AĞIR İTKİ
Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı
Qələmə alan: Səid Əllamian
Kitаbın аdı:.................................. Ağır itki
Tərcümə edən:.............Zəhra Hüseynzadə
Çаp tаriхi:............................................2019
Çаp növbәsi:.....................................Birinci
Tirаj:.....................................................1000
«Издательство Полипресс»
Тверь, Комсомольский проспект, дом 19.
Тел.: (4822) 58-19-78, 500-250,
ISBN 16-20-024522-9
Bismillahir-Rəhmanir-Rəhim
1983-cü ilin yanvar ayının 29-da döyüş komandirlərindən bir qrupu İmam Xomeyni ilə görüşə getmişdilər. O zaman Cəmarana mühüm bir xəbər gəldi: "Həsən Baqiri şəhid oldu".
O gün həmin sərkərdələr üçün çox acı bir gün oldu. Möhsün Rzayi deyirdi: "Elə bil, beynimdə partlayış baş verdi". O, müharibənin gələcəyinə dair narahatlığını bildirərək əlavə edirdi: "Sanki qollarımdan birini itirdim. Bundan sonra müharibəni necə davam etdirəcəyik?!" Şəhid Mehdi Zeynəddin isə hisslərini belə ifadə etmişdi: "Bu ağır xəbər bir dağ kimi başımıza uçdu".
Müharibənin taleyi sual altına düşmüşdü: Həsən yoxdursa, Kərbəla qərargahı başsız qalıbsa, döyüşlərin aqibəti necə olacaq?! Hacı Qasim Süleymani deyir: "Müharibə dövründə cəbhə uşaqları üçün heç bir gün Həsən Baqirinin şəhadət günü qədər ağır olmadı. Onun yoxluğu savaşın sonuna qədər hiss olunurdu".
Həsən Baqiri ləqəbi ilə tanınan Qulamhüseyn Əfşurdi 1980-ci ilin 23 sentyabrında Xuzistan vilayətinə yollandı və ömrünün 28 ayını döyüş cəbhələrində keçirdi. O, çox da uzun sürməyən bu müddətdə elə bir məqama yüksəldi ki, irili-xırdalı bütün əməliyyatların kəşfiyyat, plan və icrası ona əsaslanırdı. Korpusun baş komandanı Möhsün Rzayi deyir: "Həsənin sözlərini, fikirlərə son nöqtə olaraq qəbul edir, bəzən də o vaxta kimi heç kəsin ağlına gəlməyən ideya kimi qiymətləndirirdim. Hər bir əməliyyatda 3-4 əsas qərar təsdiq olunurdu ki, onların hər birində Həsənin təklifi həlledici olurdu; məsələn, Fəthülmübin əməliyyatında Həsənin sözünə etina etməyib düşmənin rabitə qovşağına zərbə vurmadan döyüşə girişsəydik, hər şey məhv olardı".
Ordu komandiri Şəhid Səyyad Şirazi deyirdi: "Həsən Baqirinin yüksək imanı və inqilabi ruhiyyəsi onun fitri istedadına, güclü zehninə, fəallığına və dərin təhlil qüvvəsinə elə sarılmışdı ki, cəbhənin ən yaxşıları yalnız illərlə vuruşandan sonra o dərəcəyə yüksələ bilərdilər".
Həsən Baqiri 27 yaşında şəhid olanda korpusun Quru Qoşunlarının komandanının müavini və müharibənin birinci dərəcəli komandirlərindən idi. O, 24 yaşında, müharibədə yalnız iki ay iştirakdan sonra elə məşhurlaşmışdı ki, İmam Xomeyninin Ali Müdafiə Şurasındakı nümayəndəsi, şuranın digər üzvləri və ölkənin ən yüksək rütbəli hərbçiləri onun haqqında belə deyirdilər: "O, cəbhə haqqında ən dəqiq məlumatlara malikdir və savaşın gedişatında həlledici fikir söyləyə bilir".
16.11.80 tarixində ordunun Süsəngird qərargahında imamın nümayəndəsi Ayətullah Xamenei, prezident Əbülhəsən Bəni-Sədr, ordunun Quru Qoşunlarının komandanı General Fəllahi, qərargah rəisi Zəhirnejad, Doktor Çəmran və digər vəzifəli şəxslərin iştirakı ilə iclas keçirildi. Cənub əməliyyat qərargahının komandiri Davud Kərimi Həsən Baqirini də özü ilə iclasa aparmışdı. Həsən o zaman kəşfiyyat komandiri idi. Çıxış zamanı növbə korpus nümayəndəsinə çatdıqda, Hacı Davud qarşıya çıxıb xəritə üzərində mövcud vəziyyəti izah etməyi Həsənə tapşırdı. Baqiri Xuzistanda yerləşən öz mövqelərimiz barədə məlumat verdikdən sonra İraq hərbi qüvvələrinin tərkibi və komandanlığı haqda elə geniş danışdı ki, iclasda iştirak edənlərin hamısı təəccübləndi. Hətta korpus üzvlərini səriştəsiz və hərbi işlərdə təcrübəsiz hesab edən prezident Bəni-Sədr də onu alqışladı. İclasda Həsənin yaşından çox hərbi qulluqda olmuş yüksək rütbəli zabitlər iştirak edirdilər. Onlar cənub cəbhəsi barədə tam məlumatlara malik bir cavanla qarşılaşmışdılar. O, Xuzistanın şimalından cənubuna qədər bütün ərazilərdəki düşmən qüvvələrinin dəqiq sayını, hansı potensial, texnika, taktika və düzümə malik olduqlarını və hətta yaxın zamanda nə kimi planlar həyata keçirmək istədiklərini açıqlayırdı. Halbuki o gün nə prezident Bəni-Sədrin, nə də hərbi komandanlığın bu barədə məlumatı var idi. Süsəngird iclası Həsən Baqirinin yüksəliş nöqtəsi oldu. Çox keçmədi ki, ordu və korpus komandanlığı Həsənin kəşfiyyat, döyüş planı və irimiqyaslı əməliyyatlara başçılıq istedadı ilə yaxından tanış oldular və onu hərbiçi mütəfəkkir adlandırdılar.
Müharibə istedad və şəxsiyyətlərin üzə çıxması üçün həmişə uyğun yer olub. Sovet İttifaqında Marşal Georgi Jukov, Almaniyada General Ervin Rommel, Fransada General de Qoll, İngiltərədə General Bernard Montqomeri və Amerikada General Corc Patton kimi tanınmış hərbçilər gənc yaşlarında Birinci Dünya Müharibəsində təcrübə əldə edib İkinci Dünya Müharibəsində məşhurlaşdılar. İkinci Dünya Müharibəsi başlayan zaman onların yaşı orta hesabla 50-yə çatırdı. Onların ən cavanı 45 yaşlı Jukov və ən yaşlısı 54 yaşlı Montqomeri idi. Onların hamısı orta hesabla 75 yaşlarında müharibədən uzaq şəraitdə, adi ölümlə dünyadan köçüblər.
Montqomeri düşməni aldatmaqda, Marşal Jukov hərbi planlara dair novatorluqda, General Patton döyüş cəbhələri haqda kəşfiyyat məlumatlarının dəqiq əldə edilməsində, Marşal Rommel şəxsi heyəti ilə və əsirlərlə insanpərvər davranışda məşhur olublar. Adamı təəccübləndirən əsas amil Həsən Baqirinin gənc yaşlarında və qısa müddət ərzində bütün bu səciyyələrə yiyələnməsidir. Bu kitabın yazılmasına da məhz onun belə bir fərqli şəxsiyyəti səbəb oldu.
2007-ci ilin yayında "Şəhid Həsən Baqiri" müəssisəsi tərəfindən müəllifə onun həyat və mübarizəsi haqda araşdırmalar aparıb xatirələri toplamaq təklif olundu. O vaxtdan başlanan iş 2015-ci ilin yazına qədər davam etdi. Müəssisənin rəhbəri General Fətulla Cəfəri ilk növbədə 1983, 1996 və 2004-cü illərdə şəhidin ailə üzvlərindən, dostlarından, jurnalist həmkarlarından və cəbhə komandirlərindən alınan müsahibələrin lent yazılarını mənə verdi. Özüm 45 korpus və ordu komandiri ilə söhbət etmək imkanı əldə etdim. Assistantım xanım Məryəm Nuri bundan da artıq işlər gördü. Şəhid Baqirinin əlyazmalarından ibarət çoxsaylı qeydləri, məktubları və cəbhələrin gündəlik vəziyyəti barədə məruzələri mütaliə etdim. Nəticədə, yazılı materiallardan əlavə, 170 nəfərlə müsahibənin məzmunu üç cilddə çap olunan 2000 səhifəlik xatirələr məcmusunda yer aldı.
Bu illər ərzində Şəhid Həsən Baqiri haqda daha dərin araşdırma apardıqca onun xalq arasında lazımınca tanınmamasına, xüsusilə gənclərimizin bu barədə yetərincə məlumatlandırılmamasına görə təəssüf hissi keçirirdim. Fikirləşirdim ki, kaş indiki nəsil də onu müharibə illərindəki döyüşçü və komandirlərimiz qədər tanıyıb öyrənəydilər. Mənə elə gəlir ki, Baqiri yalnız öz zamanına aid şəxsiyyətlərdən deyil, indiki və gələcək nəsillərə örnək ola bilən dahi insandır. Çünki onun bacarığı və sarsılmaz iradəsi həyatda uğur yollarını araşdıran gənclərə misilsiz töhfədir. Beləliklə, illərlə düşüncələrimdə dolaşan arzum gerçəkləşməyə, həyata keçirməyim üçün ciddi qərar qəbul etməyimə səbəb oldu: bir neçə min səhifəlik xatirələr dəryasından gənc nəsli qane edəcək bir kitab yazıb həqiqət axtaranlara təqdim etmək. Bu istəyimi qədim dostum Mürtəza Sərhənginin yanında dilə gətirdim. O, fikrimi alqışlayıb Şəhid Baqiri haqda yeniyetmə və cavanlar üçün sadə dildə qısa və sənədli kitabın yazılmasını zəruri saydı.
Bu kitabda 65 nəfərin Şəhid Baqiri ilə bağlı xatirələri qeyd olunub. Həmin şəxslər arasında olan görkəmli şəhidlər Məhəmməd İbrahim Himmət, Mehdi Zeynəddin, Mehdi Bakiri və Həmid Müiniandan 1983-cü ildə, Səyyad Şirazidən 1996-cı ildə, Davud Kərimidən 2004-cü ildə (şəhadətindən 2 ay qabaq) "Şəhid Baqiri müəssisəsi"ndə General Fətulla Cəfəri tərəfindən müsahibə alınıb. Qeyd etdiyimiz kimi, həm şəhidin əlyazma və sənədləri, həm də alınan müsahibələr ilk növbədə kağız üzərinə köçürülüb tərtib edildikdən sonra üçcildlik xatirələr toplusu hazırlanıb. Qarşınızdakı bu kitab da həmin üçcildlik materialların arasından seçilib yazılıb.
Həsən Baqiri ləqəbi ilə tanınan Qulamhüseyn Əfşurdi ömrünün 18 ayını jurnalistika sahəsində keçirib. İslam Cümhuriyyəti qəzetinin arxivində Qulamhüseyn Əfşurdinin inqilabın qaynar və böhranlı vaxtlarında baş vermiş hadisələrlə bağlı yazdığı ictimai-siyasi təhlillərlə rastlaşdım. Onun həmin dövrdə Kürdüstan vilayətinin tanınmış şəxsiyyətlərindən və əhli-sünnə alimlərindən olan Əhməd Müftizadə ilə müsahibəsi diqqətimi cəlb etdi. Müsahibə 1979-cu il, sentyabrın doqquzunda alınmışdı.
Əfşurdi İslam inqilabından sonra xarici ölkəyə göndərilən ilk jurnalist olmuşdu. 1979-cu ildə Mehdi Bazərqanın, İbrahim Yəzdinin və Doktor Çəmranın təmsil olunduğu, İran dövləti tərəfindən Əlcəzair Respublikasının Müstəqillik günü münasibəti ilə keçirilmiş mərasimə yollanmış heyətə Qulamhüseyn Əfşurdi jurnalist kimi dəvət olunmuşdu. Onun bu səfərdən hazırladığı reportaj 1979-cu ilin 3 noyabrında İslam Cümhuriyyəti qəzetində çap olundu. 1980-ci ilin 25 aprelində Amerikanın Təbəs səhrasına hərbi müdaxiləsindən bir neçə saat sonra Qulamhüseyn oraya yollandı və hadisə yerinə çatan ilk jurnalist oldu. O, bu barədə dörd reportaj hazırlayaraq hadisənin təfərrüatını xronoloji ardıcıllıqla qəzetdə dərc etdirdi.
Qulamhüseyn Əfşurdinin qiymətli əsərlərindən bir qismi onun Livan reportajlarıdır. 1980-ci ilin yayında baş tutmuş ikihəftəlik səfərin nəticəsi olan beş reportaj mətbuatda geniş əks-səda doğurdu. O, bu reportajlarda Livanın ictimai, siyasi, iqtisadi və mədəni həyatı barədə geniş məlumatlar vermişdir. Qulamhüseynin toxunduğu mövzular üstündən 40 il keçməsinə baxmayaraq, hələ də aktuallığını qoruyub saxlayır. Bu reportajların bəzi hissələrini kitabda əziz oxuculara təqdim edəcəyik.
General Məhəmməd Baqiri ilə söhbətdə başa düşdüm ki, Qulamhüseyn hələ inqilabdan öncə mübarizə illərində Mətbuat qanunu barədə tənqidi yazı hazırlayıb Keyhan qəzetində dərc etdiribmiş. Arxivi axtararkən onu, həmin qəzetin 05.10.78 tarixində çap olunmuş sayında tapdım. O zaman şah rejimi siyasi gərginliyi azaltmaq məqsədilə mətbuat haqda yeni qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. Ölkənin məşhur jurnalistlərindən bir neçəsi o barədə öz fikirlərini geniş oxucu kütləsi ilə bölüşmüşdü. O zaman hərbi xidmətə yeni çağırılmış gənc Qulamhüseyn də dəyərli bir məqalə yazaraq mövzuya münasibət bildirmişdi. O, yaxın zamanlarda təsdiq olunaraq qanuna çevriləcək Mətbuat layihəsini təcrübəli bir hüquqşünas kimi tənqid etmiş, onun nöqsanlı olduğunu peşəkarcasına vurğulamışdı. O zaman məqaləni oxuyanlar inanmırdılar ki, onun 22 yaşlı müəllifinin peşəkar deyil, heç həvəskar hüquq və jurnalistika təcrübəsi də yoxdur.
Oxucular şəhidin iti qələmi, təhlil və tənqid istedadı ilə tanış olsunlar deyə, həmin məqalənin bəzi hissələrini kitabda gətirmişik. Kitabda Şəhid Həsən Baqirinin müharibənin əvvəlində həyata keçirilmiş ibtidai əməliyyatlardan başlayaraq, genişmiqyaslı hücumlara qədər inkişaf edən 28 aylıq komandirlik həyatı işıqlandırılmışdır. Döyüşlərin gedişatını çatdırmaqda mümkün qədər gənc nəslin başa düşəcəyi tərzdə yazmağa üstünlük vermiş, hərbi terminlərdən, mürəkkəb ifadələrdən çəkinmişik.
Bu girişin sonunda dəyərli xatirələri ilə Şəhid Həsən Baqirinin şəxsiyyətinə işıq salmış əziz şəhid komandirlərimizi, o cümlədən, İbrahim Himmət, Mehdi Bakiri, Həmid Müinian, Mehdi Zeynəddin, Davud Kərimi və Səyyad Şirazi kimi qardaşları yad etməyi özümə borc bilirəm. Eləcə də bir zamanlar həmsöhbət olmaq şərəfinə nail olduğum əziz insanları - Şəhid Hacı Həmid Təqəvini, Şəhid Hacı Hüseyn Həmədanini və Hacı Əhməd Səyyafzadəni dərin hüznlə xatırlayıram. Uca məqamlı bu insanlar bu gün aramızda olmasalar da, şirin kəlamları həyatımızın bütün sahələrinə nur saçır. Ruhları şad olsun!
Səid Əllamian
25 dekabr 2015
Dostları ilə paylaş: |