Quba xanlığının əsasını Hüseynəli xan (1726-1758) qoymuşdu. Xanlığın mərkəzi əvvəlcə Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) Quba xanlığı daha da gücləndi. A.Bakıxanov Fətəli xanı öz dövrünün «tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam» kimi xarakterizə edirdi. Güclü dövlət yaratmağa çalışan Fətəli xan özbaşınalıq edən mahal naiblərinin hakimiyyətini məhdudlaşdırmış, vergilərin toplanmasını nizama salmış, ordunun sayını xeyli artırmışdı. Onun fəaliyyətində pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan Dərbənd xanlığını ilhaq etməyə can atırdı.
Bu dövrdə Dərbənd xanı Məhəmmədhüseyn xanın yeritdiyi siyasət şəhər əhalisinin ciddi narazılığına səbəb olurdu. Bundan məharətlə istifadə edən Fətəli xan şəhər əhalisinin xeyli hissəsini öz tərəfinə çəkə bilmişdi. Lakin Dərbəndin möhkəm qala divarları ilə əhatə olunduğunu nəzərə alan Fətəli xan planlaşdırılan hücumun uğurla nəticələnməsini təmin etmək üçün bir sıra Cənubi Dağıstan feodalları, o cümlədən Qaraqaytaq usmisi ( hakimi) Əmir Həmzə ilə ittifaqa girdi. Görülən bu tədbirlər öz nəticəsini verdi.
1759-cu ildə Dərbənd xanlığı Quba xanlığına birləşdirildi. Dərbənd xanlığından sonra Fətəli xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. Bu dövrdə Bakı Xəzər dənizində ən əlverişli liman şəhəri kimi şöhrət qazanmışdı. Bakı xanları duz və neft çıxarılmasından, habelə zəfəran yetişdirilməsindən böyük gəlir götürürdülər. Bütün bu gəlirlərin Quba xanlığının xəzinəsinə daxil olması Fətəli xana öz plan larını daha uğurla yerinə yetirmək imkanı verərdi.
Bu dövrdə Bakı xanlığı hərbi cəhətdən xeyli zəif idi. Bakı xanları onları qonşu xanlıqların hücumlarından qoruya biləcək güclü bir müdafiəçiyə ehtiyac hiss edirdilər. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Fətəli xan «nigah diplomatiyasının» köməyilə öz məqsədinə çatdı.O, 1766-cı ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba xanlığının təsiri altına düşdü.
Fətəli xanın Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer tuturdu. Bəzi məlumatlara görə Fətəli xan bu xanlığı ələ keçirməklə keçmiş Şirvanşahlar dövlətini bərpa etmək, Şamaxı şəhərini isə özünün paytaxtına çevirmək istəyirdi.
Şamaxı xanlığının güclü maddi və insan ehtiyyatlarına malik olduğunu nəzərə alan Fətəli xan buraya hücumdan əvvəl ciddi hazırlıq tədbirləri gördü. O, birinci növbədə Şamaxı xanlığı ilə hərbi xarakterli müqavilə bağlamağa nail oldu. Bu müqaviləyə görə Şamaxı xanları öz xanlıqlarının Cənubi Dağıstan feodallarının hücumlarından qorunması müqabilində Quba xanlığına xərac verməyi öhdələrinə götürürdülər. Eyni zamanda Şamaxı xanlıqlarının siyasətindən narazı olan şamaxılılar Quba xanlığı tərəfindən himayə edilməyə başlanıldı. Şamaxı xanlarının tezliklə xərac verməkdən imtina etmələri hərbi əməliyyata başlamaq üçün Fətəli xanın əlində bəhanə oldu. 1768-ci ildə onun ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı.Bu yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə həmin il kiçik Cavad xanlığı da Quba xanlığma birləşdirildi. Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə nail oldu. Quba xanlığının qüdrətinin artması bir sıra qonşu xanlıqları ciddi narahat edirdi.
1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzə və bəzi Azərbaycan xanlarının birləşmiş qüvvələri qəflətən Quba xanlığına hücum etdilər. Xudat yaxınlığında Gavduşan deyilən yerdə baş verən döyüşdə Fətəli xan məğlub oldu və Salyana çəkildi. Əmir Həmzə Şamaxı və Qubanı ələ keçirdi. Lakin tezliklə Dərbən də qayıdan Fətəli xan 1775-ci ildə rusların köməyilə öz düşmənini məğlubiyyətə uğratdı.
Fətəli xan Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətini davam etdirirdi. O, 1780-1781-ci illərdə Qarabağı ələ keçirməyə çalışsa da buna nail olmadı. 1784-cü ildə Quba xanı Cənubi Azərbaycana hücum edib Ərdəbil və Meşkini ələ keçirdi. Lakin bir tərəfdən Azərbaycan və Dağıstan feodallarının arxadan onu hədələmələri, digər tərəfdən isə Rusiyanın narazılığı Fətəli xanı geri çəkilməyə məcbur etdi.
1785-ci ildə Şəki və Lənkəran xanlıqları Quba xanlığından asılı vəziyyətə salındı. Fətəli xan Cənubi Azərbaycana yeni yürüşə hazırlaşmağa başladı. Lakin 1789-cu ilin martında qəflətən vəfat etdi. Fətəli xanın oğlu Əhməd xan (1789-1791) atasının birləşdirdiyi əraziləri saxlaya bilmədi. Onun ölümündən sonra Qubalı xanı olmuş Şeyxəli xan da xanlığın qüdrətini saxlaya bilmədi. Tezliklə Şəki, Bakı, Şamaxı xanlıqları Quba xanlığının asılılığından çıxdılar.
3. Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Türkiyə və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xanlıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq istəyi üstünlük təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrıayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün istifadə edirdilər. Lakin bu zaman göstərilən dövlətlərdən hər biri özlərinin hərbi və iqtisadi potensialından çıxış edirdi. Feodal pərakəndəliyi dövrü keçirən İran uzun müddət Azərbaycana təsir göstərmək imkanlarını itirmişdi. Kərim xan Zəndin diplomatik yolla Azərbaycan xanlıqlarını, ilk növbədə Quba xanlığını öz təsiri altına almaq cəhdləri uğursuzluqla nəticələnmişdi.
XVIII əsrin ikinci yarısında Rusiya ilə aparılan iki müharibədə ( 1768-1774 və 1781-1791 illər) ağır məğlubiyyətə uğrayan Türkiyə Azərbaycanda fəal xarici siyasət yeridə bilmirdi. Elə bunun nəticəsi idi ki, sultan höküməti ayrı-ayrı Azərbaycan xanlarının gürcü-rus blokunun təcavüzünə qarşı kömək xahişlərini ya cavabsız qoyur, ya da boş vədlər verməklə kifayətlənirdi.
İran və Türkiyədən fərqli olaraq Rusiya Cənubi Qafqazda daha fəal siyasət yeridirdi. XVIII əsrin 70-ci illərində Krımı ilhaq etməyə hazırlaşan Rusiya Cənubi Qafqaza dair geniş işğalçılıq planı hazırlamışdı. Bu planın əsas mahiyyətini Gürcüstanı Cənubi Qafqazdahegemon dövlətə çevirmək və Azərbaycanın Qarabağ, Qaradağ, İrəvan və Naxçıvan xanlıqları hesabına erməni çarlığı yaratmaq təşkil edirdi. Lakin bu planlar olduqca gizli saxlanılırdı. Rusiyanın bu məkrli siyasatindən xəbərsiz olan bir çox Azərbaycan xanları ilk növbədə qubalı Fətəli xan onunla sıx diplomatik əlaqə yaratmağaçalışırdı. Hələ 1775-ci ildə Quba xanı öz elçisi Mirzə bəy Fərhadbəylini Peterburqa göndərmişdi. Quba xanı Əmir Həmzəyə qarşı mübarizədə göstərdiyi köməyə görə rus çarı II Yekaterinaya minnətdarlıq edir və Dərbəndin açarlarını ona göndərirdi. Fətəli xan həm də Quba xanlığının Rusiyanın himayəsinə qəbul edilməsini
xahiş edirdi. Lakin Türkiyəni qıcıqlandırmaqdan ehtiyat edən II Yekaterina onun bu xahişini yerinə yetirməkdən imtina etdi və Dərbəndin açarlarını qaytardı.
XVIII əsrin 80-ci illərində Rusiya Krımı birləşdirmək üçün hazırlıq işlərini gücləndirdi. Bu məqsədlə Cənubi Qafqaza da ordu göndərmək planlaşdırırdı. Lakin 1783-cü ildə Krımın dinc yolla birləşdirilməsi nəticəsində Cənubi Qafqaza ordu göndərmək zərurəti aradan qalxdı. Bununla belə, Rusiya Azərbaycan ərazisində erməni
çarlığı yaratmaq planından imtina etməmişdi. Bu məqsədlə Qarabağın erməni məliklərinə hər cür yardım göstərilir, İbrahimxəlil xanı devirmək üçün planlar işlənilib hazırlanırdı. Rusiya özünün işğallarına hüquqi əsas qazanmaq üçün İrəvan, Qarabağ və Qaradağ xanlıqlarının ona güzəştə gedilməsi barədə İran hakimi Əlimurad xanla danışıqlar aparırdı. Öz hakimiyyəti üçün real təhlükə yaran dığını görən qarabağlı İbrahimxəlil xan bunun qarşısını diplomatik yolla almaq qərarına gəldi. O, 1784-cü ildə öz nümayəndəsi Musa sultanı Peterburqa göndərdi və Rusiyanın himayəsi altına keçməyə hazır olduğunu bildirdi. II Yekaterina onun bu təklifıni qəbul etməsə də Qarabağda hakimiyyət dəyişikliyi etmək planını təxirə saldı.
1783-cü ildə Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə keçməsi bir çox Azərbaycan xanlarını da belə addım atmağa həvəsləndirirdi. Qubalı Fətəli xan bu yolla öz hakimiyyətini bütün Azərbaycana yaymağı planlaşdırırdı. O, Rusiya höküməti ilə apardığı diplomatik yazışmalarda özünün bütün Azərbaycanın hökmdarı kimi tanınmasına çalışırdı. Lakin erməni və gürcüləri özünün Cənubi Qafqazda əsas dayağı hesab edən Rusiya Fətəli xanın güclənməsinin qarşısını hər vəchlə alırdı. Elə bunun nəticəsi idi ki,
Fətəli xanın 1787-ci ildə Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı ilə Rusiyaya göndərdiyi nümayəndə heyəti uğursuzluğa düçar oldu. Rusiya bu dəfə də Quba xanlığını öz himayəsinə götürməkdən imtina etdi.
XVIII əsrin 80-ci illərində İranda daxili siyasi vəziyyət müəyyən dərəcə sabitləşməyə başladı. Burada uzun müddət davam etmiş daxili siyasi mübarizədə Ağa Məhəmməd xan Qacar üstünlük qazandı. O, 1785-ci ildə Tehranın özünün iqamətgahı seçdi və keçmiş Səfəvilər dövlətinin sərhədlərini bərpa etməyi öz qarşısına məqsəd qoydu.
Ağa Məhəmməd xan Qacar 90-cı illərin əvvəllərində özünün əsas rəqibləri olan Zəndləri tamamilə sıradan çıxardı və Cənubi Azərbaycan xanlıqlarının əksəriyyətini asılı vəziyyətə saldı. Bundan sonra o, Cənubi Qafqazı tabe etmək uğrunda mübarizəyə başladı. Ağa Məhəmməd xanın güclənməsi Azərbaycanın şimal torpaqlarının müstəqilliyini ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan xanlarının əksəriyyəti, o cümlədən, Qarabağ, İrəvan, Naxçıvan və Xoy xanları kömək üçün Türkiyəyə müraciət etdilər. Qubalı Şeyxəli xan isə bu məqsədlə həm Türkiyəyə, həm də Rusiyaya müraciət
etmişdi. Qarabağlı İbrahimxəlil xan isə Türkiyədən kömək istəməklə yanaşı özü də müəyyən müdafiə tədbirləri gördü. Onun təşəbbüsü ilə Qarabağ, Lənkəran, İrəvan xanlıqlarından, Kartli-Kaxetiya çarlığından və Avar hakimi Ümmə xandan ibarət ittifaq yaradıldı. Lakin bu tədbirlər Qacarın Cənubi Qafqaza hücumunun qarşısını ala bilmədi. Türkiyə Azərbaycan xanlarına heç bir əməli kömək göstərmədi. Başı Fransa burjua inqilabına qarşı mübarizəyə qarışmış Rusiya da Qacarın Cənubi Qafqaza hücumunun qarşısını almaq üçün heç bir tədbir görmədi.
1795-ci ilin iyununda 85 min nəfərlik İran ordusu Qarabağa soxuldu və Şuşanı mühasirəyə aldı. Lakin 33 gün davam edən mühasirəyə baxmayaraq Ağa Məhəmməd xan Şuşanı ələ keçirə bilmədi. O, bunun əvəzini Tiflisi ələ keçirib yandırmaqla çıxdı. Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana hücumu və Tiflisi yandırması Rusiyanın bu bölgədəki mövqelərinə ağır zərbə oldu. Cənubi Qafqazın İran tərəfındən işğal edilməsinə yol vermək istəməyən Rusiya höküməti ordu göndərmək qərarına gəldi. V.Zubov bu orduya komandan təyin edildi. Bu xəbəri eşidən Ağa Məhəmməd xan tələsik Arazın o tayına çəkildi və tezliklə şah titulunu qəbul etdi.
Ölkədə vahid dövlətin olmaması istər İran, istərsə də rus ordusuna güclü müqavimət təşkil etməyə imkan vermirdi. Ayrı-ayrı xanların təkbaşına müqavimət cəhdləri isə uğursuzluqla nəticələnirdi.
Qubalı Şeyxəli xan 1796-cı ilin mayında 10 gün ərzində rus qoşunlarını Dərbəndə buraxmaqdan imtina etsə də son nəticədə təslim oldu. 1796-cı ildə rus ordusu Quba, Bakı, Şamaxı, Salyan və Gəncə xanlıqlarını işğal etdi. Növbəti ildə yürüşü İranın içərilərinə doğru davam etdirmək planlaşdırılırdı. Lakin 1796-cı ilin noyabırında II Yekaterinanın vəfat etməsi buna imkan vermədi. Yeni rus çarı I Pavel rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. Rus ordusunun Azərbaycanı tərk etməsindən istifadə edən Ağa Məhəmməd şah 1797-ci ilin yazında yenidən böyük ordu ilə Şuşaya yaxınlaşdı. İbrahimxəlil xan ciddi müqavimət göstərsə də uğursuzluğa düçar oldu. Başsız qalan Şuşa şəhəri düşmən ordusu tərəfındən işğal edildi. Lakin bu vəziyyət uzun müddət davam etmədi. 1797-ci il iyulun 4-də Ağa Məhəmməd şah sui-qəsdçilər tərəfındən öldürüldü. Başsız qalan İran ordusu tələsik Qarabağı tərk etdi.
Beləliklə, XVIII əsrin 90-cı illərində Rusiya və İranın Azərbaycan torpaqlarını işğal etmək cəhdləri iflasa uğradı. Lakin bu heç də təhlükənin tamamilə sovuşması demək deyildi. Rusiya və İran Azərbaycan torpaqlarını işğal etmək planlarından imtina
etməmişdilər. Azərbaycanda hökm sürən siyasi pərakəndəlik bu planların reallaşması üçün əlverişli şərait yaradırdı.
4. XVIII əsrdə Azərbaycan xalqı azadlıq uğrunda gərgin mübarizə aparmaqla yanaşı öz mədəniyyətini də inkişaf etdirdi. Bu dövrdə ölkədə fəaliyyət göstərən məktəblərdə dərslər, əsasən, ərəb və fars dillərində keçirilirdi. Bu məktəblərdə təhsil almış adamlar məmur, mirzə və ya rühani vəzifələrini tuturdular.
Bu dövrdə elm sahəsində ciddi irəliləyiş olmasa da tarix və coğrafıyaya dair bir sıra qiymətli əsərlər yazılımışdı. Görkəmli coğrafıyaşünas Hacı Zeynalabdin Şirvani Qafqaz, İran, Türkiyə və Hindistanı gəzmiş və bu ölkələr haqqında qiymətli məlumatlar
toplamışdı. Tarixçi Əbdürrəzzaq bəy Dünbüli özünün «Məasiri-Sultaniyyə» əsərində İran hökmdarı Fətəli şahın hakimiyyət dövründə baş vermiş hadisələrdən bəhs etmişdi.
Azərbaycan ədəbiyyatında realist janr getdikcə üstünlük təşkil edirdi. Poeziyada vətənpərvərlik ideyaları və xalqın düşdüyü ağır vəziyyətə etiraz səsi xeyli güclənmişdi. Nişat Şirvani, Şikəstə Şirin və Nəbi kimi tarixi mövzuda yazan şairlərin əsərlərində ağır həyatdan narazılıq və şikayət üstünlük təşkil edirdi. Şakir Şirvanininn «Şirvan haqqında dastan» adlı müxəmməsində 1743-cü ildə Nadir şahın əleyhinə yönəlmiş Şamaxı üsyanından bəhs edilir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşdur. Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuş, Qarabağda, sonra isə gürcü çarı II İraklinin sarayında yaşamışdı. Vidadi yüksək sənətkarlıqla yazdığı şerləri ilə lirik Azərbaycan poeziyasını zənginləşdirmişdi. O, ədəbiyyata qoşma və gəraylılar müəllifı kimi daxil olmuşdur. Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdu. Əvvəllər Qazax mahalında və Gəncədə, sonralar isə Qarabağda yaşamışdı. Zəngin bilikli şair Qarabağ xanının sarayında baş vəzir olmuş və xanlığın idarə edilməsində xüsusi rol oynamışdır. Vaqifın yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Şairin şerləri xalq dilinin zəngiliyini əks etdirir və realizmi, milli təravəti, orjinallığı, nikbinliyi ilə səciyyələnir. Vaqifın realist yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış və Azərbaycan şerlərinin sonrakı nəsillərinə güclü təsir göstərmişdi.
XVIII əsrdə Azərbaycanda inşa edilmiş memarlıq abidələri dövrün siyasi həyatı ilə sıx bağlı olmuşdur. Yadelli hücumlarının və ara müharibələrinin mütamadi olaraq davam etdiyi xanhqlar dövründə Azərbaycan xanları düşmən hücumlarına tab gətirə biləcək dərəcədə möhkəmləndirilmiş qalaların, bürc və istehkamların tikintisinə
diqqəti artırmağa məcbur idilər. Ərazisində hərbi-müdafıə xarakterli obyektlərin tikildiyi xanlıqlardan biri Qarabağ xanlığı idi. Buna misal olaraq Bayat, Şahbulaq və Şuşa qalalarının qala divarlarını, Əsgəranın qoşa qalalarını göstərmək olar. Müdafıə xarakterli obyektlər Şəki, Şamaxı, Təbriz, Naxçıvan və Ərdəbil xanlıqlarında da tikilmişdi. Azərbaycan memarlığında karvansara tikintisi sahəsində qazanılmış zəngin ənənələr bu dövrdə də davam edirdi. XVIII əsrin ikinci yarısında Şəkidə tikilmiş «Yuxarı» və «Aşağı» karvansaraları
müasir dövrümüzədək gəlib çatmışlar. Azərbaycan ərazisində ən böyük karvansara hesab edilən «Yuxarı» karvansarada 300 otaq və zirzəmi var idi. Şuşada, Şəkidə, Qubada, İrəvanda ayrı-ayrı xanlar tərəfindən dəbdəbəli saraylar tikdirilmişdi. Bu dövrdə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi şərq memarlığının incilərindən sayılan Şəki xanlarının sarayıdır. Saray 1797-ci ildə Şəki hakimi Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Sarayın fasadı başdanbaşa şəbəkə üslubu ilə bəzədilmişdir.
XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Azərbaycan siyasi pərakəndəlik dövrü yaşayırdı. Nadir şahın ölümündən sonra yaranmış müstəqil və yarımasılı xanlıqlar orta əsr dövlətlərinə məxsus bütün atributlara malik idilər. Bu dövrün sosial-iqtisadi münasibətləri orta əsrlərin əvvəlki dövrlərinə məxsus sosial-iqtisadi münasibətlərdən elə də fərqlənmirdi. Torpaq mülkiyyət formalarının və vergilərin mahiyyətində elə bir ciddi dəyişiklik baş verməmişdi.
Bununla belə, bütün xanlıqlar dovrü üçün xarakterik olan ara müharibələrinin təsiri altında əkinçilikdə, ticarət və sənətkarlıqda dərin tənəzzül müşahidə edilirdi. Azərbaycan şəhərlərinin böyük əksəriyyəti ciddi dağıntılara məruz qalmışdı.
XVIII əsrin ikinci yarısında ayrı-ayrı Azərbaycan xanlıqları hakimiyyət və torpaq uğrunda bir-birilə kəskin müharibə aparırdılar. Ölkəni vahid dövlətdə birləşdirməyə çalışan qüvvələr də çox deyildi. Urmiyalı Fətəli xan, Şəkili Hacı Çələbi, Xoylu Əhməd xan və Qubalı Fətəli xan vahid Azərbaycan uğrunda xeyli qüvvə sərf etmişdilər. Qubalı Fətəli xan daha böyük uğurlar qazanmış və bütün şimal-şərqi Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Bununla belə, ayrı-ayrı bölgələr arasında iqtisadi əlaqələrin zəifliyi və qonşu dövlətlərin müdaxiləsi son nəticədə vahid Azərbaycan dövlətinin yaranmasına imkan vermədi. Azərbaycanın zəngin təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi qonşu dövlətlərin, ilk növbədə İran və Rusiyanın diqqətini cəlb edirdi. Heç də təsadüfı deyil ki, XVIII əsrin sonuncu onilliyində bu dövlətlər Azərbaycanı işğal etmək üçün hərbi yürüşlər təşkil etmişdilər. Azərbaycan 1795 və 1797-ci illərdə İran hakimi Ağa Məhəmməd şah Qacarın, 1796-cı ildə isə V.Zubovun başçılığı ilə rus ordusunun işğalçı yürüşünə məruz qalmışdı. Doğrudur, bu yürüşlərin hər üçü iflasla nəticələndi. Lakin bu heç də həmin dövlətlərin Azərbaycana dair işğalçılıq planlarından imtina etmələri demək deyildi.
Dostları ilə paylaş: |