AZƏrbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu nəRİman seyiDƏLİyev



Yüklə 0,53 Mb.
səhifə1/4
tarix20.01.2017
ölçüsü0,53 Mb.
#824
  1   2   3   4


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU

NƏRİMAN SEYİDƏLİYEV

MЦASИR AZЯRBAYCAN DИLИNDЯ ЦSLUBИ SИNONИMLЯR

Elm və təhsil”



Bakı - 2012
Azərbaycan Milli Elmlər Akademiyası

Nəsimi adına Dilçilik İnstitutunun qərarı ilə çap olunur

(21 noyabr 2011, pr. № 6.)

Redaktor: İ.O. Məmmədli



filologiya elmləri doktoru, professor
Rəyçilər: R. H. Eyvazova

filologiya elmləri doktoru, professor

İ. T. Məmmədov

filologiya elmləri namizədi, dosent

Seyidəliyev Nəriman Fərman oğlu.

Müasir Azərbaycan dilində üslubi sinonimlər.

Bakı, “Elm və təhsil”, 2012, 120 səh.

Monoqrafiya müasir Azərbaycan dilinin üslubi sinonimlərinə həsr edilmişdir. Burada, əsasən neytral, bədii, poetik, danışıq və s. üs­lublarda işlədilən sinonim sözlərdən geniş bəhs edilir. Əsər filo­loq­lar, müəllimlər, şagird və tələbələr üçün çox maraqlı vəsaitdir.





грифли няшр

© N.Seyidəliyev, 2012

© «Elm və təhsil», 2012


REDAKTORDAN
Sinonimlik dilçiliyin leksikologiya, üslubiyyat, se­ma­siologiya və başqa sahələrində tədqiq olu­nur. Bu isə o deməkdir ki, sinonimlik anlayışı ge­nişdir. Sinonimlər lüğət tərkibini zənginləşdirir, baş­­qa dil vahidlərinin bir- birinə yaxın variantlarını real­laş­dı­rır, semasiologiyada isə yaxın, incə məna çalarları ya­ra­dan, eyni zamanda sözün semantikasının parçalanması və ge­nişlənməsi prosesinə xidmət edən bir vasitə kimi öyrə­ni­lir.

Sinonimlər öz potensial imkanları ilə ana dilimizin mə­na zənginliyini təqdim edir. Həm ana dilimizdə, həm də elə xarici dillərdə sinonimlərin xidməti həmin dillərin bila­va­si­tə işlənməsini intensivləşdirir.

Sinonimlər leksik-semantik kateqoriya kimi aşağıdakı cə­hətləri ilə diqqəti cəlb edir:

1. Danışıq dilini zənginləşdirir.

2. Dili incələşdirir, onun təsir gücünü artırır.

3. Mənanı qüvvətləndirir.

4.Dildə emosiya yaradır.

5. Nitq mədəniyyətində həlledici rol oynayır.

6. Fikri çatdırmaq üçün ona aydınlıq gətirir, eyni za­man­da həm də dəqiqləşdirir.

7. Arzuolunmaz təkrarın qarşısını alır.

8. Təsirliliyi artırır və s.

Yeri gəlmişkən deyək ki, dildə işlənən bütün sinonim söz­lər məna və üslub cəhətdən bir–birindən fərqlənirək 1. ideoqra­fik sinonimlərə (yəni semantik sinonimlərə) və 2. üs­lu­bi sinonimlərə ayrılır. Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Nəriman Fərman oğ­lu Seyidəliyevin üslubi sinonimlərdən bəhs edən bu mo­noq­ra­fiyasında da sinonimlərin xüsusiyyətləri açıqlanılmaqla ma­raq­lı mülahizələr söylənmişdir.Müəllif üslubi sinonim­lə­rin təhlilinə keçməzdən əvvəl ideoqrafik sinonimlərə ötəri şə­­kildə toxunmuş və onlardan istifadə zamanı əsas məqsəd ki­­mi fikrin dəqiq ifadəsini ön plana çəkmişdir. N.Se­yid­əl­i­yev üslubi sinonimlər barədə danışarkan gös­tə­rir ki, bu söz qru­p­ları digər sinonim sözlərdən öz üslubi xüsu­siyyətləri ilə fərq­lənir.

Monoqrafiyada müəllif üslubi sinonimləri qruplaş­dı­ra­raq təhlil aparmışdır. Bu bölgüyə N. Seyidəliyev göstərilən söz və ifadələri daxil edir: a) ülubi çalarlarına görə müx­tə­lif sözlər:- hamının işlətdiyi sözlər, ədəbi dil, danışıq dili, lo­ru sözlər, yaxud da vulqarizmlər; b) dilin tarixən ya­ran­dığı vaxtdan müxtəlif əlaqələrdə olan sözlər: köhnəl­miş və ye­ni sözlər; c) ümumxalq danışıq dilində və dialektlərdə olan sinonim sözlər: sənət - peşə ilə əlaqədar olan sözlər, jarq­on sözlər; ç) əmələ gəlməsinə görə müx­təlif sözlər ərəb, fars, rus, Avropa və başqa dillərdən alınma sözlər; d) əş­ya­nın ifadə etdiyi həqiqi mənalı sözlər və evfe­mizm­lər­dən ibarət üslubi sinonimlər e) frazeologizm­lərdən ibarət si­no­nim­lər.

N.Seyidəliyev Azərbaycan dilində olan zəngin s­in­o­nim­lər cərgəsindən faydalanmaq məqsədi ilə öz təd­qiqa­tın­da­kı faktları böyük şairimiz İ. Nəsimi dövründən üzübəri ədə­bi–bədii ədəbiyyatdan seçib götürmüş habelə folklar in­ci­lə­rin­dən, aşıq yaradıcılığı nümunələrindən, müasir dövrü­müz­də­ki dövri mətbuat səhifələrindən yararlanaraq maraqlı və el­mi cəhətdən dəyərli bir monoqrafiya yazmışdır. Yeri gəl­miş­kən deyək ki, tələbləri və səviyyəsi baxımından N.Se­yidəliyev bu monoqrafiyanı 20 il öncə dissertasiya kimi mü­dafiə edərək alimlik dərəcəsi almışdır. Əsərlə tanışlıq əsa­sında deyə bilərik ki, bu tədqiqat bugünkü dilçiliyimiz üçün yenə də faydalıdır. Araşdırma əhəmiyyətini itirməyib. elmi dəyərini qoruyub saxlayır. Məhz bütün bunları nəzərə alaraq onun çapına xeyir-duamızı verməyi lazım bildik.


İsmayıl Məmmədli

filologiya elmləri doktoru, professor.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun lügətçilik şöbəsinin müdiri

İXTİSARLAR
alm. - almanca

arx. - arxaik söz

dan. - danışıq dilində işlənən söz

evf. - evfemistik söz

eksp. - ekspressiv söz

ə. - ərəbcə

əd.d. - ədəbi dildə işlənən söz

f. - farsca

fr. – fransızca

holland.- hollandca

ikrah. – ikrahla

ing.- ingiliscə

ital. - italyanca

kin. - kinayə ilə

kit. - kitab dilində işlənən söz

klas. - klassik ədəbiyyatda işlənən söz

lat. – latınca

məc. – məcazi mənada

n. – neytral söz

rus. – rusca

şair. – şairanə söz

tənt. – təntənəli söz

yun. – yunanca

zar. – zarafatla



G İ R İ Ş
Hər bir dilin leksik-semantik kateqoriyalar içəri­sin­də spesifik xüsusiyyətləri ilə seçilən si­nom­lər dünya dillərinin əksəriyyətinin lüğət tə­r­ki­bin­də bir sistem təşkil edir. Sinonimlər Azər­bay­can dilində, xüsusən də onun bədii üslubunda da çox bö­yük əhəmiyyət kəsb edir. A.A.Bragina haqlı olaraq yazır ki, nitqin formasını qüsursuz etmək üçün sinonimlərə mü­ra­ciət olunur. Fikir və hissləri mümkün olan dəqiqliklə ifadə et­mək yaxud, əksinə, şüurlu surətdə gizlətmək üçün də sino­nim­lə­rə müraciət olunur (48,15).

Təsadüfi deyildir ki, sinonimlər haqqında xeyli tədqiqat əsə­ri yazılmış, hər bir dildə onların kəsb etdiyi xüsu­siy­yət­lər, eyni zamanda dilin digər vahidləri ilə sinonimlər ara­sın­da olan inteqrasiyanın əsas prinsipləri şərh olunmuşdur . La­kin bu, dilçilikdə sinonimika probleminin bütün əha­tə­li­li­yi ilə həlli demək deyildir.

Dildə müxtəlif funksiyaları yerinə yetirən sinonimlər nitq yaradıcılığında fikri müəyyən ideyanın üslubi cəhətdən məq­sə­dyönlü verilməsinə imkan verir. M.İ.Fominanın da qeyd etdiyi kimi “… aşkarlığın əşya və hadisələri haqqında təsəv­vürlərimizi dəqiqləşdirmək, dolğunlaşdırmaq, onları hər­tə­rəf­li səciyyələndirmək” (103,87).

Dildə texniki aydınlığı yerinə yetirən sinonimlər həm nitqdə, həm də müəyyən bir mətndə eyni sözlərin təkrar edilməsinə yol vermir. L.V.Şerba yazmışdır: ”Ədəbi dildə manevr etməyin sərbəstliyini yalnız o (sinonimlərin texniki rolu-N.S.) təmin edir” (114,122).

Yeri gəlmişkən göstərmək istərdik ki, A.İ.Yefimov çox düzgün olaraq yazır: “Sinonimika – nitq yaradıcılığının hüdudsuz imkanlar sahəsidir” (72,86). Təsadüfi deyil ki, “dilin zənginliyi haqda da danışanda, adətən, şəksiz sübut kimi sinonimlərin hüdudsuzluğu və rəngarəngliyinə işarə edilir”(48,5). M.F.Palevskaya yazır: “ Hələ qədim yunanlar sinonimlərin diqqətlərin diqqətlə öyrənilməsi nəticəsində belə bir qənaətə gəlmişlər ki, onlarda dilin zənginliyi ifadə olunur: firkin əlvanlığı söz və ifadələrdə əks olunur”(87,6).

Ona görə də sinonimiya nəinki bizim ölkəmizdə, həm də xarici ölkə dilçilərinin də diqqət mərkəzində aktual bir problem olmuş və indi də olmaqdadır. Bunu yəqin etmək üçün S.F.Qekkerin tərtib etdiyi “Библиография по сино­ни­мике русского языка” (“Rus dili sinonimikasının biblioqra­fiyası”) məqaləsinə baxmaq kifayətdir (65,196-242).

Doğrudur, sinonimlikdən bəhs edən dilçilər (Ş.Balli, V.V.Vinoqradov, N.L.Yevgenyeva, D.Layonz, V.Q. Vilyuman, D.N. Şmelyev, V.İ. Koduxov, A.İ. Yefimov, Azəbaycan dilçilərindən: Ə. Dəmirçizadə, S. Cəfərov, B.Abdullayev, R. Məhərrəmova, T.Əfəndiyeva və başqaları) bu problemin həllinin əhəmiyyətini qeyd etmiş, həmçinin ədəbi-bədii dildə sinonimlərin özündə əks etdirdiyi zəngin leksik-semantik və üslubi xüsusiyyətlərin bu və ya digər dərəcədə real dilçilik mövqeyindən tədqiq olunmasının zəruriliyini də göstərmişdir. 1

Dilə praktik şəkildə yiyələnmək üçün müxtəlif tipli lüğətlərin tərtibi prosesində, xüsusən bədii dilin leksikasında sinonimlərdən geniş şəkildə istifadə olunur. Belə bir məqamda sinonimlərin çox genış və fəal işlənən bir təzahürü üslubi sino­nimlərin ətraflı tədqiqi əsas diqqət mərkəzində durur. Üslu­bi sinonimlər ədəbi dilin müəyyən prinsip əsasında tən­zimlənən normalarının məqsədəuyğun variantlarını, yollarını aş­kar edir, üslubiyyatın əsasıdır, habelə onun dialektik in­ki­şafda o­lan bir hissəsidir. Üslubi sinonimlər üslubiyyat üçün zəruri hal sayılan firkin aydın, səlis və konkret ifa­də­si­nə xidmət edir, eyni zamanda dilin bədii təsir gücünü, emo­sionallığı artırır, ifadənin ekspressivliyini yüksəldir.

Xüsusilə sovet dövründə sinonimiya probleminə marağın son dərəcədə artması təkcə onunla izah olunmur ki, sino­nim­lə­rin­, ələlxüsus da onların dəyişkən sıralarının öyrənilməsi dilin nitq yaradıcılığı üçün potensial və real imkanlarını qiy­mət­lən­dir­məyə yol verir, həmçinin sözlər arasındakı sinonimik əla­qə­lə­rin tədqiqi bütövlükdə leksikanın sistem xarakterini müəyyən et­mək üçün lazımdır. Y.S. Sorokin yazır: “Sözlərin leksik mə­na­lı əlaqələrindən hər şeydən əvvəl onların sinonimik və anto­ni­mik əlaqələri diqqəti çəkir. Bu əlaqələrin öyrənilməsi leksi­ka­nın sistemli səciyyəsinin müəyyənləşdirilməsi üçün çox zəruri gö­rü­nür, baxmayaraq ki, həmin əlaqələr çox olmayan ayrı-ayrı söz­lə­rin münasibətinə aid olduğundan məkan baxımından çox məh­duddur. Sinonimik və antonimik münasibətlər cüt sözlər ara­sında, yaxud məhdud sıralı sözlərin (sinonimik sıra) mü­na­si­bət­lə­ri deməkdir. Lakin bununla belə, bu cütlərin və yaxud ay­rı-ayrı sözlərdən ibarət leksik sıralar hər hansı bir inkişaf etmiş dil­də kifayət qədərdir. Bu leksik cütlüklərin və nisbətən məh­dud olan sıraların tədqiqi dilin leksikasının dəyişmə prosesinin öy­rənilməsi üçün əhəmiyyət kəsb edən bir çox məsələlərə işıq sala bilər. Sözlərin sinonimik əlaqəsi onun nəinki məna ümu­miliyini göstərir, hətta bu sinonimlərin semantik dife­ren­­si­yasını və ixtisaslaşmasını, üslubi tonallığının fərqliliyini müəy­­yənləşdirir, hansı ki, onların istifadə miqyasının müx­tə­li­f­liyi ilə, müxtəlif nitq kontekstlərindən asılılığı ilə bağlıdır (98,15).

Rus alimi N.Krujevskiy hələ XIX əsrdə qeyd ediridi ki, hər hansı bir dil öz inkişafında söz aləminin məfhum alə­mi­nə daha dolğun … uyğunluğuna can atır (81,149). R.A.Bu­da­qov bu fikri daha genişləndirərək yazır: ”…dil öz in­­kişaf prosesində fakir və hisslərin ifadəsi üçün, söz dün­ya­sı və məfhumlar dünyasının uyğunlaşması üçün getdikcə ar­tan imkanlar açmağa başlayır (51,4-5). Deməli, sözlər və anla­yış arasındakı əlaqələri, sözlərin sinonimik və antonimik mü­na­sibətlərini ya özünün şifahi ifadəsini və başa düşül­mə­si­ni tələb edən bizim ətraf mühit haqqındakı təsəv­vür­lə­ri­mi­zi dərinləşdirən yeni sözlər mürəkkəbləşdirir, ya da lüğət tər­kibi təkcə yeni sözlərin (kəmiyyətcə) yaranması hesabına de­yil, həmçinin köhnəlmiş sözlərin keyfiyyətcə dəyişməsi, yə­ni onların çoxmənalılığının artması hesabına da zən­gin­lə­şir. Bununla bərabər “…söz və məfhum arasında olan əlaqə ola bilsin ki, sinonimik münasibətlər, sinonimik sıralarda da­ha dolğun və dərinliklə açılır (48,5).

Türk dilləri içərisində xüsusi mövqeyi olan Azər­bay­can dili materialları əsasında üslubi sinonimlərin tədqiqinin ak­tuallığını şərtləndirən əsas cəhətlər aşağıdakılardır: üslubi si­­no­­nimlər üçün leksik sinonimlərin baza olması, sinonimik cər­gə və onda olan ümumilik, üslubi sinonimlərin bir­li­yi­nin yaranmasında rolu və nəhayət, üslubi sinonimlərin nitq his­sə­ləri və digər söz qrupları, xüsusən frazeoloji vahidlər sis­te­mində mövqeyi. Elmi-texniki tərəqqinin hazırkı mər­hə­lə­sin­də belə bir mövzunun dilimizin materialları əsasında araşdırılması dilçilik elminin həm bugünü, həm də gələcək perspektivləri üçün aktuallıq kəsb edir.

Sinonimiyanın öyrənilməsi yalnız tək və çoxmənalı söz­lə­rin semantik xüsusiyyətlərini açmır, həmçinin dilin leksik in­ki­şaf yollarını işıqlandırır. Buna görə də sinonimlərin bir çox zə­ru­ri məsələləri bugün də Azərbaycan dilçiləri qarşısında ma­raq­lı və aktual olmaqla bərabər, həllini gözləyən məsələlərdən biri ki­mi dayanır. Elə bu problematikanın aktuallığına görə də bu mo­noqrafiyanın mövzusu kimi üslubi sinonimləri seçmək qabaq­cadan müəyyən edilmişdir.

Azərbaycan dilinin özünəməxsus xüsusiyyətləri və dərin mill­i xarakter daşıyan zəngin sinonimlər potensialı vardır. V.V. Vinoq­ra­dov qeyd edir ki, lüğət fonduna əsas etibarilə ideoq­ra­fik, yəni məna və anlayışların çalarları ilə bağlı sinonimlər xas­dır. Bununla bərabər, ümumi lüğət ehtiyatında üslubi, yəni ümum­xalq dilinin nitq üslubunun zənginliyini əks etdirən sino­nim­lər təşkil edir (55,33).

Monoqrafiyada konkret dil faktları əsasında üslubi sino­nim­lə­rin dil sistemində yerini müəyyənləşdirmək, üslubi sino­nim­lə­rin tədqiqi tarixini, onların leksik və qrammatik sinonim­lə­rə oxşar və fərqli cəhətlərini göstərmək, bədii xüsusiyyətlərini araşd­ırmaq və bu prosesdə sinonimik cərgə, onlardakı ümu­mi­lik, müxtəlif məzmunlu tekst (mətn) üzrə üslubi sinonimlərin spes­ifik aspektlərini dəqiqləşdırmək, digər söz qrupları kate­qo­ri­y­aları çərçivəsində üslubi sinonimlərin yerini, obyektini tə­yin etmək; tədqiqat prosesində ümumi dilçilik üçün əhə­miy­yə­ti olan üslubiyyat və semantika problemlərinin həlli üçün əsas qanunauyğunluqları müəyyən etmək və s. məsələlər təd­qi­qatın başlıca məqsəd və vəzifələrinə daxildir.

Tədqiqatda sinonimlərin nəzəri konsepsiyasında rus, so­­vet və Azərbaycan dilçilərinin əsərləri, onların sino­nim­lə­rin öyrənilməsi sahəsindəki nailiyyətləri də nəzərə alın­mış­dır.

Üslubi sinonimlərin tədqiqi tarixinin ilk dəfə elmi təh­li­li , üslubi sinonimlərin mənbə və yaranma üsullarının müəy­yənləşdirilməsi, müxtəlif üslublu mətnlərin leksik tər­ki­bin­də sinonimlərin aparıcı rolu və bu işin nədən ibarət olma­sı­nın ilk dəfə ətraflı üzə çıxarılması; dilə konkret yi­yə­lən­mək və lüğət tərtibi işində üslubi sinonimlərin əvəzsiz rolu­nun müəyyənləşdirilməsi, nəhayət , dilin bütün üslublar sis­te­mində sinonimlərin mövqeyinin ən son nailiyyətləri baxı­mından tədqiq olunması və bu prosesdə konkret nə­ti­cə­lə­rin əldə edilməsinə cəhd tədqiqatın elmi yeniliyi kimi qə­bul edilməlidir.

Müxtəlifsistemli dillərin, eyni zamanda qohum türk dil­lə­rinin materialları əsasında da üslubi sinonimlərin tədqiq olun­ma­sında, üslubiyyata dair dərslik, dərs vəsaiti və proq­ram­la­rın tərtibində bu tədqiqatdan istifadə etmək olar. Bu mo­noqrafiya, habelə bədii yaradıcılıqla məşğul olanlar üçün də gərəkli mənbədir. İzahlı və çoxdilli lüğətlərin tərtibində, o cümlədən sinonim lüğətlərinin hazırlanmasında tədqiqatın bö­yük rolu olacağına inanırıq.


I FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN

DİL SİSTEMİNDƏ YERİ


  1. Sinonimlərin nitq yaradıcılığında

rolu və əhəmiyyəti
Sinonimika problemi dilçiliyin bir sıra sahələrində - leksiko­lo­giya, semasiologiya, üslubiyyat və s.-də təd­qiq olun­ur. Məlum olduğu kimi, sinonimlər di­lin lüğət tərkibini zəngin­ləşdirərək, dilin digər vahid­lə­rinin bir-birinə yaxın variant­larını reallaşdıran, semasio­lo­giyada isə yaxın, incə məna çalarlıqları sistemini ya­ra­dan, eyni zamanda, sözün seman­tik nüvəsinin parça­lan­ma­sı və genişlənməsi prosesinə xid­mət edən bir vasitə ki­mi öyrənilir.

S.F.Qekkerin tərtib etdiyi biblioqrafiyaya əsasən, de­mək olar ki, sinonimlərə dair yazılan əsərlərin sayı minə yax­ın olsa da, lakin bu, problemin həlli demək deyildir (65,72). Yuxarıda göstərildiyi kimi, sinonimikanın bağlı oldu­ğu sahələrdən biri də üslubiyyatdır. Çünki üslubiyyatda ge­niş mənada sinonimlər, yəni məna və məzmunca yaxın olan, yaxud nisbi mənada eyni olan ifadələr, sözlər, qram­ma­tik vasitələr tutuşdurulur (17,22) və hansının işləd­il­məs­i­nin məqsədə daha uyğun olması öyrənilir.

V.V.Vinoqradovun qeyd etdiyi kimi, üslubiyyat dil ha­disə­lərini, bütöv bir dilin daxilən bir-birinə bağlı olan ele­mentlərini tarixi inkişafda deyil, az və ya çox dərəcədə ey­ni məna bildirən yaxın, paralel və sinonimik ifadə va­si­tələrini funksional parçalanmada, əlaqədar və qarşılıqlı tə­sir­də, həm də müxtəlif nitq hissələrinin ekspressiv boyaları və çalarları arasında əlaqələri öyrənir (61,66).

Deməli, üslubiyyat fənninin dinamik bir mövzusu olan üs­lu­bi sinonimlər ədəbi-bədii dilimizi zənginləşdirir, mətnin emo­sionallığını artırır, ona ekspressiv boyalar verir. Leksik sino­nimlərə məxsus göstərdiyimiz xüsusiyyətlərin dilçilərin diq­qət mərkəzində olması təsadüfi deyildir.

Sinonimlər dil vahidi kimi Azərbaycan dilinin məna zən­ginliyini əks etdirir. İstər ana dilimizdə, istərsə də əc­nə­bi dillərdə sinonimlərin xidməti həmin dillərin bilavasitə fəaliy­­yə­tini aktivləşdirir.

Sinonimlər leksik-semantik kateqoriya olub:



  1. danışıq dilini zənginləşdirir;

  2. dili gözəlləşdirir;

c) dildə təsirliliyi artırır;

ç) dili incələşdirir;

d) dili rövnəqləşdirir;

e) məna çalarları yaradır;

ə) nitq mədəniyyətində və natiqlik sənətində çox mü­hüm rol oynayır;

f) fikri ifadə etmək üçün onu aydınlaşdırır və də­qi­q­ləşdirir;

g) danışığı canlı və aydın edir, dili rəngarəngləşdirir.

Azərbaycan dilində işlənən bütün sinonimlər məna və ü­slubca fərqlənirlər.

Hər bir sinonim müəyyən məna çalarlıqlarına malikdir. Bə­zi sözlər eyni məfhumu ifadə edir, digərləri isə eyni məf­humu deyil, bir-birinə yaxın məfhumları bildirir.

Ayrılıq – hicran, qış – zimistan, yaz – bahar, eynək – çeşmək – gözlük və s. bu kimi sinonim sözlər eyni məfhumu ifadə etdiyi halda , külək – meh, hava – rüzgar, baş – kəllə − qafa, soyuq – şaxta, nəm – sulu – höyüş – yaş və s. bu kimi sinonimlər isə bir-birinə yaxın mənaları ifadə edir. “ Dağın başı”, “ ağacın başı” işləndiyi halda “ dağın qafası” , “ ağa­cın qafası” işlədilməz. “ Sulu yemek” işləndiyi halda “nəm ye­mək”, “höyüş yemək” deyilməz. “ Soyuq su” deildiyi halda “ şa­xta(lı) su” deyilməz və s. Elə buna görə də dilin lüğət tər­ki­bini təşkil edən sinonim sözlər semantikasına, üslubi rəng­lə­rinə, məna çalarlarına və işlənmə sahəsinə görə biri digə­rindən fərqlənir. Burada həm də demək olar ki, sino­nim­lər mahiyyətcə ifadə olunan oxşar məfhumları, obyektiv hə­qi­qəti əks etdirərək hadisələrə görə, işlənmə yerinə görə zən­gin üslubi çalarlar yaradır.

Sinonimlər dildə bəzən təbii bir prosesin nəticəsi ki­mi meydana çıxır. L.V.Şerbanın (112,97-98) və V.V.Vi­noq­ra­do­vun ( 54,17) əsərlərinə diqqət yetirsək, bunun şahidi ola­rıq. Onların nöqteyi–nəzərincə sinonimlər leksikanın əsas tər­kib hissələrindən biridir.

Sinonimlər təbii olaraq yaranmış, müxtəlif məqamlarla mey­dana gələrək inkişaf etdirilmişdir. Deməli, sinonimlər cəmiy­yə­tin və dilin inkişafı ilə əlaqədar olaraq meydana gə­lir. Elm və texnika inkişaf etdikcə dilə keçən sözlər dilin lü­ğət tərkibinin zənginləşməsinə səbəb olur.

Son illərdə kosmosla əlaqədar elmi üslubla bağlı sözlər yaranmışdır ki, bu da dilə daxil olaraq işlək sözlərə çevrilmişdir: kosmos – makrokosmos, kosmonavtastronavt, kosmonavtika – astronavtika kimi sinonim sözlər müasir dövr­də meydana gəlmiş və elmi üslubda işlənən neol­o­gizm­lərdir.

İstər sadə danışıq üslubu, istərsə də bədii üslub olsun, hər iki sahənin yaradıcısı xalqdır, yaradıcı sənət adam­ları­dır, ədəbi ictimaiyyətdir. Sinonimlərin hər bir üslubda – da­nı­şıq­da, elmi və bədii üslubda, publisistik üslubda yeri var və nitq mədəniyyətində, fikrin normal ifadə olunmasında mü­hüm rol oynayır.

Hər bir sözdə ümumi bir məna mövcud olduğu halda, hər bir sözün özünə görə də məna çalarlığı vardır. Dil­dəki sinonimlər bir deyil, müxtəlif cahələrdə işlənir. Məhz buna görə də sinonimləri aşağıdakı kimi qrup­laş­dır­maq olar:



  1. Coğrafi termin bildirən sinonimlər. Bu sinonimlər coğ­rafiyaşünaslığın müəyyən sahələrinə aid olub, ancaq coğ­ra­fi məna ifadə edir. Dənizdəryabəhr sözləri eyni coğ­rafi terminlərdən əmələ gəlmiş sinonimlərdir. Dəryabəhr sözləri ərəb və fars mənşəli olub yalnız kitab dilində işlən­diyi halda , dəniz sözü müasir dildə neytral üslubda işlə­nir. “Dərya” sözü danışıqda “ dəryalar qədər”, “ elm dər­yası” və s. ifadələr kimi də işlənir.

Coğrafi termin bildirən sinonimlər öz cərgələrini dialekt və alınma sözlər hesabına zənginləşdirir: sərab – ilğım, bulaq – qaynaq, yoxuş – dikdir, eniş – endirim, palçıq leh­mə, meşə - orman və s. Bu misallarda ikinci tərəf sözlər dia­lektal sözlərdir. Alınma sözlərlə : göy qurşağıqövsi - quzeh (ə.), buzdağıaysberq (ing.), çaynəhr (ə.), iqlim – ab-hava (ə.), ada – cəzirə (ə.), günbatan – qərb (ə.), dünya ca­han (f.) − aləm (ə.) və s. Bu misallarda ərəb dilindən alın­ma sözlər müasir dilimiz üçün arxaikləşmişdir.

Coğrafi terminləri bildirən sinonimlər (sinonim sözlər) dildə külli miqdardadır. Ümumiyyətlə, dilimizin leksikasında coğ­ra­fi terminlərə və bunların iştirakı ilə formalaşan xüsusi coğ­rafi adlara geniş şəkildə rast gəlinir.



2. Bitki və meyvə adlarını bildirən sinonimlər : ərik – qaysı, ayı pəncəsi – gücotu – qızıl yarpaq, ayıdöşəyi – qıjı, itburnu – həmərsin, yelqovan – süpürüm, cüyüroturəngotu, aloye − əzvay – səbur, çətənə − kənaf, xiyar – yelpənək, yemiş – qovun və s.

3. Heyvan adları bildirən sinonimlər: şir – aslan, ca­na­var – qurd, ceyran – ahu, ulaq − uzunqulaq − eşşek və s.

4. Quş adları bildirən sinonimlər: qarğa – zağ, hinduş­ka – loş – hind toyuğu, leyçalağan, leylək – hacıley­lək, bülbül − əndəlib, qaranquş – qırlanqıc və s.

5.Yemək adları bildirən sinonimlər: aş – plov, ayran – ovduq, çörək − əppəkpəpə, kabab – şişlik, bozbaş – abgüşt və s.

6.Planetlə əlaqədar yaranan sinonimlər: göy – səma − ərş − asiman, ay – qəmərmah, günəş – gün, venera – zöhrə − karvanqıran və s.

7.Əşya adları bildirən sinonimlər: avadanlıq – müxəlləfat, stol – masa – miz, stul – oturacaq, çarpayı – taxt – krovat, güzgü – ayna, mismar – mıx, sandıqcamücrü, soba − peç, qıfıl – kilid və s.

8. Rəng adları bildirən sinonimlər: al – qırmızı, sarı – kəhrəba, qaramtıl qaratəhər, ağ – bəyaz, qara – siyah və s.

9.İş, hərəkət bildirən sinonimlər: çalmaq – biçmək, get­mək – yollanmaq, qaçmaq − vazımaq, oturmaq − əyləş­mək, örtmək – bağlamaq, toplanmaq – yığışmaq, atmaq – tulla­maq və s.

10.Silah və alət bildirən sinonimlər : yay – kaman, ço­maq – dəyənək, qılıncxəncər, sipər – qalxan, qamçı – şal­laq – tatarı, toppuz − əmud – gürz – şeşpər, balta – təbər və s.

Bunlardan başqa, bədən üzvləri, geyim adları bildirən sözlərin sinonimliyi , dini ayinlə əlaqədar sözlər və s. məfhumların sinonim cərgəsinin artmasında və üslub çalarlarının yaranmasında xüsusi rolları vardır.


2. Üslubi sinonimlərin tədqiqi tarixindən
Sinonimlər inkişaf etmiş dillərin, demək olar ki, hamı­sın­da işlənir. Odur ki, dilçilərin diqqətini bu problem çoxdan cəlb etmiş, bu barədə nəzəri ümumiləşdirmələr aparmağa çalışmışlar.

Dilçilikdə sinonimika probleminin həllinin çətinlikləri də­fələrlə qeyd olunmuşdur. Məhz bu səbəbdən də sino­nim­lə­ri tədqiq etməyin dəqiq üsulları mövcud deyildir. Lakin mə­sələ onda deyildir ki, bu əsasda onları öyrənməkdən əl çək­mək lazımdır, məsələ ondadır ki, lazımi metodika yara­dıl­malıdır. A.P.Yevgenyeva sinonimlərin tədqiqinin çətin prob­lem olmasını qeyd edərək yazır ki, sinonimlik mə­sələsi dilçiliyin meydana gəldiyi ilk vaxtdan bugünə kimi öz aktuallığını və kəskinliyini saxlamaqdadır ( 69, 4). De­məli, çətin və eyni zamznda aktual hesab olunan sino­nimi­ka həmişə dilçilərin diqqət mərkəzində olmuş, həmçinin prob­lemi bu və ya digər dərəcədə həll etməyə çalışmışlar.

Sinonimlər haqqında ilk məlumatlara qədim Yuna­nıs­tan­da yazılmış əsərlərdə rast gəlirik. Hələ vfxtilə antik filo­sof­lardan Aristotel sinonimlərin üslubiyyatda xüsusi əhə­miy­yət kəsb etdiyini qeyd etmişdir. O, həmçinin sino­nimlərin dilin poetik sistemində oynadığı xüsusi rolu da dəf­ələrlə göstərmişdir. Aristotelin fikrincə, sinonimlərdən şair­lər real varlığı obrazlı, həm də poetik şəkildə əks etdir­mək üçün istifadə etmişlər. O yazır: “ Adlardan omonimlər Sofist üçün əhəmiyyətlidir ki, onların köməyi ilə hiyləyə əl atır, sinonimlər isə şair üçün əhəmiyyətlidir” (39,33).

Rus dilçiliyində sinonimlik məsələsinə ilk dəfə P.Berındı 1627-ci ildə Kiyevdə nəşr etdirdiyi “Лексикон слав­нороссийский и имен толкование” kitabında toxu­nur. Sonra sinonimika probleminə M.Y.Lomonosov (83) to­xun­muş, sonralar onun fikirlərini D.İ.Fonvizin (104) davam et­dirmişdir. Bir müddət sonra A.S.Şişkov, N.İbrahimov, P.Klay­doviç, İ.İ.Davıdov və başqa dilçilər də bu məsələ ilə ma­raq­lanmışlar. Sinonimlərin üslubi və mücərrəd mənalarına gö­rə fərqlənməsinin dərəcə göstəricisinə, istifadəsinə görə isə bu və ya digər elementlərlə uzlaşmasını qeyd edən M.F.Pa­levskaya göstərir ki, XIX əsrin ikinci yarısından sino­nimika sahəsi tam bir inam və maraqla nəzəri cəlb edir (87,12).

Doğrudur, Azərbaycan dilçiliyində isə, ümumiyyətlə tür­ko­­logiyada sinonimlər haqqında uzun müddət elmi- nə­zə­ri fikirlər olmamışdır. Lakin M.Kaşğari (24), İbn Mühənna (23) və başqa leksikoqrafların lüğətlərində sinonimlərə rast gə­linir ki, bu da əsasən praktik məqsədlər üçün nəzərdə tutul­muşdur.

Bir həqiqətdir ki, “sinonim” termini Azərbaycan dilçili­yində ilk dəfə XIX əsrin əvvəllərində işlənmişdir. La­kin bu barədə biz ilk nəzəri fikrə böyük mütəfəkkir M.F.Axun­dovun “ Tənqid risaləsi” məqaləsində rast gəlirik. Müəl­lif məqalədə “ sinonim” əvəzinə, semantik cəhətdən bu terminin mənasını ifadə edən ərəb dilçiliyinə məxsus “mü­tə­radif” terminini işlədir. O,”Tənqid risaləsi” mə­qa­lə­sin­də Rzaquluxanla dialoqlarının birində deyir: “ İndi bu qay­da­nı tərk etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtı­dır; çünki qafiyə xatirinə mütəradif ləfzlər (sinonim söz­lər – N.S.) və çoxlu təkrarlar əmələ gəlir...(11,149).

“ Mütəradif” termini XX əsrin 30-cu illərinə qədər Azər­baycan dilçiliyində işlənmişdir. Hətta üslubiyyata həsr edilmiş ilk kitabda da bu termin öz əksini tapmışdı (33).

Sonralar bu termin dilin arxaik fonduna keçmiş və əvəzinə ümumi dilçilikdə geniş işlənən “sinonim” (yunanca synonymos: syn –bərabər, oxşar – onoma –ad deməkdir) ter­mini qəbul olunmuşdur. Bunu V.İ. Koduxovun, A.İ.Yefi­mo­vun, B.Abdullayevin, S.Cəfərovun və başqalarının əsərlərində də görmək olar.

Doğrudur, eynimənalı sinonim sözlər dildə azlıq təşkil edir. Bunlar isə əcacən alınma sözlərdən təşkil olunur. Məsələn, üz−çöhrə−sifət−simabəniz−camal−ruxsar−surət kimi eyniməmalı sinonimik cərgə əcnəbi (alınma) sözlər­dən yaranmışdır. Burada üz əsl Azərbaycan sözü sima, sifət, surət, camal ərəb, çöhrə, ruxsar fars, bəniz isə türk sözüdür. Bu sözlər bir-birinə ekvivalentlik təşkil edərək tarixin müəyyən bir mərhələsində mütləq (eyni­mə­nalı) sinonim kimi işlənmişdir (17, 43), (18,37).

Ümumiyyətlə, yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, istər rus dilçiliyində, istərsə də türkolo­gi­ya­da sinonimlik haqqında düzgün elmi-praktik proqnozlar müəy­yən qədər mövcuddur. Lakin bunlar ənənəvi xarakter da­şıyır. Çünki müasir dil faktları üzrə sinonimliyin tədqiqi prose­sində nitq hissələri və onların üslubi xüsusiyyətləri əsas obyekt kimi götürülməmişdir.

Sinonimlər zəngin və rəngarəng olduğuna görə onlara verilən təriflər də müxtəlif xarakterlidir. Sinonimlər haqqında deyilən fikirləri qruplaşdırmağın vaxtı çoxdan çatmışdır. Bu leksik-semantik söz qrupuna verilən təriflərin müxtəlifliyi sinonimlərin yaxınmənalı, yoxsa eynimənalı sözlər əhatə etməsindən irəli gəlir ki, bu da sinonimlərin əhəmiyyətini tam şəkildə ümumiləşdirə bilməz. Bu, heç mümkün də deyildir. Amma məfhumun bu bə ya digər cəhəti, xüsusən ən başlıca cəhəti tərifdə ümumiləşməlidir. Bu aspektdən yanaşanda müxtəlif fikir çarpazlaşmalarına rast gəlirik. A.A.Bragina çox düzgün olaraq yazır ki, artıq, ilk olaraq “ sinonim nədir? sualına biz gah bir-birini tamamlayan, gah da istisna edən bir sıra müxtəlif cavablar alırıq (48, 6). Leksik sinonimlərə aid ədəbiyyatları qısa da olsa nəzərdən keçirdikdə, görürük ki, sinonimləri iki qrupa bölürlər:


  1. Sinonim sözlərdən ibarət olub müxtəlif məna bil­dirən sinonimlər;

  2. Eyni mənanı bildirən sinonimlər.

Birinci qrupun tərəfdarları sinonimlərin yaxınmənalı olması ilə bərabər vahidlik məfhumunu da qəbul edirlər. İkinci qrupun tərəfdarları sinonim sözlərin yalnız eynimə­na­lılığını qəbul edirlər və “ bir söz − bir məna” (48, 115) prin­sipinə əsaslanırlar. Məsələn, D.Layonz, D.N.Şmelev, Ə. Dəmirçizadə, N.Məmmədov və başqaları həm eynimənalı, həm də yaxınmənalı sözləri sinonim hesab edirlər. Digər dil­çilər isə eynimənalı sinonimlərin olduqca az, yaxın­mə­na­lı sinonimlərin isə kəmiyyət etibarilə çox olduğunu qeyd edirlər. Bu fikir elmi cəhətdən nəzərə alınmalı idi. Bunun üçün başlıca iki səbəb var. Əvvəla, sözlərin sinonim ol­ma­sı üçün onların eyni nitq hissəsinə mənsubluğu əsas şərtdir. So­nra isə, nitq hissələrinin təsnifində qrammatik prinsiplə yana­şı, leksik-semantik prinsip də xüsusi meyar kimi götü­rü­lür. Məhz buna görə də leksik-semantik və üslubi kate­qo­ri­ya­lar ­içərisində mühüm yer tutan sinonimliyin müasir dil­də üslubi xüsusiyyətləri həmişə dinamik haldadır. Aşa­ğı­da­kı misallara diqqət yetirək: 1. Sağ gedib, salamat qayıdasan (Anar); 2. Sonra stul irəli çəkildi, Fatma dərhal təlaşla qabağa yeridi (İ.Şıxlı). Birinci misalda (cümlədə) sağ, salamat sözləri eynimənalı sinonim sözlərdir, hətta bu söz­lər leksik dubletlər səviyyəsində durur. Lakin ikinci cüm­lədəki irəli, qabağa sözləri isə yaxınmənalı sinonim­lər­dir. Çünki “irəli” sözü ən cox yazılı, “qabağa” sözü isə şifa­hi nitqdə işlədilir. Bu sözlərin yeri gəldikcə bir- birini asan­lıqla əvəz edə bilmək imkanı yoxdur. Bir sözlə, qab­a­ğa sözü irəli leksemi kimi müasir dildə işlənə bilmək xü­su­siyyətindən məhrumdur. Bunu faktlar cübut edir: “addımla irə­li, marş!” deyildiyi halda, “ addımla qabağa, marş!” deyil­mir.

Deməli, Azərbaycan dilində sinonimlər əsasən yaxın­mənalı, yəni üslubi xarakterdə olub, dilin obrazlı, rəngarəng ifa­də­s­inə xidmət edir.

Sinonimlərin dilin leksik, morfoloji və sintaktik siste­min­dəki rolunu tədqiq edən dilçilər onun üslubi xüsusiy­yət­lə­rini də diqqət mərkəzində saxlamışlar. Məsələn, türko­lo­qlardan V.E.Polyakova türk dilinin leksik sistemində üslu­bi sinonimlərin üstünlük təşkil etdiyini qeyd etmişdir. O, üslu­bi sinonimlər cərgəsində alınmaların ( ərəb, fars və fran­sız mənşəli alınma sözlər nəzərdə tutulur – N.S. ) rolunu xü­su­si qeyd etmişdir.

Müəllifin fikrincə, türk dilində üslubi sinonimləri əsa­sən isim və fellər təşkil edir, ən az üslubi sinonimlərə xid­mət edən nitq hissələri isə say və sifət hesab olunur (89,10).

V.N.Klyuyeva sinonimlərin bir-birindən fərqli cəhət­lə­ri­ni göstərir.O, sinonimləri “mənanın tərkib əlamətlərinə gö­rə, üslubi tərkibinə görə, nitqimizin ( dilimizin ) tələbi və əl­a­qəliliyinə görə” (75,4)- deyə bir neçə qrupa ayırır . O, sino­nimik cərgəni təşkil edən sözləri izah edərək, hər şey­dən əvvəl, sözləri bir dominant altında, yəni əsas sözlərlə bir qrupa daxil etməyə imkan verən ümumi xüsusiyyəti tə­yin edir və bundan sonra hər sinonimi bir–birindən fərq­lən­dirən mənalarını göstərir. V.N.Klyuyeva, həmçinin sino­ni­mik sıranın üzvləri arasındakı üslubi fərqləri göstərir. Bu nöq­te­yi–nəzərdən o, sinonimləri bir neçə qrupa bölür. Bax­ma­ya­raq ki, müəllif bu qrupları bir-birindən ayıran əla­mət­lə­ri sayır, lakin bu fərqlərin yaranma səbəbləri haqqında heç nə demir.

İ.İ.Kovtunova hər bir sinonimin qrammatik mənasının ol­ma­sı ilə yanaşı, üslubi xüsusiyyətlərini də tədqiq etmişdir. O yazır ki, hər bir sinonim cərgəsi daxilində sinonimlər aras­ında qrammatik məna, habelə üslubi mənalar da möv­cud­dur (76,141-142 ).

“Üslubi sinonimlər o sözlərdir ki, onlar eynimənalı olub, lakin üslubi çalarlarına görə müxtəlifdir” (67,39). Bu tərif­dən sonra F.K.Qujva sinonimləri aşağıdakı kimi qrup­laşd­ırır.

a) üslubi çalarlarına görə müxtəlif sözlər: - hamı tərə­findən işlədilən sözlər və kitab dili, danışıq dili, loru söz­lər, yaxud da vulqarizmlər;

b) dilin tarixən mövcud olduğu vaxtdan müxtəlif əla­qə­lərdə olan sözlər: köhnə və yeni sözlər ( arxaizm və neo­lo­gizm – N.S.);

c) müxtəlif sahələrdə işlənən sözlər, sənət–peşə ilə əla­qə­dar olan sözlər , jarqon sözlər;

ç) mənşəyinə görə müxtəlif sözlər: dilin öz sözləri və başqa dillərdən alınma sözlər;

d) əşyanın ifadə etdiyi həqiqi sözlər və evfemizmlər;

e) frazeoloqizm və söz (67,39-40).

F.K.Qujva burada sözlərin həqiqi mənalarını göstər­di­yi halda, məcazi mənaların adını çəkmir. Bilmək lazımdır ki, sözlərin məcazi mənaları da üslubi zərurətdən irəli gəlir. De­mə­li, sözlər üslub çalarlığına görə məcazlaşır.

“Üslubi sinonimlər yaxınmənalılığa malik olub, mə­na­nın oxşarlığında üslubi çalarlığa və işlənmə yerinə görə fərq­lə­nir” (79,113)

A.A.Bragina (47), R.A.Budaqov (49,62), D.N.Şmelev (111,197), M.F.Palevskaya (87,42) üslubi sinonimlərə belə tə­rif verirlər: “ Üslubi sinonimlər o sözlərdir ki, onlar ey­ni­mə­na­lı olub, lakin üslubi çalarlarına görə müxtəlifdir”.

M.İ.Fomina da onların fikrini əsas tutur (103,88).

Böyük Sovet Ensiklopediyasında da üslubi sinonimlər yal­nız üslubi çalarlarına görə fərqləndirilir: “ Üslubi sino­nim­lər üslubi çalarlarına görə fərqlənir: вялый – апатичный, гу­бы – уста, есть – кушать− жрать kimi sinonim sözləri də m­isal göstərilir.” 1

Azərbaycan dilçiliyində də sinonimlərin üslubi əhə­miy­yə­tindən danışılmış və onların dildə böyük rol oynadığı qeyd edilmişdir.

Ə.Dəmirçizadə sözlərin mənasındakı fərqlərin nəzərə alın­ma­sının zəruri olduğunu göstərərək yazır ki, sözlər bir–birin­dən həm üslubi məqamlarına görə, həm də frazeoloji xüsu­siyyətlərinə görə fərqlənir. Bəzən belə də ola bilər ki, sinonim sözlər ya ancaq üslubi məqamlarına görə, ya da ancaq frazeolji xüsusiyyətlərinə görə fərqlənsin (18,122)

M.Hüseynzadə üslub müxtəlifliyi üçün sinonimlərin əhəmiyyətindən bəhs edərək yazır: “ Dilin lüğət tərkibinin zənginliyi üçün, xüsusən üslub müxtəlifliyi və zənginliyi üçün sinonimlərin olduqca böyük əhəmiyyəti vardır; çünki bun­ların vasitəsilə fikrin səlisliyi, incəliyi və doğruluğu tə­min olunur (35,12).

B.Abdullayev sinonimlərin, həmçinin üslubi sinon­iml­ə­rin ədəbi-bədii dil sistemində yerini, əhəmiyyətini gös­tə­rə­rək konkret nəticə çıxarmışdır: “ Sinonimlərin üslubi meyarı ondan ibarətdir ki, neytral qiymətdə işlədilən sözlər həm müs­bət, həm də mənfi qiymətdə işlədilən sözlər sinonim olduğu halda, müsbət və mənfi qiymətlərdə işlədilən sözlər si­no­nim olmur” (1,48).

A.Qurbanov sinonimlərin üslubi rəngarəngliyi etibarilə fərq­lənməsini qeyd edərək göstərir: “ Sinonimlərin digər əla­mə­ti onları təşkil edən sözlərin məna çalarlığı və üslubi rənga­rəngliyinə görə bir–birindən fərqlənməsi ilə əlaqə­dar­dır” (16,171).

Azərbaycan dilçiləri üslubi sinonimlər haqqında ma­raq­lı fikirlər söyləmişlər. Odur ki, tədqiqat prosesində biz, ye­r­i gəldikcə, həmin fikirlərə müraciət edəcəyik. Lakin sinonimlər haqqında Azərbaycan dilçiliyində ilk orijinal təd­qi­qat aparan B.Abdullayevin müasir Azərbaycan dilində üs­lu­bi sinonimlərə aid söylədiyi fikirlər diqqəti xüsusilə cəlb edir.

Ümumiyyətlə, müəllif gor – qəbir- məzar xarakterli isim­ləri mənaca və qrammatik xüsusiyyətlərinə görə si­no­nim­lə­rə çox yaxın hesab edir. Lakin bu sözlərin hamısı bir-birinin sinonimi deyildir. Gor və qəbir, eləcə də məzarqəbir sinonim olduğu halda, müəllifin fikrincə məzargor sinonim deyildir. Buna görə də “ atamın qəbri haq­qı”, yaxud da “ atamın goru haqqı” işlədildiyi halda , “ata­mın məzarı haqqı” işlədilmir. Eləcə də “ Nizaminin mə­za­rı­nı ziyarət etmək” və ya “ Nizaminin qəbrini ziyarət etmək” iş­lə­dilir, lakin “ Nizaminin gorunu ziyarət etmək” işlədilmir. Çün­ki qəbir neytral, məzar müsbət, gor isə mənfi qiymətdə işlə­dilən söz həm müsbət, həm də mənfi qiymətdə işlədilən sö­zün sinonimi olduğu halda, mənfi və müsbət qiymətlərdə işlə­dilən sözlər bir–birinin sinonimi olmur. Həm rus dilinin, həm də Azərbaycan dilinin faktları V.N.Klyuyevanın üs­u­lu­nu təsdiq etmədiyindən müxtəlif qiymətlərdə işlədilən üslub si­no­nimlərini bu üsulla müəyyənləşdirmək mümkün deyildir. Bu­na görə də V.N.Klyuyeva öz lüğətinin ikinci nəşrində hə­min üsuldan əl çəkməyə məcbur olmuşdur (75).

Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, sinonimlər haqqında müxtəlif fikirlər irəli sürülmüşsə də, dilçilərin əksəriyyəti sinonimlərə üslubi baxımdan yanaş­ma­mışlar. Bu da aydındır ki, sinonimlərin özləri üslubi rəng­lə­rə görə bir–birilə eyniyyət və oxşarlıq təşkil edirlər. Si­no­nim­lər özləri də üslubi ehtiyaclarla bağlı olub, dildə çox mü­hüm üslubi vasitələrdir. Məsələn:



Siz tufana tabe olub

Qorxursunuz, hürkürsünüz. (M.Rahim)

Doğrusu, arxanca azı yüz kərə

Mən də yüksəlirəm, mən də qalxıram.(M.Rahim)

Bu misallardakı qorxmaq − hürkmək, yüksəlmək – qalx­maq sinonimlərinin ikinci tərəfi danışıqda işlənən sözlərdir. Hə­min sözlər ifadəni qüvvətləndirmək üçün müəllif tərə­fin­dən işlədilmişdir.

Yuxarıda adları çəkilən müəlliflərin də dediklərindən mə­lum olur ki, sinonimlər əsasən yaxınmənalı sözlərdən təş­kil olunur. Lakin dildə elə sözlər də vardır ki, onlar an­caq kontekst (mətn) daxilində sinonimlik təşkil edir; buna mət­ni sinonimlər deyilir. Məsələn, S.Vurğunun “ Azər­bay­can” şeirində belə bir bənd var:

El bilir ki, sən mənimsən

Yurdum,yuvam, məskənimsən,

Anam, doğma vətənimsən...

Bu misralarda şair yurd, yuva, məskən sözlərini sada­la­ya­raq “ vətən” sözünə sinonim kimi işlətmişdir. Həmin söz­lə­ri “ vətən“ sözünə sinonim verməklə şair ifadədə emo­sio­nal­lıq yaratmış, sinonimliyin üslubi çalarlarından istifadə et­miş­dir. Yurd, məskən sözləri mütləq sinonim olub ayrı – ayrı­lıqda nominativ mənada “ vətən” sözünün tam sinonimi de­yildir. Yuva sözü isə həqiqi mənasından çıxaraq məca­z­laş­d­ırılmış və “ vətən” sözünün yaratdığı sinonimik cərgəyə da­xil olmuşdur. Bu misaldan göründüyü kimi, hər üç söz kon­tekst daxilində “ vətən” sözünün sinonimini təşkil edir. “ Və­tən” neytral üslubda işlənən dominant sözdür. Səməd Vur­ğun misralarda fikrini nisbi sinonim vasitəsilə sadə və asan bir dildə ifadə etmiş və vətənə qarşı oxucularda qüv­vət­li hisslər, emosiyalar yaratmışdır.

Bundan əlavə, müxtəlif məna çalarları ev – koma – dax­ma sinonim cərgəsini təşkil edən sözləri götürək. Dublet xa­rak­ter daşıyan daxmakoma sözlərini “ev” sözünün si­nonimi hesab etmək olmur. Komadaxma sözləri lek­sik dublet olub primitiv ev, alçaq və balaca, dar, təkotaqlı ib­ti­dai ev mənasını ifadə edir. Ev isə geniş məna kəsb edir, bir neçə otaqdan ibarət bir və çoxmərtəbəli böyük, tikili­dir. Lakin T.Əfəndiyeva hər üç sözü sinonim hesab edir və əsərdə bir neçə yerdə təkrarən misal göstərir (22,34-40).

Əgər biz sözləri leksik–semantik sistemdə və əl­am­ə­ti­nə görə fərqləndirmiriksə, bu zaman üslubi sinonimlərin öl­çü­sünü, sferasını dəqiqləşdirə bilmərik. Çünki “ kasıb ko­ma” ifadəsi işləndiyi halda , “ kasıb ev “ ifadəsi işlədilməz. Mə­sələn, S.Vurğun “ Vaqif” dramında Vidadinin dili ilə de­yir:



Kasıb komacığım özümə yetər

Burda yazılmışdır yüzlərcə əsər.

Tədqiqatçı əsərinin başqa bir yerində “ yuva” sözünü “ev” sözünün sinonimi kimi qəbul edir. Əslində bunu düz­gün hesab etmək olar. Doğrudur, “ insanlar evlərdə yaşayır” de­yildiyi halda “ insanlar yuvalarda yaşayır” deyə bilmərik. “Quş yuvası” işləndiyi halda “ quş evi” işlədilməz. Di­li­miz­də “ qəfəs” kimi gözəl ifadəli söz vardır. Ona görə də “quş qəfəsi” ifadəsini işlədirik. Biz buna kontekstual sino­nim kimi yanaşmalıyıq. Müəllifin göstərdiyi misalı qa­nuna­uy­ğun hesab etmək olar və həmin ifadə ev mənasını bil­di­rir (22, 53). Əgər biz ev− daxma – koma sözlərini sinonim ki­mi qəbul ediriksə, onda yuxa – fətir – yayma, daş – qaya və s. bu kimi sözlər də üslubi sözlərdir, özü də bir- birinin sino­nimidir. Çünki bunlar da mənaca yaxın məfhumları ifadə edir.

Bundan başqa, Ə.Dəmirçizadə və T.Əfəndiyeva klassik ədə­biyyatda işlədilən ərəb və fars mənşəli siyah, nan, madər sözlərini qara, çörək, ana sözlərinin sinonimi kimi he­sab etmirlər. Dizdür, bu sözlər müasir dilimizdə işlə­dil­mə­sə də, onlar müasir ədəbi dilimizin sinonim sözləri kimi yox, klassik ədəbiyyatda işlədilən sinonim kimi qəbul et­mək olar. O cümlədən padər (ata), nəmək (duz), əbəveyn (v­alideyn) və s. sözlər klassik üslubi sinonim sözlərdir. Klas­sik ədiblərimizdən M.Ə.Sabir, M.Hadi, A.Səhhət və baş­qa­ları həmin sözləri dəfələrlə işlətmişlər.

Müasir özbək dilində hazırda “ çörək” məfhumunu bil­dirmək üçün “ nan” sözü işlədilir.

X1X əsr ədəbiyyatında “ qadın” sözü ilə bərabər, “dişi”, “ kişi” sözü ilə bərabər “ erkək” sözləri də iş­lə­di­l­miş­dir. Bunların sinonimliyi yalnız kontekst daxilində real­la­şır və bu da keçici, yəni ötəri xarakter daşıyır. Belə sino­nim­lərin paralelliyi və işlənmə tezliyi müəyyən zaman hü­du­dundadır. Konkret olaraq X1X əsrin əvvəllərində iş­lənən qadın – dişi, kişi – erkək sinonimləri üslubi sinonim olub sonrakı dövr bədii dildə müşahidə olummur. Məsələn, Q.Zakir şeirlərinin birində yasır:

Füsqi – fücur həddən aşıb Şişədə

Erkəyi, dişisi yaman peşədə

Təkcə mənəm qalan bu əndişədə...

Burada kişi qadın sözləri əvəzinə, həmin sözlərin si­no­nimi olan erkək, dişi sözlərinin işlədilməsi təsadüfi de­yil, bu satirik üslubun bədii təsir gücünü artırmaq xarakteri daşı­yır.

Beləliklə, sinonimlərdən danışıldıqda onun üslubi xa­rak­ter daşıdığını deyiriksə, deməli sinonimin bir tərəfini üs­lubla əlaqələndirməliyik, onun üslubi rolunu qeyd etmək va­cib­dir.

Dilimizin lüğət tərkibində külli miqdarda sinonimlər var ki, bu da əsas etibarilə üslubi ehtiyacla əlaqədar mey­da­na gəlmişdir. Sanki sinonimlər dilin ehtiyacını ödəmək üçün yaranır. Ələlxüsus o, həm bədii üslubda, həm də canlı danışıq üslubunda söz ehtiyacı üçün əsas meyardır.


3. Üslubi sinonimlərin leksik və qrammatik

sinonimlərlə oxşar və onlardan fərqli cəhətləri
Dildə sinonimlərin zənginliyi dili şərtləndirən əla­mət­lər­dən biri olduğundan sinonimika problemi təkcə leksi­ko­loq­ları deyil, həmçinin dilçiliyin digər sahələrini araşdıran di­lçiləri də düşündürmüşdür. Odur ki, sinonimləri dil sis­te­min­də tutduğu mövqeyə görə iki qrupa ayrırlar:

1. Leksik sinonimlər

2. Qrammatik sinonimlər

Onu da qeyd etmək olar ki, qrammatik, həm də lek­sik sinonimlik tarixi kateqoriyadır. Leksik sinonimlər qram­ma­tik sinonimlərə nisbətən çox genişdir. Leksik sinonimlər lek­sik, qrammatik sinonimlər isə qrammatik mənalarına gö­rə fərqlənirlər. Lakin bununla kifayətlənmək olmaz. İ.İ.Kov­tunovaya görə qrammatik sinonimlər elə qrammatik konstruk­siyalardır ki, onların arasındakı fərq, hətta eyni kek­sik materialda da meydana çıxa bilər (76, 142).

L.M.Peşkovski bir-birinə yaxın olan söz və söz birləşməsini qrammatik sinonim adlandırır (2, 5).

Qrammatik sinonimlik dilçilik ədəbiyyatında iki yerə bölü­nür: 1. Morfoloji sinonimlər; 2. Sintaktik sinonimlər.

Morfoloji sinonimlər bir-birinə yaxın olan və dəyiş­di­ri­lə bilən (əvəzedilə bilən) söz formalarıdır. Məsələn: vətə­nimiz – bizim vətən, Bakı nefti – Bakının nefti, Azərbaycan pam­bığı- Azərbaycanın pambığı və s. Qrammatik sinonimlik İ.Məm­mədovun “Azərbaycan dilində qrammatik sinon­i­m­lik” (27) əsərində geniş şərh edilmişdir. Ona görə də bu mə­sələ üzərində çox dayanmırıq.

Sintaktik sinonimlər dəyişdirilə bilən sintaktik struk­tur­lardır. Sintaktik sinonimlər mənaca və qrammatik cə­hət­dən yaxın olan, üslubi rənglərinə görə fərqlənən cüm­ləl­ər­dir. Məsələn: Elmira Cəmilədən iş yoldaşlarına da kömək et­məyi xahiş edir. Elmira xahiş edir ki, işdə yoldaşlarına da kömək etsin və s.

Leksik sinonimlər dildə ən çox yayılmış sahə olub söz və adlara görə dəyişdirilə bilən ifadələrdir. Leksik si­non­imlər ən çox ifadə vasitələri (metafora, metonimiya, evfe­mizm) hesabına əmələ gəlir. Həm də leksik sinonomlər for­maca müxtəlif, mənaca bir-birinə çox yaxın söslərdir (16, 170).

Leksik sinonimlər bir-birinə çox yaxın olmaya da bi­lər. Onlar mətn daxilində də biri digərini əvəz edir. Bu, özünü əsasən sözlərin çoxmənalılığında göstərir. “ Leksik sino­nimlər çoxmənalılıq hadisəsi ilə sıx bağlıdır, çünki se­man­tik eyniləşdirmə, yaxud yaxınlaşma heç də həmişə sö­zün tam məna həcmini ehtiva etmir (103, 79).

Leksik sinonimlər barədə M.İ.Fomina A.P.Yevgen­ye­va­nın aşağıdakı fikrini əsas tutur və bunu öz əsərində də gös­tərir: “Leksik sinonimlərə mənasına görə yaxın, yaxud ox­şar sözlər, eyni məfhumun müxtəlif , lakin bir-birindən ya məna çalarlarına , ya üslubi çalarlarına, ya da eyni za­man­da hər iki əlamətlərinə görə fərqlənən adlar daxildir (103, 78).

Leksik sinonimlər özləri işlənmə dairəsinə və məna fərq­lərinə görə iki qrupa bölünür:



  1. İdeoqrafik (semantik) sinonimlər;

  2. Üslubi sinonimlər.

Beləliklə, sinonimləri quruluşuna görə fərqləndirərkən onların ümumi sxemi aşağıdakı kimi olur :




S İ N O N İ M



Leksik sinonimlər




Qrammatik sinonimlər







ideoqrafik

üslubi




morfoloji

sintaktik

Sxemdən göründüyü kimi, üslubi sinonimlər leksik sinonimlərdən yaranır. A.P.Yevgenyevanın qeyd etdiyi kimi, dilin leksik sinonimlərinin əsasını ideoqrafik və üslubi sinonimlər təşkil edir (70,10). Buna görə də başqa leksik sinonimlərlə üslubi sinonimlər arasında həm oxşar, həm də fəqli cəhətlər vardır.

Üslubi sinonimlərin digər leksik sinonimlərə oxşar cəhətlərindən biri odur ki, hər ikisi dildə eyni funksiya daşıyır, eyni mənbədən əmələ gəlir və zənginləşir. İstər leksik sinonimlər, istərsə də üslubi sinonimlər olsun – hər ikisi neytral dominantlığa malikdir, lakin üslubi neytral sözlərin imkan dairəsi daha genişdir.

Oxşarlıqdan danışarkən onu da qeyd etmək lazımdır ki, üslubi sinonimlər leksik sinonimlər kimi aşağıdakı xüsusiyyətlərə malikdir; üslubi sinonimlər də :



  1. dilin lüğət fondu və alınma sözlər hesabına əmələ gəlir;

  2. sözlərin biri ədəbi dildə işləndiyi halda, digərləri dialektlərdə və sadə danışıq dilində işlədilir;

c) sadə və mürəkkəb sözlərdən ibarət olur ;

ç) bir qismi sözdüzəltmə şəkilçiləri vasitəsilə əmələ gəlir və s.

Üslubi sinonimlərin zənginləşməsi yollarından danış­dıq­­da, o da leksik sinonimlər kimi arxaizmlər və neolo­gizm­­­lər, evfemizmlər, dialektizmlər, frazeoloji birləşmələr hesa­­bına artır.

Leksik sinonimlərin tərkibinə daxil olmasına baxma­ya­raq, üslubi sinonimlər öz strukturuna və semantikasına gö­rə semasioloji tədqiqat baxımından işlənmə tərzinə görə bir-birindən fərqlənirlər. Onlar müəyyən məqsədlə müxtəlif üslublarda işləndikdə üslubiliyə meyil edir. Onun üslubiliyə meyil etməsi müxtəlif çalarlıqda işlənməsidir.

Leksik və üslubi sinonimlərin fərqindən danışıldıqda sino­nimiyanın dar və geniş məna kəsb etməsini göstərmək lazım­dır. Sinonimlər semasioloji tədqiqatda dar, üslubi təd­qiqlərdə isə geniş məna kəsb edir. Məsələn, böyük − ulu sinonim sözlərində ulu sözü ayrılıqda dar məna, üslubi baxımdan isə geniş məna kəsb edir. Burada izah etməliyik ki, ulu arxaik sözdür, klassik ədəbiyyatda kitab dilində, bədii üslubda obrazlı mənalarda istifadə edilir, nitq hissəsinə görə sifətdir, zəka sahibi, dahi deməkdir.

S.Q.Berejan da haqlı olaraq sinonim sözlərin seman­tik tədqiqatda dar mənada götürülüb dilin leksik-semantik nor­masına əsasən funksional –üslubi işlənmə və birləşmə imkanlarını nəzərə almaq şərti ilə izah edilməsini göstərir, üslubi tədqiqlərdə isə sinonimliyin geniş mənada başa düşülməsini nitq hissələri ilə əlaqədar qeyd edir (45, 261).

Sonra o, sinonimliyin üslubi tədqiqlərdə geniş mə­na­da başa düşülməsi fikrini davam etdirərək göstərir ki, söz­lə­rin hər hansı məqsədlə məcazi və obrazlı mənalarda is­ti­fa­də olunaraq məzmunca bir-birinə yaxınlaşması və effektıv cə­hətdən şərtlənmiş subyektiv amillərdən asılıdır (45, 261).

Onu da qeyd etmək lazımdır ki, sinonimiyada sino­nim­­lər dar mənada bu və digər məfhumun adını müəyyən bir tərzdə yaxın və eyni mənaya malik olmasını bil­dir­mək­dir. Geniş mənada sinonimlər söz və ifadələrin müxtəlif üs­lub­larda işlədilməsidir. Burada, həmçinin sinonim sözlərin ay­rı-ayrı nitq hissələrinə aid olması, sadə, düzəltmə və mü­rək­kəb­liyi, frazeologiyaya münasibəti və s. araş­dırıl­ma­lı­dır.

Ümumiyyətlə, üslubi sinonimlər leksik sinonimlərin tər­kib hissəsi olsa da , onlardan işlənmə tərzinə görə, üslu­bi rənglərinə görə, semantik çalarlıqlarına görə fərqlənir. Məsələn, müftə − pulsuz – məccani sinonim cərgəsində müftə sözü ədəbi dildə, pulsuz sözü həm ədəbi dildə, həm də danışıqda işləndiyi halda, məccani sözü yalnız klassik ədəbi dildə işlənir. Xəstə − azarlı – naxoş – kefsiz sinonim cərgəsində olan xəstənaxoş sözləri həm ədəbi dildə, həm də danışıqda işləndiyi halda, azarlı sözü ən çox danışıqda işlənir, kefsiz sözü isə dialektlərdə işlənir.

Leksik sinonimlər həddindən artıq polisemiyaya malik olduğu halda, üslubi sinonimlərdə bu xüsusiyyət yoxdur. Məsələn, leksik vahidlərdən semantikasına görə “ayaq” sözünün 11, “açıq” sözünün 14, “ olmaq” sözünün 26, “ açılmaq” sözünün 33, “ açmaq” sözünün 20, “ baş “ sözünün 17, “ vurmaq” sözünün 30, “ qoymaq” sözünün 26, “ buraxmaq” sözünün 26, “ yer” sözünün 26, “ durmaq” sözünün 32, “ düşmək “ sözünün 43 mənası verilmişdir (6,7,8,9) ki, bəzi mənalar müstəsna olmaqla həmin sözlər mənaca, üslubca müəyyən xüsusiyyətlərə malikdir. Məlumdur ki, hər bir sinonim söz məntiqi məzmuna, üslubi və emosional xüsusiyyətə malikdir.

Leksik sinonimlər mövcud olduğu vaxtdan məhdud olaraq qalır, üslubi sinonimlər isə dilin müxtəlif üsulla inkişafı prosesində formalaşır və işlədilir. Leksik sinonimlər istənilən tərzdə, istənilən fikri ifadə etmək üçün işlədilir, üslubi sinonimlər isə seçmə yolu ilə, yəni yaradıcının məqsədinə müvafiq məna incəliyinə malik fikri daha dəqiq ifadə etmək yolu ilə işlədilir.

Ayrılıqda götürülmüş hər hansı bir söz leksik sinonim ola bilir, üslubi sinonim isə ola bilməz, çünki üslubi sinonimlər fərdi yaradıcılıq məhsuludur. Hər ikisi ekspressivlik və emosionallıq xüsusiyyətlərinə malikdir, lakin üslubi sinonimlərdə sözlər vahidlik təşkil edərək fikri daha dəqiq və daha düzgün ifadə edir.

Üslubi sinonimlərin leksik sinonimlərdən ən mühüm fərqi bir də ondan ibarətdir ki, leksik sinonimlər məna incəliklərinə, üslubi sinonimlər leksik sinonimlərdən yalnız üslubi xüsusiyyətlərinə görə fərqlənir; üslubi sinonimlər a) emosionallığa və ekspressivliyə malikdir; b) yalnız dilin üslubi çalarlarına aid olur; c) ifadəni qüvvətləndirir; ç) mənanı müəyyənləşdirir, konkretləşdirir, dəqiqləşdirir və aydınlaşdırır; d) satira və yumor yaratmaq üçün istifadə edilir; e) nəhayət, hər hansı bir üslubi sinonim müəyyən bir obrazın əsasında formalaşdığı halda, leksik sinonimlərdə isə belə hal olmur.

Beləliklə, dilimizdə olan sözlərin və söz birləşmə­ləri­nin, ifadə vasitələrinin yerli–yerində, məqsədəuyğun şəkildə se­çilib işlədilməsi üçün leksik və qrammatik sinonimlərin bö­yük rolu vardır. Sinonimin hər iki növü dilimizə, yazılı və şifa­hi nitqimizə bu və ya digər tərzdə ifadəlilik keyfiyyəti ver­məklə fikri daha dəqiq və düzgün, daha emosional , da­ha real və təsirli edir. Buradan aydın olur ki, dildə olan sino­nimlərin əksəriyyəti üslubi məqsədlərə xidmət edir.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin