Yazı işi Təhsil səviyyəsi: Bakalavriat Mövzu: Beynəıxalq münasibətlər nəzəriyyəsi haqda elmin yaranması, predmeti və vəzifələri



Yüklə 32,24 Kb.
tarix31.12.2021
ölçüsü32,24 Kb.
#112076
növüYazı
- Hüseynli Fuad yoxlama yazl işi


BAKI AVRASİYA UNİVERSİTETİ

Bakı Avrasiya Universiteti

Fənnin adı: Təcrübə 1

Sərbəst işin adı: Yoxlama yazı işi

Təhsil səviyyəsi: Bakalavriat

Mövzu: Beynəıxalq münasibətlər nəzəriyyəsi haqda elmin yaranması, predmeti və vəzifələri

Təhsil alan: Hüseynli Fuad

Qrup: B0817/01

Müəllim: Məmmədova Aygün

Bakı 2021



Beynəlxalq münasibətlər elmi başqa elmlərə nisbətən gəncdir. Hər bir dövlətin yarandığı gündən öz fəaliyyətində xarici əlaqələrə, beynəlxalq münasibətlərə daim xüsusi diqqət ayırmasına, özünün dünya dövlətləri sırasında, beynəlxalq münasibətlər sistemində iştirakına böyük əhəmiyyət verməsinə baxmayaraq, bu əlaqələri, təmasları uzun müddət başqa elm sahələrinin nümayəndələri – tarixçilər, filosoflar, hüquqşünaslar, iqtisadçılar, hərbi strateqlər öyrənir və təhlil edirdilər. Əslində, ayrılıqda bu elmlərin heç biri öz qarşısında beynəlxalq münasibətlərin obyekt və subyektləri, millət və dövlətlərin meydana çıxması və qarşılıqlı əlaqələrə daxil olması, dövlətlərin daxili quruluşlarında baş verən dəyişikliklərin xarici aləmə təsiri, dövlətlərarası ticarət, maliyyə, iqtisadi, siyasi, mədəni münasibətlərin yaranması və inkişafı, dövlətlərarası qrupların, ittifaqların formalaşması və onun dünya siyasətinə təsiri, diplomatik və başqa xarici əlaqələrin yaradılması, beynəlxalq münasibətlər sisteminin strukturu və xüsusiyyətləri, dövlətlərarası konfliktlər, müharibələr, onların tənzimlənməsi yollarının və s. öyrənilməsi vəzifələrini qoymurdu. Tarixçilər beynəlxalq münasibətlər və diplomatiya tarixini, filosoflar dövlətlərarası münasibətlərin mahiyyəti və nəzəri məsələlərini, hüquqşünaslar beynəlxalq hüquq problemlərini, iqtisadçılar dövlətlərarası iqtisadi əlaqələri, hərbi strateqlər dünyanın geosiyasi və geostrateji xarakteristikasını və s. öyrənirdilər. Son dövrlərdə siyasətşünaslığın, sosiologiyanın müstəqil elmə çevrilməsi ilə dünya siyasətinin və beynəlxalq münasibətlərin sosioloji problemlərinin öyrənilməsi də yavaş-yavaş digər elmlərin və fənlərin çərçivəsindən çıxaraq müstəqil tədqiqat obyektinə çevrilmişdir. Beynəlxalq münasibətlər elminin vətəni ABŞ hesab olunur. Birinci dünya müharibəsindən sonra ilk dəfə məhz bu ölkədə “Beynəlxalq münasibətlər” dərsliyi nəşr olunur (1919), universitetlərdə və elmi mərkəzlərdə bu fənn üzrə ayrıca kafedralar yaradılır. Sonrakı illərdə dünyanın digər super dövlətlərində - İngiltərədə, Fransada, Almaniyada, Çində və SSRİ-də “Beynəlxalq münasibətlər”dən ayrıca elm və tədqiqat sahəsi kimi danışmağa başlayırlar. 1945-ci ildən – İkinci dünya müharibəsinin başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının yaranmasından sonra bu ölkələrdə də “Beynəlxalq münasibətlər” dərslikləri və tədris proqramları yaradılır. Beynəlxalq münasibətlərin predmeti kimi o illərdə əsasən bir neçə məsələ ön plana çıxarılmışdı: əvvəla, dövlətlər arasında meydana gələn münaqişələrin əsas səbəbləri, bu münaqişələrin ayrılıqda hər bir ölkəyə və bütövlükdə dünya birliyinə vurduğu zərbə; ikincisi, dövlətlərarası münaqişələrin qarşısının alınması yolları, beynəlxalq hökumətlərarası təşkilatların bu işdə istifadə edilməsi perspektivləri; üçüncüsü, dünyada müstəmləkə imperiyalarının dağılması və yeni-yeni müstəqil dövlətlərin meydana gəlməsi şəraitində ölkənin milli maraqlarının müəyyən edilməsi və qorunması yolları. Göründüyü kimi, beynəlxalq münasibətlərin daxili strukturu zənginləşdikcə, yeniyeni aktorlar hesabına mürəkkəbləşdikcə onun öyrənilməsi və təhlili də çətinləşirdi. Məhz elə bu illərdə ABŞ, Böyük Britaniya, Fransa, SSRİ, Çin, Almaniya kimi dövlətlərdə beynəlxalq münasibətlərin geniş tədqiqi mərkəzləri meydana çıxır və ilk fundamental əsərlər ortaya qoyulur. Tanınmış ABŞ alimi Hans Morqentaunun “Millətlər arasında siyasi münasibətlər. Hakimiyyət və dünya uğrunda mübarizə” adlı fundamental əsəri (1948) o zamana qədər beynəlxalq münasibətlərlə bağlı mövcud olan dünyagörüşünü kökündən dəyişdi. Onun ardınca Edvard Karr, Nikolas Spaykmen, Reynhold Nibur kimi siyasətşünaslar bu mövzunu ciddi beynəlxalq müzakirəyə çıxardılar. O vaxtdan sosial elmlər sırasında beynəlxalq münasibətlər öz məxsusi yerini tutmağa, öz tədqiqatının obyektini, subyektini və problemlərini dəqiqləşdirməyə başlayır. Həmin illərdə SSRİ başda olmaqla sosialist düşərgəsi ölkələri öz tədqiqatçılarını və elmi ictimaiyyətini ABŞ və Qərb politoloqlarının beynəlxalq münasibətləri təhlil və müzakirə edən mərkəzlərindən hər vasitə ilə təcrid edərək bu elmi ayrıca, “məxfiləşdirilmiş” qapalı institutlarda, hərbi-strateji mərkəzlərdə tədqiq və təhlil edirdi. Bu məqsədlə SSRİ Elmlər Akademiyasının tərkibində yalnız müəyyən seçilmiş şəxslərin daxil ola bildiyi “tədqiqat mərkəzləri”, məsələn, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu, Dünya Sosialist Sisteminin İqtisadiyyatı İnstitutu və s. kimi xüsusi elmi-metodoloji mərkəzlər yaradılmışdı. Bu mərkəzlərin tədqiqatlarının nəticələri açıq dərc olunmurdu və yalnız arayışlar şəklində müəyyən ali dairələrə, hərbi, siyasi və ideoloji rəhbərlərə göndərilirdi. Beynəlxalq münasibətlər üzrə bütün ölkədə cəmi iki xüsusi institut – Moskva və Kiyev Dövlət Beynəlxalq Münasibətlər institutları fəaliyyət göstərirdi ki, bu ali məktəblərə də yalnız xüsusi seçilmiş tələbələr qəbul edilirdi. SSRİ dağılandan və sosialist düşərgəsi iflasa uğrayandan sonra beynəlxalq münasibətlər elmi bu məkanda da hamı üçün açıq elmə və praktiki fəaliyyətə çevrildi. 1991-ci ildən başlayaraq beynəlxalq münasibətlər elmi Azərbaycana da qədəm qoyub və bu gün respublikamızın ali məktəblərində, elmi institutlarında tədqiq və tədris olunur.

Beynəlxalq münasibətlər elminin tədqiqat obyekti həddən artıq mürəkkəb, daxili qanunauyğunluqlara tabe olmayan, idarə edilməsi və tənzimlənməsi daha çox subyektiv faktorlardan asılı olan – dünyanın ayrı-ayrı aktorları arasında cərəyan edən mürəkkəb sosial-siyasi reallıqlar və bu prosesdə iştirak edən dövlətlər, insan cəmiyyətləri, təşkilatlar və konkret insanlar arasında həyata keçirilən müxtəlif səviyyəli təmaslardır. Beynəlxalq münasibətlər də başqa elmlər kimi, özünün tədqiqat predmetlərinə malikdir. Beynəlxalq münasibətlərin tədqiqat predmeti bu elmin ümumi anlayışından doğur. Tədqiqatçılar beynəlxalq münasibətləri “dünyada mövcud olan dövlətlər, dövlətlər qrupu, siniflər, sosial, iqtisadi, siyasi güclər, təşkilatlar və hərəkatlar, xalqlar və ayrı-ayrı insan qrupları arasında beynəlxalq aləmdə (öz ölkəsinin sərhədləri xaricində istənilən təmas nəzərdə tutulur) həyata keçirilən siyasi, iqtisadi, ideoloji, hüquqi, mənəvi, diplomatik və başqa əlaqələrin birgə məcmusu” kimi xarakterizə edirlər. Beynəlxalq münasibətlərin obyekt və predmetləri sırasına: - dünyanın maddi (iqtisadi, hərbi, geosiyasi, demoqrafik, texniki və s.) və mənəvi (ideoloji, hüquqi, informasiya, etik və s.) faktorları və onların subyektlərarası münasibətlərə təsiri; - aktorlararası diplomatik, strateji, sosial, mədəni, elmi və s. münasibətlər; bu münasibətlərin əsasını təşkil edən mənəvi-əxlaqi, hüquqi, sosial-mədəni və s. normalar; - dünya siyasətinə təsir göstərən informasiya, maliyyə, kommunikasiya, miqrasiya və s. proseslər; - beynəlxalq aləmdə qərarların qəbul olunması, əməkdaşlıq, danışıqlar, konfliktlər və s. proseslər; - beynəlxalq aktorlararası münasibətlərin vəziyyəti, onlara təsir göstərən faktorlar (dünyada baş verən transmilli proseslər və onların dövlətlərarası əlaqələrə, dünya siyasətinə təsiri və s.); - ölkələrdaxili və ölkələrarası münasibətlərə təsir göstərən faktorlar, hadisələr, normalar, proseslər, onlar arasındakı əlaqə və bağlılıq və s. aid edilir. Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, beynəlxalq münasibətlərin nə qədər geniş sahəni əhatə etməsinə və tərkibinin çoxsaylı aktorlardan (subyektlərdən) təşkil olunmasına baxmayaraq, bu münasibətlərin əsasını hələ də dövlətlərarası qarşılıqlı siyasi və diplomatik əlaqələr təşkil edir. Bu da ondan irəli gəlir ki, tarixin inkişafının hansı mərhələsində yaranmasından və bundan sonra neçə müddət davam edibetməyəcəyindən asılı olmayaraq, insanları hələ də bir-birindən köklü şəkildə ayıran və onlar arasındakı münasibətlərə müəyyən rəsmi status verən varlıq rolunda dövlət, onun sərhədləri və vətəndaşları çıxış edir. Baxmayaraq ki, son illərdə dünya siyasətinin transmilliləşməsi və qloballaşma milli sərhədləri, dövlətlərin daxili həyatını şəffaflaşdırmış və suveren dövlət hüquqlarını ayrıca götürülmüş bir dövlətin daxili monopoliyasından çıxararaq beynəlxalq proses və tendensiyalardan asılı vəziyyətə salmışdır. Tədqiqatçılar beynəlxalq münasibətlərin bəzi xarakterik xüsusiyyətlərini də qeyd edirlər. Onların fikrinə görə, başqa tədqiqat sahələrindən fərqli olaraq, beynəlxalq münasibətlərə tənzimlənməsi çox çətin olan anarxizm, yəni hamı tərəfindən qəbul edilmiş tənzimləyici yuxarı instansiyanın və qəbul olunmuş qərarların icrasının məcburi təminat mexanizminin yoxluğu xasdır. Odur ki, beynəlxalq münasibətləri bəzən “suverenlik plüralizmi”, hər bir iştirakçının öz düşüncəsinə, gücünə və resurslarına uyğun qəbul etdiyi riskli qərar sahəsi kimi də xarakterizə edirlər. Beynəlxalq münasibətlərin xarakterik xüsusiyyətləri sırasına bir neçə mühüm cəhəti də aid edirlər: - əsrlər boyu beynəlxalq münasibətlərin vəziyyəti, strukturu və konfiqurasiyaları nəticəsində formalaşmış davranış və hüquq normalarının getdikcə dövlətlərarası münasibətlərin institutlaşmasına və onun iştirakçılarının davranışına təsirinin artması; - ziddiyyətli xarakteristikaya malik olması (tamlıq və fraqmentarlıq, tarixi varislik və təsadüfilik, əməkdaşlıq və münaqişə, inteqrasiya və mərkəzdənqaçma tendensiyaları və s. proseslərin eyni zamanda müşahidə olunması); - dünyanın qloballaşmasının, qlobal iqtisadi, siyasi, maliyyə, strateji, informasiya və ekoloji proseslərin dövlətlərarası əlaqələrə, beynəlxalq münasibətlərə mənfi, yaxud müsbət təsiri, milli sərhədlərin və suverenliyin tədricən itirilməsi, milli və transmilli maraq toqquşmalarının müşahidə edilməsi; - beynəlxalq münasibətlərin tərkibinin mürəkkəbləşməsi, ənənəvi dövlət və hökumətlərarası təşkilatlarla yanaşı bu əlaqələrə qeyri-hökumət qurumlarının, transmilli korporasiyaların, kütləvi informasiya vasitələrinin, firmaların, bankların, maliyyə qurumlarının, həmkarlar ittifaqlarının, destruktiv qüvvələrin, etnik elementlərin, dini, milli təşkilatların, diasporların və s. qoşulması; - beynəlxalq münasibətlərin əsas iştirakçıları olan milli dövlətlərin getdikcə öz suveren hüquqlarını (təhlükəsizlik, sərhəd, vətəndaşlarının qorunması və s.) itirməsi, insan hüquq və azadlıqlarının, insanlararası sərbəst mübadilə prinsiplərinin transmilliləşməsi; - beynəlxalq münasibətlərin iştirakçılarının (aktorların) subyektivliyi, öz düşüncələrindən, dünyagörüşündən, gücündən, marağından çıxış edərək beynəlxalq aləmi öz istəklərinə uyğunlaşdırmağa çalışmaları; - beynəlxalq münasibətlərin konkret məkan və zamana, daxili sabit qanunauyğunluqlara, struktur bölgüsünə, iyerarxik düzüm mexanizmlərinə malik olmaması və s. Bütün bu xarakterik xüsusiyyətlər onu göstərir ki, beynəlxalq münasibətləri tədqiq etmək, ümumiləşdirmələr aparmaq, konkret elmi nəticələr çıxarmaq, onun daxili qanunauyğunluqlarından çıxış edərək elmi, praktiki tövsiyələr vermək çox çətindir. Beynəlxalq aləmdə və beynəlxalq münasibətlər sistemində baş verən hadisələri, cərəyan edən prosesləri dərk etmək, anlamaq və izah etmək, onun səbəblərini, qarşısının alınması yollarını dəqiq müəyyənləşdirmək üçün 100 ilə yaxındır ki, dünya filosofları, tarixçiləri, hüquqşünasları, sosioloq və politoloqları ciddi səy göstərirlər. Lakin bu hələ ki, heç bir mütəxəssisə nəsib olmayıb. Beynəlxalq münasibətlər elminin əsas tərkib hissələri – beynəlxalq münasibətlər nəzəriyyəsindən; beynəlxalq münasibətlər sisteminin formalaşması, inkişafı və diplomatiya tarixindən; beynəlxalq münasibətlər sistemi və dövlətlərarası əlaqələrin sosioloji tədqiqatından; geosiyasətdən; beynəlxalq münasibətlər və müasir dünya siyasətindən ibarətdir. Göründüyü kimi, beynəlxalq münasibətlər milli dövlətlərin sərhədləri xaricində hər gün baş verən çoxsaylı hadisələr, faktlar, proseslər, görüşlər, danışıqlar, münaqişələr, davranışlar və s. ibarətdir. Ayrı-ayrılıqda bu faktorlar beynəlxalq aləmdə cərəyan edən proseslərin mahiyyətini, səbəblərini və tendensiyalarını anlamaq üçün kifayət etmir. Beynəlxalq münasibətləri təşkil edən kompozisiyalar, faktlar, hadisələr arasında bağlılığı, ümumi əlaqəni və qanunauyğunluqları beynəlxalq münasibətlər nəzəriyyəsi öyrənir. Beynəlxalq münasibətlərin nəzəriyyə məktəbləri bu elmin ümumi anlayışlarını, kateqoriyalarını təklif edir ki, bunlarsız beynəlxalq aktorların fəaliyyətinin əsasını, səbəb və nəticələrini, bu məkanda baş verən hadisələrin xarakterini və tendensiyalarını müəyyən etmək mümkün deyildir. Hər bir elm kimi, beynəlxalq münasibətlər nəzəriyyəsi də beynəlxalq aləmdə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini, daxili və xarici faktorların bu hadisələrdəki rolunu, daha dayanıqlı, təkrarlanan və təsadüfi halların ümumiləşdirilib nəticə çıxarılması vəzifəsini icra edir. Bundan da bu elmin inkişaf qanunları və qanunauyğunluqlarının, tendensiya və perspektivlərinin proqnozlaşdırılması üçün istifadə edilir. Əlbəttə, dəqiq elmlərdən fərqli olaraq, ictimai elmlərdə “cəmiyyətin inkişafı haqqında” qanunlar dəqiq aksiom kimi deyil, daha çox ümumiləşmiş, tez-tez təkrarlanan, tendensiyaya çevrilmiş şərti xarakter daşıyır. Beynəlxalq münasibətlər nəzəriyyəsi də digər sosial elmlər kimi, ümumiləşmələr vasitəsilə beynəlxalq aləmdə baş verən hadisələrə şərh vermək cəhdidir. Beynəlxalq münasibətlər nəzəriyyəsinin bir elm kimi meydana çıxması XX əsrin ortalarından başlansa da, onun tarixi kökləri çox-çox uzaqlara gedib çıxır. Beynəlxalq münasibətlərlə bağlı ilk yazılı mənbələrdən biri yunan tarixçisi Fukididin (b.e.ə. 471- 401) “Peloponnes müharibəsinin tarixi səkkiz kitabda” adlı əsəridir. Afinalılarla lakedemonlar arasında uzun müddət davam edən, ağır və üzücü bir müharibə olan Peloponnes müharibəsinin səbəblərini göstərərkən Fukidid xüsusi diqqət yetirir ki, müharibədə iştirak edən hər iki tərəf nüfuzlu və inkişaf edən xalq idi və onların hər ikisi öz müttəfiqləri içərisində hakim mövqe tuturdu. Bu dövlətlərin hər biri özlüyündə bir imperiya idi və onlardan birinin qüvvətlənməsi, qonşu əraziləri öz tərkibinə qatması, yeni-yeni əraziləri işğal etməsi digəri üçün təhlükə törədirdi. Və təbii ki, digər dövlətlər də öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görürdülər ki, bu da öz növbəsində münaqişələr mənbəyinə çevrilir və nəticədə müharibələrə gətirib çıxarırdı. Bu əsərində Fukidid ilk dəfə olaraq suveren siyasi vahidlər arasında münasibətlər, o cümlədən ayrı-ayrı dövlətlərin maraqları və bu maraqların fərdlərin şəxsi maraqlarından üstün olması haqqında məlumat verir. Sonralar klassik və ya ənənəvi istiqamət adını almış bu təlim Nikollo Makiavellinin (1469-1527), Tomas Qobssun (1588-1679), Emerik de Vattelin (1714- 1767) və başqa mütəfəkkirlərin baxışlarında öz inkişafını tapmış, alman generalı Karl fon Klauzevssin (1780-1831) əsərlərində isə bitkin forma almışdır. T. Qobss hesab edirdi ki, insan təbiətən eqoist bir varlıqdır və onda gizli, keçici olmayan hakimiyyət arzusu vardır. Nə qədər ki, insanlar təbiətən öz bacarıqlarında bərabər deyillər, bir o qədər də onların rəqabəti, qarşılıqlı inamsızlığı, maddi nemətləri əldə etmək istəyi, nüfuzu və şöhrəti daim “hamının hamıya və hər bir adamın digərinə qarşı müharibəsinə” gətirib çıxarır. Onun fikrincə, maraq mübarizəsi bu insanlar arasındakı münasibətlərin təbii vəziyyətini təşkil edir ki, bu da müharibələrə səbəb olur. Nəticədə insanlar bir-birini daim məhv etməmək üçün ictimai saziş bağlamaq zərurətinə gəlirlər ki, bu da dövlətin yaranmasına gətirib çıxarır. Beynəlxalq münasibətlərlə bağlı müasir nəzəriyyələrin çoxsaylı təsnifatı mövcuddur. Bu təsnifatların bəzisində coğrafi meyarlar əsas götürülür və bunun əsasında da anqlo-sakson konsepsiyasına, bəzisində beynəlxalq münasibətlərə sinfi yanaşmaya, məsələn, sovet və çin nöqteyi-nəzərindən izaha, digərlərində isə (“üçüncü dünya”nı təmsil edən ölkələrin müəllifləri) qlobal izah etmə metoduna üstünlük verirlər. Bu cür tipologiya çərçivəsində isveçrəli müəllif Filipp Brayar ümumi nəzəriyyələrə siyasi realizmi, tarixi sosiologiyanı və beynəlxalq münasibətlərin marksizm-leninizm nöqteyinəzərindən izahını aid edir. Bundan başqa, beynəlxalq münasibətlərin çoxlu xüsusi nəzəriyyələri mövcuddur ki, onların sırasına beynəlxalq aktorlar nəzəriyyəsi (Baqat Korani), beynəlxalq sistem çərçivəsində qarşılıqıl təsir nəzəriyyəsi (Corc Modelski, Samir Amin, Karl Kayzer), dünya strategiyaları, konfliktləri və tədqiq olunması nəzəriyyələri (Lüsyen Puarye, Devid Sinqer, Yoxan Qaltunq), inteqrasiya nəzəriyyələri (Amitai Etsioni, Karl Doyç), beynəlxalq təşkilatlar nəzəriyyəsi (İnis Klod, Jan Siotis, Ernst Xaast) daxildir. Bəzi tədqiqatçılar hesab edirlər ki, beynəlxalq münasibətlər nəzəriyyəsində əsas ayırıcı xətt bu və ya digər tədqiqatçılar tərəfindən istifadə olunan metoddur və bu nöqteyi-nəzərdən də onlar beynəlxalq münasibətlərin təhlili üzrə “klassik” və “elmi” metod nümayəndələri arasındakı mübahisəyə əsas diqqət verirlər. Nəhayət, başqa qrup tədqiqatçılar beynəlxalq münasibətlərdə kompleks meyarlara əsaslanaraq (Kanada alimi Baqat Korani), beynəlxalq münasibətlər nəzəriyyələrinin tipologiyasını həm özünün istifadə etdiyi metodlar (“klassik” və “modernist”), həm də dünyada konseptual baxışları ilə seçilən (“liberal-plüralist” və “materialist-strukturalist”) metodlar üzərində qururlar. Nəticədə siyasi realizm (Q. Morqentau, R. Aron, X. Bal), bixeviorizm (D. Sinqer, M. Kaplan), klassik marksizm (K. Marks, F. Engels, V. Lenin), neomarksizm və ya “asılılıq” məktəbi (İ. Vallerstayn, S. Amin, A. Frank, F. Kardoza) kimi istiqamətləri ayırırlar. Buna oxşar formada da Daniel Kolyar “Təbii vəziyyət” klassik nəzəriyyəsinə (daha doğrusu, siyasi realizm), “beynəlxalq aləm” nəzəriyyəsinə (və ya siyasi idealizm), marksist ideoloji cərəyanına və onun çoxsaylı interpretasiyalarına, anqlo-sakson cərəyanına, beynəlxalq münasibətlərin fransız məktəbinə diqqət yetirir. Marsel Merl hesab edir ki, beynəlxalq münasibətlərlə bağlı müasir elmdə əsas istiqamətlər tradisionistlər (ənənəviçilər), yəni klassik məktəbin davamçıları (Hans Morqentau, Stenli Hoffman, Henri Kisincer), anqlo-sakson bixeviorizm və funksionalizm sosioloji konsepsiyaları (Robert Koks, Devid Sinqer, Morton Kaplan, Devid İston), marksist və neomarksist cərəyanlarla (Pol Baran, Pol Suzi, Samir Amin) təmsil olunurlar. Beynəlxalq münasibətlərlə bağlı müasir nəzəriyyələrin müxtəlif təsnifatının nümunələrini artırmaq da olar. Ancaq burada üç əsas cəhəti xüsusi qeyd etmək lazımdır. Birincisi, istənilən təsnifatlar şərti xarakter daşıyır və beynəlxalq münasibətlərin təhlilində müxtəlif nəzəri baxışlar və metodoloji yanaşmaların hamısını özündə əks etdirmək qabiliyyətində deyil. İkincisi, nəzəriyyələrin çoxluğu o demək deyildir ki, müasir nəzəriyyələr əvvəldə göstərilən üç əsas nəzəriyyə ilə “qan qohumluğunu” aradan qaldırıb. Nəhayət, üçüncüsü, hələ də rast gəlinən ziddiyyətli fikirlərə baxmayaraq, əvvəlki barışmaz nəzəriyyələr arasında sintez, qarşılıqlı zənginləşmə, qarşılıqlı “kompromis” əlamətləri hiss olunur. Bu nəzəriyyələrdən bir neçəsinə diqqət yetirək. Beynəlxalq münasibətlər nəzəriyyəsinin əsasını XX əsrin ortalarında ingilis tarixçisi E. Karr, ABŞ politoloqları N. Morqentau və R. Aron qoymuşlar. Onlar beynəlxalq münasibətlər nəzəriyyəsinə siyasi realizm düşüncəsi gətirərək, bu münasibətlərin ümumi tənzimləmə mexanizminə malik olmaması, vahid mərkəzdən idarə olunmaması, hamı üçün məcburi normaların yoxluğu üzündən qeyri-sabit xarakter daşımasını əsaslı dəlillərlə sübuta yetirmişlər. Siyasi realizm cərəyanına görə, beynəlxalq münasibətlərin əsas subyektləri olan milli dövlətlər öz milli maraqlarını təmin etmək üçün başqa subyektlərlə beynəlxalq məkanda mübarizə aparır və hər bir subyekt öz gücünə görə məxsusi maraqlarını təmin edir. Bu səbəbdən beynəlxalq münasibətlərdə dövlətlərarası münaqişələr və müharibələr baş verir. Beləliklə, siyasi realistlər beynəlxalq münasibətlərin əsasına dövlətlərin fərqli milli maraqlarını və bu əsasda daim davam edən münaqişələri qoyaraq, vəziyyətdən çıxışı böyük dövlətlərin güc balansının (müvazinətin) yaranmasında görürlər (SSRİ və ABŞ arasındakı ideoloji-sinfi qarşıdurmanı və silahlanma yarışını əsaslandırırlar). Əlbəttə, siyasi realizm nəzəriyyəsi beynəlxalq münasibətlər haqqında ilk təkmil nəzəriyyə olmaq etibarilə uzun müddət (1945-1980-ci illər) həm siyasi dairələrin, həm də dünya elmi ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. 1980-ci illərin əvvəllərində beynəlxalq aləmdə siyasi realizm nəzəriyyəsinə yeni bir alternativ nəzəriyyə məktəbi opponentlik etməyə başlayır. “Neorealizm” adlanan bu nəzəriyyəni elmi ədəbiyyata Kenned Uols özünün “Beynəlxalq siyasət nəzəriyyəsi” adlı kitabı ilə gətirmişdir. K. Uols beynəlxalq münasibətləri vahid bir orqanizm – dövlətlərarası əlaqələr sistemi kimi xarakterizə edir. Bu sistemin fəaliyyət prinsipləri daimidir, getdikcə təkmilləşir və hamı üçün məcburi olan hüquq normaları ilə tənzimlənir. Beynəlxalq hakimiyyət dünyada mövcud olan güc balansları (aparıcı dövlətlər nəzərdə tutulur) arasında bölüşdürülür ki, bu da qüvvələr tarazlığını qoruyub saxlayır. Dövlətlər belə şəraitdə beynəlxalq münasibətlər sisteminin qayda-qanununa tabe olmağa məcbur edilir, daxili və xarici təsir mexanizmləri ilə onların davranışı idarə olunur. Göründüyü kimi, beynəlxalq münasibətləri dövlətlərin milli maraqlarının daimi və idarəolunmaz (anarxik) münaqişə meydanı kimi təsvir edən siyasi realizm tərəfdarlarından fərqli olaraq, “neorealistlər” daha optimistdirlər və beynəlxalq münasibətləri idarə olunan sistem kimi dəyərləndirirlər. Əlbəttə, çoxqütblü dünya siyasəti şəraitində bu nəzəriyyə daha həyati görünürdü və elə bu səbəbdən də dünyada uzun müddət öz aparıcı mövqeyini qoruya bilmişdir. 1993-cü ildə dünya SSRİ və sosialist düşərgəsinin iflası və gələcək beynəlxalq münasibətlərin perspektivlərini müzakirə etdiyi bir vaxtda ABŞ politoloqu S. Hantinqtonun sonradan “postklassik yanaşma” adı ilə tanınan yeni bir nəzəriyyəsi - sivilizasiyaların mübarizəsi versiyası dünya siyasətşünaslarının müzakirə obyektinə çevrilir. S. Hantinqtona görə, beynəlxalq münasibətlərin əsas aktoru hesab olunan dövlətlər artıq öz yerlərini sivilizasiyalara təhvil verməkdədir. Bundan sonra beynəlxalq münasibətlər müxtəlif tarixi kökləri, dili, dini, ənənələri ilə bir-birindən fərqlənən sivilizasiyalararası mübarizədən asılı olacaq və dünya siyasəti bu faktor üzərində qurulacaq. O hesab edir ki, insanlar arasında sinfi fərqləri, düşüncə yönlərini dəyişmək olar, lakin heç vaxt müsəlmanı xristian, indusu katolik, yaponu afrikalı, latın amerikalını isə slavyan-pravoslav etmək mümkün deyil. Deməli, dinlərarası (sivilizasiyalararası) mübarizə davam edəcək, daha güclü olan öz sivilizasiyasını digərlərinə qəbul etdirəcək.
Yüklə 32,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin