AZƏRBAYCANDA SÖZ AZADLIĞI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
Hesabat – 2011-ci il (01 yanvar – 30 iyun)
MÜNDƏRİCAT
-
2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ MEDİANIN VƏ SÖZ AZADLIĞININ ÜMUMİ MƏNZƏRƏSİ .......................................................................... 2
-
RATİ-NİN TÖVSİYƏLƏRİ .....................................................................14
-
CƏDVƏL I. 2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ BÖHTAN VƏ DİFFAMASİYA İŞLƏRİ VƏ KİV-Ə QARŞI DİGƏR İDDİALAR......16
-
CƏDVƏL 2: 2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ JURNALİSTLƏRƏ VƏ MEDİA QURUMLARINA QARŞI HÜCUMLAR, TƏXRİBATLAR, ZORAKILIQLAR VƏ HƏDƏLƏR ..........................................................18
-
CƏDVƏL 3. 2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ JURNALİSTLƏRİN QALDIRDIĞI İDDİALAR ..........................……......................................36
-
CƏDVƏL 4: 2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ DÖVLƏT QURUMLARININ HƏRƏKƏTSİZLİYİ İLƏ BAĞLI İDDİALAR................................................................................................. 44
2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ MEDİANIN VƏ SÖZ AZADLIĞININ ÜMUMİ MƏNZƏRƏSİ
__________________________________________________________________________
2011-ci ilin 6 ayı Azərbaycanın müstəqil kütləvi informasiya vasitələri (KİV) və media nümayəndələri üçün problemlərlə müşahidə olunmuşdur. Jurnalistlərə qarşı təxribat, təqib, fiziki və mənəvi təzyiq, məhkəmələrə çəkilmə halları davam etmişdir. Habelə əvvəlki illərdə şərlənərək həbs edilən “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxa bilib. Eyni zamanda hesabat dövründə ictimai-siyasi fəal və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən gənclərdən iki nəfər - Cabaab Savalablı və Bəxtiyar Hacıyev qondarma ittihamlarla həbs ediliblər.
2005-ci ildə yaşadığı evin blokunda odlu silahla atəş açmaqla “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun martın 2-də qətlinin 6 ili tamam olsa da, hələ də bu cinayət bağlı qalır. Jurnalistin qatillərinin və bu qətli sifariş verənlərin ədalət mühakiməsinə təhvil verməyə borclu olan Respublika Prokurorluğu və Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi isə qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin axtarışının davam etdirilməsi ilə bağlı standart cavablar verməklə kifayətlənir. Habelə hökumət bu hesabat dövründə də Elmar Hüseynova abidə qoyulması ilə bağlı RATİ-nin etdiyi çoxsaylı müraciətləri nəticəsiz qoydu.
Bu müddət ərzində Cinayət Məcəlləsinin həbs nəzərdə tutan 147 (böhtan) və 148-ci (təhqir) və digər həbs nəzərdə tutan və adətən qurama işlərdə istifadə olunan (narkotik, xuliqanlıq, fərarilik) maddələri ilə 7 iş üzrə məhkəmə prosesləri keçirilib. Bu iddialardan 2-si üzrə həbs cəzası hökmü, 1 iddia üzrə proses davam edir, 1 iddia təmin edilməyib, 1 iddia üzrə təfərlər barışıb, 1 iddia üzrə cavabdehə xəbərdarlıq edilib, 1 iddia üzrə isə cavabdehin cərimə ödəməsi və təzib verməsinə dair hökm verilib.
Hesabat dövründə KİV-lərə və jurnalistlərə qarşı 52 halda təzyiq faktı qeydə alınıb(Bax: Cədvəl 2). Bu halların əksəriyyəti jurnalistlərin qanuni peşə fəaliyyətlərinin qarşısını almaq məqsədini daşıyıb. Habelə 2006-cı ildən (“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev oğurlanaraq işgəncəyə məruz qoyulandan sona ölümcül vəziyyətdə şəhərin kənarında atılmışdı) sonra arada xeyli fasilə olsa da 2011-ci ildə yenidən jurnalistlərin naməlum şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qoyulması kimi pis təcrübə qeydə alınmışdır.
Belə ki, martın 25-dən 26-a keçən gecə saat 00.30 radələrində “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin girişindən başına torba keçirilərək oğurlanılıb və naməlum ünvana aparılaraq işgəncəyə məruz qoyulduqdan sonra Binəqədi rayonu ərazisində küçəyə atılıb. Bu dəhşətli hadisədən bir neçə gün sonra - aprelin 3-də mülki geyimli naməlum şəxslər “Azadlıq” qəzetinin digər əməkdaşı Ramin Deko (Cəbrayılzadə)nu avtomobilə oturdaraq, şəhər kənarına aparıblar və telefonunu əlindən alaraq, “Azadlıq” qəzetində deyil, hökumətyönlü “Yeni Azərbaycan”, “Xalq qəzeti” kimi qəzetlərdə işləməyin daha məqbul olacağını başa salmağa çalışıblar. Onlar jurnalistin “ağıllanmayacağı” təqdirdə ciddi cəzalandırılacağını da bildiriblər. Baş verənlər barədə məqalə yazdıqdan sonra isə, aprelin 4-də jurnalist saat 21:10 radələrində redaksiyadan evə gedərkən Milli Elmlər Akademiyasının binası yanında tanımadığı iki nəfərin fiziki hücumuna məruz qalıb. Nəticədə jurnalistə ciddi bədən xəsarətləri yetirilib(Bax: cədvəl 2).
Habelə 2011-ci ilin ilk yarısında cağdaş Azərbaycan tarixində qeydə alınmayan hadisə - əcnəbi jurnalistlərin nümayişkaranə şəkildə ölkədən deportasiya edilməsi halı baş verdi. Aprelin 17-də İctimai Palatanın “Sahil” bağında keçirdiyi etiraz aksiyası zamanı İsveçli 3 jurnalist - May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote) mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. İsveçli jurnalistlər Azərbaycanda iqtisadi inkişaf fonunda baş verən proseslərlə tanışlıq, eləcə də Azərbaycan-Avropa münasibətləri haqqında İsveç telekanalları üçün reportajlar hazırlamaq məqsədilə Azərbaycana səfər ediblər. Jurnalistlər bir gün sonra Azərbaycandan deportasiya edilib. İyunun 28-də isə “Bloomberg” agentliyinin fotomüxbiri Diana Markosyan Azərbaycandan İstanbul reysi ilə uçan təyyarə vasitəsilə deportasiya edilib. Fotomüxbir iyunun 28-ə keçən gecə Bakıya gəlib. Markosyanın ikili vətəndaşlığı var – o Amerika və Rusiya vətəndaşıdır. Bakıya Rusiya pasportu ilə gəlib. O erməni əsilli olduğu üçün saxlanılaraq deportasiya edilib. Çünki Azərbaycanın Xarici İşlər Nazirliyi erməni əsilli jurnalistin qısa müddətə təhlükəsizliyini təmin edilməsi üçün tədbirlərin görülməsini mümkünsüz hesab edib(Ətraflı bax: Cədvəl 2).
Hesabat dövrü yalnız əcnəbi jurnalistlərin deportasiyası deyil həm də fiziki zorakılığa məruz qalmaları ilə yadda qaldı. Belə ki, iyunun 15-dən 16-a keçən gecə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Silya Devis döyülüb. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb və onun səhhəti hazırda ağır olaraq qalır.
Amanda Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir. Hazırda polis 4 nəfər gəncı saxlayıb və əcnəbi xanımların onlar tərəfindən döyüldüyü bildirilir.
Yasamal rayon Polis İdarəsinin müstəntiqi Erol Əliyevin ANS TV-yə verdiyi məlumata görə, guya Nazim adlı şəxs qızlara telefon uzadıb. Onlar da telefonu alaraq yerə atıblar. Təqsirləndirilənlərdən Adil Tağızadə isə iddia edir ki, guya onlar qızlarla tanış olmaq istəyiblər: "Tanış olmaq istədik. Nazimin telefonunu sındırandan sonra, mən qızlara "padnoşqa" verib yıxdım. Qaçdıq" .
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. Rəsmi məlumatla görə, həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlər - Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbə sakini, 1993-cü il təvəllüdlü Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu Həsənov, Naxçıvan Muxtar Respublikası Babək rayon sakini Nazim Hüseynov saxlanıb və saxlanılar barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Dövlət qurumlarının hərəkətsizliyi (informasiya sorğusuna cavab verilməməsi, ictimai birliklərin qeydə alınmaması və s.) ilə bağlı media və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən qaldırılmış iddialar da çox zaman nəticəsiz qalmışdır. (bax: cədvəl 4).
Jurnalistlərin peşə fəaliyyətinə mane olma, fiziki və mənəvi təzyiqlər göstərmə halları 2011-Cİ ilin 6 ayı ərzində də aktual olmuşdur(Bax: cədvəl 2). Habelə müxalifət partiyalarının keçirdikləri və keçirməyə cəhd göstərdikləri etiraz aksiyalarında foto və video çəkiliş aparan bir çox media nümayəndələrinə qarşı polis və polis olduqları ehtimal olunan mülki geyimli şəxslər tərəfindən təzyiq halları baş verib. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməyə mane olan mülki geyimli bu şəxslər bir çox hallarda özlərini “vətəndaş” kimi təqdim edərək, fiziki təzyiqlər də göstərməkdən çəkinməmişlər. 2011-ci ilin ilk yarısında keçirilən etiraz aksiyaları zamanı jurnalistlərin səyi ilə jurnalistlərə və aksiya iştirakçılarına təzyiq edən, haqqında dələduzluqla bağlı məhkəmə hökmü olan Ata Abdullayev ifşa edilsə də, onun aksiya iştirakçıları və jurnalistlər qarşı təzyiq törətməsi hallarının qarşısı alınmamış və ya o cəzalandırılmamışdır.
Ümumiyyətlə isə müxtəlif etiraz aksiyalarında və digər aksiyalarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlər fiziki təzyiqlərə məruz qalmaları davam etmişdir (Bax: cədvəl 2). Peşə fəaliyyətinə görə fiziki təzyiqlərə məruz qalan jurnalistlərin şikayətləri araşdırılmır və təqsirkar şəxslər cəzalandırılmır. (Bax: cədvəl 3.)
Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini məhdudlaşdırmaq üçün qanunlara dəyişikliklər edilmə siyasəti davam etdirib. Milli Məclisin 2010-cu dekabrın 21-də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişiklikləri qəbul etməsini ilə Azərbaycanda Mətbuat Ombudsmanı İnstitutunun yaradılmasından rəsmən imtina etmişdi. Belə ki, Azərbaycan Respublikası Prezidentini tərəfindən Milli Məclisə təqdim edilən Konstitusiya qanununa əlavə və dəyişikliklə Mətbuat Ombudsmanın səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə, yəni hazırkı ombudsmana verilmiş oldu. Prezidentin göndərdiyi layihədə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” konstitusiya qanununa yeni - 13-1 maddə əlavə edilib. “İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri” kimi tövsiv edilən 16 bənddən ibarət yeni maddə ilə avtomatik olaraq hazırkı insan haqlıarı üzrə ombudsma media omdudsmanının səlahiyyətləri verilmiş oldu. Halbuki hazırkı ombudasmanı hakimiyyətin dolayı nəzarəti altında fəaliyyət göstərməsini kimi qiymətləndirmələr var və buna görə də indiki ombudsmana əlavə səlahiyyətlərin verilməsi yox, onun əslində insan haqlarını daha da yaxşı və səmərəli şəkildə qoruması sahəsində işinin təkmilləşdirilməsinə ehtiyac var. Artıq qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib.
Mayın 26-da isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladağı əfv fərmanı ilə "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev də azad edildi. Əfv fərmanı dərhal icra olunub və jurnalist dərhal azad edilib. Belə ki, Yasamal rayon Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında Eynulla Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən etmişdi. 20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə Eynulla Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə jurnalistə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında jurnalist Avropa Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanımişdi. Qərarda bildirilmişdi ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Amma hələ də bu vəsait jurnalistə verilməyib.
Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Azərbaycanda fəaliyyət göstərən telekanallar AzTV, “Lider”, “ANS”, “Azad Azərbaycan“ (ATV), “Space”, “Xəzər”, İctimai Televiziya (İTV) və “İdman-Azərbaycan” telekanallarının 2011-ci ilin 6 ayı ərzində də fikir müxtəlifliyi və siyasi plüralizmin yoxluğunu nümayiş etdiriblər. Adı çəkilən bütün telekanallar dəqiqlik, balanslanşdırma, obyektivlik və hər kəsin öz fikrini ifadə etmə kimim prinsiplərə demək olar ki, əməl etməyiblər.
Habelə telekanallar “qara PR” kampaniyalarında da istifadə olunub. Xüsusilə müxalifət liderləri Əli Kərimli və İsa Qəmbər, habelə jurnalistlərdən “Azadlıq” qəzetinin əməkdaları Qan Turalı (Tural Cəfərov), Natiq Ədilov (onar Oguzdakı istirahət mərkəzlərinin birindəki otaqlarında gizli şəkildə çəkilmişdilər və bu çəkiliş adı çəkilən telekanalda nümayiş olunub), Eynulla Fətullayev və həbsdə olan gənc fəallar - Cabbar Savalanlı və xüsusilə Bəxtiyar Hacıyev barədə bədnam edən süjetlər “Lider” telekanalında nümayiş olunub.
Belə ki, Azərbaycanda yeni və hakimiyyətin siyasi nəzarətində olmayan televiziya və ya radio açmaq da mümkün deyil, Milli Televiziya və Radio Şurası (MTRŞ) hakimiyyətin nəzarəti altındadır və tezliklərin paylanması inhisarçılıq şəraitində həyata keçirilir. Bu müddət yeni televiziya və radio kanallarının açılması üçün heç bir müsabiqə elan edilməmiş yalnız faktiki mövcud olan radio və televiziya kanallarının lisenziya müddətlərinin uzadılmağı üçün müraciətlər qəbul olunmuşdur. MTRŞ-nın sədr müavini Toğrul Məmmədov qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə əməl etməyən, yəni lisenziya müddətinin bitməsinə ən azı 3 ay qalmış MTRŞ-ə sənəd verməyən yayımçıların tezliyi boşalmış sayılmalı və müsabiqədən çıxarılmalıdır. Sədr köməkçisinin sözlərinə görə, ölkə miqyaslı yayımçılardan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, radio yayımçılarından “Lider” Radiosu, “Antenn” Müstəqil Teleradio Kompaniyası, “Bürc FM” Radiosu, kabel televiziyalarından “AG Telekom” MMC, “FARAON-1” MMC, regional televiziyalardan isə “Kəpəz” Televiziya Şirkəti, “Dünya” Müstəqil Televiziya Şirkəti, “Mingəçevir” TV lisenziya müddətlərini uzatmaq üçün MTRŞ-ə sənədlərini də təqdim ediblər.
2005-2006-cı illərdə ümumrespublika ərazisində yayımlanan 4 televiziya, 11 regional televiziya, 7 radio, 9 kabel televiziyası lisenziya alıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə son dəfə 2005-ci il avqustun 31-də, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2005-ci il avqustun 22-də, “Azad Azərbaycan” Televiziyasına 2005-ci il oktyabrın 28-də, “Lider” Televiziyasına 2006-cı il dekabrın 22-də televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.
Regional televiziyalara gəlincə, “Alternativ” TV (Gəncə) 2006-cı il martın 1-də, “Kəpəz” Televiziya Şirkəti (Gəncə) 2005-ci il avqustun 31-də, “Dünya” Müstəqil Televiziya Şirkəti (Sumqayıt) 2005-ci il sentyabrın 15-də, “Xəyal” Televiziyası 2006-cı il martın 1-də, Qütb Televiziyası (Quba) 2005-ci il oktyabrın 14-də, “Mingəçevir” TV 2005-ci il senytabrın 15-də, “Simurq M” Televiziya Şirkəti (Tovuz) 2005-ci il sentyabrın 30-da, “Kanal-S” MMC (Şəki) 2006-cı il oktyabrın 3-də, RTV Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı il iyulun 11-də, “EL” TV (Yevlax) 2006-cı il oktyabrın 3-də xüsusi razılıq (lisenziya) alıb.
Yenidən lisenziya alası radio yayımçıları isə bunlardır: Azərbaycan Dövlət Radiosu, İctimai Radio, “Azad Azərbaycan” Radiosu, “Antenn” Müstəqil Teleradio Kompaniyası, “Bürc FM” Radiosu, “106 FM” Radiosu, “LiderJazz FM” Radiosu.
Xüsusi razılığı yeniləməli kabel televiziyaları da var. Bunlar “CATV”, “Neptun” Məhdud Məsuliyyətli Cəmiyyəti, “FARAON-1” MMC , “DIGICOM” Məhdud Məsuliyyətli Cəmiyyəti, “SKY” MMC – “Ailə TV”, “Qlobal Telecom” MMC, “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “AzHİNet” Məhdud Məsuliyyətli Cəmiyyəti, “AN Media” Мəhdud Мəsuliyyətli Cəmiyyətidir.
2005-ci ildə Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilməsinə baxmayaraq, hələ də Dövlət büdcəsindən maliyyələşən AzTV və onun nəzdində yaradılmış “İdman-Azərbaycan” telekanalları ləğv olunmamışdır. Əksinə QSC daha da genişlənəndirilib və əlavə olaraq ona “Mədəniyyət” kanalının yayım hüququnu da alıb. Yeri gəlmişkən Azərbaycanın Avropa Şurası qarşında öhdəliklərindən biri məhz AzTV-nin ləğv edilməsi ilə bağlıdır. Təəssüf ki, indiyə qədər bu öhdəlik yerinə yetirilməyib, əksinə bu telekanal genişləndirilir.
2009-cu ilin yanvarın 1-dən yerli FM tezliklərində yayımları qadağan olunmuş xarici radiostansiyalar – “Azadlıq” BBC və “Amerikanın səsi” radiostansiyalarının yayımı bərpa edilməyib.
Habelə ötən il Milli Televiziya və Radio Şurası 103.3 FM tezliyində yayım üzrə radio yayımı üçün elan etdiyi müsabiqənin nəticələri yanvarın 13-də elan edib. Qalib media aləmində tanınmayan “Golden Prince” şirkəti elan edilib. Şirkətin radiostansiyası “Azad xəbər” adlanır, amma efirə ”Araz FM” adı ilə çıxır. Radiostansiya nümayəndələri yerli və xarici auditoriyanı əhatə etməyi planlaşdırır. Yeni radio sovet dövründə orta dalğalarda yayımlanan və yaxın şərqdə məşhur olan “Araz” radiostansiyasının yerini tutmağa iddia edir.
Belə ki, MTRŞ 103.3 FM tezliyi üzrə yayım müsabiqəsini 25 noyabr 2010-cu ildə elan etmişdi və müsabiqədə 2 şirkət “Obyektiv –Televiziya və Radio Yayım Şirkəti ” MMC və “Golden Prince” MMC və fiziki şəxs Rəsul Cəfərov iştirak edirdi.
“Golden Prince” şirkətindən başqa müsabiqədə media aləmində tanınan “Obyektiv teleradio şirkət” kiçik müəssisəsi və hüquq müdafiəçisi Rəsul Cəfərov iştirak edib. “Obyektiv”in təsisçiləri “Turan” agentliyinin direktoru Mehman Əliyev və «Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu» İctima Birliyinin rəhbəri Emin Hüseynovdur. Həm də maraqlıdır ki, iddiaçılardan Hüseynovun israr etməsinə baxmayaraq, “Golden Prince” şirkətinin təsisçilərinin adları açıqlanmayıb ki, bu da qanun pozuntusudur.
Çap KİV-lərinin narahatedici vəziyyəti davam edir. Azad reklam bazarı olmadığı üçün müstəqil və müxalifət mətbuatının maliyyə çətinlikləri davam iri biznes strukturlarının əksəriyyətinin dolayısı ilə hakimiyyətin yüksək rütbəli nümayəndələrinə məxsus olması müxalifət və müstəqil KİV-ləri biznes strukturlar tərəfindən reklam almaq imkanından məhrum edir. Kiçik biznes nümayəndələri isə müstəqil və müxalifət qəzetlərinə reklam vermələrinə görə vergi orqanları tərəfindən təqiblərə məruz qala biləcəklərindən çəkinmələri səbəbilə reklam verməkdən imtina edirlər.
Bütün bu problemlərin mövcud olmasına baxmayaraq, hakimiyyət beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq üçün bir sıra dekorativ addımlar atmışdır. KİV-ə Dövlət Dəstəyi Şurası mütəmadi olaraq bir-sıra qəzetlərin layihələrini maliyyələşdirməyə başlamışdır. Amma ayrılan vəsait qəzetlərin biznes subyektinə çevrilməsini stimullaşdırmır.
Dostları ilə paylaş: |