Yaşlilarin təhsilinin konseptual məSƏLƏRI



Yüklə 57,98 Kb.
tarix21.10.2017
ölçüsü57,98 Kb.
#8792

YAŞLILARIN TƏHSILI” VƏ ONUN KONSEPTUAL MƏSƏLƏLƏRI
Yaşlıların təhsili (“Obrazovaniye Vzroslıx”, “Adult Education”, “Erwachsenenbildung”) - fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir.
Oldugca geniş bir sahə olsa da, ən qisa tərifini belə vermək olar: iqtisadiyyatda və cəmiyyətdə (daim) baş verən dəyişikliklərə adekvat və çevik uyğunlaşmanı təmin edən təhsil prosesidir. Hədəf qrupu artıq yetkinlik yaşını keçmiş, müstəqil hayatı ilə yaşayan, həyat təcrübəsi və bir çox hallarda peşəsi olan insanlardır (təqribən 18 yaşından yuxarı). Bu təhsil sahəsinin elmi əsaslarını andraqogika elmi öyrənir. YT-nin hədəf qrupunun xüsusiyyətlərini nəzərə alaraq xüsusi metodika və didaktikası mövcuddur. Avropa ölkələrində YT insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi kimi qəbul edilmişdir. YT Ömür Boyu Təhsil sisteminin dördüncü (ümümi, peşə, ali və YT) tərkib hissəsini və keçid/inkişaf mərhələsini yaşayan ölkələr üçün birinci dərəcəli prioritet təşkil edir.
Biliklər əsri adlandırılan müasir dövrdə iş və həyat modelləri çox sürətli templərlə dəyişir. Cəmiyyətdə və iqtisadiyyatda mütəmadi olaraq baş verən bu dəyişikliklərə müvəffəqiyyətlə uygunlaşma isə yalnız vətəndaşların ömrü boyu təhsili vasitəsilə mümkündür.
Ənənəvi təhsil sahəsi olduqca inertdir, və Azərvaycanda bu günə kimi formalaşma/islahatlar prosesi başa çatmadığından iqtisadiyyatın/cəmiyyətın tələb etdiyi mütəxəssisi/vətəndaşı yetişdirə bilmir. Bu proses bir müddət də davam edəcək.
Lakin ölkəmizin bu günkü dinamik inkişafı artıq bu gün, bu saat rəqabətqabiliyyətli, yeni biliklərə malik, çevik, peşə bilik və bacarıqlarından əlavə “əsas kompetensiyalar”a malik bir mütəxəssisi, fəal vətəndaşı tələb edir. Əks halda davamlı inkişafı təmin etmək mümkün olmayacaq.
Hazırda bu problem inkişaf səviyyəsindən asılı olamayaraq hər bir ölkə üçün aktualdır. Məsələn, müasir Avropada elm və texnologiya elə sürətlə inkişaf edir ki, biliklərin hər il orta hesabla 20%-i aktuallığını itirir və beləliklə də 5-8 il ərzində peşələrin məzmunu tamamilə köhnəlir. Təsadüfi deyil ki, məşğulluq üzrə Avropa strategiyası çərçivəsində ömür boyu təhsil biliklər və bacarıqların, peşə səriştəsinin artırılması məqsədi ilə və daimi əsaslarla aparılan hərtərəfli təlim fəaliyyəti kimi müəyyən edilmişdir. Bu kimi sənədlərin sayı çoxdur - Fasiləsiz Təhsil haqqında Avropa Memorandumu, Hamburq Bəyannaməsi, Dakar Bəyannaməsi, Sofiya Bəyannaməsi və s. (http://www.iiz-dvv.az/ob.html)
Qeyd olunanların Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələr üçün aktuallığı daha böyükdür. Belə ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid nəticəsində bu ölkələrdə sosial-siyasi quruluşun dəyişməsi prosesi postsənaye cəmiyyətə keçid ilə eyni zamana düşmüşdür. Buna görə də ölkədə gedən hüququ dövlət, demokratik cəmiyyət quruculuğu və sosial-iqtisadi inkişaf prosesləri daha mürəkkəb problemlərlə müşayiət olunur. Yəni Avropada Ömür Boyu Təhsilin qarşısında duran vəzifə, sadə dillə desək, vətəndaşın bilik və bacarıqlarının 3-5 il ərzində yeniləşən texnologiyaya uyğunlaşdırmaqdırsa, Azərbaycanda isə uzun müddətli dövr ərzində mövcud olmuş planlı iqtisadiyyat şəraitində və totalitar ideoloji mühitdə qazanılmış ixtisasların və əldə edilmiş peşə vərdişlərinin müasir dövrün tələblərinə uyğunlaşmanı təmin etməkdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, hazırda ölkədə mövcud olan əməkqabiliyyətli əhalinin təq­ri­bən 60-70% inzibati-amirlik münasibətləri sistemində təhsil almış və ya çalışmışdır. O dövrdə bir dəfə əldə edilmiş ixtisas insanın ömrü boyu işlə təmin olunmasına imkan verirdi. Lakin indi bazar iqtisadiyyatı şəraitində texnologiyaların sürətlə dəyişməsi çevik və dinamik şəkildə peşə və ixtisasların artırılmasını, yeni ixtisaslara yiyələnməni tələb edir.
Elə bu proseslərin Azərbaycanda zəif getməsinin nəticəsidir ki, müstəqil həyaa qədəm qoyan və müəyyən peşə və ixtisaslar üzrə təhsilə malik olan çox sayda insanlar kəskin işsizlik problemi və beləliklə də yoxsulluq problemi ilə üzləşmişdir. Çünki, aparılan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, hazırda ölkədə mövcud olan işsizlik problemi təkcə iş yerlərinin olmaması sə­bə­bin­dən deyil, eyni zamanda işsiz və işaxtaran vətəndaşların peşə-ixtisas təh­silinin və vər­dişlərinin mü­­­a­sir əmək bazarının tələblərinə cavab verməməsi səbə­bindəndir. Məsə­lən, bu bir faktdır ki, öl­kə­də fə­aliyyət göstərən bazar struk­turları (və hətta dövlət struk­tur­la­rı da) iş təcrübəsi olan və ba­zar iq­ti­sadiyyatı prinsiplərini bilən mütəxəssislər axta­rı­şın­da­dır, digər tərəfdən isə ölkədə ali təh­sil­li işsizlər ordusu mövcuddur. Buna görə də, ölkədə iş­siz və işaxtaran vətəndaşların məş­ğul­lu­ğu­nun təmin edilməsi, onların əmək bazarında rəqabətədavamlı və müasir tələblərə ca­vab verən mü­va­fiq peşə və ixtisaslara yiyə­lən­mə­sini zəruri edir. Digər bir fakt, hər il ölkədə təqribən 150.000-ə yaxın gənc otra məktəbi bitirir. Onların təqribən 26.000-i ali, 17.000-i orta ixtisas və 20.000-i peşə təhsili müəssisələrinə qəbul olur, yerdə qalan təqribən 87.000 gənc peşəsiz-sənətsis əmək bazarında özünə yer axtarmağa məcburdur.
Yaşlıların təhsili ilə ənənəvi təhsilin arasında müəyyən fərqlər mövcuddur. Belə ki, ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş və iqtisadiyyat üçün lazımi kadr hazırlamaqdırsa, konkret olaraq yaşlıların təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sistemindən çıxmış vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etməkdir. Bu təhsilin daha bir spesifik əlaməti isə i) androqoji prinsiplərə əsaslanan ii) çevik tədris proqramları vasitəsilə həyata keçirilməsidir.
Yaşlıların təhsili prosesinin kontingentə aşağıdakı sosial-demoqrafik qruplar aid edilə bilər:


  • əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və yeniliklərlə əlaqədar ixtisasartırmaya və ixtisasdəyişməyə cəlb edilən peşəkar əmək sahəsi işçiləri;

  • şəxsi təsərrüfatla və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar;

  • məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;

  • uzunmüddətli fasilədən sonra, o cümlədən analıq məzuniyyətindən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;

  • müstəqil həyata yeni başlamış mütəxəssislər;

  • peşəsi olmayanlar;

  • yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;

  • hərbi xidmətdən təxris olunanlar;

  • həbsdə olanlar və keçmiş məhbuslar;

  • məcburi köçkünlər və qaçqınlar;

  • adi şəraitdə tədris materiallarını qavraya bilməyən və sağlamlığı məhdud olan şəxslər;

  • müxtəlif səbəblərdən yeni sosial-mədəni şəraitə uyğunlaşmağa məcbur olan şəxslər;

  • şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər və s.


Ümumiyyətlə, Azərbaycanda yaşlıların təhsili problemini aktual edən səbəb­lər aşağıdakılardır:


  • Ölkədə mövcud olan işsizlik problemi təkcə iş yerlərinin olmaması səbə­bin­dən deyil, eyni zamanda işsiz və işaxtaran vətəndaşların peşə-ixtisas təh­silinin və əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi səbə­bindəndir. Deməli, Azərbaycanda əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün yenidən ixtisaslaşmasına ehtiyac vardır ki, bu da ölkədə yaşlıların təhsili problemini aktuallaşdırır;




  • Bir milyona qədər qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarını itirməklə yanaşı, mövcud iş yerlərini də itirmələrinə görə onların yeni şəraitə uyğunlaşdırılması və onlara yeni iş imkanlarının yaradılması zəruridir. Başqa sözlə, yaşlıların təhsili ölkənin ağrılı problemi olan qaçqın və məcburi köçkünlər problemi baxımından da aktualdır;




  • Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanların (xü­su­silə kənd regionlarında fəaliyyət göstərənlərin) əksəriyyətinin sivil bazar ənə­nə­lə­rinə uyğun və uğurlu fəaliyyət göstərmələri üçün sahibkarlıq üzrə təhsilə ehtiyacları vardır. Sahibkarlıqla məşğul olanların 60%-i 40 yaşından yuxarı olanlardır. Bu isə o deməkdir ki, bu insanlar SSR-i dövründə təhsillərini aldıqlarına görə sahibkarlıq üzrə heç bir əsaslı biliklərə malik deyirlər. Başqa sözlə, yaşlıların təhsili problemi ölkədə sahibkarlıq fəaliyyətinin in­ki­şafı baxımından da mühüm əhəmiyyət kəsb edir;




  • Ölkədə həyata keçirilən idarəetmə prosesində iştirak edən çoxsaylı məmurlar ordusunun nəzəri biliklərinin və praktiki bacarıqlarının mü­asir dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsi problemi də qarşıda du­ran mühüm problemlərdəndir. Buna görə də, yaşlıların təhsili problemi idarə­et­mə sistemi üçün də mühüm əhəmiyyət kəsb edir;




  • Ölkədə informasiya texnologiyalarının tətbiqi sferalarının genişləndirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu isə informasiya texno­lo­gi­ya­la­rının yeni tətbiq olunduğu müəssisə və təşkilatların əməkdaşlarının bu isti­qa­mət­də bacarıqlarının artırılmasına yönəldilmiş təlimlərin keçirilməsini zəruri edir;




  • Ölkədə ciddi ekoloji problemlərin mövcud olmasının müqabilində əhalinin bu istiqamətdə maarifləndirilməsi səviyyəsi aşağıdır. Bu isə həmin istiqamət üzrə yaşlıların təhsili prosesini zəruri edir;




  • Ümumiyyətlə, ölkə əhalisinin demokratik vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi maariflənməyə ehtiyacı vardır ki, bu istiqamətdə yaşlıların təhsili prosesi bir üsül kimi effektli ola bilər;




  • Ənənəvi təhsil sahəsində islahatların başa çatmaması səbəbindən kadrların hazırlanması və əmək bazarının tələbləri arasında uyğunsuzluqlar movcuddur. Bu səbəbdən hətta yenicə hazırlanmış kadrlarda çevik və qısamüddətli əlavə təhsilə ehtiyac yaranır;




  • Hər il orta məktəbləri bitirən gənclərin 80.000-dən çoxu təhsilini davam etdirmək, peşə əldə etmək imkanından məhrumdur. Beləliklə onlara alternativ təhsil ikmanları yaratmaq üçün yaşlıların təhsili sistemindən istifadə etmək vacibdir;




  • Təəccüblü olsa da, Azərbaycanın əhalisi Avropanın əhalisi kimi yaşlanmaya başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə son 10 il ərzində döğum indeksi 2 dəfə azalmış, lakin insanların orta ömür uzunluğu isə 2 il artmışdır. Bu isə o deməkdir ki, getdigcə yaşlı əhalinin payı artacaq və onların davamlı məşğulluğunun təmin olunması üçün yaşlıların təhsili sisteminə ehtiyac yaranacaq;




  • Avropaya inteqrasiya Azərbaycanın hər bir vətəndaşına yeni tələblər irəli sürür. Bu ilk növbədə onun təhsilinin Avropa və beləliklə beynəlxalq standartlara cavab verməsi, demokratik dəyərlərin düzgün başa düşüb gündəlik həyatında istifadə etməsi, rəqabətqabiliyyətliyini davamlı qorumaq məqsədilə “Ömür Boyu Təshil” konsepsiyasına riayət etməsidir və s.

Düşünürəm ki, Azərbaycanda bütün sahələrdə davamlı inkişaf üçün yalnız bir faktor çatışmır – rəqabətqabiliyyətli, çevik və aktiv vətəndaş mövqeyi tutan müxtəlif peşə sahibləri. Başqa sözlə desək, insan resurslarına investisiyalar Azərbaycan üçün həlledici bir problemdir. Təsadüf deyil ki, ölkədə ÜDM indeksi yüksələn halda insan inkişafı indeski əksinə enməkədir. Bu onun göstəricisidir ki, qara “qızılı insan qızılına” daha operativ və sürətlə çevirmək tələb olunur. Davamlı inkişafı yalnız infrastrukturların yaradılması ilə təmin etmək mümkün deyil. O səbəbdən ki, insan faktoru hər bir inkişafın həlledici elementidir. İnsan isə yalnız təhsil vasitəsilə bu inkişafda katalizator rolunu oynaya bilir. Əks halda o bu proseslərdən kənarda qalmaqla inkişaf da davamlılıq xarakterini itirir və qısamüddətli olur. Heç bir mükəmməl infrastruktur, yeni istehsal və ya xidmət sahəsi insan faktoru olmadan inkişafa öz tohfəsini verə bilmir.


Avropada artıq “insan resurslarına daha iri investisiyalar” proqramları dedikdə yaşlıların təhslili və ömür boyu təhsil sisteminə yardım başa düşülür.
Dünyada Yaşlıların Təhsilinə dəstək verən beynəlxalq təşkilatlar və onların Azərbaycanda bu istiqamətdə fəaliyyəti
İlk öncə iki məsələni qeyd etmək istərdim. Birincisi - Yaşlıların Təhsili (YT) hər zaman Ömür Boyu Təhsil (ÖBT) kontekstində və bu sistemin mühüm hissəsi kimi başa düşülür. İkincisi – mütəxəssislər hər zaman çox haqlı ehtiyat edirlər ki, Təhsil Hamı Üçün (THM) hərəkatında YT unudulur və diqqət yalnız uşaqların təhsilinə yönəldilir. “Təhsil hami üçün” dedikdə təhsil hər bir insan üçün nəzərdə tutulur.
Dünyada Yaşlıların Təhsilinə dəstək verən ən mühüm təşkilatlar bunlardır:


  • Avropa Birliyi (Eropean Union, http://europa.eu.int/comm/education/index_en.html)

  • Avropa Şurası (Council of Europe, http://ue.eu.int)

  • Avropa Təhsil Fondu (ETF, www.etf.eu.int)

  • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD, www.oecd.org By department – Directorate for Education)

  • UNESCO-nun Təhsil İnstitutu (www.unesco.org/education/uie/)

  • Dünya Bankı (World Bank, http://www.worldbank.org/ - Learning)

  • Avropa Yaşlıların Təhsili Assosiasiyası (EAEA, www.eaea.org)

  • Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxal Əmakdaşlıq İnstitutu (İİZ/DVV, www.iiz-dvv.az)

Təşkilatlar arasında vəzifələr sadə üsul üzrə bölüşdürülmüşdür. Hər bir təşkilat öz profilinə uyğün sahələrə dəstək verir:


Avropa Birliyi – peşə təhsili, gənclərin təhsili, ÖBT sistemnin inkişafına xidmət edən beynəlxalq mübadilə proqramları. Avropa Şürası – qloballaşma və harmonizasiya ilə bağlı təhsil məsələləri, milli azlıqların problemləri və onların hüquqlarının qorunması. Avropa Təhsil Fondu – peşə təhsili və ÖBT sistemnin inkişafına xidmət edən layihələr. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – təkrar təhsil, təcrübə keçmə, YT-i sisteminin qiymətləndirilməsi, ÖBT. UNESCO – savadlılığın yayılması, baza təhsili, peşə təhsili sahəsində araşdırmalar və YT sisteminin inkişafı. Dünya Bankı – yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması konteksində təhsil məsələləri. Avropa Yaşlıların Təhsili Assosiasiyası – 34 Avropa ölkəsinin 100-dən çox YT təşkilatlarının birliyi kimi YT və ÖBT ilə bağlı bütün məsələlər. Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxal Əmakdaşlıq İnstitutu – Almaniyanın 1000 Xalq Universitetlərinin (YT müəssisələri) YT və ÖBT sahəsi üzrə geniş təcrübəsinə əsaslanaraq dünyanın 54 ölkəsində geniş spektrda məsələlərə dəstək verir.
Hazırda Azərbaycanda bu təşkilatların yalnız bir neçəsinin YT və ÖBT sahəsidə dəstək layihələri həyata keçirilir.
Avropa Birliyi öz Agentliyi olan Avropa Təhsil Fondu vasitəsi ilə 2004-cü ildən Azərbaycanda peşə təhsili və ÖBT sahələrinə dəstək layihəsini həyata keçirir. Hazırda bu sahələrin problem və perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalar aparılır, müvafiq strukturlarla əməkdaşlıq əlaqələri qurulur. Avropa Yaşlıların Təhsili Assosiasiyası isə Azərbaycanda fəaliyyət göstərən YT təşkilatlarına öz dəstəyini bildirmiş bu Assosiasiyaya üzv olmaq təklifini irəli sürmüşdür. Azərbaycandan 3 təşkilat artıq bu beynəlxalq qurumun üzvüdür (http://www.eaea.org/index.php?k=7197).
Azərbaycanda YT və ÖBT sahələrinə ən yaxından və kompleks şəklində dəstək verən və yardım edən yeganə təşkilat Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əmakdaşlıq İnstitutudur (İİZ/DVV). İİZ/DVV-nin fəaliyətini əsas bir neçə istiqamətə ayırmaq olar:


  • YT və ÖBT ideyalarının cəmiyyət və dövlət arasında yayılması və təbliği;

  • YT və ÖBT sahələrin inkişafına şərait yaradan qanunvericilik bazasının yaradılması;

  • YT təşkilatlarına metodiki, maliyyə, məsləhətçi yardımlarnın göstərilməsi;

  • YT üzrə elmi-metodiki və müəllim potensiallarının yaradılması;

  • YT üzrə model layihələrin işlənib həyata keçirilməsi.

Bu günə kimi İİZ/DVV-nin Azərbaycanda 3,5 illik fəaliyyəti nəticəsində 30-dan artıq layihə həyata keçirlimişdir. O cümlədən:




  • Yaşlıların Təhsilinə dair iki Milli Konfransın keçirilməsi;

  • YT və ÖBT məsələlərinə dair dəyirmi masaların təşkili;

  • fermerlərin təhsili üzrə tədris kurslarının təşkili;

  • əhalinin İT biliklərinin artırılması üzrə tədris kurslarının təşkili;

  • region əhalisinin sahibkarlıq biliklərinin artırılması üzrə tədris kurslarının təşkili;

  • el sənətləri üzrə adi və əlil insanlar üçün tədris kurslarının təşkili;

  • tədris mərkəzlərində müəllim və tədris potensiallarının gücləndirilməsi;

  • kənd təsərrüfatı, İT, sahibkarlıq, el sənətləri üzrə tədris mərkəzlərinin yaradılmasına dəstək;

  • “yaşlıların təhsili” tədris kursları üçün müxtəlif yeni tədris ədəbiyyatlarının hazırlanması;

  • yerli mütəxəssislərin YT və ÖBT məsələlərinə dair beynəlxalq konfransların işində iştirakının təmin olunması;

  • qanunvericilik bazasının işlənib hazırlanması və s.


Azərbaycanda Yaşlıların Təhsili sahəsində əldə olunmuş nailiyyətlər


  • Yaşlıların Təhsili üzrə qeyri-formal Koordinasiya Şurası fəaliyyət göstərir;

  • Təhsil Nazirliyi Yaşlıların Təhsilinə dair konsepsiya qəbul etmişdir;

  • Yaşlıların Təhsilinə dair qanun layihəsi ölkə parlamentinin birinci oxunuşundan keçmişdir;

  • Azərbaycan Müəllimlər İnstitutu nəznində YT kabineti yaradılmışdır;

  • YT-nın aktuallığı artıq dövlət, təhsil sahəsi, QHT və ictimaiyyətin bir sıra nümayəndələri tərəfindən dərk edilir

  • YT üzrə yerli qurumlar beynəlxal şəbəkənin üzvüdür v.s.



Yaşlıların Təhsili (Ömür Boyu Təhsil konteksində)

sisteminin təkmilləşdirilməsi üzrə təkliflər:


  • Yaşlıların Təhsili sahəsini sistemli şəkildə tənzimləyəcək liberal və demokratik qanunvericilik bazasının yaradılması;




  • Yaşlıların Təhsili sistemini tənzimləyəcək nazirliklərarası dövlət-ictimai qurumunun yaradılması;




  • Yaşlıların təhsili prosesi üzrə mövcud vəziyyəti sistemli şəkildə qiymətləndirmək üçün informasiya bazasının yaradılması və statistikanın təkmilləşdirilməsi;




  • Dövlətin vasitəçi rolunu oynayaraq YT sahəsində sosial tərəfdaşlığın qurulmasına yardım göstərməsi (kadr hazırlığı prosesində işəgötürənlərin, əmək bazarı nümayəndələrinin iştirakının mexanizminin müəyyənləş­diril­ms­li, bu sahədə informasiya-maarifləndirmə kompaniyasının aparılması, həmkarlar ittifaqlarının aktivləşdirilməsi məqsədi ilə onlara yardımların göstərməsi);




  • Müəssisə və təşkilatların kadr hazırlığına investisiya qoyuluşunu stimullaşdıran mexanizmlərin müəyyənləşdirilməsi və həyata keçirlilməsi;




  • Təhsil xidmətləri, o cümlədən də kadr hazırlığı üzrə xidmətlər sosial xidmətlər kateqoriyasına daxil olan fəaliyyət kimi qəbul edilməsi, bu xidmətlərin adi kommersiya işindən fərqləndirilməsi, vergi və digər imtiyazların verilməsi;




  • Təhsil müəssisələri səviyyəsində əmək bazarının tələ­ba­tının öyrənilməsi üçün bu müəssisələr sistemində marketinq xidmətinin yaradılması və inkişaf etdirilməsi;




  • Yaşlıların Təhsili üzrə elmi-metodiki və kadr bazasının yaradılması (metodiki kabinetlər, elmi dərəcələr, ixtisasartırma kursları, fakültələr, tədqiqatlar, elmi işlər v.s.)




  • Yaşlıların Təhsili üzrə resurs mərkəzlərinin yaradılması (məlumat, peşəyönümü, tədris, maarifləndirmə, təbliğat və s funksiyaların icrası üçün);




  • Mövcud olan ixtisasartırma və yenidənhazırlanma tədris müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, onlardan ibarət şəbəkənin genişləndirilməsi;




  • Yoxsul və aztəminatlı insanların YT-də iştirakının dövlət tərəfindən təmin edilməsi;




  • Peşə fəalliyyətləri ilə məşğul olanların öz ixtisaslarının daim artırılmasını stimullaşdıran tədbirlərin həyata keçirilməsi (maaşlara əlavələr, imtiyazlar, təhsil məzuniyyətləri v.s.);




  • Peşə bilik və bacarıqlarının artırılması ilə yanaşı yaşlı vətəndaşların şəxsi keyfiyyətlərin inkişafı üçün geniş imkanların yaradılması;




  • Bələdiyyələrin, içtimai təşkilatların, icmaların YT-nin inkişaf prosesinə cəlb olunması (birgə layihələr, sifarişlər, digər tədbirlər);




  • YT-nın inkişafı prosesində İKT-nin imkanlarından geniş istifadə edilməsi (distant təhsil, elektron kitabxanalar, laboratoriyalar, məlumat bazaları, veb-portallar v.s.);




  • Qeyri formal əldə edilmiş bilik və bacarıqların akkreditasiyası (rəsmi tanınması) mexanizminin yaradılması;




  • YT və Ömür Boyu Təhsil (ÖBT) sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.


Fuad Muradov

İİZ/DVV-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri

06.10.2006

cəmi

Yüklə 57,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin