AZƏRBAYCAN – ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ
VƏ QARABAĞ MƏSƏLƏSİ
Zaqafqaziya Seymi dağıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyənləşdirmək zərurəti meydana çıxdı.Aleksandropolun (Gümrünün) Türkiyə tərəfindən tutulması ilə əlaqədar Ermənistan hökümətinin İrəvanı özünə siyasi mərkəz seçməsi məsələsi nəzərdən keçirildi. Azərbaycan Milli Şurası səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan Respublikasına güzəştə getdi. Lakin Milli şuranın bəzi üzvləri bir neçə gün sonra bu qərara etiraz etmiş, onun İrəvan quberniyası müsəlman əhalisinin gələcək taleyi üçün təhlükə yaradacağı ehtimalından narahat olduqlarını göstərmişdilər. Həmin 7 iyun tarixli iclasda Zaqafqaziya seymi üzvü olan daşnak partiyasının liderlərinin may ayının əvvəllərində müsəlman fraksiyasına təklif etdiyi siyasi alver yenidən müzakirə edildi. Ermənilər Bakıda, gələcək hökumətin sırf müsəlman deyil, beynəlmiləl xarakterdə olması və erməni hissələrinin Bakıda qalması müqabilində Bakı sovetinin buraxılmasını öz öhdələrinə götürürdülər. Lakin Azərbaycan Milli Şurası bu şərtləri rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bildirdi.
Siyasi gedişat tezliklə bu iki respublikanın bir konfederasiyada birləşməsinin mümkün olmadığını göstərdi. Bakı sovetinə tabe olan hərbi hissələrin Gəncə üzərinə yürüşü və Azərbaycan hökumətinin öz hakimiyyətini Azərbaycanın mərkəzində təsbit etmək məsələləri ilə məşğul olduğu bir dövrdə Ermənistan hökuməti fürsətdən istifadə edərək, bütün gücü ilə keçmiş İrəvan quberniyasını yerli qeyri-erməni əhalidən təmizləmək işini davam etdirirdi. Həmin ilin avqust ayının təkcə iki həftəsi ərzində bu mahallarda 50 kənd viran edilmişdi. Dünya müharibəsinin 1918-ci ilin ortalarında Ermənistan üçün çox ağır şərait yaratdığına baxmayaraq, o, İstanbula göndərdiyi nümayəndə heyətinə geniş ərazi iddiaları irəli sürməyi tapşırmışdı. Konfransda iştirak etmək arzusu ilə İstanbula getmiş Qafqaz nümayəndə heyətindən ən hazırlıqlısı ermənilər idi. Onlar konfransa xeyli statistik materiallar, eləcə də özləri hazırladıqları layihələr ilə gəlmişdilər.
Azərbaycan hökümətinin başının Bakı məsələsi və ölkənin mərkəzində dövlət orqanlarının yaradılmasına qarışdığı üçün ermənilər fürsətdən istifadə edərək, Azərbaycan hökumətinin hələ nüfuz dairəsində olmadığı yerlərdə bütün gücləri ilə etnik təmizləmə ilə məşğul olurdular. 1918-ci il iyun ayının 20-də böyük bir hərbi dəstənin başında General Andronik Naxçıvana daxil oldu. O, yol boyu müsəlman kəndlərini dağıtmış, yerli əhalidən xeyli adam məhv etmişdi. İki gündən sonra Andronik Culfaya gəlib, Araz çayını keçərək İran ərazisinə daxil oldu. Xoy yolu ilə Salmasa doğru hərəkət etməyə başladı. Məqsədi İrandakı ingilis qoşunları ilə birləşmək idi.
