Bəxtiyar Tuncay Tarixi həm yaratdıq, həm də yazdıq



Yüklə 87,77 Kb.
tarix22.10.2017
ölçüsü87,77 Kb.
#11158


Bəxtiyar Tuncay
Tarixi həm yaratdıq, həm də yazdıq

F. Quliyev özünün «Missiya» adlı kitabında bildirir ki, psixologiyada fasilitasiya (ingiliscə - fasilitate asanlaşdırmaq, kömək etmək) deyilən termin var. «Sosial fasilitasiya dedikdə, insanların sosial təmas şəraitində biri-birinə göstərdikləri müsbət təsir nəzərdə tutulur. Bu zaman onların fəallıqları artır, reaksiyaları nisbətən asanlaşır, fəaliyyətlərinin nəticəsi yaxşılaşır. Le Bonun “zehniyyətin təkləşməsi qanunu”nun mahiyyəti budur ki, kütləni yaradan fərdlərdə nə qədər düşüncə, duyğu, davranış və s. fərqli olursa-olsun, vahid bir kütlə halına gəlmələri onlarda bir ortaqlıq - “kollektiv ruh” meydana gətirir. Le Bonun irəli sürdüyü başqa bir nəzəriyyədə də millətin bütövlüyünün həm fərdə, həm də bütövlükdə cəmiyyətə müsbət təsiri göstərilir. Duyğu və hissiyyat ağlı, məntiqi hətta üstələmək imkanındadır. Kollektiv ruh çəkingən, hətta qorxaq bir fərdi cəsarətə gətirib, döyüşkən mübariz bir kütlə üzvünə çevirir. Təkbaşına olarkən ortaya çıxara bilmədiyi həyəcanı birlikdə çox açıq ortaya qoyar. Əlbəttə, bu kütlənin enerjisi o vaxt müsbət nəticə verəcək ki, ictimai rəy lideri passionar şəxs doğru qənaətlərin qaynağı olsun. Azəıbaycanın düşmənləri də kollektiv ruhu, milləti parçalayıb böldülər. Vətəninin düşmənləri anlayırdılar ki, Azərbaycanın milli ruhu bütöv olduqca, ona qalib gəlmək mümkün deyil» (1, s. 29).

Fərəc Quliyev
Kollektiv ruhun gücü özünü Meydan hərəkatı dövründə ən bariz şəkildə göstərdi və həmin günlərdə, eləcə də sonrakı üç ildə xalqımız öz tarixinin möhtəşəm səhifələrini yaratdı.

El arasında belə bir söz var, deyirlər türk tarixi yaradıb, amma yazmayıb. Doğrudurmu, deyilmi, demək çətindir. Amma fakt budur ki, bu fikir geniş yayılıb və onu ilk dəfə fransız maarifçisi Şarl Monteskyö 1711-ci ildə qələmə aldığı «Persiya məktubları» (yanlış olaraq dilimizə «İran məktubları kimi çevrilib) adlı kitabında dilə gətirib: «Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə «tatarlarla» yarışa bilməz…Onlar türk adlanıb Avropada, Asiyada və Afikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər…Bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar…Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır» (2, s. 9).

1988-ci ildə biz tarixi həm yaratdıq, həm də yazdıq. Tarixi Məhəmməd Hatəmi və Nemət Pənahlı başda olmaqla Azərbaycan xalqı yaradı, Ədalət Tahirzadə isə qələmə aldı. Özü də təkcə günbəgün yox, həm də saatbasaat, dəqiqəbədəqiqə. Bu baxımdan 1988-ci ilin 28 noyabr tarixi də istisan deyil:

«25 NOYABR 1988.

00.20. Elan: “Qadağan saatının 22-dən başlanmasına baxmayaraq camaatın evlərinə getməsinə etiraz edilmir”. (Fit, qışqırıq).

00.25. Şərəf lövhəsinə yapışdırılmış şüardan: “Erməni sənətkarlarına iş gördürən ermənidir”.

