HƏZRƏT ƏLİNİN (Ə) BUYURDUQLARININ TƏFSİRİ
Dünya haqqında deyilən bu sözlərdən sonra necə edək ki, Allahın razılığını qazana bilək? Bu suala elə “Nəhcül-bəlağə”nin özündən cavab tapmaq olar.
“Nəhcül-bəlağə”də nəql olunur ki, bir kişi Həzrət Əlinin (ə) hüzurunda dünya haqqında pis danışdı. Bu şəxs özü dünya əhli olduğu halda zahirdə dünyadan şikayətlənirdi. Həzrət Əlinin (ə) bu kişiyə cavabı çox maraqlıdır. O buyurur: “Həqiqətən, dünya onunla düz danışan üçün düzlük evi, onu düz anlayan üçün əmin-amanlıq yeri, ondan azuqə yığanlar üçün qüvvə mənbəyi, ibrət götürənlər üçün nəsihət sarayıdır. Dünya ilahi mərhəmət qazanılan və qazancı behişt olacaq ibadət və bəndəlik yeri, mələklərin namaz məkanı, ilahi vəhyin nüzul yeri və Allah dostlarının ticarət məkanıdır. Dünya insanları özündən uzaqlığa çağırıb özünü və əhlinin fəna olacağını xəbər verdiyi halda onu kim qınaya bilər?”
Əgər dünya olmasaydı insanlar hansı savabla behiştə gedərdi? Dünya Allah dostlarının təkamül yeridir. Həzrət buyurur: “Dünya ona baxan insanı agah, onun zinətinə aldananı kor etdi.” Bəli, dünyaya bəsirət gözü ilə baxanlar ondan faydalanır, nəfsinə uyanlar isə zərərə düşür. Dünyadan dərs almayan insan, çətin ki, kamillik mərtəbəsinə ucala.
Dostları ilə paylaş: |