Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 208,69 Kb.
səhifə1/2
tarix05.01.2022
ölçüsü208,69 Kb.
#111144
növüYazı
  1   2

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana



Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu

və ictimai xadimi, Azərbaycan dramaturgiyası və  ədəbiyyatında ədəbi tənqidinin banisi

Ön söz

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadə 30 iyun (12 iyul) 1812-ci ildə Azərbaycanın qədim əyalətlərindən olan Nuxada anadan olmuşdur. 1814-cü ildə onların ailəsi atalarının vətəni Təbriz şəhərinin yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşdür. 1821-ci ildə anası Nanə xanım Fətəlinin atası Mirzə Məhəmməd Tağıdan ayrılmış və əmisi Axund Hacı Ələsgərin yanına, Qaradağın Horanid kəndinə (Cənubi Azərbaycan), 1825-ci ildə isə Şəkiyə köçmüşdür.

Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. O,öz qardaşı nəvəsini oğulluğa götürərək onun təlim və tərbiyəsi ilə şəxsən məşğul olmuş və onun həyatında mühüm rol oynamışdır. Ona yaxşı atalıq etdiyindən Mirzə Fətəli öz soyadını məhz elə onun adı ilə - Axund ilə əlaqələndirmişdir. M.F.Axundzadə az bir zaman içərisində Axund Hacı Ələsgərin səyi və özünün çalışqanlığı sayəsində quranı, fars və ərəb dilini öyrənmişdir.

Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətinə də yiyələnmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olmuş və bir il burada təhsil almışdır.

 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuşdur.

Həmin ildən ta ömrünün sonuna qədər baş dəftərxanada əvvəl mülki, sonralar həm də hərbi işlər üzrə mütərcim vəzifəsində çalışan M.F.Axundzadə Rusiya ilə İran, Rusiya ilə Türkuiyə dövlətləri arasında aparılan bir sıra mühüm diplomatik danışıqlarda fəal iştirak etmiş, Zaqafqaziya daxilində hökümətin bəzi vacib dövlət tədbirlərinə cəlb
olunmuşdur.
O, dövlət xidmətində sürətlə irəli getmişdir; ona 1842-ci ildə praporşik, 1846-cı ildə podporuçik, 1850-ci ildə poruçik, 1852-ci ildə ştabs-kapitan, 1854-cü ildə podpolkovnik, 1873-cü ildə isə polkovnik rütbəsi verilmiş, Rusiya, Iran və Türkiyə dövlətləri tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur.

M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi - oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə M.Fətəlinin sağlığında ölmüşdür.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur.

Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. Şair bu şeirində daxili iztirablarını, gələcək haqqında düşüncələrini qələmə almışdır.

M.F.Axundzadənin tərcümeyi-halından göründüyü kimi, o, Şərq poeziyası ilə dərindən məşğul olmuş və onun xüsusiyyətlərini mənimsəmişdir. Bunu şairin bir sıra klassiklər haqqında yazdığı məqalələrindən, yeni ədəbiyyatın qarşısına qoyduğu tələblərdən və klassik Şərq ədəbiyyatına bəslədiyi tənqidi münasibətdən də aydın görmək mümkündür. İstər Zakirə yazdığı məktublarından, istərsə də digər şeirlərindən M.F.Axundzadə böyük qələm təcrübəsi keçmiş görkəmli şair kimi çıxış edir. Lakin M.F.Axundzadə bütün şeirlərində klassik poeziyanı xalq şeiri ilə bağlamış və bu ənənəni inkişaf etdirməyə ciddi surətdə çalışmışdır.

M.F.Axundzadənin şeirlərinin əsas etibarilə fars dilində olmasına baxmayaraq, həmin əsərlərdə Azərbaycan adət- ənənələri, xalq poeziyasının xüsusiyyətləri özünü açıq şəkildə göstərir. Şairin əksər şeirləri klassik poeziyanın məsnəvi və müxəmməs formasında yazılmışdır. Bu əsərlərdən azərbaycanca yazdığı “Molla Əli”, “Hekayəti - Seyyid Ələm Səlyani”, Qasım bəy və Cəfərqulu xana məktublar, bir sıra təcnisləri, müxəmməs və mədhiyyələri göstərmək olar.

Şairin ictimai ruhlu şeirləri fars dilində yazdığı “Zəmanədən şikayət”, “Vanda”, “Əbdürrəsul xanın həcvi”, “Şahmat oyunu haqqında”, “Vəliəhd haqqında” qəsidə, “Yeni əlifba haqqında” mənzumə və s. ibarətdir.

Lakin Mirzə Fətəli Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı və həmin ildə “Moskovski nablyudatel” jurnalının 11-ci kitabında çap etdirdiyi “Puşkinin ölümünə şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmiş, Puşkinə olan rəğbətini və onun qatilinə olan nifrətini açıq-aydın ifadə etmişdir.

Axundzadə “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.

Mirzə Fətəli Axundzadənin maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının - dram, roman, hekayə, novella, povest, poema və s. yazılmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.

M.F.Axundzadə, bəzi tədqiqatçıların yanlış olaraq düşündüyü kimi, heç də rus çarizminin təbliğçisi kimi çıxış etməmiş, lazım gəldikdə üstüörtülü şəkildə, ezop dili ilə Rusiya imperializminin müstəmləkə siyasətini kəskin tənqid etmişdir. Onun “Kəmalüddövlə məktubları” (1865), “Aldanmış kəvakib” (1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət quruluşundakı nöqsanları deyil, eyni zamanda, ədibin özünün də içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb göstərirdi.

M.F.Axundzadənin fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun “Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatında, eləcə də “Föhristi-kitab”(1859), “Nəzm və nəsr haqqında”(1859), “Tənqid risaləsi”(1860), “İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), “Mirzə Ağanın pyesləri haqqında kritika”(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

Ədəbiyyat tariximizdə dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin ilk nümunələrini yaradan M.F.Axundzadə həmin janrların nəzəri-estetik prinsiplərini də hazırlamışdır. Böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti,  xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır.  Elm və təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olmuşdur. Elə buna görə də o, əlifbanı dəyişməyi bu yolda atılan ən vacib amillərdən biri sayırdı.

M.F.Axundzadənin həyatının xüsusilə son illərində bir yandan zehni işlə həddindən artıq məşğul olması, o biri yandan böyük arzularının həyata keçirə bilməməsindən və tez-tez uşaqlarının ölməsindən doğan kədər və məyusluq onun səhhətinə təsir edərək vaxtından əvvəl qocalmasına və ölməsinə səbəb olmuşdur.



M.F.Axundzadə 1878-ci il fevralın 26-da (10 mart) ürək xəstəliyindən vəfat etmiş və vəsiyyətinə görə Tiflisdə müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn olunmuşdur.


Yüklə 208,69 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin