Əqli Mülkiyyət Agentliyi 19 aprel 2019-cu il tarixində YUNESKO tərəfindən elan edilmiş 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” nə həsr olunmuş tədbirlər sırasında geniş beynəlxalq konfrans keçirmişdir. Konfransın əsas məqsədi Azərbaycan xalqının torpağı, mədəni irsi və tarixinə tuşlanmış saxta erməni mifologiyasını ifşa edən əsaslı elmi dəlilləri beynəlxalq və yerli ictimaiyyətə çatdırmaqla, xalqımızın zəngin sərvətinin qorumasının təmin edilməsinə töhfə vermək olmuşdur. Konfransda son uç ildə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunun ardıcıl davamı olaraq, yeni araşdırmalar və tədqiqatlar nəticəsində əldə edilmiş məlumatlar geniş auditoriyaya təqdim olunmuşdur.
Hesabat dövründə Əqli Mülkiyyət Agentliyində milli irsin qorunmasının müxtəlif aspektlərinə dair bir neçə yeni nəşrlər hazırlanmış, müxtəlif dillərdə dərc edilmiş və yayılmışdır, o cümlədən
“Əqli mulkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı”;
“Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı”;
“Davamlı inkişafda bilik və mədəni ənənələrin qorunması və əqli mülkiyyət hüququnun rolu”;
“Mədəni irsin rəqəmsallaşdırılması və rəqəmsal muəlliflik hüququ sahəsində tənzimləmə modeli”.
Əqli Mülkiyyət Agentliyin əməkdaşları Ümumdünya Əqli Mülkiyyəti Təşkilatının “Əqli mülkiyyət və genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitəsi”nin sessiyalarında iştirak etmiş, bu sessiyaların əsas predmeti olan mədəni irsin tərkib hissələri olan ənənəvi biliklərin və ənənəvi mədəni ifadələrin qorunması ilə bağlı qəbul ediləcək hüquqi sənədlərin müzakirəsi zamanı Azərbaycan Respublikasının mövqeyini ifadə edən çıxışlar etmiş, həmin sənədlərdə ənənəvi mədəni ifadələr və ənənəvi biliklərdən istifadə zamanı onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalqın adının dəqiq göstərilməsi zəruriliyini bildirmişlər.
4.4.
Elektron nəşrlərin məcburi nüsxəsi (depozitariyası) ilə bağlı təkliflərin hazırlanması
Azərbaycan Milli Kitabxanasına daxil olan bütün nəşrlərin elektron versiyaları yaradılaraq kitabxananın məlumat bazasına daxil edilir.
Ölkə ərazisində nəşr olunan çap məhsullarının elektron məcburi nüsxələrinin Milli Kitabxanaya təqdim olunması barədə sərəncam layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Bu fərmana əsasən nəşriyyatlar tərəfindən çap edilən nəşrlərin məcburi nüsxələrin elektron nüsxələrinin (müəllifin razılığı olduqda) Milli Kitabxanaya verilməsi təsdiq olunmuşdur.
İndiyədək nəşr olunmuş və Milli Kitabxananın Arxiv fondunda mühafizə olunan çap məhsullarının elektron versiyaları Milli Kitabxana tərəfindən hazırlanaraq kitabxananın serverlərində saxlanılır, məlumat bazasında mühafizə olunur. Yalnız müəlliflərin icazə verdiyi nəşrlərin elektron versiyaları İNTERNET vasitəsilə yayımlanır. Müəllif Hüquqları Haqqında Qanunla qorunan nəşrlər isə xüsusi bölmə vasitəsilə Milli Kitabxananın daxili şəbəkəsində-İNTRANET vasitəsilə istifadə olunur. Hal-hazırda Milli Kitabxananın arxiv fondunda mühafizə olunan bütün nəşrlərin elektron nüsxələri yaradılmışdır. 2019-cu ilin birinci yarısında 40 200 elektron resurs yaradılaraq elektron depozitariyaya daxil edilmişdir.