00.45. Təbriz radiosu bu gecə deyib ki, 800 minlik Bakı zəhmətkeşləri zülmün zəncirini qıraraq nümayişi davam etdirirlər. Akademiya işçiləri, Aspirantlar yataqxanasının sakinləri: Sahib Məmmədov, Qurban Mehdiyev, Mütəllim Abbasov, Rayət İsmayılov, Mətləb Məmmədov, Nazim Həsənov, Famil Məmmədov, mən bulvarda oturub hadisələri müzakirə edirdik. Həmin söhbətdən: Bakıya əsgər dəvət etmək ideyası Maqsud İbrahimbəyova məxsusdur. İki-üç gün qabaq söhbətdə deyib ki, orada 3-4 savadsız uşaq hoqqa çıxarır. Dəyənək yeyən kimi ağıllanarlar. Onda bu söz qəbul edilməyib. Ancaq tezliklə Fuad Musayevin təkidi və tələbi ilə büro qərara alıb ki, qoşunu çağıraq.

Bi-Bi-Si” radiosu bu gecə bizdan danışıb, deyib ki, dünya tarixində ilk dəfə 800 min adam komendant saatı vaxtında nümayiş keçirmiş, qoşunla nümayişçilər arasında heç bir toqquşma baş verməmişdir.

Meyxanaçılıq kütləvi şəkildə yayılıb. Kazımın dəstəsi “Vayenni, saldat qova bilmir bizi” qafiyəsiilə uzun-uzadı meyxana söyləyir.

Rayonlardan gələn qadınlar, qızlar da “bizimki”lərlə bir yerdə gecələyirlər.

6.00. Qadağan saatından 1 saatdır ki, keçib. Ancaq əsgər zəncirləri çəkilməyib. Hava çox soyuqlaşıb. Külək qalxıb. Dəstə-dəstə yığışb oxuyurlar:

Hava yaman soyuqdur,

Ermənilər toyuqdur.

Hava yaman bürküdür,

Ermənilər tülküdür.

Bunlar bizim dəstədir,

Ermənilər xəstədir.

Azərbaycan ağadır,

Erməni qurbağadır.

Divar “təqvim”ində yeni tarixlər göründü. “24” və “25” rəqəmləri qara kağız üstündə ağ rəqəmlərlə yazılıb. Qara rəng hərbçilərin bizi əhatə etməsi ilə bağlıdır.

7.53. Baş tribunanın yanındakı iki tribuna dolub. Tələbələr müxtəlif mahnıları xorla oxuyurlar:

“Biz ölərik, meydanı tərk etmərik!

Vəziryanı verərik, Qarabağı vermərik!”.

“Ay can alan, can Qarabağ bizimdir,

Güllü-gülüstan Qarabağ bizimdir!”.

Bir az bundan qabaq xəbər gəldi ki, əsgərlər meydana girmək istəyirlər. Tez Cümşüd Nuruyev və başqa yoldaşlarla birlikdə “Abşeron” mehmanxanasına tərəf duran əsgərlərin səfinə doğru getdik. Bura çoxlu əsgər toplaşıb. Meydan boyu Lənkəran, Quba və başqa rayonlardan gələn şəxsi maşınlar düzülüb əsgərlərin yolunu kəsib, yalnız ərzaq maşınlarının keçməsi üçün 10-15m keçid saxlayıb. Tələbələr tez bu keçiddə 2-3 cərgə durdu. Təbii ki, biz də onların arasında idik.

Bir xeyli gözləyəndən sonra gördük ki, əsgərlər yavaş-yavaş çıxıb gedirlər.

Cümşüd bir məktub oxudu. Dünən - 24.XI.88 tarixində Moskva və Xətayi prospektlərinin kəsişdiyi yerdə 98-05 nömrəli 011 markalı, sümük rəngli “Jiquli”ni əsgərlər saxlamışlar. Bu zaman onlardan biri əlindəki dəyənəklə maşının kapotunu əzib. Bunu gözləməyən sürücü maşınıqeyri-iradi irəli sürüb. Arxadan iki əsgər maşına atəş açıb. Sərnişinlərdən 3 nəfər yaralanıb, maşının dal və qabaq şüşələri qırılıb, təkərlərini güllə deşib. Ağır yaralanan sürücünü Semaşkoadına xəstəxanaya aparıblar. Hadisə yerinə gəlmiş Nərimanov rayon avtomobil müfəttişliyinin işçilərindən biri - mayor bu işi ndüzgün oluğunu söyləyib və xəstələrin sonrakı taleyi ilə də maraqlanmayıb. Şahidlər (Heydərov Rəcəb Əli oğlu - Razin qəsəbəsi, Sülh küçəsi, ev 63 a, mənzil 59) respublika prokurorluğundan tələb ediblər ki, bu haqda cinayət işi qaldırılsın.

FASİLƏDƏN SONRA.16.50.

Hatəmi, Nemət danışandan sonra Şirməmməd Hüseynova söz verildi:- Mən ayın 9-undan 23-ünədək Türkiyədə oldum. Öyrənməyə çalışdım ki, görək xaricdə, Türkiyədə bizdən nə yazırlar. Türkiyə mətbuatı, radio və televiziyası bizdəki hadisələri çox genişiş ıqlandırır. Türklər deyirdilər ki, biz sizin haqqınızda məlumatı amerikapərəst erməni mənbələrindən alırıq. Niyə bizimlə əlaqə saxlamırsınız? Bizə dedilər ki, Bakıya çatdırın: biz azəri türklərinin arxasında durmuşuq. (Alqışlar). “Türküstan” kitabının son cümləsini oxuyuram: “Türküstan olmasaydı, Azərbaycan olmasaydı Türkiyə də olmazdı”. Türkiyədəki ağsaqqallarımız və Türkiyə ağsaqqalları bizə nəsihət də göndəriblər. Dedilər ki, biz daşnakları yaxşı tanıyırıq, onların avantürasına getməyəsiniz. Çalışınız siyasətlə, ağılla qələbə çalın!

16.57. Nemət aclıq elan edənlərdən xahiş etdi ki, dayandırsınlar:

- Bütün Korlar Cəmiyyəti aclıq elan etmişdi. Mənim sözümlə dayandırdılar.

16.59. Aclıq elan edən Rafəddin:

- Bizim xalqımızı Topxana meşəsi kimi qırıblar. Biz bir olmalıyıq. Mən Lənkərandanam. Gəlin yerlipərəstlik etməyək.

17.00. Fərəməz:

- Əgər bizə mənəvi qüvvə vermək istəyirsinizsə bizə “aclığı dayandırın” deməyin. Manqurdlar yetişdirirdilər. Xalqımızı manqurd ediblər. Bu gün manqurd papağı əlimizdədir, onu yerə çırpmaq gərəkdir. Biz artıq 9 gündür aclıq elan edirik. Bugünədək heç kəs hökumət adamlarından bizimlə maraqlanmayıb. Mən mənimlə maraqlanmayan hökumətə inanmıram, ona nifrət edirəm! Dünənədək mən çox şeyə inanırdım. Ancaq dünən Moskvada “Vremya”da deyildi ki, Bakıdakı komendant saatı ermənilərlə azərbaycanlılar arasında toqquşma nəticəsində qoyulub. Bu sözləri deyən Moskvaya nifrət edirəm! Mən o partiyaya nifrət edirəm ki, dünyanın hər yerindən xəbər verir, öz içindən isə xəbər vermir. Biz öz milli gəlirimizin 97 faizini şovinistlərə veririk. Mən Tatlıyevə nifrət edirəm! Belə nadürüstlər bizə lazım deyil. O dedi ki, biz işi bacarmasaq istefa verəcəyik, ancaq sabahısı gün üstümüzə işğalçı qoşun göndərdi. Demək istəyirəm ki, Mərkəzi Komitə, AS, NS-nin hakimiyyətini etiraf etməyək. Nümayiş komitəsi yaradaq və hakimiyyəti xalq özü idarə etsin.

BMT-yə, YUNESKO-ya xəbər verin ki, biz aclıq elan etmişik. Nifrət olsun belə imperializmə! Tfu bu imperializmə! Koreyanı, Vyetnamı parçalayan imperializm! O, çürükdür. (Məmməd Araz şerindən beyt dedi). Yaşasın Azərbaycan varlığı! Öldü var, döndü yox! (Xorla təkrar).

17.15. Kimsə: 

- Qarabağ vətəndaşları nümayişə, tətilə buraxmırlar. Onlara ar olsun! Biz aclığı ovaxt kəsəcəyik ki, tələblərimiz yerinə yetirilsin! Var olsun Azərbaycan!

Vəli Məmmədov danışmaq istəyir, qoymurlar. (15-20 də fasilə).

17.30. Xəlil Rza:

- Dağlıq Qarabağ faciəsi 70 il qabaq başlayıb...

17.50. Nemət: Xəzər neft gəmiləri bizimlə həmrəy olaraq dayanıb! (Mikrofon yuxarıdan kəsilmişdi, əldə düzəldilən mikrofonda danışır). O, xalqın ki müstəqilliyi yoxdur, onun gələcəyi yoxdur.

18.06. Türkmən:

- Azərbaycan xalqını öpürəm. Bütün türkmən xalqı sizinlədir. Sözünüzün üstündə axıradək durun. Azərbaycanlılarla türkmən xalqı dostdur, qardaşdır.

18.07. Nemət:

- Metrodur, nəqliyyatdır, ərzaq məhsulları mağazalarıdır - işləməlidir. Tutulan adamların hamısının siyahısını göndərin. Tutulanların, işdən çıxarılanların hamısını bütün Azərbaycan müdafiə etməlidir. 35 teleqram gəlib Azərbaycanın rayonlarından.

Xuraman Abbasovadan - sizinləyik! Bu gün Azərbaycan SSR AS-dən fövqəladə sessiya çağırılmasını tələb etmişəm. Başqa deputatlar da belə etməlidir. Sizi bir daha bağrıma basıram.

Xəlil Rza (məktub oxuyur):

- İvanov Vadim, Arzumanyan Arsen, Nersisyan və başqaları vəzifələrindən azad edilsinlər. Daşnak Stepan Şaumyanın alçaq əməlləri ifşa edilsin, adına küçələr, heykəlləri ləğv edilsin. Aclıq elan edənləri alqışlayırıq. Ancaq çıxışlarında bəzi notlar ifratdır.

Kondisioner zavodunun fəhləsi:

- Nemət 9 gündür ki, bizə nəsihət verir.

Xəlil Rza Xalq Cəbhəsinin əməkdaşlarının adlarını sadaladı:

- Azərbaycan, dustaqlarının sayına görə dünyada birinci yeri tutur.

Nemət Gürcüstandan gələnə söz vermək istədi.

18.20. Gürcü (rusca):

- 2 həftədir Bakıdayam. Mən Moskvada işləyirəm. Moskvaya getməkdən imtina edirəm. Bizqardaşıq. Əsgərlər dedilər ki, sən get, mən dedim ki, yox, mən onlarlayam. (“Gür-cüs-tan!” - sürəkli). Sizdən xahiş edirəm ki, sakit olaq. Bizi heç kəs müdafiə etmir. Yalnız intizamla qələbə çala bilərik. Əfqanıstanda vuruşan əsgərləri gətirmək gərəkdir ki, buranı qorusunlar.(“Gür-cüs-tan!” - sürəkli). Burada sizinlə sonadək olacağam! (Sürəkli alqışlar). (Gürcü nəsə dedi). (Alqışlar). (“Gür-cüs-tan!”).

18.30. Qadın:

- Belə qəhrəmanlığınız mənim 60 yaşlı ürəyimi 15 yaşlı qıza çevirib. Bəxtiyar müəllimə dünyalarca ömür arzulayaq. Azərbaycan dilinə ikinci həyat verib.

Polkovnik (istefada olan) Rizvan Zeynalov camaat arasında iş aparır, onların qolunu soyudur. Görünür, belələri çoxdur.

18.35. Qız:

- Biz də Mərkəzi Komitəni pisləyirik. Ancaq H. Əliyev vaxtından qalmış mafiya dəstəsini ləğv edək. Biz öz rəhbərlərimizin familiyasının sonuna -yan şəkilçisi artırmaqla yalnız düşmənləri özümüzə güldürərik. Gəlin tələbə ordusu yaradaq, Xocalıda böyük şəhər salaq. Nemətdən möhkəm yapışaq.

18.40. Keşləli meyxana deyən Niyaz “İt kimi peşmandı özü daşnakın” qafiyəsi ilə meyxana dedikcə camaat əl çalır. “Şöhrəti var, şanı var Azərbaycanımızın” qafiyəsi ilə başqa meyxana dedi:

Kim tanımır qardaşımız Neməti,

Ayağa qaldırıb bütün milləti. (Alqışlar).

18.50. Məmmədov Mürsəl (uzaq yerdən gəlib):

- Burada danışanlar hamısı siyasi cəhətdənsavadlı olsunlar. Biz bura xalqın dərdini dinləməyə gəlmişik, meyxana eşitməyə yox. (Fit, hay-küy). Burada danışanlar bəzi siyasi səhvlər buraxır. (Fit, qışqırıq, “aşağı düş”). Demək istəyirəm ki, bəzi danışıqları liderlərimizin adına çıxmayaq, yoxsa məğlub olarıq.

Alma-atalı azərbaycanlı:

- Alma-ata camaatı da sizinlədir. Mən də sizinlə burada oturacağam.1

9.00. Molla:

- Balalarımıza Allah can sağlığı versin. Heyvanlardan ən murdarı milçəkdir. Onu nə qədər qovursan gedib qayıdır. Ermənilər də elədir, qovursan getmir.

19.05. Birisi:

- Biləcəri dəmir yol stansiyası dayandırılsın. Ermənistan SSR-ə tərəf heç nə getməsin. Kimi işdən qovsalar mənə müraciət etsinlər.

19.07. Nemət Tofiq Fikrətin “Millət şərqisi” ilə çıxışını qurtardı.

19.10. Qadın (Sevil): Ağdamdan məktub gətirilib. “Krunk” Azərbaycandakı ermənilərə yazıb(rusca): “Biz öz istəyimizə çatırıq, az qalıb. Bizim dalımızda Vazgen, Moskva durur. Şayiə yayınki, Vəzirov bizim adamdır. Arutyunyanla o, Moskvanın casusudur. Qarabağ çoxdan satılıb. Bunlara kütbeyin müsəlmanlar inanacaq. Bakıda, Kirovabadda, Naxçıvanda, Şəkidə və başqa yerlərdə öz başçılarımızı itirmişik. Stepanakert, 10 noyabr 1988. Krukçular”.

19.15. Kimsə erməninin Qorbaçova məktubunu oxudu. (Ulitsa Avakyana 15, Akopyan). Yazıb ki, həyatımız təhlükədədir. Bizi Sumqayıtla hədələyirlər.

19.16. Səfər:

- Adımıza çoxlu teleqramlar gəlir. Bildirirlər ki, rayonlarda gecə-gündüz mitinqlər keçirilir. (Sonra rus əsgərlərinə dünənki müraciəti yenə oxudu).

19.18. Aclığı dayandıran qadın (2 №-li çörək məhsulları zavodu) aclığı dayandırmağa çağırdı.

19.20. Nemət: Mən gedirəm dincəlməyə. Mübarizəmiz axıradək var. Eşq olsun Azərbaycanxalqının birliyinə!

19.25. Sabir Rüstəmxanlı:

- Moskvanın bizə baxan gözü kordur. Bizi Yerevanla tərəzinin eyni gözünə qoyurlar. Biz gərək özümüzü qoruyaq. Sevilin oxuduğu məktubdan nəticə çıxaraq. Mənim ürəyimdə heç bir vahimə, qorxu yoxdur. Ordu da sakitdir. Rayonlarda isə vəziyyət çox gərgindir. Qubadlıda, Zəngilanda xalqımıza qarşı xəyanətlər olur. Bizim müdafiə cəbhəmiz yoxdur. Rayonlarda millətin öz arasına nifaq düşür. Raykomlara nifrət edənlər binaları yandırırlar. Kimisə vəzifədən götürmək istəyən mafiyalar öz istəyinə görə xalqı parçalamaq istəyir. Qoy sabahdan məktəblərimiz işləsin. Qoy xalqımız Qorbaçovu, Raisa Qorbaçovanı respublikamıza dəvət etsin. Görsünlər ki, 200 erməniyə görə 2 xalq arasında qırğın yaratmaq istəyirlər. Dünən “İzvestiya” qəzetində hərəkatımızı təhrif edən xırda xəbər verilib. “Kommunist” nəşriyyatının işçiləri həmin nömrəni çap etməyiblər. Siz bu meydana gəlirsiniz, ancaq başqa millətdən olanlar işləyir, zavod dayanmır. Siz onları da həmrəyliyə çağırın. Şəhərdə qadağan saatı olsa da, çox yaxşı əhval-ruhiyyə var. Xalq sübut edib ki, ordu ilə həmişə mehribanıq. Təsadüfi adamlardan onları qoruyun.

19.40. Vəli Məmmədov 24.XI.88 tarixli 26-lar rayon partiya-təsərrüfat fəalları yığıncağının qətnaməsini oxudu: Ekstremist qüvvələrin (ermənilərin) təsiri ilə Azərbaycanda həddən artıq gərgin vəziyyət yaranmışdır. Respublika Ali Sovetinin növbədənkənar sessiyası çağırılsın və aşağıdakıları müzakirə etsin:

1) Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi haqqında.

2) Vilayətdə vəziyyəti son dərəcə kəskinləşdirdiyi üçün DQMV partiya təşkilatının buraxılması

haqqında.

3) Vəziyyət müəyyənləşdirilənədək vilayətdə beynəlmiləl tərkibli təşkilat bürosu yaradılması haqqında.

4) Təxirə salınmadan Poğosyanı məsuliyyətə cəlb etmək üçün SSRİ prokurorluğuna tələb verilməsi haqqında.5) Ermənistan SSR-dəki azərbaycanlılar üçün muxtariyyət yaratmaqdan ötrü Ermənistan SSR Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə müraciət edilməsi, əks halda, DQMV-nin ləğv edilməsi haqqında.

6) Ermənistandan gələnlərin DQ-da yerləşdirilməsi haqqında.

7) Dağlıq Qarabağda həyata keçirilməli tədbirlərin əməli işlə həyata keçirilməsi.

8) Topxana meşəsinin qırılması ilə bağlı izdihamlı şəhər mitinqi iştirakçıları ilə yığıncaq həmrəydir.

9) Yığıncaq iştirakçıları şəhər mitinqi iştirakçılarına müraciət edib deyirlər: fitnəkarlara uymasınlar. Qoy Azərbaycanda bütün millətlər dinc yaşasın. Bu qərar mətbuatda dərc edilsin. Ruslar da var deyə bu qətnaməni rusca oxuyacağam.

19.58. S. Rüstəmxalı mitinqi bağladı.

Şüvəlan, Zığ, Türkan kəndlərinin adları yazılmış parçalar asılıb. Çadırlar xeyli çoxalıb. “Bakı şin zavodunun Xalq Cəbhəsi”, “Ordubad rayonunun Xalq Cəbhəsi”...lövhələri asılıb. Dağ kimi taxta, odun qalaqlanıb. Bir gün qabaq acıqlananda odunları yandırdıqları üçün odundan korluq vardı, ancaq bu gecə bolluqdur. Hökumət evinin gündoğanında dayanmış bu əsgər cərgəsindən günbatandakı o əsgər cərgəsinədək və bulvaradək tonqallar yayılıb.Rayonlardan ərzaq gətirən külli miqdarda maşınlar var. Əgər qabaqkı kimi onların nömrələrini yazmalı olsam gərək böyük bir dəftər elə buna tutam. Bu gündən bir şey aydınlaşdı: bizimhərəkat ümumazərbaycan hərəkatına çevrilib.

Qubada 22-24.XI-də, Xaçmazda da həmin günlərdə nümayişlər keçirilib. “Xaç” sözü ilə olduğuna görə Xaçmazın adını dəyişib “Xəzər” qoymaq istəyirlər. İndiyədək Qubadan 12 “KamAZ” maşın gəlib (ərzaq gətirib). Yaşar Nəcəfov 17-24 Anömrəli maşının (KamAZ) üstündə gəlib. Bu maşın bu gün 3-üncü dəfədir ki, gəlir. Maşın sifariş verirlər, idarə onlardan pul almır. Ancay Saray postunda qabaqlarını kəsiblər. Rayonlararası avtobuslar işləmir.

Bu gün 500-600 min adam iştirak edib. (Əsgərlərin olması öz təsirini göstərir). Şəkililər dünən Şəkidən erməniləri qovlayıblar.

Mənə bərk soyuq dəyib. Öskürəndə sinəm dağılır və sürəkli öskürək məni əldən salır. Səsim də batıb. Bu gün dostum Bəhram Zeynalov qalın yun jaketini əynindən çıxarıb zorla mənə geyindirdi, ancaq bunun da xeyri olmadı. Tanışlar təkidlə evə getməyimi məsləhət bilir. Getməyə utanıram. Artıq 9 gün ayaq üstə olduğumdan dabanlarımdan da bərk sancı qalxıb. Ayaq üstə dayanmaq mənə getdikcə əziyyət verir. Ona görə də, axırı, bu gecə evdə yatmaq qərarına gəldim. Həm də daha mənə meydanda ehtiyac yoxdur - bu gecə həmişəkindən daha çox adam qalmışdır. Saat 22-də evə çatdım. “Vremya”da Bakı nümayişini 9 günün başında ilk dəfə göstərdilər (1-2 dəqiqə). Meydandakı izdihamın ümumi panoramı yaradıldı, S. Rüstəmxanlı çıxış edəndə göstərildi (Nemətvə T.Xalisbəyli yanında dayanmışdılar). Deyildi ki, Bakıda narahatlıqdır. Səbəb Dağlıq Qarabağ hadisələridir. Sonra Yerevan göstərildi. Orada da bugünədək komendant saatı qoyulub. Küçələrdə tanklar durmuşdu. Ancaq həmişə mitinqlər keçirilən Teatr meydanı boş idi - hər tərəfdə tanklar vardı. Görünür, həmişə pulla meydana gələn erməni nümayişçiləri Bakıdakı zorla dağıdılmaq istənilən, ancaq hər zorakılığa dözüb, nəyin bahasına varsa bura gələn, əsgər cərgələrini yarıb keçən mitinqçilərdən fərqli olaraq əsgərlərin gəlməsinə bəlkə də sevinmişdilər ki, axır ki, canımız bu nümayişlərdən qurtardı!

“Vremya”dan sonra “Dalğa” oldu. Burada Bakıdakı nümayişlər haqqında aparıcı Osman Mirzəyev akad. Püstə Əzizbəyova ilə söhbət etdi. Daha gerisinə heç cür baxa bilməyib yuxuladım. Nailə dedi ki, sonra Müşərrəf Akay (Tezcan) da oxuyub. Beləliklə, Azərbaycan milli suverenlik hərəkatının 9 günü tamam oldu» (4).



Osman Mirzə
Ulu öndər M. Ə Rəsulzadə özünün «Millət olmaq əzmi» adlı məqaləsində yazır ki, «Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: milliyyət və millət. Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqda doğan ümumi bir iradəni anladır.

Madzininin məruf (məşhur) tərifinə görə, millət: «torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna» deyilir.

Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir».

Dürkheym, bu tərifini müşahidə etdiyi olaylarla təyit (sübut, təsdiq) edərkən: «israrla təyit olunursa, bu kollektiv [məşəri] iradənin təmin olunmaq haqqına malik olduğu və bu iradənin dövlət qurmağa bircə əsas təşkil etdiyi, indiki mədəni millətlərcə, artıq bir prinsip olmuşdur» - deyir.

Madzininin tərifi ilə Durkheymin tərifi arasındakı ifadə fərqinə diqqət etmək lazımdır: birincisində millət ünsüri və tarixi bir olaydır [vaqeə]. İkincisində isə millət ictimai və idari bir hadisədir. Ötəkində millətin oluş seyri anladılır, bərikində millət bir «prinsip» kimi göstərilmişdir. O, rüşeymdir, bu - cocuqdur. O, ağacdır, bu - meyvədir. O, anadır, bu - yavrudur. O, milliyyətdir - bu millətdir.

Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv [məşəri] iradənin təəssüsünə bağlıdır. Bu isə yalnız «ictima hafizə» vəzifəsini görən orqanın təşəkkülü ilə vücuda gəlir. Bu orqan müxtəlif amanlara görə dəyişir. Orta çağlarda bu vəzifəni feodal Zümrə görür, milliyyətin sosial həyat və gələnəklərini qeyd və zəbt edən (saxlayan, yaşadan) «hafizə» xan sarayları ilə şövalye (zadəgan, feodal) qalalarından ibarət olub qalırdı. Zamanın dəyişməsilə, təbii olaraq bu orqan da dəyişdi. Burjuaziyanın zühuru ilə feodal sistem dağıldı. Mənəviyyat mərkəzi «qala»lardan şəhərlərə keçdi. şəhərlərdə yetişən münəvvər zümrə millətin şüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi.

Bu sinif, qullandığı ən böyük vasitə - mətbuat yolu ilə milliyyətdəki kollektiv iradəni işlədi; öz arasından bu iradəni çelikləşdirən (poladlaşdıran) fikir adamları ilə sənətkarlar yetişdirdi. Bunların sayəsində mənliyini tərk edən milliyyət topluluğu bir millət olmaq əzminə gəldi. Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına rəğmən, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir (3).

Meydan hərəkatı dövründə xalqımız bu iradəyə sadiq qaldığını izhar etdi, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may idealına bağlılığını isbat etdi.


Qaynaqça


  1. Quliyev F. Missiya. “Yeni Nəsil” JB Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı - 2002, 178 səhifə.

  2. Məmmədov E. Səlcuqlar. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2015. – 204 səh.

  3. Rəsulzadə M. Ə. Millət olmaq əzmi. “Azərbaycan”, il 1, sayı 5, 1 avqust 1952, Ankara.

  4. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).



Yüklə 87,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin