Ziqmund freyd bir illüziyanın gələcəyi erix fromm psixoanaliz və din


E.FROMM. SEVMƏK SƏNƏTİ: sevgi təbiətinin təhlili



Yüklə 5,5 Mb.
səhifə4/8
tarix01.02.2020
ölçüsü5,5 Mb.
1   2   3   4   5   6   7   8

E.FROMM.
SEVMƏK SƏNƏTİ: sevgi təbiətinin təhlili

Müqəddimə


Görkəmli psixoloq, filosof və sosioloq Erik Fromm 1900-cu ildə, yəhudi ailəsində anadan olmuşdur. Babası və ulubabası ravvin olmuşdur, atası ticarət işləri ilə məşğul olur, ailədə dini adətləri qoruyaraq, onlara əməl edirdi. Anası Rusiyadan köçən emiqrant ailəsindən idi. E.Fromm Almaniyanın ən yaxşı universitetlərində çox yüksək bilik qazana bilmiş, sosial psixologiya üzrə ixtisaslaşmışdı.

Onun peşə seçiminə, ailədə vərdiş etdiyi insanın daxili aləminə diqqətlə yanaşı, Birinci dünya müharibəsi dövründə törədilən kütləvi qırğınların dəhşətləri, onun ardınca isə Rusiya və Almaniyada baş vermiş inqilabların sarsıntıları təsir etmişdir. Söhbət sivilizasiyanın yeni istiqamətlərin yaranmasından (O.Şpenqlerin “Avropanın qürubu” əsərini xatırladın) gedirdi və bir çox humanist təfəkkürlü alimlər bu, yəqin ki, ictimai həyatın, şüurun vəhşilməsinə gətirib çıxara biləcək fəlakətlərin sosial və psixoloji tədqiqinə müraciət etməli olmuşdular.

E.Fromm M.Veber, K.Yaspers, H.Rikkert kimi görkəmli mütəfəkkirlərin şagirdi olmuş, eyni zamanda Z.Freyd və K.Marksın təlimlərinə dərindən yiyələnmişdi. Heydelberq universitetini bitirəndən sonra E.Fromm Berlin psixoanalitik institutunda hazırlıq kursunu keçdi və 1925-ci ildən xəstələri müalicə edən psixoanalitik vəzifəsində çalışmağa başladı. Freydin psixoanaliz nəzəriyyəsi isə Avropanı fəth edərək, artıq okeanın o tayında da geniş yayılmaqda idi.

Geniş təcrübə, xəstələrlə ünsiyyət əsasında E.Fromm insan psixikasının formalaşmasında bioloji və sosial başlanğıcların nisbətinə yeni baxış irəli sürdü. Empirik materialın təhlilini E.Fromm Frankfurt–Maynda fəaliyyət göstərən Sosial tədqiqatlar institutu ilə əməkdaşlıq zamanı aparmışdır (1929-1932). İnstitutun sosial psixologi­ya şöbəsinin rəhbəri olan E.Fromm 1932-ci ildə böyük sosial qrupların davranışında bişüuri amillərin öyrənilməsi işini təşkil etdi. O, belə bir qənaətə gəldi ki, fəhlələr faşizm rejiminə müqavimət göstərməyəcəklər.

Hitler 1933-cü ildə hakimiyyətə gələndən sonra E.Fromm Sosial tədqiqatlar institutunun digər əməkdaşları ilə bir yerdə Almaniyadan köçdü. Amerikaya gələn E.Fromm avtoritarlıq fenomeninin təhlilini davam etdi. 1941-ci ildə ABŞ-da E.Frommun ingilis dilində “Azadlıq­dan qaçış” kitabı nəşr edildi. Burada faşizmin müxtəlif təzahürləri ifşa edilirdi. Bu kitab E.Frommu Amerikaya tanıtdı, Almaniyada isə nifrətlə qarşılandı. Müharibə qurtarandan sonra o, vətəninə bir də qayıtmadı. E.Fromm, əvvəl Frankfurt məktəbindən olan həmkarları ilə birgə ABŞ-da, sonra isə Meksikada geniş tədqiqatlar və pedaqoji fəaliyyətlə, nevrozların müalicəsində geniş kliniki işləri ilə məşğul olur. Ona dünya şöhrətini gətirən “Özü üçün insan” (1947), “Nağıllar, əfsanələr və yuxular” (1947), “Sağlam cəmiyyət” (1955), “Sevmək sənəti” (1956), “Ümidlər inqilabı” (1968), “Əldə etmək və ya var olmaq” (1976) və bir çox digər kitablar həmin dövrdə çıxmışdır.

Qeyd edilən sonuncu kitab Fransa filosofu Q.Marselin “Var olmaq və ya əldə etmək” kitabına (burada E.From­mun düşüncəsinə yaxın olan, texniki sivilizasiya, təbii ne­mət­lərin ölçüsüz istehlak səcdəsinin mənfi cəhətləri haq­qın­da mühakimələr irəli sürülür) bir cavab idi. E.Frommun ki­ta­bında yarımsərlövhəsi “Humanistləşmiş texnologiyaya doğru” adlanır.

E.Fromm, Z.Freydin nəzəriyyəsinə yenidən baxılması və yaradıcı işlənməsi nəticəsində müasir humanitar elmin ən qüdrətli qollarından biri sayılan neofreydizmi yaratdı.

E.Fromm, insan davranışının bioloji cəhətlərindən daha çox psixikanın formalaşmasının sosial amillərinə diqqət yetirməklə, bir növ hər iki mühüm sayılan tərəfi tarazlaşdırmağa çalışırdı. Bu zaman o, insanın əmək və həyat fəaliyyətində öz mahiyyətindən təcridolunma, özgələşmə haqqında Marksın təliminə istinad edir (insan burada məqsəd yox, vasitə kimi istifadə edilir). Freydizmin marksizm ilə sintezin müxtəlif variantları üumiyyətlə Frankfurt məktəbinin bir çox nümayəndələrinə xas idi; fərq isə ictimai strukturların yenidən qurulmasında inqilabi amilin qiymətdəndirilməsinin xarakterində idi.

Məsələn, o, “Sevmək sənəti” əsərində H.Markuze ilə polemika aparır. H.Markuze “Eros və sivilizasiya” əsərində neofreydistləri, o cümlədən K.Xornini və E.Frommu, freydizmin konformist (simasız) xarakterli, bütün dövr və mədəniyyətlər üçün yarayan (daha doğrusu, yaramayan) əxlaqi moizəyə çevrilməsində günahlandırır. E.Fromm isə H.Mar­ku­zeni 1968-ci ildə baş vermiş guya seksual inqilab və gənclər inqilabı olan hadisələri əmələ gətirən ideyalarına görə tənqid edirdi. H.Markuze “istehlakçı” cəmiyyətin xəstəliklərinin müalicəsini inqilabi, cərrahiyyə əməliyyatı yolu ilə təklif edir. E.Fromm isə yalnız ayrı-ayrı insanların qəlbinə həkk olmaq şərtilə cəmiyyətdə yaşaya biləcək əbədi əxlaqi dəyərlərin əsasında tərbiyə, maarifləndirmə, humanistləşmənin terapevtik metodlarına daha çox meylli idi. Burada bünövrə haqqında köhnə fəlsəfi mübahisə, yəni nədən başlamalı – “mən”dən yoxsa “biz”dən baş qaldırır.

E.Fromm başa düşürdü ki, insanı tarix yaradır və onun ən məşhur kitablarından biri – “Özü üçün insan” məhz bu problemə həsr edilmişdir. Geniş oxucu kütləsinin rəğbətini qazanmış bu kitabda müxtəlif mədəniyyət tipləri əsasında formalaşan sosial xasiyyət növləri, burada humanist və avtoritar etikanın rolunu göstərilmiş, belə bir nəticə çıxarılmışdır ki, Kantın dediyi kimi, insan hakimiyyətin xarici nüfuzuna, şəxsiyyətin nüfuzuna, ictimai rəyin anonim nüfuzuna qarşı öz ağıl və iradəsini qoya bilər. E.Frommun qənaətinə görə insan, avtoritarlığın müxtəlif növlərindən müstəqilliyə nailolma, kamilləşmə yolunu seçərək xilas ola bilər.

Həmin bu fikir «Sevmək sənəti» kitabı üçün də əsasdır. İnsan sərbəst şəkildə iki uçurum – təcavüzkarlıq və üzüyola itaətkarlıq arasında seçim qarşısında qalır. Ağıl onu digər canlı məxluqlardan fərqləndirirsə, onda onun ümid yeri elə ağlın özüdür. Bununla belə E.Frommu xalis rasionalçı hesab etmək olmaz, çünki onun insan irrasionallığının öyrənilməsi işində də olduqca böyük təcrübəsi var. Bunun rolunu o, istər şəxsiyyət, istərsə də böyük sosial qruplar səviyyəsində gözəl başa düşürdü.

O, hələ Qədim Romada “Hər bir senator – xeyirxah insan, senat isə – acıqlı kələkbazdır” kimi məzəli aforizm ilə ifadə olunan həqiqəti çox yaxşı qavramışdı. Hələ II Dünya müharibəsi ərəfəsində E.Fromm vurğulayırdı ki, totalitarizm, yəni müstəqil fikrin və iradə azadlığının məhvi, ancaq hakimiyyət terroru və onun zəbt edilməsi ilə yox, həm də milyonlarla öz azadlığı və şüurunun qədrini bilmək bacarığı olmayan, nəticədə bu müharibəni susmaqla törədən, cinayətlərə müşahidə edən, bəlkə də burada cəlladlıq edən insanların bacarıqsızlığı ilə izah edilməlidir.

Əslində, bu günkü dünyada da sonu olmayan zorakılığa, ağlasığmaz dağıdıcılığa qarşı yeganə layiqli və etibarlı vasitə ağıl və xoşməramlı iradədir. Bu, ekologiyaya, təlimə, tərbiyəyə, pedaqogikaya da aiddir.

“Sevmək sənəti” E.Frommun ən çox oxunan kitab olduğunu desək, yanılmarıq: ABŞ-da uzun illər bestseller olmuş, neçə digər ölkələrin dillərinə tərcümə edilmişdir. Yalnız ingilis dilində onun ümumi tirajı 5 milyonu ötmüşdür. Kitabın dəst-xətti, üslubu oxucularda səmimilik və etibarlılıq əhval-ruhiyyəsini yaradır. Müəllif öyüd-nəsihət, ibrətvermə həvəsinə düşmür, o, insanları öz dərdini araşdırmağı, qorxu, inamsızlıq, ümidsizlik ilə mübarizədə qalib gəlməyi, qəlbində sevgi hissini yaratmağı öyrədir. Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır.

C.Selincer öz əsərlərinin birində F.Dostoyevski adından belə sözləri işlədir: “Atalar, müəllimlər, sizdən soruşuram: cəhənnəm nədir?» Cavab verirəm: sevmək mümkünsüzlüyü”. Bütün humanitar fəlsəfi və dini sistemlər bu fikirdə eynidir: sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər. İnsanda alçaq və kölə halına düşməkdən azadlığı, cəmiyyətdə isə – özünüifadə etmək azadlığı.

E.Fromm, bu böyük humanist ənənəyə sadiq qalaraq, mövcudat problemlərinin həllində yeganə və ən etibarlı vasitəsinin sevgi olduğunu bir daha xatırlatdı. Vaxtilə Empedokl öyrədirdi ki, dünyanı iki, bir-birinə zidd qüvvələr – sevgi və düşmənçilik idarə edir. Müasir dildə bu iki kosmik başlanğıcı xeyir enerjisi və şər enerjisi kimi qeyd edirlər. Sevgi ilə deyilən hər bir söz, görülən hər bir iş xeyir enerjisini, hiddətli söz və pis iş, əksinə, dağıdıcılıq enerjisini artırır. Hər an burada mübarizə gedir; qalib gələn bəşəriyyətin gələcəyini müəyyən edir.

XX əsrdə bu faciəvi seçimin qlobal nəticələrini (xüsusilə ekoloji böhran fonunda) dərk edən mütəfəkkirlər, siyasi xadimlər kifayət qədər olmuşdur. Bəzilərinin adı bu kitabda çəkilir (A.Şveytser, S.Veyl, R.Şteyner və s.). E.Fromm öz kitabında nəsildən-nəsilə nəinki ideyalar və təlimlər məcmusunu, həm də bu ideyaların təcəssümü olan həyat tərzinin ötürülməsi zərurətini vurğulayır. Sevgi nədir, insanlara onun faydası nədədir? suallara E.Fromm müxtəlif dövrlər və mədəniyyətlərin geniş materiallarından istifadə etməklə cavab verməyə çalışır. Burada həm makrosəviyyə (sosial-siyasi qüvvələr, böyük insan kütlələri timsalında), həm də mikrosəviyyəyə (insanın istər sağlam, istərsə də xəstəliyə düçar olmuş ruhi-mənəvi aləmi) aid materiallardan istifadə olunmuşdur.

Ön söz

Əgər siz sevmək sənətindən sadə bir təlimat əldə etmək istəyirsinizsə, bu kitabı oxumaq sizə məyusluq gətirəcək. Əksinə, bu kitabın məqsədi – sevginin, yetkinlik səviyyəsindən asılı olmayaraq, hər hansı bir adamın yaşaya biləcəyi sentimental hiss olmadığını göstərməkdir. O, oxu­cu­nu inan­dırmaq istəyir ki, əgər o, həyatda səmərəli nəticə əldə etmək üçün bütövlükdə öz şəxsiyyəti inkişaf etdir­mir­sə, onun bütün sevgi cəhdləri uğursuzluğa məhkumdur; fərdi sev­gidə məmnun olmanın əldə edilməsı, öz yaxınını sevmədən, hə­qi­qi insaniyyət, cəsarət, inam və intizam olmadan baş verə­ bil­məz. Bu xüsusiyyətlərdən kasıb olan mədəniyyətlərdə sevgi qabiliyyətinin əldə olunması nadir nailiyyət olaraq qalır. Qoy hər kəs özündən soruşsun ki, o, nə qədər həqiqətən sevən adama rast gəlib.

Lakin, məsələnin çətinliyi bu çətinlikləri və onların həl­li yollarının dərketmə cəhdlərinin qarşısını gərək almasın. Süni ən­gəl­­lərdən qaçmaq üçün mən bu problemi müm­kün qədər sa­də dildə ifadə etməyə çalışmışam. Həmin sə­bəb­dən də mən sevgi haqqında ədəbiyyata istinadları minimu­ma endir­mi­şəm.

Mən, bəzi problemlərin qənaətbəxş həllini tapa bilməmişəm, yəni əvvəlki kitablarımda ifadə etdiyim ideyaların tək­rarından yan keçə bilməmişəm. “Azadlıqdan qaçış», “Özü üçün insan”, “Sağlam cəmiyyət”lə tanış olan oxucu oradakı bir çox ideyalarla burada da rast gələ bilər. Lakin “Sevmək sənəti” heç də artıq məlum olanın təkrarı deyildir. Bu kitabda deyilən bir çox ideyalar əvvəl yığdığımın sərhədlərindən kənara çıxır və bu da təbiidir, çünki, hətta köhnə ideyalar bu məsələ – sevmək sənəti məsələsi ilə bağlı inkişaf edərək, qəfildən yeni perspektiv əldə edirlər.


I. Sevmək sənətdirmi?

Sevgi sənətdirmi? Əgər cavab “bəli”dirsə o, bilik və səy tələb edir. Və ya, bəlkə sevgi – hiss edilməsi təsadüfdən asılı olan və insanın bəxti gətirəndə payına düşən xoş bir his­­sdir? Bu balaca kitab ilk mülahizəyə əsaslanmışdır. Lakin yenə də insaların çoxu heç şübhəsiz, ikinciyə əsaslanaraq çıxış edir­­lər.

Xeyr, insanlar sevgini qeyri-vacib hesab etmirlər. Onlar saysız-hesabsız xoşbəxt və bədbəxt sonluqlu filmlərə baxırlar, yüzlərlə axmaq sevgi mahnılarına qulaq asırlar, ona – sevgiyə acdırlar, lakin çətin ki, kimsə sevməyi öyrənməyi zəruri hesab edir. Bu xüsusi yönüm, onun qorunub saxlanma tendensiyasına malik bir neçə ya ayrı-ayrılıqda, ya da bir yerdə götürülmüş müqəddəm şərtə əsaslanır.

İnsanların çoxları üçün sevgi problemi sevməkdə, seç­məyi bacarmaqda deyil. Sevilməkdədir. Deməli, onlar üçün problemin mahiyyəti onları sevməkdə yox, özlərinə qarşı sevgi hissi yaratmaqdadır. Bu məqsədə onlar müxtəlif yol­larla nail olurlar. Daha çox kişilərin istifadə etdiyi birinci üsu­­lun mahiyyəti sosial vəziyyətin imkan verdiyi qədər uğur­lu, güclü və zəngin olmaqdan ibarətdir. Qadınların daha çox istifadə etdiyi ikinci üsul isə özünün bədəninə, geyiminə və s. diqqət yetirərək, özünü gözəl və cazibədar etməkdir. Həm ki­şi­lər, həm də qadınlar tərəfindən özünü cazibədar etmənin di­gər yolları etika qaydalarına riayət, maraqlı söh­bətetmə qa­biliyyəti, köməyə gəlməyə hazılıq, təvazökarlıq və s.-dir. Özunəsevgi hissi yaratmanın digər halları elə uğur­luluq əldə etmək, xeyirli dost və əhəmiyyətli əlaqələr qa­zanmaq üçün istifadə olunan yollardır. Deyəsən, bizim mə­dəniyyətimizin əksər insanları üçün sevgi hissi yaratma - ma­hiyyətcə, məlahətlilik və seksual cazibədarlığın birləşdirilməsidir.

Sevginin öyrənilməyə ehtiyacı olmayan bir şey kimi qəbul edilməsinə aid ikinci mülahizə bundan ibarətdir ki, insanların çoxu sevgi problemini qabiliyyətin deyil, obyektin problemi kimi təsəvvür edirlər. İnsanlar düşünür ki, sevmək asandır, əsl sevgi obyekti tapmaq və ya bu obyekt tərəfindən sevilmək isə çətindir. Bu yönümün müasir cəmiyyətin inkişafında kök salmış bir sıra səbəbləri vardır. Səbəbin biri, XX əsrdə baş vermiş “sevgi” obyekti” seçiminə münasibətin də­yişməsi ilə əlaqədardır.

Bir çox ənənəvi mədəniyyətlərdə ol­duğu kimi, viktorian dövründən da sevgi çox vaxt son­ra­dan nikaha aparan təsadüfi, şəxsi həyəcan deyildi. Əksinə ni­gah ya ailələr, ya da nigah işlərində vasitəçilərin köməyi ilə (və ya olmadan) razılığa əsaslanırdı: o, sosial şəraitin əsa­sın­da bağlanırdı və hesab olunurdu ki, sev­gi bundan sonra in­ki­şaf etməyə başlayacaq. Son illər qərb aləmində roman­tik sev­gi anlayışı geniş yayılıb. ABŞ-da nikahın müqavilə tə­biə­tinin tamamilə aradan çıxmasına baxmayaraq, insanların ək­səriyyəti romantik sevgi, şəxsi sevgi həyəcanının axtarışındadırlar. Sevgidə azadlığın bu yeni anlamı obyektin əhəmiyyəti­ni yüksəltməli və funksiyanın əhəmiyyətinə zərbə endirməli­dir.

Bu faktorlarla müasir mədəniyyətin daha bir səciyyəvi əlaməti sıx bağlıdır. Bizim mədəniyyətimiz almaq, qarşılıqlı səmərəli mübarizə hərisliyi üzərində qurulub. Müasir insanın xoşbəxtliyi mağaza vitrinlərinə baxıb nəqd və ya kreditlə, istədiyi hər bir şeyi əldə edərkən keçirdiyi sevinc hissindən iba­rətdir. O, insanlara da bu cür baxır.

Kişi üçün cazibədar qa­dın, qadın üçün isə cazibədar kişi qənimətdir. Cazibədarlıq şəxsi bazarda populyar və axtarılan xüsusiyyətlərin gözəl qutusunu ifadə edir. İnsanı daha da cazibədar edən nədir? Bu, konkret dövrün həm mənəvi, həm də fiziki dəbindən asılıdır. İyirminci illərdə cazibədar qadın içməyi və siqaret çəkməyi bacaran, müstəqil və seksual qadın hesab olunurdusa, müasir dəb daha çox evdarlıq və təvazökarlıq tələb edir. XIX əsrin sonu – XX əsrin əvvəllərində kişi cazibədar «məhsul” olmaq üçün aqressiv və şöhrətpərəst olmalı idisə, bu gün o, ünsiyyətli və səbrli olmalıdır. Həm də vurğunluq hissi adətən elə insan «məhsuluna” münasibətdə meydana gəlir ki, o, şəxsi seçim çərçivəsində olsun. Mən səmərə axtarıram: obyekt sosial dəyərlilik nöqteyi-nəzərdən arzu edilən olmalıdır və eyni zamanda mənim gizli və aşkar imkan və cəhətlərimi nəzərə alaraq məni arzu etməlidir.

İki insan bazarda alan ən yaxşı obyekti tapdıqlarını hiss edəndə vurulurlar, bu za­man şəxsi mübadilə fondunun sərhədlərini nəzərə alırlar. Çox vaxt daşınmaz əmlak alarkən, bu müqavilədə böyük rolu vaxt keçdikdən sonra inkişaf edəcək gizli imkanlar oynayır. Bazar oriyentasiyasının üstünlük təşkil etdiyi və mad­di uğurun ali dəyər ifadə etdiyi mədəniyyətdə, insanın sevgi mü­­nasibətlərinin bazar obrazlarına uyğun olması təəccüb do­ğur­mamalıdır.

Sevgidə nəyisə öyrənməyin lazımsızlığını fikrinə gətirib çıxaran üçüncü səhv ilkin vurğunluq hissinin daimi sev­gi halında olma ilə əvəz olunmasındadır. Əgər bizim hamı­mız kimi iki yad insan birdən-birə onları ayıran divarın uç­ma­sına imkan verirlərsə, bu an həyatda ən həyə­canlı anlardan biri olacaq. Əvvəllər təcrid olunmuş, tək qalmış sevgidən məhrum olmuş insanlar üçün ən gözəl və möcüzəli gö­rü­nən hər şey bundadır. Qəfil yaxınlığın möcüzəsi, fi­ziki ca­zi­bə­dən və onun təmin olunmasından başlayırsa, da­ha asan baş verir. Lakin, bu tip sevgi öz təbiətinə görə çox çəkən de­yil. İki insan bir-birini daha yaxşı tanıyır, onların yaxınlığı get­dikcə öz möcuzəli xarakterini itirir, nəhayət onların an­ta­qo­nizmi, məyusluğu və bir-birindən doyması, onların ilkin hə­yəcanından olan-qalanı da öldürür. Əvvəldə onlar bunun heç birini bilmirdilər; onları doğrudan da kor cazibə dalğası öz qoynuna almışdı. Bir-birinə olan dəlisayağı eh­tirasın gücü – onların sevgisinin gücünü sübut edə bilərdi. Lakin bu, gələcəkdəki tənhalığın səviyyəsini də ifadə edir.

“Sevmək kimi asan bir şey yoxdur” düşüncəsi, baxmayaraq ki, əksər hallarda əksinə olur – sevgi haqqında geniş ya­yılmış ideyadır. Çətin ki, sevgi kimi böyük ümid və gözləntilərlə başlayan və yenə də fiaskoya uğrayan başqa bir fəaliyyət, hansısa məğlubiyyət mövcud olsun. Əgər bu, hansısa başqa fəaliyyətlə bağlı olsaydı, insanlar uğursuzluğun sə­bəbini tapmaq üçün əllərindən gələni edərdilər və ya bu işdə daha doğru hərəkət etməyi öyrənərdilər və ya bun­dan im­tina edərdilər. Bir halda ki, sevgiyə münasibətdə axı­rıncı mümkün deyil, sevgidə uğursuzluqdan qaçmanın ye­ganə adek­vat yolu – bu uğursuzluğun səbəbini aydınlaşdır­maq və sevginin mənasını öyrənməkdir. Atılmalı birinci ad­­dım – sev­ginin yaşamaq kimi, sənət olduğunu dərk et­məkdir: əgər biz sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xar­­rat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi et­mə­liyik.

İstənilən sənətin öyrənilməsi üçün hansı addımlar gərək­­­­lidir?

Sənəti öyrənmə prosesini ardıcıl olaraq iki mərhələyə ayırmaq olar: birinci – nəzəriyyəyə yiyələnmə, ikinci – prakti­kaya yiyələnmə. Əgər mən tibbi sənətini öyrənmək istəyirəm­sə, mən ilk növbədə insan bədəninə, müxtəlif xəstəliklərinə aid faktları bilməliyəm. Lakin, mən hət­­ta bütün bu nəzəri bilikləri əldə etsəm də, tibb sənətində aparıcı rola malik ola bilmərəm. Mən bu işdə uzun sürən prak­tikadan sonra, nəzəri biliklərimin və praktikanın nəti­cə­­ləri bir araya – istənilən sənətin mahirlik mahiyyətini təş­kil edən intuisiyama gəldikdən sonra mahir bilici ola bilə­­rəm. Lakin nəzəriyyə və praktika ilə yanaşı, üçüncü faktor da var­dır ki, istənilən sənətin ustası olmaq üçün vacibdir – sənə­tə yiyələnmə ali diqqətin mərkəzi predmeti olmalıdır: dün­ya­­da bundan vacib heç nə olmamalıdır. Bu musiqiyə, tibbə, xar­rat işinə də, həmçinin sevgiyə də aiddir. Bəlkə, in­san­la­rın nə üçün burada uğursuzluqla qarşılanmasına baxma­yaraq, bu sənətin öyrən­mə­məsi suaılına cavab elə buradadır. Sevgiyə olan dərin ehti­yaca baxmayaraq, ondan başqa hər şey daha va­cib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. Bizim, de­mək olar ki, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinə isə, demək olar ki, heç nə sərf olun­mur. Bəlkə, pul və nüfuz əldə etməyə kömək edən şeyləri öyrənməyə qüv­və sərf etmək lazımdır, “ancaq ruha” xeyir verən və müasir mənada əhəmiyyətsiz olan sevgiyə isə elə də enerji sərf etməyə dəyməz? Necə də olmasa, bu kitabda tədqi­qatın son­rakı gedişi aşağıdakı bölgüdə aparılacaq. Birincisi, mən sevgi nəzəriyyəsini nəzərdən keçirəcəm; bu, kitabın çox his­sə­sini tutacaq, ikincisi, sevgi prak­tikasını, başqa bir sahədə olduğu kimi, burada da bu mə­nada danışmağa imkan verən qədər nəzərdən keçirə­cə­yəm.



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə