1.Ekologiya haqqında ümumi məlumatlar
Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri» və logos – «elm» deməkdir. Ekologiya termini ilk dəfə 1866-cı ildə alman təbiətşünası Ernest Hegel tərəfindən irəli sürülmüşdür və biologiyanın bir bölməsi kimi canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqəni öyrənmişdir. Hazırda ekologiya – insanın fəaliyyəti ilə mühitə edilən dəyişikliklər nəzərə alınmaqla orqanizmlərin həyat fəaliyyəti qanunauyğunluqlarını (onun istənilən ifadəsində, inteqrasiyanın bütün səviyyələrində) onların təbii yaşayış mühitində öyrənən elm kimi qəbul edilir.Ekologiya bəşəriyyətin ilk inkişaf dövrlərindən praktiki maraq doğurub. İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Təsdiq etmək olar ki, insan od və digər vasitələr və alətlər istifadə etməyi öyrəndikdən sonra mədəniyyət yaranıb. Elmin digər sahələri kimi bəşəriyyət tarixi boyunca ekologiya fasiləsiz, lakin qeyri-bərabər inkişaf edib. Bizə gəlib çatan alətlər, qayaüstü şəkillərdən məlum olur ki, qədim insanlar bitkilərin becərilməsi, heyvanların tutulma üsulları, onların həyat tərzi haqqında, məhsul yığımı vaxtları ilə bağlı ayrıayrı təsəvvürlərə malik idi. Belə məlumatlar müasir dövrə qədər saxlanılan qədim Misir, Hind, Tibet mədəniyyət abidələrində tapılır. Ekologiya elementlərinə epik əsərlərdə və əfsanələrdə rast gəlinir. Əvvəllər ekologiya sahəsində nəzəri tədqiqatlar az aparılırdı. XIX əsrdə və XX əsrin əvvəllərində, bəzi hallarda isə hətta indi də laboratoriya şəraitində əldə edilmiş metodların birbaşa təbiətə keçirilməsi gözlənilməz hadisələrə və faciələrə səbəb olurdu. Bu səhv təcrübə tədricən ekologiyaya diqqət edilməsinə, insanın öz fəaliyyətində ekoloji qanunları nəzərə almasına vadar etdi.XXI əsrin əvvəlində elmin «ekologizasiyası» baş verir. Bu ekoloji biliklərin rolunun olduqca böyük olmasının, bəzi hallarda insanın fəaliyyətinin ətraf mühitə zərər vuraraq insanların yaşama şəraitini dəyişməsi ilə yanaşı bəşəriyyətin mövcud olması üçün də təhlükə yaratmasını başa düşülməsi ilə bağlıdır.
Hələ XX əsrin başlanğıcında Yer kürəsinin əhalisi təmiz hava ilə tənəffüs edir, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində əhalinin sayı 1 – 1,5 mlrd nəfər hüdudunda olmalıdır.
Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: avtomobil nəqliyyatı və aviasiya, kimya sənayesi, nüvə energetikası və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı.
İnsanın fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb oldu.
Ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə sıx bağlı mexanizmlərini, ətraf mühitin (təbiətin) insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən artır.
Dostları ilə paylaş: |