“Mənim tanrım gözəllikdir”
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
Giriş
Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan və çoxəsrli milli şeirin ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən qüdrətli söz ustalarından biridir. Hüseyn Cavid şeir yazmağa ilk gənclik yaşında başlasa da, yaradıcılığının kamal zirvəsi 26 illik bir dövrü (1910-1936) əhatə edir.
1910-1920-ci illərdə yazdığı əsərləri ilə Hüseyn Cavid XX əsr Azərbaycan mütərəqqi romantizminin görkəmli nümayəndələrindən biri kimi tanınmışsa, 1920-1936-cı illər arasında daha coşğun ədəbi fəaliyyəti ilə Azərbaycan ədəbiyyatının nüfuzlu yaradıcılarından biri kimi şöhrətlənmişdir.
Hüseyn Cavidin sənəti bədii forma, janr cəhətdən çox zəngin, əlvan olmuşdur. O, yüksək sənətkarlıqla yazılmış lirik şeirlər, poemalarla yanaşı, Azərbaycan səhnəsinə faciə və dramlardan ibarət 15 orjinal əsər vermişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların yaradıcısı Hüseyn Cavid olmuşdur.
Hüseyn Cavidin əsərlərilə oxucu-tamaşaçı yalnız Azərbaycan həyatı ilə deyil, başqa xalqların, millətlərin də müəyyən dövr həyatı ilə tanış ola bilir. Şairin ideal qəhrəmanları sırasında da azərbaycanlılarla yanaşı, rus, gürcü, ləzgi, fars, türk, ərəb, özbək, alman, fransız və başqa xalqların nümayəndələri vardır. Həm də bu obrazlar xəyalın məhsulu deyil, hələ gəncliyində bir neçə xalqın həyatı ilə yaxından tanış olan şairin bilavasitə real, canlı həyat müşahidələrinin bəhrəsidir. Cavid çox gəzmiş, çox görmüş, 1936-cı ilə qədər ömrünün 14 ilini Vətəndən kənarda keçirmişdir.
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən və əsas yaradıcılarından olan H.Cavid öz əsərlərində fəlsəfi müdrikliyi və bədii kamilliyi müstəsna bir ustalıqla birləşdirən şair-romantik kimi şöhrətlənmişdir.
Həyatı
XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur simalarından biri, istedadlı şair və dramaturq Hüseyn Cavid Rasizadə 1882-ci ilin 24 oktyabrında Naxçıvanda ruhani ailəsində doğulmuşdur. Onun ata və anası Şahtaxtı kəndindən idi. Sonralar bu ailə Naxçıvan şəhərinə köçür. Hüseyn Cavid də burada anadan olur. Hüseyn Cavidin özündən başqa dörd qardaşı və üç bacısı var idi. O, hələ uşaq ikən böyük qardaşları ruhani olmağa hazırlaşırdılar. Atası onu da ruhani etmək məqsədi ilə mollaxanaya qoyur. Əvvəlcə mollaxanada oxumuş, böyük qardaşının yanında ərəb-fars dillərini öyrənmişdir. Lakin mollaxanadakı dərslər onu maraqlandırmır, sonra isə o zaman Naxçıvanda açılan “Məktəbi-tərbiyə”yə daxil olmuşdur. O zaman Naxçıvan şəhərində açılmış “Məktəbi-tərbiyə” çox şöhrət qazanmışdı. Yeniliyi sevən maarifpərvər ailələr uşaqlarını bu məktəbə qoymuşdular. Məktəbin təşkilatçılarından və müəllimlərindən biri də o dövrün görkəmli maarifçi yazıçısı və şairi Məmməd Tağı Sidqi idi. Hüseyn Cavid 14 yaşında ikən mollaxanadan qaçır, atasından gizlin “Məktəbi-tərbiyə”yə daxil olur. Oğlunun bu hərəkəti atası Molla Abdullanı çox qəzəbləndirir, Hüseynə yeni tipli məktəbə getməyi qadağan edir. Hüseyn Cavid bu hadisəni sevimli müəllimi Sidqiyə bildirir. Onun çalışqan, istedadlı bir şagird olduğunu bilən Sidqi çox çətinliklə Molla Abdulladan razılıq alır, Hüseyn Cavid Sidqinin məktəbində qalır.
Nəhayət, dörd il sonra, 1898-ci ildə “Məktəbi-tərbiyə”ni müvəffəqiyyətlə bitirir. O, təhsilini davam etdirmək istəyir. Şiddətli göz ağrısına tutulması buna mane olur və atası onu müalicə üçün Təbrizə göndərir, eyni zamanda, müalicədən sonra ruhani təhsil almasını tapşırır. Yeni tipli məktəbi bitirmiş, dünya elmlərindən az-çox xəbərdar olan Hüseyn Cavidi yenidən ruhani təhsilinə qaytarmaq mümkün deyildi. Müalicədən sonra bir neçə il Təbrizdə qalan Hüseyn Cavid Sidqidən və böyük qardaşı Şeyx Məhəmməddən öyrəndiyi ərəb və fars dilləri sahəsində biliyini dərinləşdirir, Şərq ədəbiyyatı və fəlsəfəsi ilə məşğul olur.
1905-ci ildə 23 yaşında ikən Hüseyn Cavid ali təhsil almaq məqsədi ilə İstanbula gedir. Romantik ruhlu gənc Cavid oranın ali məktəbləri, ziyalıları və ədəbi mühiti ilə çox maraqlanmışdır. İstanbul universitetində azad müdavim sifəti ilə mühazirələrə davam etmiş, o zamankı Türkiyənin coşğun ədəbi mühiti ilə, Rza Tofiq, Tofiq Fikrət kimi məşhur simalarla tanış olmuşdur. Dörd il İstanbul darülfünununun dil-ədəbiyyat şöbəsində dərslərə davam etdirir, eyni zamanda burada fəlsəfə tarixi ilə də xüsusi məşğul olur.
Təhsildən sonra H.Cavid Naxçıvana qayıdır. Bu ildən etibarən onun müəllimlik fəaliyyəti başlayır. Əvvəlcə Naxçıvanda, sonra Tiflis, Gəncə və Bakı şəhərlərində məktəblərdə dil-ədəbiyyat müəllimi olur, eyni zamanda, mətbuatda şeirləri ilə çıxış etmişdir. 1918-ci ilin axırında ikinci dəfə Bakıya gəlir və bunda sonra həmişəlik Bakıda qalır. 1937-ci ilə qədər burada yaşayıb dolğun yaradıcılıq dövrü keçirmişdir. 1937-ci ildə repressiyalar dalğası başlayanda Cavid ilk həbs olunanlar sırasında idi. Onun vətənpərvərlik ideyaları, türk dünyasının birləşməsi qırmızı imperiyanı bərk narahat edirdi. Məhkəmə H.Cavidə 8 il cəza müddəti kəsdi və o, 1938-ci ildə Maqadana göndərildi. 1940-cı ildə İrkutska köçrüldü.
Ağır işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonu Şevçenko kəndində vəfat etmişdi.
1956-cı ildə Cavidin saxta ittihamlarla həbs edildiyi sübuta yetirildi və ona bəraət verildi. Cavidin 100 illik yubileyi ərəfəsində cənazəsi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirildi, buradakı ev-muzeyinin yaxınlığında dəfn edildi. 1996-cı ildə böyük sənətkarın qəbri üzərində möhtəşəm məqbərə ucaldıldı.
Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının böyük mütəfəkkirlərindən, həm də mürəkkəb, ziddiyyətli inkişaf, yaradıcılıq taleyi olan simalarından biridir. Daim həqiqət, ədalət, səadət axtarmaq yollarında çırpınan romantik qəhrəmanlarının bir çoxu kimi, şair özü də həmişə axtarışlarla dolu mürəkkəb, dalğın, iztirablı bir həyat keçirmişdir.
Yaradıcılığı
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən və əsas yaradıcılarından olan Hüseyn Cavid öz əsərlərində fəlsəfi müdrikliyi və bədii kamilliyi müstəsna bir ustalıqla birləşdirən şair-romantik kimi şöhrətlənmişdir. Bütün böyük romantik sənətkarlar kimi H.Cavid də həyatı, insanın yaxşılıq, həqiqət və doğruluq haqqındakı arzularını yüksək bir aləm kimi tərənnüm etmişdir. İnsanın qəlb həyatı və bu həyatın ədalətsiz ictimai qurluşda, sinfi çəkişmələr mühitində faciəsi şairi bütün yaradıcılığı boyu narahat etmişdir. Könül adlanan mənəvi planetin həyacan və əzablarını, qanuniyyət və dialektikasını, şadlıq və sarsıntılarını dərindən-dərinə müşahidədən keçirən, həssaslıqla duyan və dərk edən H. Cavid sənəti öz humanist təbiəti və demokratik məzmunu ilə fərqlənmişdir.
Cavid, şübhəsiz, hər şeydən əvvəl, fəlsəfi poeziya və məhəbbət şairidir, klassik Azərbaycan lirikasının Şərqdəki nüfuzunu və vüsətini XX əsrdə də qoruyan və böyüdən bir lirikdir. Orta əsrlərin ənənəvi vəzni və üslubu bu şeirdə, bir tərəfdən xalq-nəğmə ruhu, folklor ədası ilə, ikinci tərəfdən isə Qərb romantik şeirinin yeni fəlsəfi ənənəsi ilə qaynayıb qarışır.
Bütün böyük romantik sənətkarlar kimi H.Cavid də həyatı, insanın yaxşılıq, həqiqət və doğruluq haqqındakı arzularını yüksək bir aləm kimi tərənnüm etmişdir. İnsanın qəlb həyatı və bu həyatın ədalətsiz ictimai quruluşda, sinfi çəkişmələr mühitində faciəsi şairi bütün yaradıcılığı boyu narahat etmişdir. H.Cavid sənəti öz humanist təbiəti və demokratik məzmunu ilə həmişə öz müasirlərindən fərqlənmişdir. Bu cəhətlər də, bəlli olduğu üzrə, romantizmin mahiyyətinə, məna-fikir qaynaqlarına, üsul və üslub xüsusiyyətlərinə uyğundur. Çünki romantizm “...insan qəlbinin daxili dünyasından, qəlb həyatından savayı ayrı bir şey deyil. Hər bir insanın qəlbində romantizmin sehirli mənbəyi gizlənmişdir. Duyğu və məhəbbət isə romantizmin başlıca təzahürü və təsir vasitəsidir. Məhz bu səbəbdən bu qənaətə gəlmək olar ki, hər bir insan romantikdir”. (Belinski)
Sənətkar H.Cavid, həmçinin əqlin və zəkanın ictimai varlığı dəyişdirmək qüdrətini tərənnüm etmiş, şüurla qəlbin vəhdəti müqabilində yaranan ahəngdarlığı mütləq səadətin əsas mənbəyi hesab etmişdir. Filosofanəlik və müdriklik H.Cavid şeirinin əlamətdar bir keyfiyyətidir və bu keyfiyyət şairin yaradıcılığında istinad etdiyi müxtəlif fəlsəfi-ideoloji cərəyanların təzahürü kimi nəzərə çarpmaqdadır. Müəllifin lirik şeirlərinin bir çoxunda, həmçinin “Məsud və Şəfiqə”, “İştə bir divanədən” əsərlərində şübhəçilik-skeptisizm fəlsəfəsinə, “Şeyx Sənan” və “Peyğəmbər”də sufizmə və sufi-məsləklik əqidəsinə, “İblis” və “Xəyyam”da isə fəlsəfi idealizm və materialist fəlsəfəyə məxsus ideoloji, fikri elementlər meydana çıxmışdır.
Hüseyn Cavidin şeir-sənət dünyası poeziya tariximizdə xüsusi mərhələ təşkil edir. Əxlaq, zəka və hikmət mücəssəməsi kimi tanınan Nizamidən, nəhəng insan əzablarının və kədərli eşqin mənəvi tərcümanı Füzulidən, həyat, nikbinlik və gözəllik vurğunu Vaqifdən, vətəndaşlıq qeyrəti və mübarizlik timsalı Sabirdən sonra romantik sənətin və fəlsəfi-müdrik şeirin ustad yaradıcısı Hüseyn Cavid bədii fikir xəzinəmizə yeni səhifə kimi daxil olmuşdur. Şairin çoxcəhətli, zəngin və mürəkkəb yaradıcılığı fəlsəfi-lirik şeir və poemalar, mənzum və mənsur pyeslər, tarixi- romantik faciələr kimi müxtəlif forma və janrları əhatə edir.
Hüseyn Cavidin başdan-başa hikmətdən, varlığın düyümlü sirlərinə xitabən və axtarıcı suallarla dolu müraciətdən ibarət şeirləri əsasən əruz vəznində yazılmışdır. Şərq şeirinin və klassik Azərbaycan poeziyasının ən mühüm, aparıcı vəzni olan əruzdan H.Cavid bütün əsərlərində, o cümlədən də mənzum dramlarında geniş surətdə istifadə etmişdir. Bu xüsusiyyətinə rəğmən H.Cavidin şeir dili və üslubu Azərbaycan poeziyasının parlaq bir qolu və tərkib hissəsi kimi meydana çıxmışdır.
Hikmətamiz-lirik şeirin ustad yaradıcısı olan və bəşəri-humanist fikirləri poetik sözün məharəti ilə tərənnüm edən şair tarixi-romantik dram əsərlərinin müəllifi kimi də orijinaldır. Şair ötən əsrin onuncu illərindən başlayaraq qırxıncı illərinə qədər yazıb-yaratmışdır. Hüseyn Cavid ilk ədəbi yaradıcılığına aşiqanə, lirik-romantik əsərlərlə başlamış, həm farsca, həm də azərbaycanca şeirlər yazmışdır.
Hüseyn Cavid lirik-romantik şair idi. O, dünyaya, insanlara gözəllik meyarı ilə baxırdı. Gənc şair aləmi, varlığı gözəlliyin, incəlik və zərifliyin pəncərəsindən seyr edirdi. “Mənim tanrım gözəlikdir, sevgidir” fikri onun həyata olan aşiqanə münasibətlərinin aydın bədii ifadəsi idi.
Şairin lirik əsəri öz ideya-bədii xüsusiyyətləri, təsvir vasitələri ilə klassik Şərq, o cümlədən Azərbaycan qəzəl ədəbiyyatına bağlı olsa da, onun lirikasında hüzn-kədər, göz yaşı, bədbinlik motivləri qabarıq görünürdü. “Get”, “Məyus bir qəlbin fəryadı”, “Ah... yalnız sən”, “Bir xatirə”, “Çoban türküsü” və başqa şeirləri bu əhvali-ruhiyyənin bədii təcəssümündən ibarətdir. H.Cavid yaradıcılığı üçün ən xarakter cəhət şairin müasir burjua-mülkədar qurluşuna və cəmiyyət həyatına tənqidi münasibətidir. Cavid həssas bir şair kimi imperialist müharibəsinin mənasızlığını və dəhşətlərini yaxşı hiss edir, bu müharibənin təkcə onun vətəninə deyil, bütün bəşəriyyətə vurduğu zərbələri görür və düşünürdü. O aşkar görürdü ki, xalqlar, xüsusilə zəhmətkeş kütlələr imperialistlərin, müharibə qızışdıranların çirkin qazanc ehtirasına qurban olurlar. Cavidin istər kiçik həcmli, istərsə də böyük süjetli əsərlərində qanlı müharibələrə dərin nifrət vardır. O bəzən bu fəlakətlərin səbəbini, əsas cinayətkarını dərk etməkdə çətinlik çəksə də, sözünü mücərrəd hökmlərlə desə də, məqsədi aydın və bəlli idi. Şair həyat və səadət tərəfdarı, qırğın və fəlakətlərin qəddar düşməni idi.
H.Cavid Azərbaycan ədəbiyyatı tarixində bir şair-dramaturq, faciənəvi kimi məşhurdur. Dram əsərlərinin əksəriyyətini şeirlə yazmış, öz şairlik istedadını, qələm qüdrətini də ən çox bu sahədə göstərmişdir. O, şeiri səhnəyə gətirən, səhnədə yüksək ahəngli şeir dilini dəb salan, bu cəhətdən klassik dünya dramaturgiyasının yaxşı ənənələrini bizim ədəbiyyatda əsaslandıran, beləliklə də öz xələflərinə güclü ədəbi təsir göstərən qüdrətli sənətkardır. Heca vəznində yazdığı birpərdəli “Ana” (1910) pyesi H.Cavidin ilk mənzum dramıdır. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmışdır. Onun əsərləri eyni zamanda Azərbaycan teatırının inkişafına da böyük təsir göstərmişdir.
Mənzum dram janrının mövcud imkanlarını H.Cavid bir sıra əhəmiyyətli yeniliklərlə də zənginləşdirmiş, tarixi-romantik planda göstərilən hadisələrin müasir həyatla, dövrün qabaqcıl məsələləri ilə bu və ya digər dərəcədə səsləşməsinə nail olmuşdur. Bu mənada H.Cavid dramlarının tarixi əhəmiyyəti və müasirlik ruhu qabarıq nəzərə çarpmaqdadır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində Cavid mürtəce din xadimlərinin insanları bir-birindən ayırmaqçün uydurduqları çürük ehkamlara qarşı etiraz etmişdir.
Burjua-kapitalist istismarı şəraitində əzilən və tənhalığa məhkum olunan insanların faciəsi (“Maral”, “Afət”, və “Şeyda”) zamanla və hakim üsuli-idarə ilə qəlbən barışmayan qüvvətli şəxsiyyətlərin taleyi (“Səyavuş” və “Xəyyam”), cəmiyyət həyatını və insan taleyini tənzim etməkdə əqlin və əxlaqın rolu (“Şeyx Sənan”, “İblis”) kimi məsələləri H.Cavid romantik-fəlsəfi bir mövqedən həll etməyə təşəbbüs göstərmişdir.
H.Cavid sənəti və bu sənətin gözəllik, həqiqət və insanpərvərlikdən ibarət mahiyyəti, şairi yetişdirən xalqın təfəkkürünü, ağıl və zəka qüdrətini, mənəvi zənginliyini sübuta yetirdiyi, bədii sözün gücü ilə təsdiq etdiyi üçün qiymətlidir və bu mənada da Cavid doğma xalqının–Azərbaycanın oğludur.
Sənətkar və mütəfəkkir H.Cavidin romantik sənəti bu gün də mənəvi qida aldığımız, maraqlı və zəngin bir bədii aləmdir. Bu aləmin hikmətlərinə aşina olduqca və şairin poetik dünyasına səyahət etdikcə insan daxilən mükəmməlləşir, qəlbən təmizlənir və fikrən ucalır.
Görkəmli şair–dramaturq H.Cavidin 135 illik yubileyi ilə əlaqədar zəngin yaradıcılığını oxucu kütləsinə çatdırmaq məqsədilə bir çox təhsil ocaqlarında, mədəniyyət müəsissələrində, kitabxanalarda tədbirlər keçrilməlidir. Mərkəzi Kitabxana və filialların tədbirlər planına müxtəlif başlıqlar altında yazılmış sərgiləri, oxucu konfranslarını, kitab icmallarını, sual-cavab gecələrini və bir sıra başqa tədbirləri daxil etmək olar. Həmçinin kartotekalar, ədəbiyyat bülletenləri təşkil etmək olar.
Cavid öz dövrünün oğlu kimi, ədəbiyyat tariximizdə uca mövqeyə malikdir və daim yaşayacaqdır.
İstifadə olunan ədəbiyyat:
1. M.Əlioğlu Hüseyn Cavidin romantizmi.-B.:Azərnəşr,1975.-214 s.
2. Cavid-ömür boyu. Həyat və yaradıcılıq salnaməsi.-B.: Yazıçı,1982.-296 s.
3. Mir Cəlal, Hüseynov.F. XX əsr Azərbaycan ədəbiyyatı.B.: Maarif,1982.-350-364 s.
4. M.Əlioğlu. Darıxan adamlar.-B.:Təhsil,2009.-288 s.
5. S.Əhmədov. Azərbaycan tarixindən yüz şəxsiyyət.-B.:Ayna Mətbu Evi,2006.-192-194 s.
6. Hüseyn Cavid. Əsərləri. Dörd cilddə. C.1.B.:Yazıçı,1982.-321 s.
7. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. C.2.B.:Elmlər Akademiyası Nəşriyyatı,1960.-859-887 səh.
Hazırladı: Metodika və biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva və informasiya-resurs şöbəsinin müdiri Z.Nəcəfova
Dostları ilə paylaş: |