Şirvanşahlar dövlətinin xarici siyasəti. Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Ordu xanı Toxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərginləşdirdi.
Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386-cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla Toxtamışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarətdən xilas etdi, həm də İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı. İbrahim Bu əlaqədən istifadə edib Şirvanı iqtisadi-siyasi və hərbi cəhətdən qüvvətləndirdi. O, Teymurun Qızıl Orduya qarşı yürüşündə iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi.
Teymur 1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cümlədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymurilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah İbrahimin siyasəti Azərbaycanı birləşdirmək idi. Teymurilərə qarşı qalxan xalq hərəkatından istifadə edən İbrahim Gəncəni və Qarabağın xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə müraciət etdilər.
İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Xalq onu hörmətlə qarşıladı. İbrahim qısa müddət olsa da, Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. Lakin çox keçmədən Cəlairi sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi.
Dostları ilə paylaş: |