Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec
Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022A Kurs: II Fənn: Azərbaycan dili Tələbə: Aytac Yunisova Müəllim: Şəkər Abbasova
Sərbəst iş № Bakı 2023 Kommunikasiya prosesində ədəbi dil normalarından düzgün istifadə.
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir. Ədəbi dil bütün üslubların sistemidir.
Ədəbi dilin yazılı və şifahi formaları var.
Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Müasir Azərbaycan ədəbi dilinin normaları da buna uyğundur:
fonetik norma (orfoqrafik və orfoepik).
leksik, yaxud leksik-semantik norma.
qrammatik
Fonetik norma Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası isə orfoepik norma adlanır.
Fonetik normada dəyişmə gec olur. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın pozulması deməkdir.
Leksik norma Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.
Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. Alınma sözlərin forma və məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.
Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək işlənmə tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur.
Ədəbi dildə söyüşlərə, kobud və loru sözlərə yer verilmir.
Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:
Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird (üç adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma pozulur.
Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər kateqoriyasının əlaməti (şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-lar-mız-dan-am;
Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır: gül-dür-ül-məli-dir; (gərək) yaz-ış-a-q; Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu şəkilçi -lar2 şəkilçisindən əvvəl gəlməli idi.
Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır;Sən müəllim-sən; Onlar şagird-dirlər;
Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin olunan cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ düşür.