Azərbaycanda "elektron hökumət" quruculuğu



Yüklə 29,23 Kb.
tarix25.06.2018
ölçüsü29,23 Kb.

Azərbaycanda "elektron hökumət" quruculuğu

Beynəlxalq təcrübədə “elektron hökumət” anlayışı kompüter texnologiyalarından, o cümlədən internetdən istifadə edilməklə dövlət hakimiyyəti orqanları və təşkilatları tərəfindən vətəndaşlara informasiyanın çatdırılması və xidmətlərin göstərilməsi kimi izah olunmaqdadır. Misal olaraq hər hansı bir vətəndaşın evini tərk etmədən, internetdən istifadə etməklə ünvanına stasionar telefonun çəkilməsi ilə bağlı müraciət etməsi və həmin müraciətin əsasında göstərilən ünvanın telefonlaşdırılması “elektron hökumət” xidmətlərinin sadəcə biridir. Hazırda “elektron hökumət” quruculuğunun yüksək pillələrində olan Sinqapur, Koreya, İsveç kimi ölkələrdə belə elektron xidmətlərin təkcə dövlət hakimiyyəti orqanlarının deyil, eyni zamanda yerli özünü idarəetmə orqanlarının və özəl şirkətlərin xidmətlərini əhatə etdiyini və sayının 1500-ü keçdiyini nəzərə alsaq elektron xidmətlərin tətbiqi nəticəsində insanların həyatının nə qədər rahatlaşdığını, nə qədər zaman, maliyyə, enerji və s. ehtiyatlara qənaət edildiyini təsəvvür etmək çətin olmaz.



“Elektron hökumət”in tətbiqi nəticəsində əldə olunan qənaətdən bəhs etmişkən, onun yararlarına toxunmaq yerinə düşərdi. Beynəlxalq təcrübəyə əsaslanaraq aparılmış araşdırmaya dayanaraq bunları aşağıdakılar kimi qruplaşdırmaq mümkündür:

  • Xərclərin azaldılması: Göstərilən xidmətlərin elektron formada həyata keçirilməsi qurumlarda kağızın istifadəsinə və enerji ehtiyatına qənaətlə nəticələnir. Hətta bir çox qurumlar insan əməyini əvəz edən texnologiyalardan istifadə edərək elektron xidmətləri tətbiq etməklə, maliyyə xərclərinin azaldılması istiqamətində siyasət həyata keçirirlər.

  • İqtisadi inkişafın sürətləndirilməsi: “elektron hökumət” bürokratik əngəllərin qarşısının alınması və biznes sektoru ilə münasibətlərin sadələşdirilməsi ilə ölkələrdə əlverişli biznes şəraitinin yaradılması üçün gözəl bir mexanizmdir. Belə bir mühitin yaradılması ölkəyə investisiya axınının çoxalmasına və nəticədə iqtisadiyyatın inkişafına təkan verən yeni istehsalat sahələrinin formalaşdırılmasına təkan verir.

  • Şəffaflığın təmin olunması: “elektron hökumət” vətəndaşların maraqlı olduğu sahələrdə qərar vermə prosesində şəffaflığın təmin olunması, o cümlədən bu proseslərdə vətəndaşın iştirakının təmin olunması üçün gözəl vasitədir. Belə ki, hər hansı bir dövlət hakimiyyəti orqanının və ya bələdiyyənin işinin şəffaf şəkildə vətəndaşlara açıqlanması və bu işlərin həyata keçirilməsində iştirakının təmin olunması vətəndaşı məmnun edən amillərdəndir.

  • Xidmət keyfiyyətinin yüksəldilməsi və vaxta qənaət: ənənəvi üsullarla dövlət xidmətlərinin göstərilməsində bəzən insan amilinə bağlı olaraq, bəzən də obyektiv səbəblərdən göstərilən xidmətlərin keyfiyyətinin aşağı səviyyədə olması və vaxt itkisi ilə nəticələnir. Belə xidmətləri heç bir şəxslə təmasda olmadan qısa müddətdə alınmasını isə yalnız “elektron hökumət” təmin edə bilər.

  • İdarəçiliyinin təkmilləşdirilməsi: büdcəyə nəzarət, sənəd dövriyyəsi və kargüzarlıq, kadrların idarə edilməsi və s. məsələlərlə bağlı işlərin elektronlaşdırılması idarəetmə sisteminin daha da asanlaşdırılması ilə nəticələnir.

  • İnformasiya cəmiyyətinin inkişafı: “elektron hökumət”in ən böyük yararlarından biri də onunla qarşılıqlı əlaqəsi olan informasiya və kommunikasiya texnologiyalarının istifadəsinin genişlənməsidir. Belə texnologiyaların cəmiyyətdə tətbiqi insanların dünya görüşünün inkişafına, bilik səviyyəsinin artmasına və yeni yeni elmi kəşflərin ortaya çıxmasına səbəb olur.

“elektron hökumət”in formalaşdırılması prosesi bir sıra inkişaf etmiş ölkələrdə hələ 90-cı illərin sonlarından başlasa da onun ölkəmizdə tətbiqi ilə bağlı ən mühüm işlər son on ildə aparılmışdır. Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə modern və çevik idarəetmənin həyata keçirilməsi üzrə aparılan fəaliyyətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Bir çox mənbələrdə bu istiqamətdə atılan ilk addım kimi 13 fevral 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın təsdiq edilməsi göstərilsə də, hələ 2002-ci ilin 24 dekabrında təsdiq etdiyi “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə” ilə Ümummilli liderimiz Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin razılaşdırılmaya göndərildiyi andan “elektron hökumət” portalında yerləşdirilməsi ilə bağlı tapşırıq vermiş, dövlət idarəçiliyində elektron texnologiyalardan istifadənin və beləliklə bu sahədə şəffaflığın təmin olunmasının zəruriliyini ortaya qoymuşdur. Beləliklə “elektron hökumət” quruculuğunun əsas prinsiplərindən biri olan qərar qəbul edilmə prosesində vətəndaşların iştirakına şərait yaradılmışdır.

Sonrakı mərhələlərdə Milli Strategiyanın qəbul edilməsi nəticəsində bu istiqamətdə həyata keçirilməli olan tədbirlər konsept halına gətirilmiş və onun həyata keçirilməsi ilə əlaqədar qəbul edilən Dövlət Proqramları çərçivəsində ən qabaqcıl texnologiyaların tətbiq edilməsi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və cəmiyyətdə İKT-dən istifadəyə əlverişli şəraitin yaradılması üzrə məqsədyönlü tədbirlər görülmüşdür.

Milli Strategiyanın qəbul edilməsi ilə “elektron hökumət”in formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla ilkin mərhələdə dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinə və dövlət orqanlarının vətəndaşlar və biznes sektoru ilə münasibətlərində daha şəffaf və operativ əlaqələrin qurulmasına yönəlmişdir. Beləliklə bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində “elektron hökumət” ideyalarının idarəetmə və ictimai həyat sahələrində tətbiqi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradılmışdır.

Bu tədbirlər sırasında xidmətlərin “vahid pəncərə” prinsipi əsasında elektron formada təqdim edilməsini təmin edən “elekron hökumət” portal yaradılmış, bir sıra dövlət orqanlarının informasiya ehtiyatlarının elektronlaşdırılması məqsədilə informasiya sistemləri formalaşdırılmış, bütün dövlət orqanlarının internet informasiya ehtiyatları yaradılaraq istifadəyə verilmişdir.

Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, “elektron hökumət”in formalaşdırılması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, həmçinin informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır.

Etiraf edilməlidir ki, “elektron hökumət”in formalaşdırılması ilə bağlı yetərli hüquqi baza olmasına baxmayaraq elektron xidmətlərin göstərilməsində müəyyən çətinliklərin olması sahənin inkişafının ləngiməsində əsas amillərdən olmuşdur.

Belə çətinliklərin aradan qaldırılması istiqamətində ən əhəmiyyətli addım kimi, mərkəzi icra hakimiyyəti orqanlarında elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərman dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan olmuşdur. Bu Fərmanın icrası sayəsində dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi və vətəndaşların onlardan istifadə səviyyəsi xeyli yüksəlmişdir.

Fərmanın icrası nəticəsində bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet informasiya ehtiyatların xüsusi elektron xidmətlər bölməsi yaradılmışdır ki, müvafiq qurumlar öz səlahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətləri həmin bölmə üzərindən təmin etməyə başlamışdır. Dövlət orqanlarının elektron imza ilə təmin edilməsi istiqamətində görülən işlər sürətləndirilmiş, dövlət qulluqçularına verilən electron imzaların sayı 11400-ə çatdırılmışdır. “elektron hökumət” portalının operatoru olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim etdiyi aylıq “elektron hökumət” Bülleteni”nə əsaslanaraq müqayisə üçün bildirmək olar ki, cari ilin yanvar ayında bu statistika 2650-yə bərabər olmuşdur. Bununla yanaşı, dövlət orqanlarının informasiya sistemlərinin və informasiya ehtiyatlarının, həmçinin elektron xidmətlərin Portala inteqrasiya prosesi daha da intensivləşmişdir. Təqdim olunmuş statistik rəqəmlərdə bu intensivlik açıq şəkildə görülməkdədir.

Bu prosesdə adı çəkilən Fərmandan irəli gələrək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi də xüsusi rol oynamışdır. Belə ki, elektron xidmətlərin göstərilməsinin təşkili və ardıcıllığı, hansı xidmətlərin məhz elektron qaydada göstərilməsinin vacib olması barədə bir sıra məsələlərə bu sənədlərin qəbul olunmasından sonra aydınlıq gətirilmişdir.

Elektron xidmətlərin təşkili ilə bağlı aparılan bütün bu tədbirlərin nəticəsi kimi mövcud vəziyyətə baxılarsa, əgər əvvəlki illərdə göstərilən xidmətlərin azlığı və vətəndaşların bu xidmətlərdən istifadəsi ilə bağlı texniki imkanların olmaması əsas problem kimi görünürdüsə, hazırda ölkədə informasiya cəmiyyətinin inkişafı, ölkənin ən ucqar kəndlərində belə internetdən istifadə imkanlarının yaradılması bu istiqamətdə yaranan maneənin bir hissəsini aradan qaldırmaqdadır. Yaxın zamanlarda ölkədə genişzolaqlı internetin inkişaf etdirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Neft Fondunun maliyyəsi ilə həyata keçirməyi planlaşdırdığı layihə bu sahədə mövcud olan ən xırda problemlərin aradan qaldırılmasına hesablanmışdır.

Dövlət orqanları tərəfindən göstərilməsi nəzərdə tutulan xidmətlərin sayı da yetəri qədərdir. Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na müvafiq olaraq, 40 dövlət orqanının 417 xidmətinin elektron formada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu xidmətlərdən 184-ü www.e-gov.az ünvanında “elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim edilməkdədir. Siyahıda əks olunmuş, lakin portala qoşulmamış elektron xidmətlərin demək olar hamısı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının internet informasiya ehtiyatında yaradılmış “elektron xidmətlər” bölməsində göstərilməkdədir. “elektron hökumət” portalının elektron xidmətlərin “vahid pəncərə” prinsipi əsasında göstərilməsi üçün yaradıldığını, həmçinin sıravi vətəndaş üçün bütün xidmətlərin bir mənbədən əldə edilməsinin rahatlığını nəzərə alsaq, bütün xidmətlərin Portala qoşulmamasının bu istiqamətdə hazırda mövcud olan ən böyük problem olduğunu deməyə əsas verər.

Elektron hökumətin formalaşdırılması prosesində əhəmiyyət kəsb edən tədbirlərdən biri kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da vurğulamamaq olmaz. Belə ki, bu xidmət mərkəzlərinin yaradılması ilə 9 dövlət orqanının xidmətlərinin vahid mərkəzdən aparılması şəffaflığın təmin olunması və bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı “elektron hökumət”in vacib prinsiplərindən önəmli bir qismi təmin olunmuş oldu.

Azərbaycanda “elektron hökumət” quruculuğu prosesinə baxarsaq son on ilin inkişaf tendensiyası ölkəmizin bu sahədə liderlik edən ölkələrin sırasına qoşulmağnın çox uzaqda olmadığından xəbər verir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Bu faktın özü ölkə rəhbərliyi tərəfindən Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına verilən diqqəti özündə əks etdirir. Cari ilin simvolu kimi Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması növbəti illərdə “elektron hökumət”in inkişafı üzrə həyata keçiriləcək tədbirlərdə öz bəhrəsini verəcəyini düşünürük.



İmamə Alışova

Məqalə müsabiqəsi üçün
Kataloq: Upload -> MeqaleFiles

Yüklə 29,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə