REFERATI Mövzunun aktuallığı. Geyim tarixi bəşəriyyət tarixini özündə əks etdirən bir güzgüdür. Geyimin inkişaf mərhələləri insan və cəmiyyətin tarixini əks etdirir. İnsanların dünyagörüşü, sənayenin inkişaf səviyyəsi, mədəniyyət, beynəlxalq ticarət əlaqələri müəyyən dövr ərzində azda olsa, insanların geyimlərində öz əksini tapmışdır. Moda anlayışı XVI əsrdə formalaşmışdır. Modanın dirçəlişi və çiçəkləndiyi dövr XIX əsrə təsadüf edir. XVI-XX əsrlər modanın yaranışı, inkişafı, təkmilləşməsi dövrüdür. Geyimin dəyişməsi, həmçinin estetik zövqün dəyişməsi cəmiyyətin inkişafı ilə əlaqəlidir. Bu dövrü tərənnüm edən geyimlərin öyrənilməsi, bu illər ərzində cəmiyyətdə baş verən prossesləri izləməyə imkan verir. Bu dünya xalqlarının tarixinin öyrənilməsi baxımından da çox aktualdır. Bu gün dünya modasında şərq elementlərindən istifadə olunur. Azərbaycan milli geyimlərindəki ornamentlərin ən xırda detallara qədər tədqiq edilməsi, öyrənilməsi bugün üçün çox böyük əhəmiyyət kəsb edir.