Lakin Osmanlı komandanlığı yolu kəsib, onu geri - Culfaya dönməyə məcbur etdi. Oradan Əbrəqunis kəndinə hərəkət edib, daha sonra isə Qafan istiqamətinə getdi. Andronikin dəstəsi onlarla müdafiəsiz kəndi darmadağın etmiş, minlərlə dinc müsəlman əhalini xüsusi vəhşiliklə qətlə yetirmişdi. Andronik kifayət qədər top və pulemyot əldə etmişdi. Andronik Zəngəzuru tam ələ keçirmiş, buradakı türk kəndlərini dağıtmış, əlinə keçən əhalini isə məhv etmişdi. Zəngəzurla kifayətlənməyən ermənilər öz nüfuz dairələrini qonşu mahallara da yaymağa çalışırdılar. Əlverişli şəraitdən istifadə edərək, ermənilər Qarabağın müxtəlif məntəqələrindən yığdıqları nümayəndələrin qurultaylarını keçirmiş, üç dəfə Azərbaycan hökumətinin xəbərdarlığına əhəmiyyət vermədən, Ermənistana birləşdiklərini bildirmişdilər.
Azərbaycanın Zəngəzur və Qarabağda yerli hakimiyyət orqanlarının ixtiyarında kifayət qədər qüvvə olmadığından, Andronik ordusu törətdiyi vəhşiliyi genişləndirirdi. Yerli mahal rəisləri mərkəzə bir-birinin dalınca kömək haqqında müraciətlər edirdilər. Azərbaycan hökuməti Andronikin törətdiyi qətl-qarət haqqında Ermənistan hökumətinə rəsmi nota göndərib, bu hərəkətlərin qarşısını almağı tələb etdi. Cavab notasında erməni hökuməti Andronikin hərəkətlərinin ona dəxli olmadığını bildirdi. Sentyabr ayında Bakı məsələsi həll edildikdən sonra Azərbaycan hökuməti Andronik dəstələri ilə mübarizə aparmaq üçün Qarabağa qoşun göndərdi. Andronikin dəstələri əzilərək, Əsgərandan, sonra Şuşadan çıxarıldı. Andronik özü Gorusa, oradan da İrəvana qaçdı.
Erməni təcavüzünün qarşısını almaq üçün iyul ayının 15-də Azərbaycan Respublikasının Nazirlər şurası Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Fövqəladə İstintaq Komissiyasıiın sədri Ələkbər bəy Xasməmmədov təyin edildi. Komissiya çox fəal şəkildə işə başladı, 1918-ci ilin qanlı mart hadisələrini, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiyi cinayətləri araşdırmağa balşadı. İstintaq Komissiyasının məhsuldar işləməsinə baxmayaraq, törədilmiş kütləvi cinayət hallarının həcmi komissiyanın öz işini yekunlaşdırmasına imkan vermədi.
Ermənilər Mudros barışığı və Antantanın müharibədən qalib çıxmasına sevindilər. Azərbaycan Respublikasının yaxın müttəfiqi Osmanlı imperiyasının müharibədə məğlubiyyəti Ermənistanın Azərbaycana münasibətində böyük dəyişiklik yaratdı. Azərbaycan Ordusunun hələ yaranmadığı, Azərbaycan hökumətinin ixtiyarında yerli əhalini qorumaq üçün kifayət qədər hərbi qüvvənin olmadığı, üstəlik Bakını işğal etmiş Müttəfiq qüvvələrin baş komandanı Tomsonun Azərbaycan hökumətini tanımaq istəmədiyi bu zaman kəsiyində ermənilərin hərbi səylərinin əsas istiqamətlərindən biri də Zəngəzur və Naxçıvan bölgələri idi. Noyabr ayının birinci yarısında Andronik Zəngəzurdakı bütün hərbi hissələrə və erməni əhalisinə əmrlə müraciət etdi. O, əslində Zəngəzurda özünü bütün hərbi dəstələrin baş komandanı elan edib, bütün hissələrin komandirlərindən onun bütün əmrlərinə cüzi sapma olmadan sözsüz əməl etmələrini tələb etdi.Erməni hökuməti keçmiş İrəvan quberniyası və qonşu mahallarda dinc əhalinin kütləvi qırğınını təşkil etməklə yanaşı, fürsətdən istifadə edərək Bakıda və Azərbaycan Respublikasının digər mərkəzi bölgələrində Azərbaycanın erməni əhalisinin təhlükəsizliyi məsələsini qaldırır.
1919-cu il yanvar ayının 29-da Azərbaycan Respublikasının Nazirlər şurası daxili işlər nazirinin Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir mahallarında müvəqqəti valilik (General-qubernatorluq) yaratmaq təklifini müzakirə edərək, müvəqqəti valiliyin yaradılması haqqında qərar qəbul etdi. Qarabağ və Zəngəzurda erməni basqınlarına qarşı mübarizədə böyük nüfuz və təcrübə qazanmış Xosrov bəy Sultanov vali təyin edildi. Buna cavab olaraq Erməni hökuməti dərhal Azərbaycan hökumətinə etiraz notası göndərdi və bu qərarı tanımayacağını bildirdi. Azərbaycanın o vaxtkı xarici işlər naziri A.Ziyadxan cavab notasında ermənilərin protestinin əsassız olduğunu göstərib, onu Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.
General Tomson Azərbaycan hökumətinin bu tədbirlərini qanuni hesab etdi.
Ermənilər üçün ən böyük zərbə Andronikin Zəngəzurdan çıxarılması haqqında General Tomsonun tələbi oldu. Tomsonun qərarına əsasən Andronik ixtiyarında olan qeyri-nizami dəstələri buraxmalı, 1300 nəfərlik piyada və 500 süvari ilə Yevlaxa qədər hərəkət etməli, oradan qatarla İrəvana yola düşməli idi. Lakin sonra Andronikin hərəkət istiqaməti dəyişdirildi, hərbi dəstələri buraxaraq, aprelin əvvəllərində o, İrəvana, oradan da xaricə çıxıb getdi.
Müvəqqəti valiliyin yaranmasını və doktor Sultanovu tanımayacaqlarını bildirən ermənilər öz fəaliyyətlərini davam etdirməkdə idilər. Yanvar-fevral (1919) aylarında Qarabağ və Zəngəzurda ermənilər ingilis missiyasının gözü qarşısında əsgər yığmaqla məşğul idilər.
Belə bir şəraitdə işə başlayan Sultanov Qarabağ və Zəngəzurda Azərbaycan Respublikasının dövlət hakimiyyətini təsbit etdirmək üçün həm ermənilərin, həm də ingilislərin müqavimətini qırmalı idi. Müvəqqəti vali hər şeydən əvvəl Yevlax-Şuşa yolunun açılmasını və onun təhlükəsizliyini təmin etdi. Qarabağla Azərbaycanın baŞqa bölgələri arasında gediş-gəlişi yoluna qoydu. Bu, sürülərin aran bölgələrindən yaylaqlara çıxarılması üçün münasib şərait yaratmış oldu. Bu, erməni milli şurasının müqavimətinə rast gəldi. Ermənilər iyunun 4-də Şuşa yaxınlığındakı Üçmıx deyilən yerdə qoyulmuş posta hücum edib, 3 əsgəri öldürdülər. Bu hadisə iyunun əvvəllərində Qarabağda ermənilərlə azərbaycanlılar (türklər) arasında onlarca adamın ölümü ilə nəticələndi. İngilis komandanlığı Azərbaycan hökumətindən Xosrov bəy Sultanovun vəzifədən gotürülməsini tələb etdi.
X. Sultanov bu məruzəsində Şuşadakı ingilis nümayəndələrinin ikibaşlı siyasətini faktlarla sübut edir, valilik yaranan vaxt ingilislərin üstünə götürdükləri ohdəlikləri bilərəkdən yerinə yetirmədikləri göstərirdi. İngilis nümayəndələrinin və erməni hökumətinin tələblərinə baxmayaraq, Azərbaycan hökuməti X.Sultanovu Qarabağ və Zəngəzurun müvəqqəti valisi vəzifəsindən götürmədi.
Azərbaycan hökuməti eyni zamanda erməni qoşunlarının Qarabağ və Dilican istiqamətində toplanması haqqında məlumatlar alırdı. Üstəlik Müttəfiq qoşunlarının Bakıdakı nümayəndəliyi də Zəngəzur barədə Azərbaycan hökumətinə xəbərdarlıq etdi. Tezliklə, İngilis qoşunlarının Qafqazı tərk etməsi və Azərbaycan hərbi hissələrinin Qarabağa yerləşdirilməsi yerli erməniləri yumşaq mövqe tutmağa məcbur etdi. Müttəfiqlərin ali Komissarıı təyin edilmiş amerikalı polkovnik V.Haskel sentyabr ayında Bakıya səfər edib, baş nazir Yusifbəyli ilə görüşdü. Haskel bildirdi ki, o, erməniləri təmsil etmir və respublikalar arasındakı münasibətlərdə tam bitərəf mövqe tutur. Haskel Müttəfiqlər adından elan etdi ki, Qarabağ və Zəngəzurun Azərbaycanın tərkib hissəsi kimi tanındığını təsdiq edir, lakin Naxçıvan, Şərur və Dərələyəz Qafqaz respublikaları ilə Türkiyə arasında neytral zona sayılır.
Erməni hökuməti hadisələrin onun xeyrinə olmadığını görüb, heç olmasa, Zəngəzurda möhkəmlənməyi qərara aldı və qoşun hissələrinin buraya göndərilməsini sürətləndirdi. Oktyabr ayında polkovnik Cavad Şıxlinskinin komandanlığı altında Azərbaycan Ordusu hissələri Zəngəzurda olan erməni hərbi hissələrinə qarşı hərbi əməliyyatlara başladı. Döyüşlər bir aydan çox çəkdi. Döyüş meydanında uduzan ermənilər böyük təbliğat kampaniyasına başladılar. Dekabrın 14-də Bakıda Azərbaycan-Ermənistan danışıqları başladı. Danışıqların gündəliyində ərazi-torpaq məsələləri, qaçqınlar məsələsi, ticarət və dəmiryol nəqliyyatı üzrə müqavilələr, Azərbaycan və Ermənistanın müxtəlif şəhərlərində konsul agentliklərinin təsisi məsələləri daxil edildi. 1919-cu ilin dekabrında Müttəfiqlərin ali Komissarıı Haskel sülh konfransına məlumat verdi ki, Azərbaycan və Ermənistan aralarındakı problemləri danışıqlar yolu ilə həll etmək barədə razılığa gəliblər, danışıqlar nəticə vermədiyi təqdirdə ali Komissarılığın arbitrajlığı qəbul edilib. 1921-ci ilin əvvəllərində Paris sülh konfransı Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıdı. Bu qərar Antantanın əvvəlki siyasətinin təsdiqi oldu.
Ermənilər bu vəziyyətlə barışmaq istəmirdilər. Yenidən zor mövqeyindən vəziyyəti öz xeyirlərinə dəyişməyə cəhd etdilər. Təxminən eyni vaxtda 1920-ci ilin əvvəllərində üç istiqamətdə: Qazax, Zəngəzur və Zəngibasara erməni nizami qoşunlarının hərəkəti başladı. Müharibənin bu mərhələsi digərlərindən miqyasına görə xeyli fərqlənirdi.
Erməni hökumətinə hücum əməliyyatlarını dərhal dayandırmaq tələblərinə və Müttəfiqlərə müharibənin dayandırılmasında vasitəçi olmaq haqqında müraciətlərə baxmayaraq, erməni ordusu dinc əhalini qırmaqda davam edirdi. Azərbaycan hökuməti Denikin təhlükəsinin kəskinliyinə rəğmən, fevral ayının ikinci yarısında Qarabağa qoşun hissələri göndərmək məcburiyyətində qaldı. Azərbaycan Ordusu Zəngəzurda və Qazağın dağlıq hissəsində erməni hücumlarının qarşısını aldı və bəzi yerlərdə onu xeyli geri çəkilməyə məcbur etdi.
Elə bu vaxt 1920-ci ilin martında ermənilər gecə vaxtı qəflətən Xankəndi qarnizonuna hücum etdi. Qarnizon rəisi General Kazım Mirzə Qacarın başçılığı ilə kiçik ordu zabitləri tezliklə müdafiəni təşkil edib, erməniləri Xankəndindən kənara atdılar. Lakin düşmən Əsgəran qalasını ələ keçirərək, Xankəndində olan Qarabağ süvari alayı, Cavanşir piyada alayı və artilleriya batareyasını mühasirəyə ala bildi.Şuşa üzərinə hücum Cavanşir alayının bir batalyonu tərəfindən dəf edildi.
Dostları ilə paylaş: |