Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Zamanın yaddaşında



Yüklə 156,62 Kb.
tarix08.03.2020
ölçüsü156,62 Kb.

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Zamanın yaddaşında-

Azərbaycanın ilk görkəmli ərəbşünas qadın alimi

AIDA IMANQULIYEVA – 80

...İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə də onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir”.



Aida İmanquliyeva

Gözəllik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o,



bütün insanlığın müqəddəs mülkiyyətidir”. Aida İmanquliyeva
Metodika və biblioqrafiya şöbəsi.

Tərtib edən: B.Niftaliyeva

Neftçala-2019


Aida İmanquliyevanın həyat və fəaliyyəti haqqında
Azərbaycanın ilk ərəbşünas qadın alimi Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, uzun müddət «Bakı» və «Baku» qəzetlərinin baş redaktoru işləmişdir.

Aida İmanquliyeva Bakı şəhər 132 saylı orta məktəbdə təhsil almış və 1957 ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Elə həmin ildə də indiki Bakı Dövlət Universitetinə daxil olmuşdur.

1962-ci ildə Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları və ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil almışdır.

1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamışdır. Kiçik elmi işçi (1966), baş elmi işçi (1973), ərəb filologiyası şöbəsinin müdiri (1976-cı ildən), elmi işlər üzrə direktor müavini (1988-ci ildən) və 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

1989-cu ildə Aida xanım İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuş, tezliklə bu ixtisas üzrə professor adı almışdır.

3 monoqrafiya («Mixail Nuaymə və «Qələmlər birliyi», M.,1975; «Cubran Xəlil Cubran», B., 1975; «Yeni ərəb ədəbiyyatının korifeyləri», B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.N.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən «Asiya və Afrika xarici ölkələri ədəbiyyatları» ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur.

Prof. A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Halle və s.) təmsil etmişdir.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Onun rəhbərlik etdiyi «Ərəb filologiyası» şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.

Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olmuşdur.

O, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, ADU-da ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat etmişdir.
Görkəmli ərəbşünas alim prof. A.N.İmanquliyevanın xatirəsini əbədiləşdirmək üçün BDU Şərqşünaslıq fakültəsində əlaçı tələbələrdən birinə onun adına təqaüd verilir.

Bu günlər anadan olmasının 80 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Aida İmanquliyeva haqqında tanınmış alim , Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Vasim Məmmədəliyevin xatirələrindən oxuyuruq: Aida xanım

bizim üçün hər şeydən əvvəl görkəmli ərəbşünas alim idi.

1962-ci ildə Bakı Dövlət ərəb şöbəsini bitirən Aida xanım ərəb ədəbiyyatı üzrə aspiranturaya daxil olub Moskvaya ezam edildi. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirmiş, ərəb dilinin sirlərini müasir Azərbaycan ərəbşünaslığının banisi, professor Ələsgər Məmmədovdan öyrənmiş Aida Moskvaya boş əllə deyil, yaxşı hazırlıqla getmişdi. Onun elmi rəhbəri dünya şöhrətli şərqşünasımız, professor Rüstəm Əliyev idi. Aspiranturada təhsil aldığı müddətdə Aida xanım özü üçün tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçmişdi.

Qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiyyatı, xüsusilə, 1920-ci ildə təsis edilmiş "Qələmlər birliyi" ərəb ədəbiyyatı tarixində xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etmiş, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdi.
Aida xanım öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilmişdi.

Ərəb məhcər ədəbiyyatı vaxtilə bir çox mütəxəssislər, xüsusilə, dünya şöhrətli ərəbşünas, akademik İ.Y.Kraçkovski tərəfindən tədqiq edilsə də, son dövrdə bu sahənin ən görkəmli, ən səlahiyyətli nümayəndəsi məhz Aida xanım idi. Rus tənqidi realizmindən, ingilis romantizmindən və Amerika transsendentalizmindən kifayət qədər təsirlənmiş, lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində, Şərq kontekstində qəbil etmiş məhcər ədəbiyyatı yeni ərəb ədəbiyyatının dünya miqyasında tanınması sahəsində böyük xidmət göstərmişdir. Şərq ruhunu Qərb düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol oynamışlar.

Bütün bu ümdə məsələlərin tədqiqi Aida xanımın elmi yaradıcılığında öz əksini layiqincə tapmışdır. Aida İmanquliyevanın Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri, məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində görkəmli mütəxəssislər tərəfindən bəyənilir və qəbul edilir.

Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Ərəb məhcər ədəbiyyatının, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, Əmin ər-Reyhani, İlya Əbu Mazi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə, etiraf edirlər.

Məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.
Aida İmanquliyeva məhcər ədəbiyyatının ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif çox doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nuaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Aida xanım haqlı olaraq göstərmişdir ki, C.X.Cübran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini mənimsəmiş, onları ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər.

Alimin fikrincə, yeni ərəb ədədiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin nümayəndələri öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında öz davamçıları üçün yol açmışlar. Bu, əsasən, onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur. Ona görə də "Suriya-Amerika məktəbi"ni təmsil edən yazıçıların yaradıcılığı öz milli ədəbiyyatları çərçivəsindən kənara çıxaraq dünya ədəbiyyatında layiqli yer tutmuşdur. Onların ədəbi fəaliyyəti sanki Qərb və Şərq ədəbiyyatlarının öz mənəvi nailiyyətlərini mübadilə etdikləri informasiya kanalı rolunu oynamışdır (Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatının korifeyləri. Bakı, "Elm", 2005, s.313).

Aida İmanquliyevanın bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı onun çoxillik elmi axtarışlarının yekunu, ərəb məhcər ədəbiyyatı barədə yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb ədəbiyyatşünasları arasında da geniş maraq doğurmuş, bir sıra görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Aida İmanquliyeva həm də keçmiş Sovet İttifaqında, vətənimiz Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından biri olmuşdur. Bu gün 20-dən artıq ərəb ölkəsində yaranmış zəngin ədəbiyyatı araşdırıb onu ümumi tədqiqat məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya ərəbşünaslığı qarşısında duran ən çətin, ən ümdə vəzifələrdəndir. Aida xanım bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, ən mötəbər elmi vəsaitlərdəndir.

Eyni zamanda, Aida xanım Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli iş görmüş, bir sıra görkəmli ərəb yazıçılarının əsərlərini dilimizə çevirmişdir.

Professor Aida İmanquliyeva akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin və əməli əhəmiyyətinin yüksəldilməsi, bu tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun fəaliyyətinin dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə əlaqələndirilməsi sahəsində ardıcıl səylər göstərmişdir.

Aida xanım direktor olduğu müddət ərzində Şərqşünaslıq İnstitutunda bir sıra beynəlxalq simpozium və konfranslar təşkil olunmuş, respublika miqyaslı elmi tədbirlər keçirilmişdir. Sevindirici haldır ki, bu gözəl ənənə Şərqşünaslıq İnstitutunda indi də uğurla davam etdirilir.

Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. O, 20 ildən artıq bir müddət ərzində BDU-nun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir. Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun mahir mühazirəçi olduğunu qeyd edirlər. Aida xanımı görmək şərəfinə nail olmamış indiki tələbələr isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən istifadə edib bəhrələnirlər.

Bütün bunlarla yanaşı, Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aidanı xoş saatında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal kimi məşhur yazıçının, alimin və pedaqoqun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünya şöhrətli alimlə, səmimi bir dostla bağlamış Aida xanım elə bu cür də olmalı idi.

Aida evinin əsl xanımı idi. Ona səliqə-sahmanından qalmayan yüksək zövqlü xanımlıq da, önlük taxıb ev işlərində çalışmaq, mətbəxdə yemək hazırlamaq da çox gözəl yaraşırdı. Əli duzlu, özü də cəld idi. Beş dəqiqənin içində gözəl süfrə açar, bişirdiyi yeməkləri səliqə ilə onun üstünə düzər, arada nəvələrinə qulluq göstərər, telefona cavab verər, şirin zarafatlarından da qalmazdı. Mən onun bu qədər işi eyni vaxtda tez görə bilməsinə sözün həqiqi mənasında təəccüb edərdim.
Aida İmanquliyeva həddindən artıq əliaçıq adam idi. Mən onun neçə-neçə kasıb tələbəyə əl tutduğunun, neçə-neçə xəstəyə tapılmayan dərmanlar tapdığının, bununla da onları ağır dərddən xilas etdiyinin şahidiyəm.


Aida xanım az ömür yaşasa da, xosbəxt insandır. Ona görə xosbəxtdir ki, o, böyük alimdir, əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur, oxunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir. Ona görə xoşbəxtdir ki, özündən sonra ölkənin birinci xanımı, bu gün hər bir azərbaycanlı ailəsinin sevimlisi olan Mehriban xanım Əliyeva kimi, tanınmış alimimiz, nadir istedadlı ziyalı qadınımız Nərgiz Paşayeva kimi iki gözəl övlad, bir-birindən qəşəng və ağıllı neçə-neçə nəvə-nəticə qoyub getmişdir. Bu fani dünyada insana bundan artıq nə qalır ki!
(Vasim Məmmədəliyev)


AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva alimin bu gün də aktuallığını itirməyən zəngin ədəbi iris haqqında, onun mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etdiyini, şərqşünaslıq elmində silinməz iz qoyduğunu bildirmişdir: “Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir. Qələmə aldığı bütün əsərləri bu insanın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını etdi. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər gördü”.

Qeyd edək ki, Bakıda XX əsrin tanınmış şərqşünası A.İmanquliyevanın 70 illik yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçiriləcəkdir. Milli Elmər Akademiyasının və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə alimin bu istiqamətdə gördüyü tədqiqatları və araşdırmaları ətrafında müzakirələr aparılacaqdır. Oktyabrın 9-dan 11-dək davam edəcək simpoziumda görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və əlaqələri, ortaq mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillər, İbn Ərəbinin bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı arasında əlaqə və digər mövzular ətrafında məruzələr dinləniləcək, bu istiqamətdə müasir dünya elmini düşündürən problemlər ətraflı müzakirə olunacaqdır. Aida İmanquliyeva Şərq-Qərb elmi-mədəni əlaqələrini nəzəri problem kimi əsaslı və sistemli şəkildə tədqiq və təhlil edərək şərqşünaslıq elminin bu istiqamətində yeni mərhələ açmışdır. Alimin 70 illik yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı simpoziumda dünyanın humanitar və ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar İnstitutunun, eləcə də fransa, İspaniya, Misir və digər ölkələrin tanınmış alimləri iştirak edəcəklər.

Azərbaycanın dünyanın siyasi, iqtisadi, mədəni həyatına inteqrasiya etdiyi bir vaxtda A.İmanquliyevanın elmi irsinin daha geniş müstəvidə, dünya səviyyəsində hərtərəfli öyrənilməsi olduqca zəruridir.

Elmi fəaliyyəti

"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da (Moskva, 1979, VU buraxılış) çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur (1971-1973-1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən). Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

1992-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.

Əsərləri:

  1. "Ассоциация пера" и Михаил Нюйме, M.: Наука, 1975, 145 səh.

  2. Cübran Xəlil Cübran (həyatı və yaradıcılığı), Bakı: Elm, 1975, 71 səh.

  3. Корифеи новоарабской литературы, Bakı: Elm, 1991, 324 səh.

  4. Cübran Xəlil Cübran, Bakı: Elm, 2002, 120 səh.

  5. "Qələmlər birliyi" və Mixail Nüaymə, Bakı: Elm, 2002, 180 səh.

  6. Yeni ərəb ədəbiyyatının korifeyləri, Bakı: Elm, 2003, 400 səh.

Tərcümələri

(ərəbcədən)

  • İnsan və quş (hekayələr), Bakı: Azərnəşr, 1974, 118 səh.

  • Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr), Bakı: Yazıçı, 1983, 137 səh.


Aida İmanquliyevanın seçilmiş fikirləri ,müdrik ifadələri:



Gündəlik qayğı ilə yaşayan insanlar çox zaman gözəlliyin yanından ötüb keçirlər, şairin borcu onların diqqətin gözəlliyə yönəltməkdir.
Aida İmanquliyeva



Şair üçün təbiət gözəllik və ilham mənbəyi, əbədi və hər şeyi əhatə edən həqiətin ifadəsidir.

Aida İmanquliyeva



Dünyanın dərki, əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur.

Aida İmanquliyeva



Tənqidçinin vəzifəsi zövqü inkişaf etdirməkdir. Bununla da əsl tənqidçi cəmiyyətin tərbiyəçisi və müəllimi olur.
Aida İmanquliyeva



İnsanın etdiyi xeyirxhlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir.
Aida İmanquliyeva



Gözəllik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o, bütün nsanlığın müqəddəs mülkiyyətidir.

Aida İmanquliyeva



Cubran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət isə realist Nüayməni formalaşdırdı.
Aida İmanquliyeva




Romantiklərdə gözəllik və məhəbbət şirin ürəyini və təxəyyülünü

işıqlandıran mənəviyyat nurudur.
Aida İmanquliyeva


Görkəmli şəxslər Aida İmanquliyeva haqqında


Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri üzündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi.

Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir.

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri


Ailə ənənələrimizdə, yəqin ki, ən ümdə məsələ qadına oln münasibətdir. Təkcə qadını sevmək və ona dəyər vermək deyil, həm də onu qorumaq bacarığıdır. Həyat yoldaşım çox gözəl qadın idi. Çox erkən gənc yaşlarında həyatdan köçdü. Onu qorumaq üçün əlimdən gələni etdim, ancaq bədbəxtlik heç gözləmədiyimiz bir anda bizi haqladı. İllər keçdikcə, əlbəttə ağrı azaldı. Amma, acısı, göynərtisi hələ də ürəyimdədir. Onun xatirəsi hər vaxt bizimlədir - mənimlə və qızlarımla.

Arif Paşayev

Akademik



Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfüzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixində əbədi daxil olan azsaylı mütəxəssislərdəndir.

Azərbaycanda müasir ərəb ədəbiyyatının sistem şəkilində öyrənilməsi nəzərə çarpacaq dərəcədə Aida xanımın adı ilə bağlıdır. Aida xanım əsasən Azərbaycan Elmlər Akademiyasında çalışdığı halda uzun illər, daha doğrusu, dünyasını dəyişənə qədər Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsində dərs demiş, diplom işlərinə, dissertasiyalara rəhbərlik etmişdir. Aida xanımın maraqlı mülahizələri indi də fakultəmizin məzunlarının qulaqlarındadır. Aida xanım fakultəmizdə daim böyük hörmətlə yad edilir, həmişə ona rəhmət oxunur.

Vasim Məmmədəliyev

Akademik



...Müasir tələbələr Aida İmanquliyevanı görməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşnaslıq elmi ilə məşgul olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcəklər.
Nərgiz Paşayeva

Akademik



Aida xanım Şərq ruhunu özündə yüksək səviyyədə təcəssüm etdirən, eyni zamanda müasir Qərb mədəniyyətinə dərindən bələd olan, sovet məkanında bizə görə Qərb sayılan Moskva və Sankt-Peterburqda Şərq ruhunu böyük ləyaqətlə təmsil edən bir Azərbaycan qadını, Qərb üçün Şərqşünas, Şərq üçün qərbşünas alim idi...Aida xanım əsərlərində izahını tapan bir çox nəzəri məsələlərlə yanaşı, ədəbi-bədii komparativistika təcrübəsi də milli ədəbiyyatşünaslığımız üçün böyük əhəmiyyətə malikdir. Şərq və qərb düşüncə tərzlərinin xüsusiyyətlərini nəzərə almaqla aparılan müqayisələr Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilməsi və Qərb romantik poeziyası ilə paralellər yaradılması üçün geniş imkanlar açır. .. Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U. Bleyk, Emerson,Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur...

Səlahəddin Xəlilov

Professor




Bu gün Aida İmanquliyeva cismən bizimlə deyil, onun ruhu bizim aramızdadır və o ruhun öz dünyası var. Həmin dünyanın möhnəti bizim dünyamızdakı ayrılığın başlanğıc tarixi 1992- ci ilin sentyabrı, amma son tarix heç zaman olmayacaq.

Elçin Əfəndiyev

Xalq yazıçısı.



Mən Aida xanımla əsərləri vasitəsilə tanış olmuşam. Onun yaradıcılıq yolunu səhifələyərkən gözümüzün önündə sistemli, problemin məntiqi konturlarını aydın sezən, elmi təfəkkürü ilə bədii təfəkkürü harmoniya təşkil edən mədəni-intellektual qadın obrazı canlanır. Bu yüksək intelektə, mənəvi əxlaqi kamilliyə malik, erudisiyalı, yaradıcı Azərbaycan xanımı həm də mənəviyyat simvolu idi.

Bəxtiyar Vahabzadə

Xalq şairi


Bu gün vətənimiz müstəqillik yoluna qədəm qoyduğu və dünyanın bütün ölkələri, o cümlədən də Ərəb şərqi ilə geniş əlaqələr yaratdığı bir vaxtda, bu ölkələrin həyatının bir sahəsi ilə daha da yaxından tanış olmağa ehtiyac duyulur və bu ehtiyacı aradan qaldırmaqda Aida xanım İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti var.

Ziya Bünyadov,

Akademik



Hərtərəfli biliyi, geniş erudisiyası, dərin, güclü məntiqi müşahidə qabiliyyəti qibtəyə layiqdir. Onun dərin məzmunlu onlarca əsərləri təkcə respublikada deyil, geniş ərazidə müəllifə şöhrət gətirmişdi. Neçə-neçə konqres və konfranslarda, elmi məclislərdə elmini, xalqını, torpağını ləyaqətlə təmsil etmiş, şərafətləndirmişdi.

Teymur Bunyadov

Akademik


Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə

kitabxanalar qarşısında olan

əsas vəzifələr:
Görkəmli şərqşünas alim, tədqiqatçı, professor Aida İmanquliyeva haqqında kitabxana filiallarda da müxtəlif tədbirlərin təşkil edilməsi vacibdir.

Kitabxanalarda məlumat xarakterli sərgilərin təşkil edilməsi, eyni zamanda informasiya günlərinin həyata keçirilməsi dəyərli alimin həyat və fəaliyyəti haqqında oxucularda bir daha geniş, əhatəli məlumat yaratmağa, maraqlandıran sallara cavab tapmalarına kömək olar.

Tədbirlərin təşkilində vəsaitə ehtiyac olduqda internet resurslarından istifadə etmək olar. Və yaxud mərkəzi kitabxananın fondunda olan çap nümunələrindən istifadə etmək məqsədəuyğundur.
Təşkil ediləcək tədbirlərdəkitabxana əməkdaşları aşağıda verilmiş başlıqlardan

istifadə edərək məlumat günləri təşkil etməli,

mümkün olduqda sərgilərlə oxucuları dəyərli alimin

həyat və fəaliyyəti ilə tanış etməlidirlər.
Böyük qəlbin işığında”
Azərbaycanın ilk görkəmli ərəbşünas qadın alimi”
Aida İmanquliyeva - 80”
Zamanın yaddaşında” –Aida İmanquliyeva-80”
Azərbaycan şərqşünasığının əbədiyaşar siması-Aida İmanquliyeva-80”
Nəsillərə örnək olan ömür yolu” və s.

Tərtib edən: “Metodika və biblioqrafiya “şöbəsinin müdiri:

Bədirə Həsənqızı Niftaliyeva.
07 Oktyabr-2019-cu il.

Neftçala-MKS
Kataloq: front -> files -> libraries -> 2301 -> documents

Yüklə 156,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə