Unudulmayan qanlı tarix
Giriş
Ermənilərin zaman-zaman xalqımızın başına olmazın oyunlar gətirməsi danılmaz faktdır. Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcək.
Erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. İmperialist siyasət yürüdən havadarlarının şirnikləndirilməsi ilə “Böyük Ermənistan” xülyasına düşən, başqa xalqların tarixi torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər tarixin bütün mərhələlərində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər.
Erməni millətçilərinin vəhşilikləri Birinci Dünya Müharibəsi illərində çox genişlənmiş və öz məkrli əməllərini Azərbaycan torpaqlarında davam etdirmiş, 1918-ci ilin əvvəllərindən etibarən isə mənfur niyyətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər. Azərbaycan tarixşünaslığına “1918-ci il mart hadisələri” kimi daxil olan bu qanlı olaylar erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin kulminasiyası nöqtəsi olmuşdur.
Tarix həqiqətlərə şahidlik edir
Hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1918-1920-ci illərdə erməni faşizmin qətlə yetirdiyi günahsız qurbanların anım günüdür. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş ən faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalması XX yüzilliyin ən qanlı səhifəsi kimi yaddaşlarda dərin izlər buraxmışdır. 1918-ci il martın son günlərində Bakı Komunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
1918-ci il martın 30-da səhər tezdən erməni bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətillər törətmişlər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda on minlərlə insan qətlə yetirilmişdi. Şamuyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmaillyyə”nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək törədilən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadığın edilmiş, 16 mindən çox insan həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyunun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdır. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımın miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir.
Tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi bu ağır faciələrə obyektiv qiymət vermək mümkün olmamışdır. Xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız tamamilə yad istiqamətdə köklənmişdir. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəltmiş saxta kompaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışdan sonra mümkün olmuşdur. Ümummilli liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərman tarixi həqiqətləri üzə çıxarmışdır. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdır.
Beynəlxalq hüquqa görə, soyqırımı cinayəti ağır müharibə cinayətlərindən sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid, insan quruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquqi normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
Göründüyü kimi, iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı qətlə yetirmiş, represiya və deportasiyaya məruz qoymuş, etnik təmizləmə aparmış, ərazilərimizin bir hissəsini işğal etmişlər. Nəticədə, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışlar.
31 mart faciəsi xalqımızın qan yaddaşıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanda bu hadisələr tam təfərrüatı ilə əksini tapmışdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın yaddaşını təzələmişdir.
31 Mart-Azərbaycanlıların Soyqırımı Günü, həmişə olduğu kimi, acı bir tarix göz önündə canlanır. XX əsrin əvvəllərində-1905 və 1918-ci illərdə baş verən türk-müsəlman qırğınlarından artıq yüz il keçir. Bu, uzaq olduğu qədər də yaxın bir tarixdir. Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Azərbaycanlılara qarşı müxtəlif mərhələlərdə törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək bizim mühüm vəzifəmiz olmalıdır. İllər ötsə də qan yaddaşımızda yaşayan bu faciələri, onun qurbanlarını bizimlə bərabər sonrakı nəsillər də ehtiramla yad edərək heç vaxt unutmamalıdırlar.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini daim yadda saxlamalı və unutmamalıyıq. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.
31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqədar olaraq Mərkəzi Kitabxana və kitabxana filiallarda anım tədbirləri keçrilməlidir. Azərbaycan xalqının başına gətirilən faciələrlə bağlı sərgilər, söhbətlər, mühazirələr, kompozisiyalar, dəyirmi masalar, konfranslar, inşa və rəsm müsabiqələri kitabxanaçılar tərəfindən təşkil olunmalı və oxucuların diqqətini erməni terrorizminin vəhşilikləri ilə bağlı faktlara yönəltmək lazımdır. Tədbirlərin keçrilməsi yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə hamımız həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.
İstifadə olunan ədəbiyyat:
1. Azərbaycan qəzeti.- 2012.-29 mart
2. Azərbaycan qəzeti.- 2012.-30 mart
3.Azərbaycan qəzeti.- 2012.- 31 mart
Hazırladı: metodika və biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva
Dostları ilə paylaş: |