Press-reliZ 14 iyun 2012-ci IL Bakı, Azərbaycan



Yüklə 43,63 Kb.
tarix21.10.2017
ölçüsü43,63 Kb.
#7391

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
14 iyun 2012-ci il

Bakı, Azərbaycan



  • RATİ İNFORMASİYA AZADLIĞINI MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİKLƏRİNİ PİSLƏYİR

  • RATİ MEHMAN HÜSEYNOV BARƏSİNDƏ SAXTA İTTİHAMA XİTAM VERİLMƏSİNİ TƏLƏB EDİR

  • ƏVƏZ ZEYNALLI RAMİZ MEHDİYEVİN ZƏRƏRÇƏKMİŞ KİMİ TANINMASINI İSTƏDİ

  • MEHMAN HÜSEYNOVA AÇILAN CİNAYƏT İŞİ SAXTALAŞDIRILIB

  • MHİ DİFFAMASİYA QANUNUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN KAMPANİYAYA BAŞLAYIR



RATİ İNFORMASİYA AZADLIĞINI MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİKLƏRİNİ PİSLƏYİR
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 12 iyun 2012-ci il tarixdə Milli Məclis tərəfindən “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda edilən düzəlişləri qətiyyətlə pisləyir və hökumət tərəfindən atılan bu addımı informasiya azadlığının məhdudlaşdırılması və korrupsiya hallarının çoxalmasına şəraitin yaradılması kimi qiymətləndirir.
RATİ hesab edir ki, ölkə prezidentinin təklif etdiyi yeni qanun layihələrini Milli Məclisin tez bir zamanda, xüsusi və məqsədli şəkildə qəbul etməsi hakimiyyəti idarə edən siyasi qüvvələr barəsində məlumatların gizli saxlanmasına xidmət edir. O baxımdan Azərbaycan Konstitusiyasına və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə zidd olan yeni dəyişikliklərin ölkədə korrupsiya və mütəşəkkil cinayətkarlığın çiçəklənməsinə səbəb olacağı şübhəsizdir.
RATİ bütün bunlardan narahat olduğunu bir daha bəyan edərək bildirir ki, qanunların bu şəkildə qəbul edilməsi söz azadlığını məhdudlaşdırmaq və KİV üzərində hakimiyyətin nəzarətini gücləndirmək niyyətini daşıyır. Azərbaycan hakimiyyətinin belə bir siyasi addım atması vətəndaşların sərbəst informasiya almasına tətbiq edilən məhdudiyyətdən başqa bir şey deyil. Bu qanunların qəbulu vəzifəli şəxslər tərəfindən jurnalist sorğularına vaxtında və dolğun cavab verilməməsini, onların cinayət məsuliyyətinə cəlb olunmamasını və haqlarında cinayət işi açılmamasını təmin edir.

“İnformasiya əldə etmək haqqında” qanuna edilmiş dəyişikliyə görə informasiyanın əldə olunmasına o şərtlə icazə veriləcək ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Bu cür mürtəce dəyişiklik Azərbaycanın qoşulduğu “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi (Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər) ilə ziddiyyət təşkil edir. Belə ki, qanuna edilmiş dəyişikliklər Konvensiyanın bu bəndində göstərilmiş məhdudiyyətlərdən fərqlidir və bu da informasiya azadlığını məhdudlaşdırılması deməkdir.



"Kommersiya sirri haqqında" qanuna edilən dəyişiklik də rəsmən qüvvəyə mindikdən sonra hüquqi şəxslərin kommersiya şirkətlərinin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə informasiyalar konfedensial hesab olunacaq. Belə bilgilər yalnız sorğu əsasında məhkəmə, istintaq və təhqiqat orqanlarına açıqlanacaq. Bu dəyişiklik isə BMT-nin Korrupsiyaya Qarşı Mübarizə” Konvensiyasına və həmçinin də “BMT-nin terrorçuluğa qarşı mübarizəyə dair” Konvensiyasındakı müddəalarla ziddiyyət təşkil edir.


RATİ hər üç qanuna edilən dəyişikliklərin nəticə etibarı ilə ölkədə informasiya azadlığının məhdudlaşdırılmasına, hüquqi şəxslərin fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipinin pozulmasına və  inzibati idarəetmə statusu hesabına hakimiyyətin demokratik idarə olunma prinsiplərinin pozulmasına yol açacağından narahat olduğunu bildirir.

RATİ Azərbaycan hökumətini bu qanuna edilmiş dəyişiklikləri dərhal ləğv etməyə və əksinə informasiya azadlığının inkişafını təmin edən qanunvericilik aktları qəbul etməyə, eyni zamanda öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.
RATİ eyni zamanda Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara, xüsusilə  BMT, Avropa Şurası və ATƏT rəhbərliyinə müraciət edərək onları Azərbaycanda ifadə azadlığının müdafiəsinə qalxmağa və  Azərbaycanın siyasi hakimiyyətinə qarşı sərt tələblər irəli sürməyə çağırır.

RATİ MEHMAN HÜSEYNOV BARƏSİNDƏ SAXTA İTTİHAMA XİTAM VERİLMƏSİNİ TƏLƏB EDİR
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) öz əməkdaşı və “Turan” İnformasiya Agentliyinin reportyoru, eyni zamanda multimedia jurnalisti Mehman Hüseynov barəsində siyasi sifarişlə açılmış cinayət işinə xitam verilmədiyi üçün Azərbaycan hökumətini qınayır və hökumətin bu hərəkətini jurnalistləri qorxudaraq nəzarət altında saxlamaq istəməsi kimi qiymətləndirir.

Belə ki, 13 iyun tarixində saat təxminən 21:00 radələrində Səbail Rayon Polis İdarəsinin müstəntiqi Müslim Quliyev Mehman Hüseynova ittiham elan etmiş və onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin 221.2.2-ci maddəsi ilə dəyişdirildiyini bildirib. Mehman Hüseynov 3 saat Səbail Rayon Məhkəməsində qalıb və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməsə də SPİ –nin müstəntiqi tərəfindən Mehman Hüseynov barəsində başqa yerə getməmək barədə iltizam tənbehi seçilib.

RATİ Səbail Rayon Məhkəməsinin siyasi sifariş olduğu halda Mehman Hüseynov barəsində həbs qətimkan tədbirinin seçməməsini alqışlayır, lakin Hüseynov barəsində açılmış cinayət işinə xitam verilməməsindən də öz narahatlığını ifadə edir.

RATİ hesab edir ki, hökumət bu cür həbslərdən qorxu metodu kimi istifadə edir və məqsədi də ifadə azadlığının məhdudlaşdırılmasıdır.

RATİ bəyan edir ki, polis əməkdaşları öz peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə qarşı fiziki zor tətbiq edərək onların öz işlərini görməklərinə imkan vermirlər və hətta avadanlıqlarını da sındırırlar.

RATİ bildirir ki, polislər tərəfindən jurnalistlərə qarşı edilən fiziki zor tətbiq edildiyini göstərən video görüntülər Daxili İşlər Nazirliyinə təqdim ediləcək və bu hərəkətləri edən şəxslərin cəzalandırılması tələb ediləcək.

RATİ Azərbaycan hökumətini Mehman Hüseynov barədə açılmış cinayət işinə xitam verməyə və polisləri jurnalistlərə qarşı fiziki zor tətbiq etməkdən çəkindirməyə, eyni zamanda insan hüquqları, ən əsası isə ifadə azadlığının inkişafına naminə islahatlara başlamağa çağırır.


ƏVƏZ ZEYNALLI RAMİZ MEHDİYEVİN ZƏRƏRÇƏKMİŞ KİMİ TANINMASINI İSTƏDİ

    Bu gün (14 iyun) Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru   Əvəz Zeynallı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Elçin Sadıqov vəsatətlə çıxış edərək vergidənyayınma ilə bağlı 1 saylı Bakı İnzibati İqtisad məhkəməsində proses getdiyini bildirib və həmin proses bitənədək vergi cinayəti ilə bağlı işin dayandırılmasını xahiş edib. 

Məhkəmə həmin prosesin davam etdirilib etdirilməməsi ilə bağlı 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə sorğu göndəriləcəyini, sorğuya cavab verilənədək vəsatətin açıq saxlanıldığını deyib.

Daha sonra Əvəz Zeynallı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiasına əsasən 10 min manat cərimələnməsinə dair məsələyə aydınlıq gətirilməsini istəyib. Zeynallı “əgər Mehdiyev həmin puldan imtina etməyibsə, o zaman zərərçəkmiş kimi tanınsın və məhkəməyə dəvət edilsin” deyə vəsatət qaldırıb. Bundan başqa o, bütün vəsatətlərini əlyazma şəklində hazırlamağın çətin olduğunu deyib və noutbukunun ona verilməsini məhkəmədən xahiş edib. Lakin vəsatətlər təmin edilməyib.

Hakim zərərçəkmişlərin məhkəmə prosesində iştirak etməməsinə də münasibət bildirib. O qeyd edib ki, növbəti prosesdə iştirak etməyən zərərçəkmişlərin məcburi qaydada gətirilməsi ilə bağlı qərar qəbul edəcək.

Proses 20 iyun saat 15:00-da davam etdiriləcək.

Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs müddəti üç ay, aprelin 12-də isə daha bir ay uzadılıb.



MEHMAN HÜSEYNOVA AÇILAN CİNAYƏT İŞİ SAXTALAŞDIRILIB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov barəsində həbs deyil, başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin  seçilməsi onun barəsində açılmış cinayət işinə xitam verilməsi demək deyil. Səbail Rayon Polis İdarəsində Fotoreportyor barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə açılmış cinayət işi  221.2.2-ci maddə ilə əvəz edilib və Mehman Hüseynov təqsirləndirilən şəxs qismində tanınıb.  Bu  maddə ilə  daha sərt cəza – üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

         Bu barədə cümə axşamı mətbuat konfransında RATİ sədri Emin Hüseynov məlumat verib.   Onun sözlərinə görə, Mehman Hüseynov Səbail Rayon Polis İdarəsində mayın 21-də polis təzyiqinə məruz qalması və ona qarşı işlədilmiş nalayiq  sözlərə görə həmin polis barəsində cinayət işi açılması ilə bağlı şikayət edib.      “Biz Mehman Hüseynov və videooperator Mirrəhim Həsənov tərəfindən məhkəməyə mülki iddia verəcəyik, əmlakımıza vurulmuş ziyanın polis tərəfindən ödənilməsini tələb edəcəyik.  

         Emin Hüseynov qeyd edib ki, o, Mehmanın polisi təhqir etməsinə haqq qazandırmır. Gənc jurnalistləri polislərin təxribatına uymamağa və ayıq olmağa çağırır. Həmin gün İctimai Palatanın aksiyası zamanı polis bir çox jurnalistlərə və sadə aksiya iştirakçılarına, o cümlədən qadınlara qarşı təhqirə və təzyiqə yol verib. Bununla belə, polislərdən heç kim məsuliyyətə cəlb edilməyib.

    Mehman Hüseynov Səbail rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanasındakı şərait barədə danışıb. Onun sözlərinə görə, şərait Avropa standartlarından çox-çox uzaqdır. Kobud rəftar, normal qidanın olmaması, kamerada anti-sanitariya şəraiti, havasızlıq xüsusən yay günlərində kamerada qalmağı dözülməz edir. “Birinci gün mənə bulka və bir az su, səhəri gün kiçik buterbrod və kola verdilər. “Nahar”dan sonra ombudsman aparatının nümayəndələri kameraya gəldilər. Başa düşdüm ki, yeməyi onlara görə gətiriblər, yoxsa mənə heç nə verməzdilər”, deyə fotoreportyor bildirib.   “Azad edildikdən sonra öyrəndim ki, həmin gün mənə üç dəfə bağlama gətiriblər, lakin bu bağlamalardan bir şüşə su üzü belə görməmişəm”.

    RATİ sədri Emin Hüseynov bir daha qeyd edib ki, Mehmana açılan cinayət işi saxtalaşdırılıb. Belə ki, onun təqsirini sübuta yetirəcək bir dəlil belə yoxdur. “Bu, siyasi sifariş və özbaşınalığın sübutudur”,- Hüseynov belə hesab edir.

    Xatırladaq ki, Mehman Hüseynov iyunun 12-də axşam dindirilmək üçün Səbail rayon polis idarəsinə çağırılıb və saxlanılıb. İyunun 13-də axşam saatlarında məhkəmə qərarı ilə barəsində iltizam qətimkan tədbiri  seçilməklə sərbəst buraxılıb.

MHİ DİFFAMASİYA QANUNUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN KAMPANİYAYA BAŞLAYIR

 Media Hüququ İnstitutunun təşəbbüsü ilə Diffamasiya haqqında qanun layihəsinin qəbul olunmasına dəstək kampaniyasına start verilib. Bu haqda iyunun 14-də RATİ-də  keçirilən mətbuat konfransında bildirilib.



Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı prezident tərəfindən Diffamasiya haqqında qanun layihəsinin 2012-ci ildə hazırlanaraq Milli Məclisə verilməsini, “Azərbaycan Respublikası İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na daxil edilməsini müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, belə bir addım bu sahədə qanunvericilik və məhkəmə təcrübəsinin inkişaf etdiriləcəyinə, onun Avropa İnsan Haqları Məhkəməsinin ifadə azadlığı ilə bağlı presedent hüququnun müəyyən etdiyi standartlara uyğunlaşdırılacağına ümidləri artırır. Mətbuat konfransında o da bildirildi ki, vətəndaş cəmiyyəti qurumları Diffamasiya haqqında mühüm qanun layihəsi təklifləri hazırlayaraq  hökumətə təqdim ediblər. Sonuncu, daha mükəmməl layihəni Azərbaycan Mətbuat Şurası ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ilə birlikdə hazırlayıb. Layihə Prezident Administrasiyasına da təqdim olunub. Yerli və beynəlxalq ekspertlər bu layihəyə yüksək qiymət veriblər. Diffamasiyaya görə cinayət cəzalarının ləğvini nəzərdə tutan qanun layihəsi Avropa İnsan Haqları Məhkəməsinin ifadə azadlığı ilə bağlı işlərə baxarkən müəyyən etdiyi, mülki diffamasiya işlərinin düzgün və ədalətli həllini təmin edən standartlara uyğun hazırlanıb. Rəşid Hacılı kampaniya çərçivəsində ölkə prezidentinə ünvanlanan müraciətin imzalanma kampaniyasına başlanılacağını da diqqətə çatdırdı. Müraciəti imzalayan media qurumları, eləcə də vətəndaş cəmiyyəti institutları prezidentdən qanunvericilik təşəbbüsündən istifadə edərək, bu qanun layihəsinin tezliklə Milli Məclisə göndərilməsini xahiş edəcəklər. “Təhlükəli məqamlardan biri odur ki, diffamasiya haqqında qanunun qəbul edilməsi əvəzinə Cinayət Məcəlləsinə dəyişikliklər edilsin. Rusiya və Ermənistan bu təcrübədən istifadə etdi, lakin bu çox ağır sonluqlarla nəticələndi. Azərbaycanda da belə bir prosesin aparılması ilə heç cür razılaşmaq olmaz” deyən Rəşid Hacılı misal olaraq bir gün əvvəl “Azadlıq” qəzetinin Metropolitenin rəisi Tağı Əhmədov tərəfindən 30 min manat məbləğində cərimələndirilməsi, bundan əvvəl isə artıq nəşri dayandırılan “Xural” qəzetinin “Bakı-Baltika” şirkəti tərəfindən 50 min manat, Ramiz Mehdiyev tərəfindən 10 min manat, Vüqar Səfərli tərəfindən 5 min manat cərimələndirilməsini göstərdi. Bütün bunların gələcəkdə baş verməməsi üçün Diffamasiya haqında qanunun tezliklə Milli Məclis tərəfindən qəbul olunması çox vacibdir. “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev məhkəmələr tərəfindən siyasi sifarişlər əsasında qəzetlərin cərimələndirilməsini pislədi. MHİ-nun layihə rəhbəri Xalid Ağəliyev isə hesab edir ki, keçirilən bu kampaniya istər KİV, istərsə də vətəndaş cəmiyyəti institutları tərəfindən dəstəklənəcək, çünki, heç bir jurnalist yazdığı yazılara görə həbs olunmasını istəməz. Diffamasiya haqda qanun layihəsi qəbul olunandan sonra isə jurnalistlər onları gözləyən 5 təhlükədən, heç olmasa birindən azad olacaqlar. Jurnalist İdrak Abbasov hansı səbəblərdən oxşar hadisələr zamanı jurnalistlərin qısa müddətdə cəzalandırılmasının, əksinə məmurların və hər hansı bir cinayəti törətmiş polis işçilərinin ümumiyyətlə cinayətdən kənarlaşdırılmasının da diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğuladı. ATƏT nümayəndəsi Vüsal Behbudov Diffamasiya haqda qanun layihəsinin Azərbaycanda qəbul olunmasının əhəmiyyətindən danışdı.

İMS-nin rəhbəri Gülnara Axundova kampaniyanın daha aktiv keçirilməsi üçün istər yerli QHT, istərsə də beynəlxalq təşkilatların birgə dəstəyi və səyi ilə geniş tədbir keçirilməsinin zəruriliyini qeyd etdi və bildirdi ki, tədbirə Prezident Aparatının şöbə müdiri Əli Həsənovu da dəvət etmək, birbaşa hakim qüvvələrlə bu məsələni müzakirə etmək istənilən nəticəni əldə etməyə imkan verə bilər.  

RATİ sədri Emin Hüseynov Diffamasiya haqqında qanunun tezliklə qəbul olunması ilə bağlı prezidentə ünvanlanan məktubun imzalanma kampaniyasının iyulun 22-dək – Milli Mətbuat gününədək başa çatdırılmasını məsləhət gördü. Onun fikrincə, prezidentin bu qanunun qəbulu ilə bağlı bayram ərəfəsində atacağı müsbət addım mətbuat işçiləri üçün ən  gözəl hədiyyə ola bilər.

Tədbirin sonunda Rəşid Hacılı qeyd etdi ki, bu qanunun qəbulu və düzgün tətbiqi ölkəmizin dayanıqlı inkişafının, qanunun aliliyinin və insan haqlarının təmin olunmasının təməl şərtlərindən biri olan ifadə azadlığının gerçək təminatı üçün mühüm addım olacaq.

 

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 43,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin