsədə nail olmaq üçün proqram tərtib etmək zəruridir.
İşarə edildi ki, diqqətli olmaq üçün Qur`an insanı düşüncəyə çağırır. İnsan gündəlik təfəkkür üçün proqram tərtib edərsə, öz diqqətini güclədirə bilər. Rəvayətlərdə buyurulur ki, bir saat təfəkkür bir ilin ibadətindən üstündür.
Amma insanı öz şəxsiyyətinə diqqətli edən düşüncə yaranış və yaradıcı haqqında olan düşüncədir. Mə`nasız düşüncələr insanı nəinki diqqətli etmir, əksinə, onun diqqətini həqiqətdən yayındırır.
Digər mühüm bir nöqtə təfəkkürün davamlı olmasıdır. Allah, Onun sifətləri və fe`lləri kimi məsələlər bir anlıq düşüncə ilə həzm oluna bilməz. Hətta bu həqiqətləri qavradıqdan sonra onu unutmaq qorxusu da var. Dünyanın bər-bəzəyi, eyş-işrəti ilahi düşüncələrə qənim kəsilmiş təhlükələrdir. Dəyişkən təbiətli təfəkkürü zərərli düşüncələrdən qorumayan insan nə vaxtsa əqidəsində çaşa bilər. Belə təzahürlər dünyanın axır dövrləri üçün xüsusi ilə səciyyəvi bildirilmişdir. Rəvayətlərə görə həmin dövrün insanları sübhlər mö`min, gecələr isə kafir olarlar. Yə`ni mühit mö`min insanı bir neçə saat ərzində kafirə döndərmək gücünə malikdir. “Onlar mö`min halda sübhü açar və kafir halda gecəyə çatarlar.”1
Cinlər və şeytansifət insanlar gecə-gündüz pusquda durub insanın qəflət halını gözləyirlər. Ona görə də insan elə düşünməməlidir ki, bir dəfə düşünüb dini həqiqətləri anlamaqla iş bitir, yox, əsla! İnsan ömrünün son anı, son nəfəsinədək yanılmaq, büdrəmək təhlükəsi ilə üzbəüzdür. O, hər an inamını itirməkdən qorx-malı və ilahi düşüncəni fasiləsiz olaraq davam etdirməlidir.
Dostları ilə paylaş: |